Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-84/2023 06.04.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X4 Bəşərəddin oğlunun sədrliyi, X2 qızının iclas katibliyi, iddiaçının nümayəndəsi – vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10000 manat pul vəsaitinin və 120 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 10000 manat dəyərində dəmir borular satması ilə əlaqədar cavabdehin ona 10000 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıqlar olunmasına baxmayaraq, cavabdeh borclu olduğu məbləği ödəməmişdir. Borcunu ödəməsi ilə əlaqədar ona sonuncu dəfə xx.xx.2023-cü il tarixdə rəsmi məktub göndərilmiş, borcunu 5 iş günü ərzində ödəməsi təklif olunmuşdur. Lakin cavabdeh rəsmi təklifimi almasına baxmayaraq borcunu ödəyəcəyini bildirsə də, ödəniş etməmişdir. Qeyd olunanları nəzərə alaraq pulun qaytarılması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi – vəkil Nümayəndə iddia tələblərini müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X1 “cinayət işi başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-yə ərizə ilə müraciət edərək, 2022-ci il mart ayının əvvəllərində “Baksol” yolunda X3 54.000 manat dəyərində, onun dostu Cavabdeh isə 20.000 manat dəyərində plastik və dəmir borularını nisyə satdığını, Cavabdeh ona 10.000 manat pul ödənişi etsə də, qalan pulu ödəməkdən imtina etdiyini, Elman Bəşirov isə ümumiyyətlə heç bir ödəniş etmədiyini, bildirmişdir, həmin şəxslərin məsuliyyətə cəlb olunub ona dəymiş ziyanın ödətdirilməsini xahiş etmişdir. Araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, özü tikinti işləri ilə məşğul olur. 2022-ci ilin təxminən yaz aylarında “Metak” firmasının işçisi olan Samir adlı şəxsin dəmir boru satışı ilə məşğul olduğunu bilmişdir. O, elə həmin ərəfələrdə Samirdən 20.000 manat dəyərində dəmir boruları nisyə almış və ilkin olaraq 5000 manat ödəniş etmişdir. Sonrakı müddət ərzində aldığı həmin dəmir borularının bir hissəsinin dəyəri olaraq əlavə 5000 manat da ödəniş etmişdir. Sonra ödənişlərdə problem yarananda Samir onu Nəsir adlı şəxslə tanış edib malların ona məxsus olduğunu bildirmişdir. Nəsirə bildirmişdir ki, onun malları satacağı müştərilərin bəziləri köçürmə yolu ilə ödəmə edəcək, ona görə də mütləq onlara hesab-faktura verməlidir. Nəsir də söz vermişdir ki, hesab faktura verəcək. Sonradan isə Nəsir ona hesab faktura vermədiyi üçün o, onun qalan pulunu ödəyə bilməmişdir. Lakin söz verir ki, Nəsirin qalan pulunu öz hesabına ödəyəcək. Araşdırma zamanı İddiaçı ilə Cavabdeh arasında alqı-satqı və öhdəlik münasibətlərindən irəli gələn mülki mübahisənin yarandığı müəyyən edilmiş, Cavabdeh özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirməsi faktı aşkar edilməmiş, onun əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və şikayətçiyə mülki mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə 5 gün müddətində borcun ödənilməsi, əks halda borcun ödənilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə görə, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.4-cü maddəsinə görə isə, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, satıcı- İddiaçı 2022-ci ilin fevral ayında aralarında bağlanmış müqaviləyə əsasən alıcı-Cavabdeh 20000 manat dəyərində dəmir boruları satmış, cavabdeh tərəfindən həmin məbləğdən ümumilikdə 10000 manat ödəniş edilmiş, olunmuş xəbərdarlığa baxmayaraq, qalan 10000 manat məbləğində vəsait iddiaçıya ödənilməmişdir. Hazırda iddiaçı cavabdehdən satılmış dəmir boruların dəyərinin qalıq hissəsinin ödənilməsini tələb etdiyindən, iddia təmin olunaraq cavabdehdən 10000 manat pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 10000 (on min) manat məbləğində pul vəsaiti və 120 (bir yüz iyirmi) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-84/2023
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-84/2023
06.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver