Məhkəmə qərarları › İş №e-2(078)-1480/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1480/2023

21.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1480/2023 21.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 8195.2 (səkkiz min bir yüz doxsan beş manat iyirmi qəpik) manat borcun və 102 (bir yüz iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun ümumilikdə 8297.2 (səkkiz min iki yüz doxsan yeddi manat iyirmi qəpik) manat məbləğinin tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC-nin Bakı şəhəri Nərimanov rayonu Təllət Şıxəliyev küçəsində inşa etdirdiyi 20 saylı çoxmənzilli yaşayış binasında ümumi sahəsi 197 kv.m olan 4 otaqlı 98 saylı mənzilin sahibidir. İddiaçı həmin binanın idarəedicisidir və binaya xidmətlər (kommunal xidmətlər) iddiaçı tərəfindən göstərilir. Cavabdeh əvvəllər mənzilə göstərilən xidmətlərə görə xidmət haqqını ödəsə də lakin, sonradan cavabdeh ödəniş etməkdən yayınmışdır. Nəticədə cavabdehin sözügedən mənzil üzrə kommunal tariflər qış (noyabr-aprel) aylarında aylıq 256.1 (1kv.m=1.30 manat), yay (mayoktyabr) aylarında 157.6 (1kv.m=0.80 manat) manat təyin edilmişdir. Cavabdehin kommunal xidmətlər üçün 2019-cu ilin may ayından 2023-cü ilin avqust ayı daxil olmaqla cəmi 8195.2 (səkkiz min bir yüz doxsan beş manat iyirmi qəpik) manat borcu yaranmışdır. İddiaçı dəfələrlə cavabdehə borcun ödənilməsi üçün pretenziya göndərmiş, lakin bu günədək borc ödənilməmişdir. İddiaçı tələbini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.4, 135, 137.1, 137.10-cu maddələri ilə əsaslandırmışdır. İddiaçı təşkilata məhkəmə iclaslarının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq nümayəndə iştirak etməmiş, lakin xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə göndərərək cavabdehə dəfələrlə müqavilə bağlanması təklif olunsa da bundan qoyun qaçırdığı, kommunal ödənişlərin cavabdehin yaşadığı binanın idarəedicisi kimi iddiaçı tərəfindən görüldüyü və görülməkdə davam edildiyi bidirilmiş, işə təqdim edilmiş sübutlar əsasında iddiaçının iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə işə iddiaçı təşkilat "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddia tamamilə əsassız olduğundan rədd edilməlidir. İddiaçı "xxxx" MMC hansı subyektiv hüquqla bu iddianı qaldırır ona aydın deyil. Çünki nə iddia ərizəsində, nə də əlavə edilən sənədlərdə "xxxx" MMC-nin belə bir hüququnun təsdiq edən sənəd mövcud deyildir. O, 2002-ci ildə Bakı şəhəri Nərimanov rayonu Tələt Şıxəliyev küçəsi 20 saylı çoxmənzilli binanın 98 saylı mənzilinin dəyərini ödəyərək almışdır. Həmin vaxt o Rusiya Federasiyasında yaşamışdır. 2018-ci ildə Azərbaycan Respublikasına qayıdaraq mənzili təmir etdirib mənzilə köçmüşdür. İddiaçı qanunvericiliyə zidd olaraq mənzili aldığı tarixdən mənzilə köçdüyü tarixədək dövrün pulunu almışdır. Qanunvericiliyi bilmədiyindən qanunazidd ödənişləri etmişdir. Daha sonra öyrənmişdir ki, binanı inşa edən şirkətin belə bir səlahiyyəti yoxdur. Evdə yaşamadığı müddətlərdə onu aldadıb kommunal xərclər adı altında külli miqdarda vəsaitini ələ keçiriblər. Dəfələrlə ödədiyi pulları geri ödənilməsini tələb etsə də, həmin vəsaitlər geri qaytarılmamışdır. "xxxx" MMC-nin kimi təsis edib, hansı VÖENlə qeydiyyatdan keçib, hansı hüquqlara malikdir ona məlum deyil. Sədrlik edənin suallarına cavab olaraq cavabdeh bildirmişdir ki, 2004-2019-cu illər ərzində orada yaşamadığı halda pul ödəmişdir. 2019-cu ildən sonra orada yaşasa da ödəniş etməmişdir. Hazırda həmin mənzildə yaşayır. Gəlib-getmək onun üçün çətindir, bundan sonrakı məhkəmə iclaslarında iştirak edə bilməyəcək. Dəfələrlə kommunal xərcləri tələb etsələr də ödəməmişdir. Onunla müqavilə bağlamaq təklif olunmuş lakin o qəbul etməmişdir. Liftdən nadir hallarda istifadə edir. Ondan tək lift üçün pul almırlar, hər şey üçün pul alırlar. Evi 4 otaqlıdır. Cavabdeh məhkəmə hazırlıq iclasında iddiaya dair etirazını təqdim etmişdir. Cavabdeh etirazında izahatında qeyd etdiyi xüsusatları bildirməklə yanaşı göstərmişdir ki, binanı inşa edən "xxxx" MMC Azərbaycan Respublikası Mənzil Məcəlləsinin çoxmənzilli binada sahə mülkiyyətçilərinin ümumi əmlakı və həmin mülkiyyətçilərin ümumi yığıncağının keçirilməsi, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması, cəmiyyətə üzvlüyün məcburi deyil, könüllülük prinsipi əsasında həyata keçirilməsi barədə müddəalarının tələblərini pozmuşdur. Binanı inşa edən bilinməyən bu şəxslər binanın saxlanılması adı altında binanın mülkiyyətçiləri hesabına daimi gəlirlərlə zənginləşmək istəyirlər. O "xxxx" MMC-nin üzvü deyil, onunla müqavilə bağlamamışdır. Üzərinə öhdəlik götürməmişdir. Məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilmiş, lakin iştirak etməmişdir. Həmçinin məhkəmə baxışı iclasında cavabdehin vəkili və nümayəndəsi qismində Vəkil işə qoşulmuş, elektron kabinet vasitəsilə ərizə, etiraz və müraciət göndərmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil etirazında cavabdehin bildirdiyi hallardan əlavə olaraq qeyd etmişdir ki, cavabdeh istifadə etdiyi işıq, su və qaza quraşdırılmış sayğaclara görə bütün ödənişlərini həyata keçirməkdədir. Cavabdeh binada quraşdırılmış ümumi istilik sisteminə qoşulmamışdır. Mənzilin isidilməsi şəxsi vəsaiti hesabına quraşdırdığı kombi sistemi vasitəsilə təmin edilməkdədir. "xxxx" MMC-nin təsis edilməsi, qeydiyyatdan keçməsi ilə bağlı sənədlər mövcud deyil. Bakı şəhərində iddia edilən məbləğdə heç bir binada kommunal xərclər yığılmır. İddiaçı Mənzil Məcəlləsinin 125.2.8, 127.1, 130.3.2, 130.3.3, 142.13-cü maddələrindən xəbərsizdir, yığılan pul kütləsini şəxsi vəsaiti hesab edir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil eyni zamanda elektron kabinet vasitəsilə ərizə göndərərək həmin vaxt başqa məhkəmə işində iştirak edəcəyindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə baxışı iclası iki dəfə təxirə salınmış, sonuncu dəfə cavabdehin vəkili və nümayəndəsi, elektron kabinet vasitəsilə etiraz, qərar və ərizə göndərmişdir. Cavabdehin vəkili və nümayəndəsi etirazında həmin binada olan digər mülkiyyətçi ilə yaranmış oxşar mübahisəyə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarını əlavə etmiş, yenidən başqa məhkəmə iclasında olan iştirakı nəzərə alınmaqla iclasın təxirə salınması xahiş olunmuşdur. Mülki prosessual qanunvericilikdə məhkəmə baxışı iclasının 3 dəfədən artıq təxirə salınmasının yolverilməzliyi, eləcə də cavabdehin şəxsən məhkəmə iclasında bir dəfə iştirak etməsi, etirazı yazılı təqdim etməsi, cavabdehin nümayəndəsi və vəkilinin iki dəfə yazılı etiraz göndərməsi nəzərə alınaraq sonuncu məhkəmə iclasının Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı olmadan keçirilməsi qərara alınmışdır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddia ərizəsini, iddia ərizəsinə etirazda qeyd edilənləri, məhkəmə hazırlıq iclasında cavabdehin izahatını mülki işin materiallarında olan sənədlərlə əlaqəli şəkildə təhlil edib hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. İş materiallarında olan: Elektron məhkəmə informasiya sistemində Cavabdeh aid şəxsi məlumatlarda mülkiyyətində olan daşınmaz əmlaklardan birinin ünvan 1 ünvanında yerləşən 167.50 kv.m ümumi sahəsi olan 4 otaqlı mənzil ********* qeydiyyat **********59- 05301-093048 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri Tələt Şıxəliyev ünvanında yerləşən çoxmənzilli 20 saylı binanın sahə mülkiyyətçilərinin qiyabi səsvermə formasında keçirilən ümumi yığıncağının 31 yanvar 2017-ci il tarixli protokolundan aydın olur ki, həmin çoxmənzilli bina idarəedici təşkilat tərəfindən idarə edilməsi, "xxxx" MMC-nin binanın idarəedici təşkilatı seçilməsi barədə səsvermə nəticəsində qərar qəbul edilmişdir. "xxxx" MMC tərəfindən verilən 25 sentyabr 2023-cü il tarixli arayışdan aydın olur ki, Nərimanov rayonu, T.Şıxəliyev 20, ünvanında ümumi sahəsi 197 kv.m olan 98 saylı 4 otaqlı mənzilin kommunal xidmətlər üzrə hesablanmış borcu 2019-cu ilin may ayından 2023-cü ilin avqust ayı daxil olmaqla 8195.2 (səkkiz min bir yüz doxsan beş manat iyirmi qəpik) təşkil edir. 08 sentyabr 2023-cü il tarixli xəbərdarlıq məktubu ilə Cavabdeh ümumi borc məbləği barədə pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Həmin Məcəllənin 43.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır (Mənzil Məcəlləsinin 1.1-ci maddəsi). Mənzil Məcəlləsinin 2.1-ci maddəsində mənzil hüquqlarının əsasları müəyyən edilmişdir. Həmin maddəyə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən, yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 17.2-ci maddəsinə görə, Azərbaycan Respublikasında mənzil fondunu mülkiyyət formasına görə özəl, dövlət və bələdiyyə mənzil fondu təşkil edir. Yaşayış fondunun saxlanması və ondan istifadə edilməsi mənzil hüququnun tərkib hissəsidir. Mənzil Məcəlləsinin 6-cı maddəsi müəyyən edir ki, çoxmənzilli binaların idarə edilməsi (maddə 6.0.8.); mənzil-tikinti kooperativlərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələri (maddə 6.0.9.); kommunal xidmətlərin göstərilməsi (maddə 6.0.10.); yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi (maddə 6.0.11.) və digər münasibətlər mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdir. Mənzil Məcəlləsinin 10.0.2-ci maddəsi ilə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək dövlətin vəzifələrinə aid edilmişdir. Mənzil Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Digər tərəfdən, özəl fonda aid çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmət şərtlərinin keyfiyyətcə yaxşılaşdırılmasında və xidmət xərclərinin müəyyən edilməsində azaddırlar. Beləliklə, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Öz növbəsində həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur: -binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; -mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; -idarəedici təşkilat tərəfindən idarə edilməsi. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Mənzil Məcəlləsinin 138.4-cü maddəsində göstərilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin Mənzil Məcəlləsinin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Bakı şəhəri Tələt Şıxəliyev ünvanında yerləşən çoxmənzilli 20 saylı binanın sahə mülkiyyətçilərinin qiyabi səsvermə formasında keçirilən ümumi yığıncağının 31 yanvar 2017-ci il tarixli protokolu ilə müəyyən edilir ki, həmin çoxmənzilli bina idarəedici təşkil tərəfindən idarə edilməsi, "xxxx" MMC-nin binanın idarəedici təşkilatı seçilməsi barədə səsvermə nəticəsində qərar qəbul edilmişdir. İddiaçı ərizəsində cavabdehlə kommunal xidmət müqaviləsi bağlamağı bir neçə dəfə təklif etdiyini bildirmiş, cavabdeh izahatında onunla müqavilə bağlanması təklif olunsa da müqavilə bağlamaqdan imtina etdiyini qeyd etmişdir. Mənzil qanunvericiliyinin yuxarıda qeyd edilən normalarından da göründüyü kimi "xxxx" MMC-nin mübahisəli mənzilin yerləşdiyi çoxmənzilli binanın idarəedicisi kimi həmin kommunal xərci cavabdehdən tələb etmək və cavabdeh ödəməkdən imtina etdikdə iddia qaldırmaq səlahiyyəti mövcud olmuşdur və ona bu səlahiyyət sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı əsasında verilmişdir. Cavabdeh və onun müdafiəçisi etirazda iddiaçının iddia qaldırmaq üçün səlahiyyəti olmamasına dair bildirdikləri arqumentlər ümumi yığıncağın protokolu ilə təkzib edilir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının təşkilati-hüquqi forması ilə bağlı etirazda bildirilən hallar hazırki iddianın predmeti deyildir və hər hansı hüquqi qiymət verilə bilməz. Digər tərəfdən tərəflər arasında müqavilənin bağlanmaması cavabdehi kommunal xidmət haqlarını ödəməkdən azad etmir və bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il tarixli Plenum Qərarında birbaşa olaraq göstərilmişdir. İşin hallarından və cavabdehin izahatından görünür ki, 2019-cu ilin may ayına qədər cavabdeh kommunal ödənişləri aparmış, həmin vaxtdan sonra icra etməmişdir. Kommunal ödənişlərin düzgün hesablanmaması və real qiymətləri əks etdirməməsinə münasibətdə isə cavabdeh nə ayrıca, nə də hazırki işin məhkəmə gedişində müvafiq qarşılıqlı iddia ilə müraciət etməmişdir. Nəticə: Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh 8195.2 (səkkiz min bir yüz doxsan beş manat iyirmi qəpik) manat borcun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə iddiası əsaslıdır və təmin edilməlidir. Məhkəmə məsrəfinə münasibətdə məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən iddiaçı təşkilat tərəfindən iddia qaldırılan zaman ödənilən 102 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçı təşkilata qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 8195.2 (səkkiz min bir yüz doxsan beş manat iyirmi qəpik) manat borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia ərizəsi verilərkən iddiaçı təşkilat tərəfindən ödənilən 102 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar