Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-158/2023 06.06.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X3 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında aşıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X1 qarşı “pul tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 11000 manat məbləğində pulun, 123 manat dövlət rüsumunun və hüquqlarının müdafiəsi üçün vəkilə ödənilmiş 300 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə təxminən 2020-ci ilin may ayında tanış olmuşdur. Həmin vaxtlarda Cavabdeh Balaxanıda yerləşən evində pəncərə sexi var idi və oradan iş yeri üçün pəncərə sifariş etmişdi. Bundan sonra aralarında münasibət yaranmış, Rüfət şərikli pəncərə sexi açıb onunla birgə işlətməyi təklif etmiş və ona inanıb razılaşmış və ona xx.xx.2020-ci il tarixdə 2800 manat, xx.xx.2020-ci il tarixində 3500 manat, xx.xx.2020-ci il tarixində isə 13700 manat, cəmi 20.000 manat pul vermişdir. Rüfət sexini icarəyə götürdüyü üçün 4 ay üzrə 1200 manat pul vermiş, guya qazanc əldə etdiyini deyərək əlavə 1500 manat pul vermiş, aldığı borc puldan isə hissə-hissə 8340 manat ödəmişdir. Bir müddət sonra Rüfətin heç bir iş qurmadığını, onun etibarından istifadə edərək pulunu aldığını başa düşmüşdür. O, bir az öz pulundan guya qazanc adı ilə verdikdən sonra ümumiyyətlə ona pul verməmiş, müxtəlif bəhanələr gətirərək iddiaçının pulunu verməkdən boyun qaçırmışdır. xx.xx.2021-ci il tarixində Cavabdeh onu aldatdığı barədə ərizə ilə Binəqədi RPİ-nə şikayət etmiş və onun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru X2 icraatında araşdırma aparılmış və Cavabdeh izahatı alınmışdır. O, izahatında ondan 20.000 manat pul aldığını etiraf etmişdir və guya 8400 manat nağd şəkildə pul verdiyini, 860 manatlıq pəncərə qoyduğunu, 150 manatlıq qapı setkası quraşdırdığını, ona 4700 manat faiz verdiyini, 5900 manat pul verməli olduğunu, həmin pulu hər ay 1000 manat ödəməyə razı olduğunu bildirmişdir. xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla toplanmış material üzrə cinayət işnin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cavabdeh barəsində şikayət verməzdən əvvəl, o, xx.xx.2021-ci il tarixində öz əli ilə sadə yazılı qəbz yazaraq, ona 14500 manat borcu olduğunu, hər ay 1000 manat olmaqla ona verəcəyini öhdəsinə götürmüşdür. Lakin sözünə əməl etməmişdir. Mən Polisə şikayət etdikdən sonra 3500 manat qaytarsa da, qalan pulu qaytarmamış və yenidən xx.xx.2021-ci il tarixli borc müqaviləsi adlı qəbz yazaraq ona 11000 manat borcunun olduğunu və hər ay 1000 manat qaytaracağına söz vermişdir. Lakin bu günə qədər bir manat da qaytarmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə təqdim edərək, cavabdehin xx.xx.2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak etdiyini, idda tələbini etiraf edərək, işin məhkəmə baxışına təyin olunmasına etiraz etmədiyini göstərdi və işə cavabdehin iştirakı olmadan baxılaraq yekun məhkəmə aktının qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi – vəkilinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru X2 xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, İddiaçı ərizəsi əsasında aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, İddiaçı 2020-ci ilin may ayından tanımış, onunla normal münasibətləri olmuş, həmin vaxtlarda İddiaçı Balaxanı şossesində yerləşən evinə pəncərə qoymuş, İddiaçı ona həmin yerdə yerləşən sexinin boş olduğu üçün qapı-pəncərə sexi açmağı təklif etmiş, Adil traktorunu satdığını, əlində pulunun olduğunu demiş, həmin sexi ona icarəyə vermək şərti ilə 2020-ci ilin iyun ayı ərzində ondan 20.000 manat pul almış, sexi icarəyə götürdüyü üçün 4 ay , yəni hər ay 300 manat icarə haqqı vermiş, həmin sexə QCahan Holdinqdən” 18.000 min manatlıq mal almış, müştəri düşdükcə malları satmış, həmin dövrdə pandemiya olduğuna görə sexi işlətmək mümkün olmamış, öz iradəsindən asılı olmayan səbəbdən sexi bağlamalı olmuş, həmçinin ayda 600 manat faiz kimi Adilə vermiş, 1.000 manat borcdan pul vermiş, ümumilikdə İddiaçı 8.400 manat nağd şəkildə pul vermiş, 860 manatlıq pəncərə qoymuş, 150 manatlıq qapı setkası quraşdırmış, ona 4.700 manat faiz almış, İddiaçı 5.900 manat pul verməli olduğunu, həmin pulu hər ay 1.000 manat ödəməyə razı olduğunu bildirmişdir. Material üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 2020-ci ilin may ayında Cavabdeh ilə tanış olmuş və aralarında sonuncunun onunla şərikli iş quracağı, yəni İddiaçı Balaxanı şossesində yerləşən boş sexində qapı-pəncərə sexi açıb işlədəcəkləri təqdirdə 2020-ci ilin iyun ayı ərzində İddiaçı hissə-hissə 20.000 pul alması ilə əlaqədar olaraq şifahi müqavilə olmuş, Cavabdeh isə həmin dövrdə pandemiya olduğuna görə öz iradəsindən asılı olmayan səbəbdən şərikli açdıqları sexi bağlamalı olmuş, bu səbəbdən də vədinə əməl etməmiş və həmin puldan qaytarsada qalan 12.000 manatı qaytarmamışdır. İddiaçı ilə Cavabdeh arasında mülki münasibətlərdən irəli gələn mübahisənin yarandığını və bununla bağlı mübahisələrin mülki müstəvidə öz həllini tapdığını, Cavabdeh əməlində CM-nin 178-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibinin olmamasına görə, İddiaçı məhkəməyə müracəit etmək hüququ izah edilməklə onun ərizəsi əsasında toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli qəbzin məzmunundan görünür ki, Cavabdeh həmin qəbzi yazaraq, İddiaçı 14.500 manat borcu olduğunu, həmin puldan aprelin 5-nə kimi 1000 manat qaytarmağı, qalan pulu isə yeni qrafiklə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli qəbzin məzmunundan görünür ki, Cavabdeh həmin qəbzi yazaraq, İddiaçı 11000 manat borcu olduğunu, həmin pulu 11 ay ərzində, hər ay 1000 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 123 manat dövlət rüsumu ödənilmişdir. “MilliÖn” Elektron ödəmə sistemi vasitəsilə ödənilmiş xx.xx.2023-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı vəkil Nümayəndə hesabına 300 manat məbləğində ödəniş etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə iclasında işin halları, tərəflərin izahatları və işin materialları Cavabdeh birlikdə iş qurmaq məqsədi ilə İddiaçı 20000 manat məbləğində pul alması, həmin məbləğdən 11000 manatı şərtləşdikləri müddət ərzində qaytarmaması müəyyən edilmişdir. Ona görə də, məhhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, 11000 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin vəkilin göstərdiyi yardıma görə ödənilmiş vəsaitin cavabdehdən tutulması hissəsi ilə əlaqədar qeyd edir ki, qeyd olunan məbləğ, 300 manat hüquqi yardıma görə xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, 123 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrin rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 11000 (on bir min) manat məbləğində pul vəsaiti, ödənilmiş 123 (bir yüz iyirmi üç) manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat alınıb İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-158/2023
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-158/2023
06.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver