Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-121/2023 30.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı miras əmlakda payın müəyyən olunması tələbinə dair işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 iyun 2020-ci il tarixdə Naxçıvan şəhərində vəfat etmiş X9 miras qalmış Naxçıvan şəhəri Çənlibel məhəlləsi 25/44 ünvanında yerləşən ümumi sahəsi 70.54 kv.m olan 3 otaqlı mənzilin miras olaraq İddiaçı tərəfindən Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə qanunla müəyyən olunmuş müddət ərzində ərizə verərək qəbul etdiyindən payının bütün miras kütləsi olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmiş, nümayəndə və vəkil vasitəsilə təmsil olunmuşdur. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi və təmsil etdiyi şəxs-Naxçıvan şəhəri Çənlibel məhəlləsi 25/44 ünvanında yerləşən ümumi sahəsi 70.54 kvm olan 3 otaqlı mənzil 21 sentyabr 2021-ci il tarixdə İddiaçı mərhum X4nın adına Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində ********** nömrə ilə qeydiyyata alınmaqla hüququların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyetrsindən çıxarış rəsmiləşdirilmişdir. Südabə Əliyeva 01 iyun 2020-ci il tarixdə Naxçıvan şəhərində vəfat etmişdir. Onun vəfatından sonra İddiaçı 21 avqust 2020-ci il tarixdə Naxçıvan şəhər 1 saylı Notariat ofisinə ərizə ilə müraciət edərək anasından qalan miras əmlakdan payını qəbul etdiyini bildirmişdir. Mənzilə aid komunal xidmət haqlarını İddiaçı ödəyir. Südabə Əliyeva vəsiyyətnamə qoymamış, digər vərəsələr mirasın qəbulu ilə bağlı notariat ofislərinə ərizə ilə müraciət etməmişlər. Vəkil sonda qeyd edilənlərin nəzərə alınaraq iddianın qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Naxçıvan şəhəri Çənlibel məhəlləsi bina 25-də yerləşən 44 nömrəli mənzil mərhum X4nın adına qeydiyyata alınmışdır. Anası 2020-ci ilin iyun ayının 1-də vəfat etmişdir. O və üç övladı sözügedən mənzilin qeydiyyatında dayanır. 2001-ci il tarixdə ailə qurub anasının adına olan evdən ayrılmışdır. Həmin evlilikdən iki övladı doğulmuşdur. 2006-cı ildə nikahı pozulmuş və anası evinə qayıtmışdır. Uşaqlarının hər ikisi anası ilə yaşamışdır. Anası həmin uşaqları saxlayıbdır. 2014-cü ildə ikinci dəfə ailə qurmuşdur. Həmin evlilikdən bir övladı doğulmuşdur. Ailə qurduğu gündən kirayədə yaşayır. Anası vəfat edənə qədər uşaqlar nənə ilə qalmış, ondan sonra onun yanına gəlmişdir. Anasının vəfatından sonra qardaşı və bacıları onu həmin evə qoymayıb. Evin açarları Rəsmiyyə və Ruhiyyədə olub. Ona açar verməyiblər. Anası vəfat etdikdən sonra ev boş olub, Rəsmiyyə bir neçə aya türk rəfiqəsinə evi verib, o da bir müddət orada yaşamışdır. Həmin vaxt evin çəni də partlamışdı və qonşulara su axıdılmışdı. Onu həmin evdə yaşamağa qoymamışdırlar. Kim evə baxıbsa təbii ki, o da kommunal xərcləri ödəyir. Bu gün bacıları evin kommunal ödənişlərinin onlar tərəfindən aparılması barədə sənəd təqdim edə bilərlər. Ancaq o da anasının vərəsəsidir. Miras 5 yerə bölünməlidir. X24 yaşasa da ona da pay çatmalıdır. Anası vəfat edəndə pandemiya olduğu üçün Lətafət yasa gələ bilmədi. Sonuncu dəfə 2014-cü ildə Lətafət Naxçıvana gəlibdir. O da mirasdan pay tələb edir. Eldəniz ancaq bacıları Rəsmiyyə və Ruhiyyəyə yaxşı münasibət göstərdiyi üçün bu gün onlar qardaşlarının sözünü deyir. Rəsmiyyə anasının qardaşına verdiyi bir otaqlı evi kirayə verib pulunu alır. İndi onlar Eldəniz tərəfdə olublar. O isə miras üçün bunları etməyəcəkdir. Onun da payı vardır. Anasına onun oğlu baxıb, körpə uşağı ağır qaldırdığı üçün əmliyyat etdirməli olubdur. Anasının sağlığında həmin evdə çox az yaşamışdır, o öləndən sonra da həmin evdə yaşamamışdır. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh3 izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir, X4 2020-ci ilin iyun ayının 1-də vəfat etmişdir. Onlar 1 qardaş 5 bacı olmuşdur, bacılardan biri vəfat edib, biri Türkiyədə yaşayır. Qardaşı Eldənizlə ana bir ata ayrıdır. Mübahisəli ev anasının adınadır. Anası yataq xəstəsi olmuşdur. O və bacısı Rəsmiyyə növbə ilə anaya baxıb, onun yanında qalıb, ehtiyacları ilə maraqlanıbdır. Evin iki açarı olub, biri onda, bir də Rəsmiyyə də olubdur. Eldəniz qardaşı Bakıda yaşasa da anasının bütün maddi tələbatlarını ödəyibdir. Onlar razıdır ki, ev satılsın hər kəs öz payını götürsün. Anasının vəfatından sonra evin bütün kommunal xərclərini o və bacısı Rəsmiyyə ödəyibdir, ev boş olsa da tez-tez gedib baş çəkirlər. Hazırda o əmək haqqı kartı vasitəsilə evin kommunal xərcini ödəyir. Onun da mirasda payı vardır və payını tələb edir. Lətafət bacısı Türkiyədə yaşayır, o uzun müddətdir Naxçıvana gəlmir, anasının yasına da gəlməyibdir. Nə o, nə də Ülviyyə mirası qəbul etməyibdir. Ülviyyə Naxçıvanda yaşamasına baxmayaraq bəzən o və bacısı Rəsmiyyə eyni vaxtda növbədə olanda anasına baxmayıbdır. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdehlər X15 izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. X4 2020-ci ilin iyun ayının 1-də vəfat etmişdir. Onlar 1 qardaş 5 bacı olub, bir bacısı vəfat edib, biri Türkiyədə yaşayır. Qardaşı Eldənizlə ana bir ata ayrıdır. Mübahisəli ev anasının adınadır. Anası yataq xəstəsi olmuşdur. O və bacısı Ruhiyyə növbə ilə anasına baxıb, onun ehtiyacları ilə maraqlanmışdır. Evin iki açarı olub, biri onda, bir də Ruhiyyədə olubdur. Eldəniz qardaşı Bakıda yaşasa da anasının bütün maddi tələbatlarını ödəyibdir. Hazırda razılaşıblar ki, ev satılacaq hər biri payını götürəcək. Onun da mirasda payı vardır və payını tələb edir. Evə həmişə bacısı Ruhiyyə və o nəzarət etmişdir. Hətta 2020-ci ildə pandemiya olanda o türk vətəndaşı olan ailə dostuna Türkiyə Respublikasına qayıda bilmədiyi üçün anasına məxsus evi 1 aylığa yaşaması üçün həmin türk vətəndaşı olan qadına vermişdir. Ancaq evin su çəni qışda partlamışdı, qonşuya su axmışdı. Ruhiyyənin yoldaşı yeni şopen alıb gətirdi və su çənini dəyişdi. Anasının vəfatından sonra evin bütün kommunal xərclərini o və bacısı Ruhiyyə ödəyibdir, ev boş olsa da tez-tez baş çəkirlər, təmizləyirlər. Lətafət bacısı Türkiyədə yaşayır, o uzun müddətdir Naxçıvana gəlmir, anasının yasına da gəlməyibdir. Nə o, nə də Ülviyyə mirası qəbul etməyibdir. Ülviyyənin uşaqlarını ona görə anası saxlayıb ki, özü uşaqlarına baxmayıbdır. Uşaqları məcbur nənəsi saxladı. Anası ağır xəstə olanda belə Ülviyyə gəlmədi, ona baxmadı. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh4 məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, onları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nömrəli akt qeydindən çıxarışdan aydın olur ki, X10 ilə X22 arasındakı 19 sentyabr 1967-ci il tarixdə nikah bağlanmış, bu barədə 30 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan doğum haqqında akt qeydindən Çıxarışdan aydın olur ki, Cavabdeh4 xx.xx.1963-cü ildə Naxçıvan şəhərində doğulmuş, X4, atası X3r. İş materiallarında olan doğum haqqında akt qeydindən Çıxarışdan aydın olur ki, İddiaçı xx.xx.1968-ci ildə Naxçıvan şəhərində doğulmuş, X4, atası X3r. Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nömrəli akt qeydindən çıxarışdan aydın olur ki, X10 ilə Novruzova (Əliyeva) Südabə Həbib qızı arasındakı nikah xx.xx.1972-ci ildə pozulmuş bu barədə 03 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X16 xx.xx.1976-cı ildə Naxçıvan şəhərində doğulmuş, X4, atası X23r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X11 xx.xx.1978-ci ildə Naxçıvan şəhərində doğulmuş, X4, atası X23r. İş materiallarında olan doğum haqqında akt qeydindən çıxarışdan aydın olur ki, Cavabdeh1 15 mart 1984-cü ildə Naxçıvan şəhərində doğulmuş, X4, atası X23r. Mülki işin materiallarında olan AZ-İ 802577 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X5 xx.xx.1999-cu il tarixdə məhkəmə qətnaməsi əsasında ölüm faktının müəyyən edilməsi ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə xx.xx.2022-ci il tarixdə 310 nömrəli akt qeydi icra edilmişdir. Mülki işin materiallarında olan AZ-İ 749560 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X22 01 iyun 2020-ci ildə ürək qan dövranı çatışmamazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir və bu barədə xx.xx.2020-ci il tarixdə ölüm akt qeydləri kitabında 216 nömrəli qeydiyyat aparılmışdır. Naxçıvan şəhər 4 saylı Mənzil-İstismar İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 519 nömrəli arayışdan aydın olur ki, X14 vərəsələri bunlardır: -Cavabdeh4-qızı-1963; -İddiaçı-oğlu-1968; -X5-qızı-vəfat edib; -Cavabdeh3-qızı-1976; -X15-qızı-1978; -Cavabdeh1-qızı-1984. Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş Vİİ-JQ seriyalı 422649 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən aydın olur ki, X29 ilə X11 arasında həmin tarixdə nikah bağlanmış və bu barədə 263 nömrəli akt qeydi icra edilmişdir. Babək rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 101976 saylı nikah haqqında şəhadətnamənin surətindən aydın olur ki, X2 ilə X16 arasında həmin tarixdə nikah bağlanmış və bu barədə 276 nömrəli akt qeydi icra edilmişdir. xx.xx.2020-ci il tarixli Mənzil-kommunal xidməti üçün 059377 nömrəli mədaxil qəbzinin surətindən aydın olur ki, ünvan 2 ünvanı üçün 4 aylıq (7 manat) X14 adına ödənilmişdir. Mülki işin materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 21 sentyabr 2021-ci il tarixlli ********** nömrəli çıxarışından aydın olur ki, Naxçıvan şəhəri Çənlibel məhəlləsi ev 25 mənzil 44-də yerləşən ümumi sahəsi 70.54 kv.metr olan mənzil tam mülkiyyət hüququ üzrə X14 adına daşınmaz əmlakın dövlət reyestrində 12/27 nömrəli reyestr kitabının 5302 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan şəhər 4 saylı Mənzil-İstismar İdarəsi tərəfindən 05 yanvar 2022-ci il tarixdə Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Vəkil xx.xx.2022-ci il tarixli 2/04 nömrəli sorğusuna verilmiş 01 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 2 ünvanında yaşamış və 01 iyun 2020 - ci il tarixdə vəfat etmiş X14 vərəsələri olan İddiaçı, Cavabdeh3, Cavabdeh2 və X12 heç biri analarının vəfatından sonra ünvan 2 ünvanında yaşamamışlar. Naxçıvan Şəhər 2 saylı Notariat Ofisi tərəfindən verilən xx.xx.2022-ci il tarixdə Naxçıvan şəhər Hüquq Məsləhətxanasının xx.xx.2022-ci il tarixli 2/05 nömrəli sorğusuna verilmiş 01 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2020-ci ildə vəfat etmiş X22 tərəfindən Naxçıvan şəhəri, 2 saylı notariat ofisində 1990-cı il tarixdən xx.xx.2020-ci il tarixinədək vəsiyyətnamə qoyulmamışdır. Notariat elektron sistemdə axtarış nəticəsində mirasın qəbulu ilə əlaqədar vərəsələrdən İddiaçı adından vəkalətli nümayəndəsi olan Vəkil tərəfindən xx.xx.2020-ci il tarixində Naxçıvan şəhər 1 saylı notariat ofisində reyestr nömrəsi 1850 olan ərizə yazılmışdır. Naxçıvan Şəhər 3 saylı Notariat Ofisi tərəfindən verilən xx.xx.2022-ci il tarixdə Naxçıvan şəhər Hüquq Məsləhətxanasının xx.xx.2022-ci il tarixli 2/05 nömrəli sorğusuna verilmiş 01 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum X22 barəsində vərəsəlik işi açılmamışdır və vərəsələri mirasın qəbulu ilə bağlı heç bir notariat əməliyyatı aparmamışdır. Naxçıvan Şəhər 1 saylı Notariat Ofisi tərəfindən verilən 02 noyabr 2022-ci il tarixli 259 nömrəli məktubun surətindən aydın olur ki, vərəsələr arasında mübahisə olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi qeyd edilmişdir. Naxçıvan şəhər 2 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 03 nömrəli arayışdan aydın olur ki, Novruzov X7 şəhəri Bektaşi bina 1, mənzil 18 ünvanında qeydiyyatdadır. Naxçıvan şəhər 4 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 659 nömrəli arayışdan aydın olur ki, Əhmədova X17 şəhəri Çənlibel bina 28, mənzil 55 ünvanında qeydiyyatdadır. Naxçıvan şəhər 6 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 01/1061 nömrəli arayışdan aydın olur ki, Cavabdeh4 Naxçıvan şəhəri ünvan 8 ünvanında qeydiyyatdadır, həmin ev xx.xx.2013-cü il tarixdən satılıb, 2013-cü ildən həmin ünvanda yaşamır. Naxçıvan şəhər 5 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 1020 nömrəli arayışdan aydın olur ki, X1 şəhəri İ.Məmmədov 46, ev 20 ünvanında qeydiyyatdadır. Naxçıvan şəhər 4 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 660 nömrəli arayışdan aydın olur ki, Həsənova X18 şəhəri Çənlibel, bina 25 ev 44 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Burada nəzərə alınmalıdır ki, bu öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin faktiki qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki qanunvericiliyə görə miras əmlak açıldığı andan vərəsənin mülkiyyəti hesab edilir. Məhkəmə belə hesab edir ki, mərhum X14 vəfatında sonra İddiaçı qanunvericilikdə müəyyən edilmiş vaxtda-yəni miras qoyanın vəfatından sonra üç aylıq müddət ərzində notarial qaydada ərizə verərək miras əmlakı qəbul etmişdir. Belə olan halda hazırda iddiaçının miras əmlakda payın müəyyən edilməsini tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə bütün miras kütləsində İddiaçı payının müəyyən edilməsi tələbini nəzərə alaraq miras qoyanın digər vərəsələrinin miras əmlakı qəbul edib-etməməsini də araşdırmasını zəruri hesab edir. Məhkəmə iddiaçının payının hansı hissədə müəyyən edilməsi məsələsi araşdırılarkən miras qoyanın qoyanın bütün vərəsələri tam araşdırılmalı və mirası qəbul etmiş şəxslərə münasibətdə paylar müəyyən edilməli, iddiaçının payı da həmçinin bu araşdırma nəticəsində müəyyənləşdirilməlidir. Azırbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 05 oktyabr 2012-ci il tarixli Qərarında qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Plenum Qərarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq miras əmlakla bağlı bütün məsələlərin aydınlaşdırılmasını zəruri hesab edir və qeyd edir ki, bu halın müəyyən edilməsi iddia tələbindən kənara çıxarılma olaraq qiymətləndirilməməlidir. Məhkəmə hesab edir ki, İddiaçı miras əmlakı formal şəkildə-notarial qaydada ərizə vermək qəbul etmiş və bu hal işin mübahisəsiz halıdır. Miras qoyan X14 digər vərəsələri Cavabdeh1, X15, Cavabdeh3 və Cavabdeh4 isə miras əmlakı formal olaraq yəni notarial qaydada ərizə verməklə qəbul etməmişdir. Bu hal da işə baxılarkən müəyyən edilmiş və mübahisəsiz haldır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə vərəsəliklə bağlı münasibətləri tənzimləyən maddi hüquq normaları miras əmlakın həm fomral, həm də qeyri-formal qəbul edilməsi qaydalarını tənzimləyir. Miras əmlakın formal şəkildə qəbulu məhz qanunvericiliklə müəyyən edilmiş müddətdə vərəsənin miras əmlakı qəbul etməsinə dair notariat orqanına ərizə verməsi hesab edilir və iddiaçı da mirası formal şəkildə qəbul etmişdir. Miras əmlakın qeyri-formal qəbul edilməsi ilə mirasın faktiki olaraq vərəsə tərəfindən qəbul edilməsini tənzimləyir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur: 1.Miras əmlaka sahiblik etmək üsulu. 2.Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s... “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə belə hesab edir ki, cavabdehlər X15 və Cavabdeh3 miras qoyan X14 vəfatınan sonra miras qalan əmlakı faktiki olaraq qəbul etmiş və idarəçiliyini həyata keçirmişlər. Belə ki, iş üzrə tərəflərin izahatından aydın olur ki, hər iki cavabdehdə analarını vəfatından sonra miras əmlakı idarə etməklə evin açarı onlarda olmuş, bütün kommunal ödənişlər onlar tərəfindən ödəmiş, evin faktiki idarəçiliyi onlar tərəfindən həyata keçirilmişdir. Tərəflərin izahatlarından o da müəyyən edilmişdir cavabdeh X15 hətta bir neçə müddət üçün miras əmlakı başqa şəxsin əvəzis istifadəsində vermişdir. İş materiallarına əlavə edilməsi üçün cavabdehlər X15 və Cavabdeh3 daşınmaz əmlakın sığorta şəhadətnaməsini və kommunal ödənişlərin onlar tərəfindən ödənilməsinə dair qəbzləri təqdim etmişlər. Digər tərəfdən iddia ərizəsinə əlavə edilən Naxçıvan şəhər 4 saylı Mənzil-İstismar İdarəsi tərəfindən 05 yanvar 2022-ci il tarixdə Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Vəkil xx.xx.2022-ci il tarixli 2/04 nömrəli sorğusuna verilmiş 01 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 2 ünvanında yaşamış və 01 iyun 2020 - ci il tarixdə vəfat etmiş X14 vərəsələri olan İddiaçı, Cavabdeh3, Cavabdeh2 və X12 heç biri analarının vəfatından sonra ünvan 2 ünvanında yaşamamışlar. Məhkəmə bununla bağlı qeyd edir ki, mirasın faktiki qəbulu dedikdə vərəsənin məhz miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə şərtləndirilmir, həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Hazırki iddia tələbi üzrə vərəsələr-cavabdhelər X15 və Cavabdeh3 analarının vəfatından sonra mirasın qorunması üçün həyata keçirdiyi hərəkətləri məhkəmə tərəfindən həmin mirasın onlar tərəfindən qorunması, mirasa sahiblik etməklə faktiki idarə etməsi kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, miras qoyan X14 digər vərəsələri-cavabdehlər Cavabdeh1 və Cavabdeh4 miras əmlakı fomral qəbul etməmiş, həmçinin miras əmlakı faktiki olaraq onlar tərəfindən qəbul edilməsi barədə sübutlarını da məhkəməyə təqdim etməmişlər. Cavabdeh1 miras əmlakda olan mənzildə qeydiyyatda olması onun miras əmlakı qəbul etməsi hesab edilmir. Vərəsə miras əmlakı onun tərəfindən qəbul etdiyini şəksiz nümayiş etdirməlidir, Cavabdeh1 isə izahatında sadəcə vərəsə olaraq ona da pay çatmalı olduğunu bildirir. Məhkəmə cavabdehə izah edir ki, miras əmlakda miras qoyanın hər bir vərəsəsinə mirası qəbul edib-etməmələrindən asılı olmayaraq pay verilməsi ilə bağlı norma qanunvericilikdə mövcud deyildir. Əksinə məhz mirası qəbul etmiş vərəsəyə pay müəyyən edilməsi ilə bağlı normaları mülki qanunvericilik tənzimləyir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-197/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən aydın olur ki, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh3, X6 və İddiaçı qarşı yaşayış və istifadə hüququ verilməklə mənzilə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-71/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən aydın olur ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş və Naxçıvan Şəhər Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(078)-197/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 197/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Cavabdeh1 miras qoyan X9 miras qalan əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməməsi, cavabdehlər X15 və Cavabdeh3 tərəfindən isə faktiki olaraq qəbul edilməsi yuxarıda qeyd edilən qətnamədə əks edilmiş, qiymətləndirilmiş fakt və hallar olduğundan məhkəmə həmin qətnamə ilə müəyyən edilmiş halların hazırki iş üzrə məcburi xarakter daşıdığını tərəflərin diqqətinə çatdırır. Beləliklə məhkəmə miras qoyanın bütün vərəsələrinin mirasın qəbul edib-etməməsi məsələsini araşdıb, İddiaçı payının bütün miras kütləsində deyil, 1/3 hissədə (miras əmlak üç vərəsə arasında- İddiaçı, Cavabdeh3 və Cavabdeh2 arasında hər birinə 1/3 hissədə olmaqla) müəyyən olunmasını qanuni və əsaslı hesab edir. Ona görə də iddia qismən əsaslı hesab edilərək qismən təmin edilməli, Naxçıvan şəhəri, Çənlibel məhəlləsi 25/44 ünvanında yerləşən mərhum X9 miras qalan mənzildə İddiaçı payının 1/3 hissə olması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə X21 və ya AsanPay vasitəsilə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddianın təmin eidlmiş hissəsinə uyğun olaraq 50 (əlli) manat hissəsi cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tutularaq iddiaçıya qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Naxçıvan şəhəri, Çənlibel məhəlləsi 25/44 ünvanında yerləşən mərhum X9 miras qalan mənzildə İddiaçı payının 1/3 hissə olması müəyyən olunsun. İddia qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə X21 və ya AsanPay vasitəsilə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-121/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-121/2023
30.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver