Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-145/2024 16.05.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X6 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 dəymiş maddi ziyanın əvəzi olaraq 15000 manat, mənəvi zərərin əvəzi olaraq 1000 manat, dövlət rüsumu kimi ödənilmiş 138 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin yanvar ayında oğluna toy məclisi təşkil etmək üçün "xxxx" MMC-yə məxsus olan “Mala Praga” restoranının administratoru Cavabdeh2 ilə tanış olmuşdur. Cavabdeh2 məclisə dəvət olunan 120 nəfər qonaq üçün 7200 manat (adambaşına 60 manat) ödəyəcəyi təqdirdə oğlunun toy məclisini təşkil edəcəyini bildirmişdir. Razılığa gəldikdən sonra 7200 manatı xx.xx.2022-ci il tarixdə “Mala Praga” restoranında cavabdehə ödəmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən toy məclisinin sonlarına yaxın, Cavabdeh2 ona yaxınlaşaraq ofisə dəvət etmiş, toya “vergidən yoxlama" gəldiyini və təcili olaraq toydan əldə edilən 15.000 manat pulun kassaya köçürülməsinin lazım olmasını bildirmişdir. Toy üçün lazım olan pulu ona verdiyini dedikdə, bunu bildiyini, lakin, restoran rəhbərliyinin hazırda restoranda olmaması səbəbi ilə, kassaya pul köçürülə bilmədiyini deyərək ondan 15.000 manat pul istəmişdir. Ona inanaraq toydan yığılmış olan 15.000 manat pulu vermişdir. Pulu verən zaman Anar ona narahat olmamağı və yoxlama gedən kimi pulu ona qaytaracağını demişdir. Toy bitdikdən və qonaqlar yola salındıqdan sonra Anarın yanına getmiş və verdiyi pulu geri tələb etmişdir, Anar isə ona restoranın rəhbərliyinin hələ gəlmədiyini və pulu 31.01. 2022-ci il tarixində qaytaracaqlarını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Anarla telefonla danışan zaman pulunu nə vaxt verəcəyini soruşduqda, ona narahat olmamağını və xx.xx.2022ci il tarixdə verəcəyini demişdir. Həmin tarixdə Anara zəng etmiş, Anar telefon zənglərinə cavab verməmişdir. xx.xx.2022-ci il tarixdə “Mala Praga" restoranında ofisə gedərək onunla görüşüb pulunu nə vaxt verəcəyini soruşmuş, Anar ondan bir həftə vaxt verməsini istəmişdir. Lakin, hadisənin üzərindən 2 il keçməsinə baxmayaraq Cavabdeh2 hələ də ona məxsus olan pulu geri qaytarmamışdır. Hadisədən bir müddət keçdikdən sonra, ərizə ilə Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinə müraciət edərək Cavabdeh2 məsuliyyətə cəlb edilməsini və pulunun geri qaytarılmasını xahiş etmişdir. Sonradan məlum olmuşdur ki, Cavabdeh2 bu fəaliyyəti nəticəsinə başqa şəxslərə də zərər dəymişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-371/2022 saylı hökmünə əsasən Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilərək Cavabdeh2 əlavə cəza olaraq 01 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmişdir. Cavabdeh2 ondan 15.000 manat pul aldığını və geri qaytarmadığını etiraf etmişdir. Belə ki, o, məhkəmədə verdiyi izahatında bildirmişdir ki, İddiaçı onun işlədiyi "Mala Praqa" restoranına toy məclisi təşkil edilməsi üçün müraciət etmiş şəxslərdən biri olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində "Mala Praga" restoranında onunla görüşmüş, söhbət zamanı Nəzər ona oğlu üçün toy məclisi təşkil etmək istəyini bildirmişdir. Həmin vaxt onlar toyun tarixini xx.xx.2022-ci il tarixinə təyin etmişlər və Nəzər ona qonaqların 120 nəfər olacağını bildirmişdir. O, İddiaçı inandırmaq üçün sonuncuya 70 manatlıq menyunun qiymətini 60 manat etmək mümkün olduğunu, lakin bunun üçün ilkin olaraq toya gələcək 120 nəfər qonağın hər biri üçün 60 manat pulu əvvəlcədən vermək lazım olduğunu demişdir. Nəzər də ona inandığı üçün toya dəvət ediləcək 120 nəfər qonağın hər biri üçün 60 manat, yəni ümumilikdə 7.200 manat pulu qabaqcadan ödəmək qərarına gəlmişdir. Nəzər ondan pulu hara ödəyəcəyini soruşduqda o, sonuncuya pulu ona ödəyəcəyini demişdir. Həmin vaxt Nəzərlə razılaşdıqları kimi 7200 manat pulu ona vermişdir. Sonra o, işlədiyi “Mala Praqa" restoranının adından toyun tarixi və Nəzərin vermiş olduğu 7.200 manat pulun qeydləri edilmiş kağız qəbzi sonuncuya vermişdir. xx.xx.2022ci il tarixdə saat 18 radələrində toy baş tutmuş, toy ərəfəsində, Nəzərdən əlavə pul almaq qərarına gəldiyi üçün saat təxminən 22 radələrində sonuncunu ofisə dəvət etmişdir. Nəzərdən pul almaq məqsədi ilə sonuncuya yalandan toya "vergidən yoxlama" gəldiyini və təcili olaraq 15.000 manat pulun kassaya köçürülməsinin lazım olmasını bildirmiş, Nəzər də ona inandığı üçün toydan yığılmış 15.000 manat pulu ona vermişdir. İddiaçı pulu alan zaman narahat olmamağını və ən geci pulu xx.xx.2022-ci il tarixdə verəcəyini bildirmişdir. Toy məclisi başa çatdıqdan sonra Nəzər və qonaqlar restorandan çıxıb getmişlər. xx.xx.2022-ci il tarixdə yenidən Nəzər Cavabdeh2 zəng vursa da, cavabdeh pulları şəxsi işlərinə xərclədiyi üçün sonuncunun telefon zənglərinə cavab verməmişdir.Cavabdeh2 xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək “Resant Consulting and Management" MMC-də inzibati şöbənin admininstratoru və administrator köməkçisi vəzifəsində çalışmışdır. Onun maddi zərərə uğraması işin mübahisəsiz halıdır. Lakin, Cavabdeh2 həmin əməli törətməsində birbaşa təqsirkar olsa da, ona maddi ziyan dəyməsində obyektiv təqsirləndirmə nöqteyi-nəzərindən onun işlədiyi müəssisənin də təqsiri vardır. Belə ki, Cavabdeh2 fəaliyyətinə müəssisə tərəfindən nəzarət edilməmiş, həmin restoranda keçirilən məclislərin təşkil edilməsi, müştərilərlə hesablaşmaların aparılması üçün müəssisədə vahid qayda və vəzifə bölgüsü düzgün aparılmamışdır. İşin halları onu göstərir ki, müəssisənin aidiyyatı şəxsləri restorana məclis təşkil etmək üçün müraciət edən vətəndaşlarla Cavabdeh2 birbaşa əlaqədə olduğunu, onlardan həmin məclislərin keçirilməsi üçün pul vəsaitləri (xidmət haqqını) aldığını və restorana həmin vəsaitin təqdim edilməsi vəzifəsinin Cavabdeh2 üzərinə qoyulduğunu bilmiş, lakin onun fəaliyyətinə nəzarət edilməmişdir. Bunun nəticəsində Cavabdeh2 toy məclisinin təşkili üçün restorana müraciət etmiş şəxsləri aldatmış və onlara maddi zərər vurmuşdur. İstər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Cavabdeh2 törətdiyi əməlin hüquqa zidd, təqsirli olaraq edilməsi, bu əməl nəticəsində ona zərər vurulması və bu zərərlə Cavabdeh2 əməli arasında səbəbli əlaqə Xətai Rayon Məhkəməsinin hökmü ilə öz təsdiqini tapıb. Bundan başqa, qeyd edilən əməl nəticəsində təkcə maddi zərər çəkməmiş, həmçinin mənəvi sarsıntı keçirmişdir və hesab edir ki, mənəvi zərərə görə 1000 manat pul cavabdehlərdən tutularaq ona ödənilməlidir. Həmçinin, iddia ərizəsinin verilməsinə görə məhkəmənin hesabına 138 manat məbləğində dövlət rüsumu ödənmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə vəsatət və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Cavabdeh1 MMC-nin cavabdehlər sırasından çıxarılmasını, dəymiş maddi ziyanın əvəzi olaraq 15000 manat, mənəvi zərərin əvəzi olaraq 1000 manat, dövlət rüsumu kimi ödənilmiş 138 manat məbləğində pulun Cavabdeh2 alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə ondan məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan, xx.xx.2022-ci il tarixdə İddiaçı və Cavabdeh2 tərəfindən imzalanmış qəbzdən görünür ki, cavabdeh iddiaçıdan 15000 manat pul götürdüyünü etiraf etmiş və hər ayın 11-i iddiaçıya 1500 manat verəcəyini bildirmişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-371/2022 saylı hökmünün surətindən görünür ki, Cavabdeh2 öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhər, Xətai rayonu, Babək prospekti 56 ünvanında yerləşən “Mala Praqa" restoranında administrator kimi işlədiyi müddət ərzində toy məclisi təşkil edilməsi üçün ona müraciət etmiş və 30 yanvar 2022-ci il tarixdə baş tutmuş toy məclisində İddiaçı etibarından suiistifadə edərək, işlədiyi “Mala Praqa” restoranına vergidən yoxlama gəlməsi və kassaya təcili pul köçürmək lazım olduğunu bildirib həmin pulu toyun səhəri günü qaytaracağı barədə yalan vəd verib Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56 ünvanında yerləşən “Mala Praga" restoranında 30 yanvar 2022-ci il tarixdə saat 22 radələrində 15.000 manat pulu alıb ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 15.000 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin, Cavabdeh2 eyni məqsədlə zərərçəkmiş şəxslər-X1 6010 manat məbləğində, X4 3000 manat məbləğində, X3 1700 manat məbləğində və X2 5000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmlə Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilərək Cavabdeh2 əlavə cəza olaraq 01 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6 və 14.2.8-ci maddələrinin tələbinə görə başqa şəxsə zərər vurulması, fiziki və hüquqi şəxslərin digər hərəkətləri mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh2 İddiaçı öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 15000 manat pul vəsaitini alması və onu qaytarmaması qanuni qüvvəsini almış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-371/2022 saylı hökmü ilə, həmçinin məhkəmə baxışı zamanı araşdırılmış digər sübutlarla təsdiq olunduğundan 15000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin olunmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, cavabdehdən 1000 manat məbləğində mənəvi zərərin tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarının 10-cu bəndində izah etmişdir ki, Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü,peşə və sənəti,cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Tələb kifayət qədər əsaslandırılmadığına görə, həmçinin, cavabdehdən tələb olunan pul məbləğinin iddiaçının xeyrinə tutulması hissəsində iddia ərizəsinin təmin olunmasının mənəvi zərərin ödənilməsi üçün yetərli olmasını nəzərə alıb, məhkəmə hesab edir ki, mənəvi zərərin tutulması hissəsində iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının MPM-nın 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 94 faiz həcmində təmin edildiyinə görə 138 manat dövlət rüsumunun 130 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nın 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 15000 (on beş min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 130 (bir yüz otuz) manat hissəsi İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-145/2024
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-145/2024
16.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver