Məhkəmə qərarları › İş №e-2(076)-2977/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2977/2024

14.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2977/2024 14.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı, Cavabdeh qarşı “Maddi ziyan tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı, Cavabdeh qarşı “Maddi ziyan tələbi”nə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, iki baş iribuynuzlu heyvanın ölümündən ona dəyən 3000 manat maddi ziyanın, 500 yüz manat vəkil xidmət haqqının, cəmi 3500 manat maddi ziyanın və 55 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, yaşadığı evdə 5 baş iribuynuzlu heyvanlar saxlayır. Həmin iribuynuzlu heyvanları aylıq olaraq bir başı 12 manat olmaqla hər gün həmkəndlisi Cavabdeh otardığı naxıra qoşur. xx.xx.2024-cü il tarixdə saat təxminən 06:00 radələrində 5 baş iribuynuzlu heyvanlarını yaşadığı evin qarşısında Yəhyanın otardığı heyvanlara qoşmuşdur. Həmin gün təxminən saat 17:00 radələrində Yəhya ona zəng edib, ona məxsus 5 baş iribuynuzlu heyvanlardan 2 başının meşəlik ərazidə naməlum istiqamətdə gedərək itmələrini bildirdiyi üçün o, həmin vaxtdan 2 baş iribuynuzlu heyvanlarını axtarmağa başlamışdır . Həmin vaxtdan təxminən 3 gün sonra ona məxsus 2 baş iribuynuzlu heyvanların cəsədlərini yaşadığı kəndin ərazisindən keçən su kanalının içərisindən tapmışdır. Heyvanlarının cəsədlərini tapdıqdan sonra cavabdehdən ona dəymiş 3000 (üç min) manat ziyanın yarısını ödəməsini tələb etmişdir. Cavabdeh ona dəymiş ziyanı ödəmədiyi üçün o, DİN-nin 102 xidmətinə zəng edərək Cavabdeh 3000 (üç min) manat dəyərində olan 2 baş iribuynuzlu heyvanları oğurlayıb apararakən heyvanlarının kanala düşərək tələf olması barədə məlumat vermişdir. Sonra isə əsəbindən yalan məlumat verdiyini anladığı üçün yenidən DİN-nin 102 xidmətinə zəng edərək oğurluq olmadığını bildirmişdir. Şikayətində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Cavabdehə dəfələrlə müraciət edib, ona dəymiş ziyanın ödənilməsini tələb etsə də, cavabdeh ona əhəmiyyət verməmişdir. Odur ki 2 baş iribuynuzlu heyvanların ölümündən ona dəymiş 3000 (üç min) manat maddi ziyanın, ödəmiş olduğu 55+1 (əlli beş) manat dövlət rüsumunun, 500 (beş yüz) manat vəkil xidmət haqqının cavabdehdən alınıb ona verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edib ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, onun iki baş iribuynuzlu heyvanı məhz cavabdehin səhlənkarlığına görə su kanalına düşüb tələf olmuşdur. Bu barədə polis orqanlarına müraciət etsə də, yekunda bildirilmişdir ki, baş vermiş hadisədə cinayət tərkibinin əlamətləri yoxdur o, məhkəməyə müraciət etməlidir. Hadisədən sonra cavabdehin səhvinə görə ona dəymiş maddi ziyanı qəbul etsə də, hazırki vaxta qədər həmin ziyanı ödəməmişdir. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Həmçinin, məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 55 manat dövlət rüsumunun, 3000 manat maddi ziyanın və 500 yüz manat vəkil xidmət haqqının cavabdehdən alınaraq ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclası zamanı izahatında göstərdi ki, baş vermiş hadisəyə görə cavabdeh mülki-hüquqi məsuliyyət daşıyır, ona görə iddia əsaslıdır, habelə iddiaçıya məxsus iribuynuzlu heyvanların həqiqətən də orta bazar qiyməti birlikdə təxminən 3000 manat təşkil edir və buna uyğun mütəxəssis rəyi də var, məhkəməyə qədər iddiaçı cavabdehlə olan məsələni danışıq yolu ilə həll etmək istəsə də, buna nail ola bilməmişdir. Odur ki məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını, mütəxəssis rəyini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, bir baş, bir yaş altı aylıq dananın satış qiyməti 1500-2000 manat, bir baş iki yaşlı dananın bazarda satış qiyməti 1800-2000 manat təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və bununla bağlı İddiaçı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşdə olan fotoşəkillərdən görünür ki, İddiaçı məxsus iribuynuzlu heyvan su kanalına düşərək tələf olmuşdur. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı özünə məxsus iribuynuzlu heyvanları Cavabdeh haqq ödəməklə nəzarət etməsi üçün ona həvalə etmişdir. Cavabdeh isə lazımi qaydada heyvanlara nəzarət etməmiş və nəticədə iki baş iribuynuzlu heyvan su kanalına düşərək ölmüşdür. Hadisə ilə əlaqədar iddiaçı polis orqanlarına müraciət etmiş və müvafiq araşdırma aparıldıqdan sonra “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş və bununla bağlı İddiaçı cavabdehin mülki-hüquqi məsuliyyətə cəlb olunması üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərardan qanunla müəyyən edilmiş müddət ərzində şikayət və ya protest verilmədiyi üçün qərar qanuni qüvvəsini almışdır. Ona görə də hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Həmçinin, məhkəmə qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, bir baş, bir yaş altı aylıq dananın satış qiyməti 1500-2000 manat, bir baş iki yaşlı dananın bazarda satış qiyməti 1800-2000 manat müəyyən edilmişdir. Məhkəmə mövcud bazar qiymətini nəzərə alaraq mütəxəssis rəyini də əsaslı hesab edir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında olan şifahi razılaşmaya əsasən iddiaçı cavabdehə haqq ödəməli, cavabdeh isə iddiaçı tərəfindən ona tapşırılmış heyvanlara nəzarət etməli olmuşdur. İddiaçı öz üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh öz öhdəliyini kifayət qədər vicdanla icra etməməsi nəticəsində iddiaçının heyvanları su kanalına düşərək tələf olmuş və nəticədə iddiaçıya zərər dəymişdir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının heyvanların tələf olması ilə bağlı dəymiş ziyanın ödənilməsi hissəsi ilə bağlı tələbi əsaslıdır və iki baş iribuynuzlu heyvanın ölümündən ona dəymiş maddi zərərə görə 3000 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin iddianın “500 manat vəkil xidmət haqqının cavabdehdən alınması” hissəsini qismən əsaslı hesab edir. Belə ki, işdə olan “Hüquqi yardımın göstərilməsi haqqında” xx.xx.2024–cü il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə arasında mülki iş üzrə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlanmışdır. İşdə olan ödəmə qəbzindən görünür ki, İddiaçı xx.xx.2024–cü il tarixdə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə hesabına 500 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121–ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırki mülki işin hallarını və iddiaçının nümayəndəsinin işdə iştirakını hərtərəfli araşdıraraq, hazırki iş üzrə cavabdehdən vəkil xidmət haqqının əvəzi kimi 200 manat pulun alınıb iddiaçıya verilməsini daha məqsədə müvafiq hesab edir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 3000 (üç min) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 55 (əlli beş) manat dövlət rüsumu və 200 (iki yüz) manat vəkil xidmət haqqı alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar