Məhkəmə qərarları › İş №e-2(077)-73/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-73/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-73/2022 22.02.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «sığorta ödənişinin subroqasiya qaydasında tutulması» tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldıraraq,Cavabdeh 900 (doqquz yüz) manat məbləğində ödənilmiş sığorta ödənişinin əvəzini və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,X5 məxsus ** MF *** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtonəqliyyat vasitəsi 04.02.2019-cu il tarixdə "xxxx" ASC tərəfindən PXA ********** saylı icbari sığorta şəhadətnaməsinə əsasən 09.02.2019-cu il tarixdən 09.02.2020-ci il tarixədək “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır.10.01.2020-ci il tarixdə Cavabdeh idarə etdiyi ** MF *** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtonəqliyyat vasitəsilə “İnfiniti FX-45” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşmuş və yol-nəqliyyat hadisəsi nəticəsində avtomobillərə ziyan dəymişdir.Baş vermiş yol nəqliyyat hadisə ilə əlaqədar Bakı şəhər Nəsimi rayon DYPŞ-nin əməkdaşları tərəfindən Cavabdeh barəsində 13.01.2020-ci il tarixli TP ******* saylı X14 haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsində İXM-nin 327.6 və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir.Yol-nəqliyyat hadisəsi nəticəsində “İnfiniti FX-45” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 900 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmiş və sığorta şirkəti tərəfindən zərərçəkmiş şəxs X1 ödənilmişdir. “İcbari Sığortalar haqqında” Qanunun tələblərinə əsasən sürücü hadisə yerindən yayındıqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.Ona görə də,iddiaçının subroqasiya hüququnun olduğunu nəzərə alaraq ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 900 manat məbləğində zərərin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 21 yanvar 2022-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşıəsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı, həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - "xxxx" ASC-nin 04.02.2019-cu il tarixli avtonəqliyyat vasitələrinin tam sığorta şəhadətnaməsindən görünür ki,X4 mülkiyyətində olan ** MF *** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtonəqliyyat vasitəsi 09.02.2019-cu il tarixdən 09.02.2020-ci il tarixədək icbari sığorta növündə sığortalanmışdır. - X11 AP №0145099 saylı,13.01.2020-ci il tarixli X11 protokolun surətindən görünür ki,Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 327.1 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. - TP3449802 saylı X14 Haqqında Qərarın surətindən görünür ki,10.01.2020-ci il tarixdə “Ford Transit” markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. - "xxxx" MMC tərəfindən tərtib olunmuş 14.01.2020-ci il tarixli saylı qüsur aktından görünür ki, ** SP *** dövlət qeydiyyat nişanlı “İnfiniti FX-45” markalı avtonəqliyyat vasitəsinə 9000 manat məbləğində ziyan dəydiyi hesablanmışdır. - "xxxx" ASC-nin 07.02.2020-ci il tarixli sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktından görünür ki, "xxxx" ASC-dən sığorta ödənişini almaq üçün X6 07.02.2020-ci il tarixdə ********** nömrəli plastik kartı təhvil almışdır. - "xxxx" ASC-nin PXA58911 saylı sığorta aktından görünür ki, ümumi məlumatlara əsasən sığortalı X7,sığortalanmış avtomobil ** MF *** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtonəqliyyat vasitəsi,sığortanın müddəti 09.02.2019-cu il tarixdən- 09.02.2020-ci il tarixədək, 10.01.2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində ** SP *** dövlət qeydiyyat nişanlı “İnfiniti FX-45” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi məbləği 900 manat müəyyən edilmişdir. - "xxxx" ASC-nin **********0SK0000347 nömrəli hesabının 30.01.2020-ci il tarixdən 06.06.2020-ci il tarixədək olan dövr üçün çıxarışından görünür ki,12.02.2020-ci il tarixdə X2 900 manat məbləğində sığorta ödənişi ödənilmişdir. - X8 ödənilmiş 16.12.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinin tələblərinə görə Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ əmlak sığortası üzrə sığorta ödənişini vermiş vermiş sığortaçı reqres qaydasında ona verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər,o şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən başqa şəxs tərəfindən vurulmuş zərərərin həcminə,həmdə hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər daxildir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya,həmçinin qanunvericiliyə əsasən,dəymiş zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edilə bilər. Həmin Məcəllənin 1096.1-cı maddəsinə əsasən,mülki hüquq pozuntusu (delilkt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd əməldir.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə,mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin ,habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən,ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar,bu şərtlə ki,zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin üzərinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən,başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə,əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə,ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla,avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq müəyyən etmişdir ki,X4 mülkiyyətində olan,etibarnamə əsasında Cavabdeh tərəfindən idarə olunan ** MF *** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtonəqliyyat vasitəsi 04.02.2019-cu il tarixli avtonəqliyyat vasitələrinin tam sığorta şəhadətnaməsinə əsasən 09.02.2019-cu il tarixdən 09.02.2020-ci il tarixədək icbari sığorta növündə sığortalanmışdır. 10.01.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sığortalı ** MF *** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtonəqliyyat vasitəsi ilə ** SP *** dövlət qeydiyyat nişanlı “İnfiniti FX-45” markalı avtonəqliyyat vasitəsi toqquşmuş və sığortalı Cavabdeh hadisə yerindən yayınmışdır.Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ** SP *** dövlət qeydiyyat nişanlı “İnfiniti FX-45” markalı avtonəqliyyat vasitəsinə dəymiş 900 manat məbləğində ziyan "xxxx" ASC tərəfindən X2 ödənilmişdir.Qeyd edilən yol-nəqliyyat hadisəsində Cavabdeh 13.01.2020-ci il tarixli TP ******* saylı X14 haqqında qərara əsasən təqsirli bilinmiş və cavabdehin hadisə yerindən yayındığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki,tərtib edilmiş X14 haqqında qərara əsasən hadisənin törədilməsində Cavabdeh təqsiri,hadisə yerindən yayınması sübuta yetirildiyindən,vurulmuş ziyan sığortaçı "xxxx" ASC tərəfindən X2 ödənildiyindən Cavabdeh ** SP *** dövlət qeydiyyat nişanlı “İnfiniti FX-45” markalı dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 900 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki,iddia təmin edilməli,Cavabdeh 900 manat məbləğində sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 211,220, 227, 233, 284-1, 284-5,284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat məbləğində sığorta ödənişi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar