Məhkəmə qərarları › İş №e-2(077)-308/2023

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-308/2023

17.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-308/2023 17.10.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X7 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın əvəzinin tam ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 15839,61 manat maddi ziyanın, 60 manat mediasiya xərcinin və 88 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2020-ci xx.xx.2021-ci il tarixlərdə İddiaçı MMC-də sürücü, satış nümayəndəsi (ekspeditor) vəzifəsində əmək və tam maddi məsiluyyət müqavilələri əsasında çalışmışdır. Lakin əmək fəaliyyəti zamanı qəsdən yol verilmiş təqsirli hərəkətlər nəticəsində, Cavabdeh məsuliyyətinə təhkim edilmiş 53 satış nöqtəsi (obyekt) üzrə 15839,61 manat dəyərində çatışmazlıq aşkar olunaraq müəssisəyə maddi ziyan vurulmuşdur. Belə ki,xx.xx.2021-ci xx.xx.2021-ci il tarixlərdə imzalanmış təhvil-təslim aktlarından, İddiaçı MMC-nin auditi Elməddin İsmayılovun xx.xx.2021-ci il tarixl xidməti məruzəsinə və Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru Elnur İbrahimovun xx.xx.2022-ci il tarixli müstəqil auditor hesabatına (rəyinə) əsasən Cavabdeh öhdəsində olan pul vəsaitlərində kənarlaşma məbləği 15839,61 manat təşkil etməsi müəyyən edilmidir və onun məsuliyyətinə təhkim olunmuş ərazilər üzrə müştərilər ilə olan üzləşmələr müvafiq cədvəllər üzrə əks olunmuşdur. Audit zamanı yalnız cəmiyyətin xəzinəsinə mədaxil edilməmiş və kənarlaşma olan rəqəmlər qeyd olunmuşdur. Təqdim olunmuş üzləşmələrdə hər bir alıcı öz adı qabağında imzası ilə, müvafiq olaraq həm balans hesabatı üzrə borcunu, həm də, faktiki qalıq borcunu təsdiq edir və bunların arasında əgər fərq vardırsa və bu fərq satışdan və ya malların qaytarılmasından yaranmamışdırsa, o zaman bu fərqin həcmi kəm gələn məbləğ kimi qeyd olunur və bu məbləğ üçün bilavasitə balansına təhkim olunmuş satış nöqtələri üzrə satış əməliyyatları aparan və bu əməliyyatlar üçün maddi-məsuliyyət daşıyan satış nümayəndəsi, yəni cavabdeh məsuliyyət daşıyır. İddiaçıya məxsus malların onun etibarından sui-istifadə etməklə əldə edilməsi və sonradan geri qaytarılmaması və həmin əmlakın öz şəxsi maraqları üçün mənimsənilməsi cinayət xarakterli təqsirli hərəkətlər olduğundan və iddiaçıya nəticədə xeyli miqdarda maddi ziyanın vurulduğundan cavabdehin hərəkətlərində AR CM-nin 308-ci və 179-cu, digər müvafiq maddələri ilə cinayətin əlamətlərinin olub-olmamasının araşdırılması barədə MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə tərəfindən xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi zəruridir. İddiaçı və cavabdeh tətəfindən imzalanmış xx.xx.2020-ci il tarixli HİA19062020 saylı əmək müqaviləsinin 5-ci bəndinə əsasən tərəflərin birinin digərinə vurulmuş maddi mənəvi zərər üzrə məsuliyyət daşımaları nəzərdə tutulmuşdur. Həmçinin, tətəflər arasında xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilə də imzalanmışdır. Məsələnin məhkəmədən kənar həll olunması və cavabdeh tərəfindən borcun ödənilməsi üçün cəhdlər heç bir nəticə verməmişdir. Bundan əlavə, mediator tərəfindən cavabdehin mobil telefon nömrəsinə “WhatsApp” proqramı vasitəsilə, dəfələrlə (19,30 və 31 iyul tarixlərində) zənglər edilmiş, danışıqlar aparılmış, həmçinin "səsli mesajlar” və MT-nın məkanı (xəritə üzrə) göndərilmişdir. X4 isə hər dəfə, İddiaçı MMC-nin tələbinin əsassız olduğunu, Şuşa şəhərində işlədiyini, imkan olan kimi İMS-də iştirak etmək üçün gələcəyinin vəd etmişdir. Lakin o, bilərəkdən İMS-da iştirak etməmişdir. Başqa sözlə, X4 hüquqlarından istifadə etməklə İMS-da iştirak etməkdən imtina etmişdir. Buna görə borcun və vurulmuş zərərin əvəzinin, məhkəmə qaydasında cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi məhkəmə qaydasında baxılaraq həll edilməlidir. Cavabdehə sonuncu dəfə Azərpoçt MMC vasitəsilə SS801443832AZ identifikatorlu ilə pretrenziya məktubu göndərilmiş və ziyan məbləğin 3-gün müddətində ödənilməsi təkilif olunmuşdur, lakin bunun heç bir nəticəsi olmamışdır. Prosesin gedişatında "xxxx" MMC-nin direktoru Əliyar İsayev ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdehin təqsirli hərəkətləri cinayət xarakterli olduğuna, iddiaçıya çatacaq və ona məxsus əmlakın mənimsənilməsi ilə bağlı olduğuna görə, həmçinin cinayət işlərinin mülki işlərə dair münasibətdə preyudisiya təşkil etdiyi üçün iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına müraciət edilmişdir. Belə ki, ilk öncə cavabdehin törətdiyi mənimsəmə faktı ilə əlaqədar iddiaçı Prezident aparatına müraciət etmiş, daha sonra Prezident aparatı tərəfindən həmin şikayət ərizəsi aidiyyatı üzrə baxılması üçün AR Baş Prokurorluğuna göndərilmişdir. Sonra isə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən cavab məktubunda iddiaçıdan əlavə olaraq cinayət işinə baxılması üçün müstəqil auditor rəyi tələb olunmuş, müstəqil auditor rəyi də əlavə olunaraq Baş Prokurorluğa müraciət edilmişdir. Bir qədər sonra iddiaçı tərəfindən təqdim edilmiş materiallara əlavə olaraq sənədlərin əsli və digər sənədlər tələb edilmiş, həmçinin mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bu səbəbdən iddiaçı konkret nəticənin əldə olunmasına yazışmaların həddən çox vaxt aparacağını güman edərək mülki qaydada məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bunun üçün də iddiaçıdan cavabdehin konkret yaşadığı ünvan üzrə arayışın alınmasına müvafiq orqanlara müraciət və mediasiya təşkilatında müraciət etməsi tələb olunmuşdur. (şikayət və faktiki yaşayış yerindən arayış əlavə olunub). Yuxarıdakiları nəzərə alaraq, maddi ziyanla bağlı məhkəməyə müraciət edilməsi üçün sərf edilən müddəti nəzərə alaraq iddiaçının maddi ziyanın vurulması ilə bağlı iddia müddətinin ötürülməmiş hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, cəmi 1,5 ay iddiaçı təşkilatda işləmişdir və iddiaçıya heç bir halda 15839,61 manat məbləğində borcu yarana bilməzdi. Ola bilərdi ki, 100 manat borcu olsun. Lakin, iddiaçı 3 il keçdikdən sonra məhkəməyə müraciət edərək, ondan çox böyük məbləğdə pul tələb edir və bu tələbini də əsaslandırmır. Cəmiyyətdən götürdüyü bütün malları təhvil vermişdir və bu barədə qəbzləri də var. Göstərilənlərə əsasən əsassız olduğuna görə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə, əmək haqqı 319,56 manat olmaqla İddiaçı MMC-yə sürücü vəzifəsinə işə qəbul olunmuş və həmin tarixdə onunla tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh müddətsiz olaraq Cəmiyyətdə satış nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə xx.xx.2020-ci il tarixdə daxil edilmişdir. xx.xx.2020-ci il tarixdə tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş elektron informasiya sisteminə xx.xx.2021-ci il tarixdə daxil edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin daxili audit şöbəsinin auditoru X2 tərəfindən "xxxx" MMC-nin direktoru Əliyar İsayevə ünvanlanmış xx.xx.2021-ci il tarixli xidməti məruzədən görünür ki, Cavabdeh ərazi borcları araşdırılmış, araşdırma zamanı xx.xx.2021ci -xx.xx.2021-ci il tarixlərdə xidməti məruzədə adları qeyd olunan 53 satış nöqtələrində müəyyən edilmiş səbəblərdən cavabdehin öhdəliyində qalan kəm gələn məbləğin və digər borcların 15839,61 manat təşkil etdiyi müəyyən olunmuşdur. İş materiallarında olan sərbəst auditor X3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli müstəqil auditor rəyinin surətindən görünür ki, o, "xxxx" MMC-nin satış nümayəndəsi işləmiş Cavabdeh qnunsuz hərəkətləri nəticəsində şirkətə maddi zərər vurulub-vurulmamasını araşdırmış, təqdim edilmiş sənədlərin və aparılan hesablamaların araşdırılması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh "xxxx" MMC ilə yoxlama dövründə ümimi kənarlaşma və çatışmayan pul məbləği 15839,61 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC Cavabdeh cəmiyyətə vurmuş olduğu 15839,61 manat maddi ziyanın 3 təqvim günü ərzində ödənilməsini xahiş etmiş, əks təqdirdə müvafiq tələblə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan mediator X5 tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MSB4-2023/0045 saylı arayışdan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı iddiaçı 60 manat məbləğində mediasiyaya xərcini ödəmişdir. xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 88 manat dövlət rüsumu ödənilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, əmlakdan məhrum olması, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191-ci maddəsinin tələblərinə müvafiq olaraq, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192-ci maddəsinin 1-ci hissəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 199-cu maddəsinin “a” bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi tam maddi məsuliyyət daşıyır. 203-cü maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. 203-cü maddəsinin 2-ci hissəsinə əsasən araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci hissəsinə görə əgər zərər işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, ziyanın məbləği işçinin aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü ödəməkdən imtina edərsə, işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarına əsasən Malların təhvil-qəbul aktı ciddi hesabat blanklarına aiddir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-02 nömrəli “09” yanvar 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları”nın 3.1-ci bəndinə əsasən ciddi hesabat blanklarının doldurulması əllə və ya elektron (lazer) texnikası vasitəsi ilə həyata keçirilir. Qaydaların 3.2-ci bəndinə əsasən əllə və elektron (lazer) texnikası vasitəsi ilə doldurulmalı olan ciddi hesabat blanklarının bütün rekvizitləri aydın və səlis xətlə doldurulmalı, rəqəmlər və sözlər dəqiq oxunmalı, qaralamalara və düzəlişlərə yol verilməməlidir. Qaralamalara, düzəlişlərə yol verilmiş, yararsız hala düşmüş ciddi hesabat blankları etibarsız sayılır. Korlanmış ciddi hesabat blankının əvəzinə yenisi doldurulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC iddia ərizəsində ona məxsus malların Cavabdeh tərəfindən onun etibarından sui-istifadə etməklə əldə edilməsini və sonradan geri qaytarılmamasını, həmin əmlakları öz şəxsi maraqları üçün mənimsəməsini qeyd etsə də, iddia tələblərini sübuta yetirə bilməmiş, cavabdehə malların verilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş ciddi hesabat blanklarını təqdim etməmişdir. Habelə, araşdırma zamanı cavabdehin yazılı izahatı alınmamış, araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ təmin edilməmiş, o, yoxlamanın nəticələri ilə tanış edilməmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, audit şöbəsinin auditoru X2 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli xidməti məruzə və sərbəst auditor X3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarix müstəqil auditor rəyi bir-birini təkrarlamaqla iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin, iddiaçı tərəfindən təqdim olunmuş, əllə doldurulmuş, ciddi-hesabat blankları olan –təhvil-təslim aktlarında düzəlişlər aparıldığından, qanunvericiliyin tələbləri baxımından etibarsızdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbləri əsaslandırılmamışdır. Digər tərəfdən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması nəsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.” Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə görə isə, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli qərarında hesab etmişdir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Prosesin gedişində İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, maddi ziyanın vurulması ilə bağlı iddia müddətinin ötürülməmiş hesab edilməsini məhkəmədən xahiş etmiş, müddətin buraxılmasını müxtəlif dövlət orqalarına müraciət etməsi, iddia verilməsi üçün arayışların alınması ilə əlaqələndirmişdir. Məhkəmə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, müddətin üzrlü səbəbdən buraxılmasına səbəb olmuş obyektiv hallarla bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyindən, iddia müddətinin ötürülməmiş hesab edilməsi barədə ərizə nəzərə alınmamalıdır. Məhkəmə qeyd edir ki, əmək mübahisələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün kifayətdir və müddətin keçməsi ilə bağlı məhkəmə iddianı rədd etməkdə haqlıdır. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində işlədilən “mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi məhkəmənin səlahiyyətini, “bərpa edərək” ifadəsi isə bu səlahiyyətini yaranmasının əsasını bildirir. Ona görə də məhkəmə əmək mübahisəsinə mahiyyəti üzrə o halda baxa bilər ki, iddia müddətini bərpa etsin. İddia müddətinin məqsədi ondan ibarətdir ki, bu müddət məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, bununla da məhkəmələrə mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, iddia ərizəsinin dəlillərinə əsasən Cavabdeh İddiaçı MMC-də satış nümayəndəsi işlədiyi dövrdə, yəni, xx.xx.2020-ci- xx.xx.2021-ci il tarixləri arasında şirkətdən ticarət obyektlərinə çatdırılması üçün götürdüyü malları şirkətə geri qaytarmamış və nəticədə şirkətə 15839,61 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş işin faktiki hallarından müəyyən olunur ki, İddiaçı MMC-nin iddia ərizəsində qeyd olunan çatışmazlıqlar barəsində audit şöbəsinin auditoru X2 tərəfindən tərtib olunmuş xidməti məruzəyə əsasən xx.xx.2021-ci il tarixdən məlumatı olmuşdur. Lakin, buna baxmayaraq, İddiaçı MMC pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisəsinin həlli üçün qanunla müəyyən olunmuş bir illik müddəti ötürülməklə məhkəməyə müraciət etmişdir. Ona görə məhkəmə belə hesab edir ki, iddia tələbləri həm əsaslandırılmadığından, həm də, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddəti buraxıldığından təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın əvəzinin tam ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən, ödənilmiş 60 (altmış) manat mediasiya xərci və 88 (səksən səkkiz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar