Məhkəmə qərarları › İş №e-2(077)-274/2025

Şuşa Rayon Məhkəməsi Qərardad — İş №e-2(077)-274/2025

10.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № e-2(077)-274/2025 10.06.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ Mən, Şuşa Rayon Məhkəməsinin hakimi X1, ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair” ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair” ərizə ilə Şuşa Rayon Məhkəməsinə müraciət etmişdir. Hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə görə, iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Göründüyü kimi, ərizədə maraqlı şəxs Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin hüquqi ünvanı göstərilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Ərizəçi İddiaçı məhkəməyə xüsusi icraat qaydasında müraciət etməsinə baxmayaraq, ərizəsini “Elektron məhkəmə” informasiya sisteminə iddia ərizəsi kimi daxil etmiş, özünü “İddiaçı” qismində, maraqlı şəxsi isə “Cavabdeh” qismində qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair” ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan (alındığı vaxtdan) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar