Məhkəmə qərarları › İş №e-2(077)-48/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-48/2022

31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-48/2022 31.08.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi»nə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC «subroqasiya qaydasında pul tələbi»nə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh 1800 (bir min səkkiz yüz) manat məbləğində sığorta ödənişinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş,lakin nümayəndəsi ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,X2 mülkiyyətində olan “Ford Transit” markalı ** LT *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır.Sığorta müddətində,yəni xx.xx.2019-cu il tarixdə,saat 13:30 radələrində Bakı şəhəri,Əlövsət Quliyev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 mülkiyyətində olan,lakin idarə etmək hüququ olmadan Cavabdeh idarə etdiyi “Ford Transit” markalı ** LT *** dövlət qeydiyyat nişanlı avtomobil X6 tərəfindən idarə olunan “Chevrolet Cruz” markalı ** DD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur.Bakı şəhər BDYPİ-nin xx.xx.2019-cu il tarixli TP ******* saylı qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və hadisə baş verərkən Cavabdeh avtomobili etibarnamə olmadan idarə etmişdir.Yol-nəqliyyat hadisəsi nəticəsində qeyd olunan avtomobilə 1800 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmiş və həmin məbləğ zərərçəkənə ödənilmişdir.Qeyd olunanlara əsasən zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə ödənilmiş sığorta ödənişinin məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilib,lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sənədləri tam,hərtərəfli araşdırıb belə qərara gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan: - xx.xx.2019-cu il tarixli PXA********** saylı icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış icbari sığorta müqaviləsinə əsasən “Ford Transit” markalı ** LT *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 5000 manata qədər sığortalanmışdır. - Bakı şəhəri BDYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli TP3303860 saylı inzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327-ci maddələrinin tələbini pozmaqda təqsirli bilinmiş və 40 manat məbləğində cərimə edilmişdir. - “Pit Stop” Avtomobillərin texniki xidmət mərkəzinin xx.xx.2019-cü il tarixli qüsur aktından görünür ki, “Chevrolet Cruz” markalı ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəyişilməli hissələr 1420 manat və xidmət haqqı 380 manat olmaqla,cəmi 1800 manat məbləğində zərər dəymişdir. - "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, ümumi məlumatlara əsasən sığortalı X5,sığortalanmış avtomobil “Ford Transit” markalı ** LT *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi,sığortanın müddəti xx.xx.2019-cu il tarixdən- xx.xx.2020-ci il tarixədək, xx.xx.2019-cu il tarixdə baş vermiş hadisə nəticəsində “Chevrolet Cruz” markalı ** DD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi məbləği 1800 manat müəyyən edilmişdir. - xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC xx.xx.2019-cu il tarixdə X4 1800 manat məbləğində sığorta ödənişi ödəmişdir. - X7 ödənilmiş xx.xx.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 38 manat məbləğində dövlət rüsumu ödəmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3579 saylı ekspert rəyindən görünür ki, “Pit Stop” tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Chevrolet Cruz” markalı ** DD *** dövlət qeydiyyat nişanl avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1562 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, X5 xx.xx.2019-cu il tarixli PXA********** saylı icbari sığorta müqaviləsinə əsasən istifadəsində olan “Ford Transit” markalı ** LT *** dövlət qeydiyyat nişanlı avtomobili 1 il müddətinə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalamışdır.Sığorta müddətində,yəni xx.xx.2019-cu il tarixdə,saat 13:30 radələrində Bakı şəhəri,Əlövsət Quliyev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 mülkiyyətində olan,lakin idarə etmək hüququ olmadan Cavabdeh idarə etdiyi “Ford Transit” markalı ** LT *** dövlət qeydiyyat nişanlı avtomobil X6 tərəfindən idarə olunan “Chevrolet Cruz” markalı ** DD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur.Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli TP ******* inzibati tənbeh vermə haqqında Qərara əsasən təqsirli bilinmişdir. Pit Stop” tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən “Chevrolet Cruz” markalı ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 1800 manat müəyyən edilmiş və xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən X4 ödənilmişdir. “İcbari Sığortalar” haqqında Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanununun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək mülki işin məhkəmə tərəfindən mübahisəsiz müəyyən edilmiş hallarından aydın olur ki, Cavabdeh xx.xx.2019cu il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan PXA********** saylı sığorta şəhadətnaməsinə əsasən sığortalanmış “Ford Transit” markalı ** LT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir.Qeyd olunan yolnəqliyyat hadisəsi zamanı “Ford Transit” markalı ** LT *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymiş və avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün "xxxx" ASC 1800 manat məbləğində zərər ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3579 saylı ekspert rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, avtomobilə dəymiş ziyan məbləği 1562 manat məbləğində müəyyən edildiyindən məhkəmə iddia tələbini qeyd edilən həcmdə, yəni sığorta ödənişinin əvəzi kimi 1562 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmə xərcləri ödənilmiş dövlət rüsumu üçün 38 manat və ekspertiza xərci üçün 100 manatdan ibarətdir.Ona görə də,ödənilmiş dövlət rüsumu olan 38 manat və ekspertiza xərci 100 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183, 192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1562 (bir min beş yüz altmış iki) manat məbləğində sığorta ödənişinin əvəzi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Cavabdeh 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən, qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar