Məhkəmə qərarları › İş №e-2(077)-352/2025

Şuşa Rayon Məhkəməsi Qərardad — İş №e-2(077)-352/2025

28.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № e-2(077)-352/2025 28.08.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X1 Bəşərəddin oğlunun sədrliyi, Ağayeva Arzu Kazım qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köşkünlərin işləri üzrə Dövlət Komitəsi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “Xüsusi mülkiyyətdən istifadəyə məhdudiyyətin aradan qaldırılması və cavabdehlərin iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus olan daşınmaz əmlakdan çıxarılma tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların digər ailə üzvlərinin ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 5057-ci məhəllə, 10-cu sahədə yerləşən, 0.134179 ha torpaq sahəsindən və üzərində yerləşən 5 nömrəli bağ evindən çıxarılmaları barədə qətnamə qəbil edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında i.tirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddi tələbini müdafiə edərək, məhkəmə baxışına təyin olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köşkünlərin işləri üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə, hazırlıq iclasının cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən aidiyyət qaydaları pozulmuşdur. Belə ki, əsas iddia tələbi daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaqla bağlı olduğundan iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən iddia ərizəsini daşınmaz əşyanın olduğu yerə görə məhkəməyə verməlidir. İş materiallarından görünür ki, mübahisənin predmetini cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların digər ailə üzvlərinin mülkiyyıt hüququ əsasında İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 5057-ci məhəllə, 10-cu sahədə yerləşən, 0.134179 ha torpaq sahəsindən və üzərində yerləşən 5 nömrəli bağ evindən çıxarılmaları təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Həmçinin tərəflərin öz iradəsinə uyğun olaraq müqavilə ilə müəyyən etdikləri aidiyyət üzrə iddia irəli sürmək imkanı tanınmışdır (Mülki Prosessual Məcəllənin 36 və 40-cı maddələri). Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur.... Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin MPM-nin 44.2.2-ci maddəsində qeyd edildiyi kimi, işə həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, iş başqa məhkəməyə baxılmağa verilir. Beləliklə, məhkəmə iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, sadalanan qanunvericilik normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mübahisə ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, hazırda qeyd edilən iddia tələbi daşınmaz əşyanın qanuni sahibinin hüquqlarının pozulmasını aradan qaldırmaqla əlaqədar olduğundan, iddia ərizəsinə cavabdehin rəsmi qeydiyyat ünvanı üzrə deyil, daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Ona görə də, mülki iş müstəsna aidiyyət üzrə mübahisəli torpaq sahəsinin və bağ evinin olduğu yer üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 45.2-ci maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köşkünlərin işləri üzrə Dövlət Komitəsi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “Xüsusi mülkiyyətdən istifadəyə məhdudiyyətin aradan qaldırılması və cavabdehlərin iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus olan daşınmaz əmlakdan çıxarılma tələbinə dair” iddiası üzrə mülki iş baxılması üçün aidiyyətı üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan (alındığı vaxtdan) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar