Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1011/2025 04.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə cəmi 7000 manat və ödənilmiş dövlət rüsumuna görə 90 manat tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandıraraq bildirmişdir ki, Cavabdeh xx.xx.2025ci il tarixdə 08 radələrində Suraxanı rayonu Yeni Ramana qəsəbəsi istiqamətindən üzü Şuşa şəhərciyi istiqamətinə hərəkətdə olan zaman idarə etdiyi avtomobillə toqquşması nəticəsində qəza baş vermiş və sağlamlığına yüngül zərər dəymişdir. Həmin hadisə ilə bağlı Bakı şəhəri Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı polis kapitanı Hüseyn Əliyev tərəfindən xx.xx.2025-ci il tarixli “cinayət işinin rədd edilməsi” barədə qərar qəbul edilmişdir. Sözügedən hadisənin baş verməsi nəticəsində mənim sağlamlığıma yüngül zərər dəymiş, dərin mənəvi stress, qorxu yaşamışam, işimdən, fəal ictimai həyat tərzimdən məhrum olmuşam, nəticədə mənə mənəvi ziyan dəymişdir. Hadisə sonra cavabdeh ümumiyyətə mənimlə maraqlanmamış, hətta ilkin olaraq bütünlüklə təqsirli olmasına baxmayaraq təqsirin məndə olmasını bildirmişdir. Lakin hadisə yerinin videogörüntüsün olması və.s. sübutlar nəticəsində o, təqsirini boynuna almağa məcbur olmuşdur. Məhkəmə iclasında iddiaçının vəkili və numayəndəsi Vəkil iddianı müdafiə edərək izahatında iş materiallarına əlavə olunmuş sənədlərlə iddianın tam sübuta yetirildiyini, Cavabdeh xx.xx.2025-ci il tarixdə 08 radələrində Suraxanı rayonu Yeni Ramana qəsəbəsi istiqamətindən üzü Şuşa şəhərciyi istiqamətinə hərəkətdə olan zaman iddiaçının idarə etdiyi avtomobillə toqquşması nəticəsində qəza baş vermiş və iddiaçının sağlamlığına yüngül zərər dəymişdir. Həmin hadisə ilə bağlı Bakı şəhəri Suraxanı RPİnin TŞ-nin təhqiqatçısı polis kapitanı Hüseyn Əliyev tərəfindən xx.xx.2025-ci il tarixli “cinayət işinin rədd edilməsi” barədə qərar qəbul edilmişdir. Sözügedən hadisənin baş verməsi nəticəsində iddiaçı dərin mənəvi stress, qorxu yaşamış, işindən, fəal ictimai həyat tərzindən məhrum olmuş, nəticədə ona mənəvi ziyan dəymişdir. Hadisədən sonra cavabdeh ümumiyyətə onunla maraqlanmamış, hətta ilkin olaraq bütünlüklə təqsirli olmasına baxmayaraq təqsirin iddiaçıda olmasını bildirmişdir. Lizinq müqaviləsi məhkəməyə təqdim edildiyini, 5200 azn ilkin ödəniş ödədiyini, siğorta müqaviləsinin təqdim edildiyini, siğorta ödənişinin edilməsi barədə arayış və ödənişin məbləğinin qeyd edildiyini, siğortanın 2600 azn məbləğininin təmin edilməsini, əsas olaraq təqsirli davranışı götürdüyünü, sübut kimi müqaviləyə istinad etdiyini, siğortanın təmin etmədiyi 2600 manat ödənişinin cavabdehdən tutularaq iddiaçıya dəymiş ziyanla birlikdə iddianın tam təmin edilməsini istədiyini, hal-hazırda lizinq müqaviləsinin ləğv olunduğunu, arayışda borcun olmadığını, və 2000 manat ödənişi geri qaytarıldığını, sağlamlığa yüngül zərər vurma nəticəsində dəyən ziyanın məhkəmə tərəfindən müəyyənləşdirilməsini istədiyini, yeni avtomobil verilmədiyini, lizinq müqaviləsinin sadəcə borcu sildiyini, yerdə qalan məbləği geri ödədiyini, tələbdə qeyd edilən məbləğin həm mənəvi həm də maddi ziyan olaraq 2600 manat, qalan hissəsini isə mənəvi ziyan olduğunu bildirmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında kasko sığortasının zərəri qarşıladığını, idddiaçınınözünün 10 gün sonra ayağa qalxdığını, özünün xəstəxanada olanda yanına getdiyini, lakin biraz gec getdiyini, vurulan ziyanı iddiaçının siğortasının qarşıladığını, iddiaçıya siğortanın yeni bir avtomobil verdiyini, özünün işsiz olduğunu, Naxçıvanda yaşadığını, heç bir yerdən gəlirinin olmadığını bildirmişdir Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan xx.xx.2025-ci il tarixli 422 saylı ekspert rəyindən aydın olur ki, 1972-ci il təvəllüdlü İddiaçı məhkəmə-tibbi ekspertizasına va onun adına tərtib olunmuş tibbi sənəddə qeyd olunanlara əsasən, hadisa haqqında olan məlumatlar nazara alaraq va ekspertiza qarşısında qoyulmuş suallara uyğun aşağıdakı nəticəyə gəlirəm: 1.Vat.İddiaçı bədənində aşkar edilmiş xəsarətlər- burun sümüyünün qapalı xətti sınıq burun beli, hər iki gözaltı, döş qəfəsinin ön səthi, hər iki diz oynağı, qarın və sol bud-çanaq oynağı nahiyələrində qançırlar, sol said və sol diz oynağı nahiyələrində əzilmiş yaralar küt aşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan xx.xx.2025-ci tarixdə və şəraitdə, yəni sürücü qismində baş vermiş yol-nəqliyyat hadisəsi nəticasində əmələ gələn və ümimilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Bakı şəhəri Suraxanı RPİ-nin təhqiqatşısı, polis kapitanı Hüseyn Əliyevin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən qərarın təsviri hissəsində göstərilənləri nəzəra alaraq material üzrə Azarbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi və təsviri hissasində göstərilənləri nəzərə alaraq Hyundai Santa fe markali 77- DR-923 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddasina asasan inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surati Suraxanı RPİ-nin DYPŞ-ra göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunan Atəşgah siğortanın xx.xx.2025-ci il tarixli MVC0506/25 saylı işə dair siğorta aktından aydın olur ki, avtomobilə dəyən zərərin ümumi həcmi 27141 manat, siğorta məbləği isə 26000 manat, siğorta ödənişinin yekun məbləği 17400 manatdır. İş materiallarına əlavə olunan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(010)-2455/2025 nömrəli qərarı ilə xx xxxxxx 1990-cı ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə edilən City Finance BOKT şirkətinin 01LİZ033625 nömrəli lizing müqaviləsindən aydın olur ki, İddiaçı ilə City Finance MMC lizinq müqaviləsi imzalamışdır. İş materiallarına əlavə edilən City Finance BOKT şirkətinin xx.xx.2025-ci il tarixli 01LİZ033625 nömrəli lizing müqaviləsinə əlavədən aydın olur ki, İddiaçı ilkin ödəniş 5200 manat olmaqla illik 27 faiz dərəcəsi ilə 20.800 manat məbləğində lizinq verilmişdir. Aylıq lizinq ödənişinin məbləği 850 manatdır. İş materiallarına əlavə edilən City Finance BOKT şirkətinin təhvil-təslim aktından aydın olur ki, Changan Qiyuan A05 markalı sedan avtomobili İddiaçı təhvil verilmişdir. İş materiallarına əlavə olunan Qala siğortanın xx.xx.2025-ci il tarixli MVC0127/25 saylı işə dair siğorta aktından aydın olur ki, **-YJ-*** qeydiyyat nişanlı Changan Qiyuan A05 markali sedan avtomobili xx.xx.2028-ci il tarixə qədər siğortalanmışdır.Siğorta dəyəri 26000 manat siğorta haqqı 1560 mnatadır. İş materiallarına əlavə edilən City Finance BOKT şirkətinin xx.xx.2025-ci il tarixli arayışından aydın olur ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına Changan Qiyuan A05 markalı 90YJ711 DNN-li avtomobilin yol-nəqliyyat hadisəsinə görə 23 400 AZN sığorta məbləği mədaxil olmuşdur. xx.xx.2025-ci il tarixində 21 331 AZN müştərinin kredit borcundan silinmiş, 2 069 AZN isə X2 hesabına köçürülmüşdür. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. Məhkəmə ilk olaraq iddiaçının tələbinin nədən ibarət olmasını iddiaçı tərəfə xatırlatmağı zəruri hesab edir. Belə ki, iddia tələbindən aydın olur ki, iddiaçı 7000 manat pul tələbini mənəvi zərər olaraq cavabdehdən tələb edir. Həmin tələbin bir hissəsinin maddi itki kimi qiymətləndirilməsini iddiaçının vəkili və nümayəndəsi bildirsə də bunu nə iddia tələbində bildirmiş, nə də tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etməmişdir. Bu halda əsas iddia tələbi hesab edilməli və həmin tələbdə qeyd edildiyi kimi yalnız mənəvi zərərin vurulması kimi qiymətləndirilməsi aparılmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hər bir şəxsin hüququ qanunla mühafizə edilir. Qanunla müdafiə edilən sağlamlıq və digər hüquqa edilən birbaşa və ya dolayısı ilə hüquqa zidd əməl nəticəsində zərər vuran təqsirli şəxs, həmin zərərin əvəzinin ödənilməsi üçün məsuliyyət daşıyır. Mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdır. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən, hər üç əlamətin birgə mövcud olması nəticəsində mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən dəymiş zərərin ödənilməsi tələb edilə bilər. Çünki delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmişdir. Həmçinin həmin Qərarda qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan mənəvi zərərin ödənilməsi tələbi aşağıdakı şərtlər hamısı birlikdə mövcud olduqda əsaslı sayıla bilər: - iddiaçı fiziki və mənəvi sarsıntılar keçirməli; - bu sarsıntı cavabdehin iddiaçıya qarşı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli; - cavabdehin təqsiri müəyyən edilməlidir. Qeyd edilənləri sübut etmək vəzifəsini isə fiziki və ya mənəvi sarsıntı keçirməsini iddia edən şəxsin üzərinə düşür. Yuxarıda qeyd edilən şərtlərin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə qeyd edir ki, ilkin şərtin, yəni şəxsin fiziki və mənəvi sarsıntı keçirməsinin mövcud olması digər şərtlərin mövcudluğundan asılı olduğunu üçün ilk olaraq İddiaçı qarşı cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizlik edib-etməməsi müəyyən edilməlidir. Bu isə işin halları ilə öz təsdiqini tapır, yəni cavabdehin inzibati xəta törətməsi, bunun nəticəsində iddiaçının sağlamlığına yüngül zərər vurulması sübuta yetirilir. İddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi şərtin yoxlanılmasına gəldikdə məhkəmə hesab edir ki, bu halda iddiaçının sağlamlığına yüngül zərər vurulmaqla onun fiziki və mənəvi sartsıntı keçirməsi təkzib edilmir. Lakin məhkəmə mənəvi ziyanın məbləğinin həddindən artıq qiymətləndirilməsi nəticəsinə gəlir və Cavabdeh 500 (beş yüz) manat məbləğində mənəvi zərərin tutularaq İddiaçı ödənilməsini ağlabatan hesab edir. Məhkəmə iddia tələbinin qalan hissəsinin rədd edilməsi nəticəsinə gəlir. Beləliklə, məhkəmə belə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 500 (beş yüz) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. İddia tələbi Cavabdeh münasibətdə qalan hissədə isə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə məhkəmə məsrəflərinə münasibətdə qeyd edir ki, iddia qismən təmin edildiyindən İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün xx.xx.2025-ci il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 90 manat dövlət rüsumunun 30 (otuz) manat (qiymətləndirilən iddia tələbi üzrə iddia qiymətinin 1000 manata qədər olduğu halda ödənilməli dövlət rüsumu məbləğində) hissəsi Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Qalan hissədə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən üçün xx.xx.2025-ci il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 90 manat dövlət rüsumunun 30 (otuz) manat hissəsi Cavabdeh tutularaq İddiaçı qaytarılsın. Qalan hissədə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-1011/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1011/2025
04.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver