Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-3227/2025 18.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Daşına bilər dəmir köşkün cavabdehin vəsaiti hesabına götürülməsi və əmlak kompleksindən istifadəyə olan maneənin aradan qaldırılması” tələbinə dair iddiası üzrə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “Daşına bilər dəmir köşkün cavabdehin vəsaiti hesabına götürülməsi və əmlak kompleksindən istifadəyə olan maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddaçıya məxsus Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Nizami ünvan 1 ünvanında 0,168968 ha torpaq sahəsində yerləşən 350.2 kv.m daşınmaz əmlakın qarşısında Cavabdeh məxsus daşına bilən dəmir köşkün cavabdehin vəsaiti hesabına götürülməsi və əmlak kompleksindən istifadəyə olan maneənin qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Nizami ünvan 1 ünvanında 0,168968 ha torpaq sahəsində yerləşən 350.2 kv.m daşınmaz əmlak xüsusi mülkiyyət hüququ əsasında iddiaçının mülkiyyətindədir. Bu barədə iddiaçının ƏMDX DƏDK və Reyestri PHŞ-dən xx.xx.2022-ci il tarixli çıxarışı mövcuddur. Cavabdeh iddiaçının, eyni zamanda müvafiq dövlət orqanlarının icazəsi və məlumatı olmadan iddiaçıya məxsus əmlakın qarşısına daşına bilər dəmir köşk yerləşdirərək bərbərlik fəaliyyəti ilə məşğuldur. İddiaçı dəfələrlə cavabdehdən həmin budkanın ona məxsus ərazidən kənarlaşdırılması ilə bağlı həm yazılı, həm də şifahi xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh xəbərdarlıqlara məhəl qoymayaraq iddiaçının mülkiyyətindən istifadə hüquqlarını pozmaqda davam etmişdir. Belə ki, budkanın orada olması iddiaçının əmlak kompleksinə girişini məhdudlaşdırmaqla yanaşı iddiaçıya mülkiyyətindən istədiyi kimi istifadəyə maneçilik törədir. Odur ki, hazırda cavabdehə məxsus daşına bilər dəmir köşkün cavabdehin vəsaiti hesabına götürülməsi və əmlak kompleksindən istifadəyə olan maneənin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilir. Məlumat üçün bildirilir ki, vəkil tərəfindən həmin köşkün oraya necə yerləşdirilməsi, eyni zamanda icazə əsasında fəaliyyət göstərməsi barədə sorğular edilmiş və Şəmkir Rayon İcra Hakimiyyətindən və Şəmkir rayonu Çinarlı bələdiyyəsindən alınmış cavablardan görünür ki, cavabdeh heç bir icazə olmadan özbaşına qeyd edilən köşkü həmin ərazidə yerləşdirib fəaliyyət göstərir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə icraatın zamanı məlum olmuşdu ki, İddiaçı adına “vergi ödəyicisinin eyniləşdirmə nömrəsi” (VÖEN **********) verilmiş, əsas fəaliyyət istiqaməti “qaragilə, qarağat, motmotu, sair güləmeyvələrin becərilməsi” kimi qeyd edilmiş, eyni zamanda Cavabdeh adına “vergi ödəyicisinin eyniləşdirmə nömrəsi” (VÖEN **********) verilmiş, əsas fəaliyyət istiqaməti “fərdi qaydada bərbər fəaliyyəti” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsin əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli 10 saylı qərarının 11 və 12-ci bəndində qeyd edilir ki, O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Kommersiya məhkəmələrinin baxmalı olduğu işlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax § 13) tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olub olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır. Göründüyü kimi mübahisənin subyekt tərkibinin, mübahisəinin predmetinin və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması səbəbindən həmin mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263, 264, 403.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı “Daşına bilər dəmir köşkün cavabdehin vəsaiti hesabına götürülməsi və əmlak kompleksindən istifadəyə olan maneənin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-3227/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-3227/2025
18.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver