Məhkəmə qərarları › İş №e-2(076)-4715/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-4715/2025

23.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-4715/2025 23.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Eminbəyli Firuzə Ramiz qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 76.941 (yetmiş altı min doqquz yüz qırx bir) manat, əldən çıxmış faydaya görə 11.541 manat, 55.000 (əlli beş min) ABŞ dolları və əldən çıxmış faydaya görə 8250 ABŞ dolları pul vəsaitinin və məhkəmə üçün ödənilmiş 487 (dörd yüz səksən yeddi) manat dövlət rüsumunun tutularaq xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh xeyli müddətdir ki, tanıyır və onun şərab iştehsalı ilə məşğul olduğunu bilirdi. Bu səbəbdən də 2022-ci ilin sonlarında kommersiya iş birliklərinin yaranmasına şərait yaranmış və aralarında olan sövdələşməyə razılaşmışdır. Beləki, o cavabdehin icarəyə götürdüyü və ünvan 1 ünvanında yerləşən Akif Quliyevə məxsus istehsal sexinə şərab istehsalı üçün lazım olan avandanlıqlar, istehsal üçün xammal, köməkçi materiallar, butulkaların alınmasına və s. vəsait yatırmalı idi ki, birlikdə gəlir əldə etsinlər. Razılaşmaları olduqdan sonra o nar şərabı istehsalı üçün ümumilikdə 76.941 (yetmiş altı min doqquz yüz qırx bir) manat pul vəsaitini cavabdehin kart hesabına ödəmişdir. Bundan əlavə olaraq cavabdehə 55.000 (əlli beş min) ABŞ dollar pul vəsaitini isə araq istehsalı üçün ödəmişdir. Cavabdeh isə araq sifarişini adını çəkdiyi dostu X1 edəcəyini əgər etməzsə əvəzində 216.000 ABŞ dolları dəyərində avadanlıq (9705 ABŞ dolları) və şərab (207.000 ABŞ dolları) verəcəkdi. Hazırda isə cavabdeh nə araq istehsalı üçün ödədiyi 55.000 (əlli beş min) ABŞ dollar pul vəsaitinin müqabilində sifarişini təhvil verməmiş nədəki, bugünə kimi iş birliyi üçün yatırdığı 76.941 (yetmiş altı min doqquz yüz qırx bir) manat pul vəsaitinin qarşılığından hər hansı gəlir verməmiş əksinə puluda onda qalmaqda davam etmişdir. Onu da bildirir ki, cavabdeh hazırda etibarından istifadə edərək pullarının qarşılığında istehsalat apararaq satışlar həyata keçirir. Onun isə pullarını geri qaytarmır. Hazırda da cavabdehin ona nar şərabı istehsalı üçün ödədiyi ümumilikdə 76.941 (yetmiş altı min doqquz yüz qırx bir) manat dəyərində pul vəsaitini və araq istehsalı üçün ödədiyi 55.000 (əlli beş min) ABŞ dollar pul vəsaitini geri qaytarmır. Belə olan halda da cavabdehin ona hazırda 76.941 (yetmiş altı min doqquz yüz qırx bir) manat və 55.000 (əlli beş min) ABŞ dolları miqdarında borcu qalmaqda davam edir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi müraciət və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, heç bir müsbət nəticə olmamışdır. Belə olan halda cavabdehdən əldən çıxmış faydaya görə 76.941 manat (76.941x5x3il=11.541 manat) və 55.000 (əlli beş min) ABŞ dollar (55.000 x5x3 il=8250 ABŞ dolları) pul tutulub ona verilməlidir. Məhkəmə iclası zamanı Cavabdeh iddia ərizəsinə etiraz verərək, izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı iddia tələbinin kifayət qədər əsaslığına dair ilkin sübutların mövcudluğunu təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsini tənzimləyir. Bu maddəyə əsasən, hər bir tərəf öz etirazlarına və tələblərinə əsas kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində iddianı əsaslandıran mötəbər və təkzibolunmaz sübutları təqdim etməmişdir. İddiaçı qeyd edilən iddia ərizəsində göstərir ki, guya ona 55000 (əlli beş min) ABŞ dolları vermiş, əldən çıxmış faydaya görə 8250 ABŞ dolları tələb edir. Əslində onun yuxarıda göstərilən vəsaitə dair heç bir aidiyyəti yoxdur. İddiaçı həmçinin öz iddia ərizəsində göstərir ki, guya ona 76.941 (yetmiş altı min doqquz yüz qırx bir) manat pul vermişdir, ondan əldən çıxmış faydaya görə 11.541 (on bir min beş yüz qırx bir) manat pul tələb edir. Əslində iddiaçının ona köçürdüyü manat ilə olan vəsait, onun iddiaçının tanışlarına satdığı maldan dolayı yollarla əldə etdiyi pul vəsaitidir (sübutlar təqdim edə bilər). Onun təqdim etdiyi pula dair SWİFT ödəniş qəbzlərin surətləri saxtadır və ona heç bir aidiyyəti yoxdur (Bank çıxarışları və gömrük bəyannamələrini təqdim edərək sübut edə bilər). Bundan əlavə qeyd etmək istəyir ki, İddiaçı Şəmkir rayon məhkəməsində qaldırdığı sözügedən iddia tələblərinin müvəqqəti və təminat tədbirlərinin görülməsinə dair ərizə ilə Şəmkir rayon məhkəməsinə müraciət etmişdir. Şəmkir rayon məhkəməsinin e-16(076)-185/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının “müvəqqəti təminat tədbirinin tətbiqi tələbinə” dair mülki iş üzrə müvəqqəti təminat tədbiri seçilməsinə dair ərizəsi əsassız olduğundan təmin edilməmişdir. Qeyd edilən qərardadda göstərilir ki, iddiaçı öz ərizəsinə ilkin sübutların mövcudluğunu təsdiq edən mötəbər sübutlar əlavə etməmişdir. Beləliklə də, İddiaçı “pul tələbinə” dair iddia ərizəsini təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəm işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM–in 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı EMİS vasitəsilə məhkəməyə ərizə göndərərək göstərmişdir ki, hər iki tərəfin VÖEN-i var və bu səbəbdən də işə aidiyyəti üzrə kommersiya məhkəməsi baxmalıdır. Hazırlıq iclasına iştirakları olmadan baxaraq işin aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında müəyyən edilmişdir ki, ərizə verilərkən aidiyyət qaydaları pozulmuşdur. Ona görə də aidiyyət məsələsi həll edilməli, mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Bu Məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin qərarda göstərilmişdir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış tərəflərin vergi məlumatlarına əsasən, İddiaçı (VÖEN **********) və Cavabdeh (VÖEN **********) qanunvericiliklə müəyyən edilmiş qaydada vergi orqanında uçota alınmış, fərdi sahibkar statusuna malik olan vergi ödəyiciləridir, mübahisənin predmeti şərab iştehsalı ilə əlaqəli pul və əldən çıxmış fayda ilə bağlıdır. Qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə iddiaçının nəzərinə çatdırır ki, iddia ərizəsi ümumi məhkəməyə deyil, müvafiq kommersiya məhkəməsinə verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh fərdi sahibkardırlar və tərəflər arasında yaranmış münasibətlər üzrə mübahisə sözügedən subyektlərin sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsi əsasında yaranmaqla mübahisənin predmetinin əsasını kommersiya hüquq münasibətləri təşkil edir. Tərəflərin fərdi sahibkar statusuna malik olması, habelə mübahisənin predmeti ilə bağlı tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakteri, hazırkı mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə kimi qiymətləndirilə bilməsi üçün qanunla tələb edilən şərtlərin iş üzrə yerinə yetirildiyi barədə qənaətə gəlməyə kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi əsas götürülməklə hazırki mübahisə üzrə tərəflər kommersiya subyektləri olmaqla onlar arasında yaranmış münasibətlər kommersiya hüquq münasibətləridir. Tərəflər arasında yaranan münasibətlər məhz mübahisə üzrə tərəflərin (subyekt) özözlüyündə kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sahibkarlıq münasibətlərindən doğmuşdur. Nəticə etibarilə, yuxarıda qeyd olunan hər 3 (üç) dispozitiv şərt ödənilir. Sözügedən hallar da öz növbəsində əsas verir ki, hazırkı mübahisə MPM-in tələblərinə və Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli qərarının izahlarına əsasən kommersiya mübahisəsi kimi xarakterizə edilsin. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 31-32, 35,44.2.2, 45.1 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar