Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1561/2025 23.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı digər valideynin razılığı olmadan yetkinlik yaşına çatmayan uşağın ölkə getməsi üçün icazə verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşma çatmayan uşağı 23 may 2017-ci il təvəllüdlü X2 digər valideynin razılığı olmadan ölkədən getməsinə icazə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında 28 dekabr 2016-cı il tarixdə Naxçıvan şəhər Nikah Evində nikah bağlanmış və bu barədə 507 nömrəli akt qeydi icra edilmişdir. Tərəflərin birgə nikahlarından 23 may 2017-ci il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X5 ilə xx.xx.2016-cı il tarixdə Naxçıvan şəhər Nikah evində nikahımızı rəsmiləşdirmişik. Birgə nikahdan 1 övladımız xx.xx.2017-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Cavabdehlə uzun müddətdir ki ayrı -ayrı ünvanlarda yaşayırıq. Qızımda mənimlə birlikdə valideylərimin yanında yaşayır. Cavabdehlə uşağın mənimlə sərbəst şəkildə ölkə hüdudlarına çıxarılması barədə razılığa gəlmişdik. Bununla bağlı notarial qaydada 20 sentyabr 2025-ci il tarixdə ərizə də vermişdi. Lakin biz Sədərək gömrük postunda ölkə hüduduna çıxmaq üçün qeydiyyatdan keçərkən aydın oldu ki cavabdeh verdiyi ərizəni ləğv edib və mənə zəng edərək qəsdən belə etdiyini bildirdi. Mübahisənin məhkəmədənkənar həlli məqsədilə Mediasiya Təşkilatına müraciət etsəmdə cavabdeh mediasiya prosesində iştirak etmədiyindən Mediasiya Təşkilatı tərəfindən arayış verilərək məhkəməyə müraciət etməli olduğum bildirildi. Mən övladımın mənimlə birlikdə hərəkət sərbəstliyinin təmin olunmasının məhkəmə yolu ilə həll olunmasını istəyir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək tələbə uyğun izahat vermiş, özünün işsiz olduğunu ailəsi ilə birlikdə yaşadığını, ailəsi ilə birlikdə getmək istədiyini, cavabdehin Gürcüstanda olduğunu, orada işlədiyini, orada yaşadığını, aliment ödəmədiyini, bu ay 50 manat və 100 manat ödədiyini, nikahın pozulması ilə bağlı müraciət edəcəyini, ilkin olaraq iddianın verildiyini lakin cavabdeh ilə barışdıqlarını bildirərək və Cavabdeh razılığı olmadan qızı 23 may 2017-ci il təvəllüdlü X2 özü ilə ölkə hüdudlarından kənara çıxarılmasına icazə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir.. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan 28 dekabr 2016-cı il tarixli AZ-İİ seriyalı 067169 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə Cavabdeh arasında 28 dekabr 2016-cı il tarixdə Naxçıvan şəhər nikah evində nikahları bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 507 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan AZ-İİİ seriyalı 966585 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X3 23 may 2017-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. X1 xx.xx.2025-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışa, əsasən, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Beləliklə, hazırkı iddia tələbi yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşının ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsindən ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsi təşkil edir. Həmin maddəyə görə, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. "Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021 -ci il tarixli Qərarının 4.1 -ci bəndinə görə bu kateqoriya işlər üzrə iddiaçılar bir çox hallarda iddia tələblərini qanunvericiliyin tələblərinə zidd olaraq, yetkinlik yaşına çatmayan vətəndaşın (uşağın) digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına-gətirilməsinə, getməsinə- gəlməsinə hüququn tanınması və s. bu kimi məzmunda ifadə edirlər. Halbuki, Azərbaycan Respublikası vətəndaşlarının öz ölkəsinə qayıtmaq hüququ Konstitusiyanın 28-ci maddəsinin İV hissəsində nəzərdə tutulmuş konstitusion hüquq olmaqla, hər hansı formada məhdudlaşdırıla bilmədiyindən, ölkəyə gətirilməsinə icazənin verilməsi ilə bağlı tələblərə məhkəmə qaydasında baxıla bilməz. Digər tərəfdən, tələbin hüququn tanınması şəklində ifadə edilməsi də, bir valideynin digər valideynə münasibətdə üstünlüyü baxımından doğru hesab edilə bilməz. Belə ki, ailə qanunvericiliyinin tələblərinə görə, uşağın yanında qalması müəyyən edilmiş valideyn digər valideynə münasibətdə hər hansı üstün hüquqlar əldə etmir, əksinə Ailə Məcəlləsinin 61-ci maddəsində təsbit edilmişdir ki, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Qərarən 4.2-ci bəndinə görə qeyd edilənlərdən belə nəticə hasil olur ki, Miqrasiya Məcəlləsinin 9.1-ci, 9.2-ci, 11.1 -ci və 11.2-ci maddələrinə əsasən, bu kateqoriya işlər üzrə tələb "yetkinlik yaşına çatmayan vətəndaşın (uşağın) digər valideynin razılığı olmadan ölkədən getməsinə icazənin verilməsi” məzmununda qoyulmalıdır. Bu baxımdan məhkəmələrə izah edilir ki, iddia tələbinin məzmunu bu şəkildə qoyulmadıqda, məhkəmələr MPM-in 14 və 53-cü maddələrinə əsasən iddiaçıya tələbin dəqiləşdirilməsini təklif edə bilər, təklifin qəbul edilibedilməməsindən asılı olmayaraq, qətnamənin nəticə hissəsi tələbin məzmunu ilə bağlı qanunvericiliyin göstərişlərinə uyğun olmalıdır. "Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 13 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr tərəfindən uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələrə baxılarkən, uşağın təhsil, peşə hazırlığı, tibbi xidmət, sağlamlığının bərpası, əmək fəaliyyətinə hazırlıq sahəsində xidmətlərdən səmərəli istifadə etməsini və istirahət vasitələrindən bəhrələnməsini təmin etmək məqsədi ilə bütövlükdə uşağın sosial həyata mümkün qədər daha yaxşı cəlb edilməsi, uşağın mədəni və mənəvi inkişafı da daxil olmaqla, şəxsiyyətinin formalaşması naminə hər bir halda üstün mənafeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1 -ci maddəsinə əsasən, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər ( onları əvəz edən şəxslər) bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1 -ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 60.1-ci maddəsinə, əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə, əsasən, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən, uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Vətəndaşın ölkədən getmək hüququ yalnız bu Məcəllənin 9.3-cü maddəsində qeyd olunan müstəsna hallarda müvəqqəti məhdudlaşdırıla bilər. Həmçinin BMT-nin 20 noyabr 1989-cu il tarixli Uşaq hüquqları haqqında Konvensiyasının 3-cü maddəsində qeyd olunur ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Uşaq hüquqları haqqında Konvensiyasının 10-cu maddəsinə əsasən, iştirakçı dövlətlərin 9-cu maddənin 1-ci bəndi üzrə öhdəliyinə uyğun olaraq uşağın və ya onun valideynlərinin ailənin birləşməsi məqsədilə iştirakçı dövlətə gəlmək və ya oradan getmək barədə ərizələrinə iştirakçı dövlətlər tərəfindən müsbət, humanist və operativ baxılmalıdır. İştirakçı dövlətlər daha sonra təmin edirlər ki, bu cür xahişin verilməsi ərizəçilər və onların ailə üzvləri üçün xoşagəlməz nəticələrə gətirib çıxarmasın. Valideynləri müxtəlif dövlətlərdə yaşayan uşağın, xüsusi hallar istisna olmaqla, hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququ vardır. Bu məqsədlə və iştirakçı dövlətlərin 9-cu maddənin 2-ci bəndi üzrə öhdəliyinə uyğun olaraq iştirakçı dövlətlər uşağın və onun valideynlərinin istənilən ölkəni, o cümlədən, öz ölkəsini tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna hörmət bəsləyirlər. İstənilən ölkəni tərk etmək hüququ barəsində yalnız elə məhdudiyyətlər qüvvədədir ki, onlar qanunla müəyyən edilmişdir və dövlət təhlükəsizliyinin, ictimai qaydanın (ordre public), əhalinin sağlamlığının və ya mənəviyyatının və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün zəruridir və bu Konvensiyada tanınan başqa hüquqlarla bir araya sığır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Pençevi Bolqarıstana qarşı" qərarında qeyd olunur ki, uşağın və valideynin birgə vaxt keçirməkdən müsbət təəssüratlar alması ailə həyatının əsas elementini təşkil edir və Konvensiyanın 8-ci maddəsi ilə qorunur. Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən, birgə vaxt keçirməkdən müsbət təəssüratlar almağa daxili tədbirlərlə mane olmaqla ailə həyatına hörmət hüququna müdaxiləni təşkil etdir. Hər hansı müdaxilə "qanunla nəzərdə tutulmuş qaydada” olmasa, bu konvensiyanın 8-ci maddəsinin pozuntusunu təşkil edəcək. Belə ki, Məhkəmə müəyyən edir ki, ana və uşağından ibarət ərizəçilər üçün, birgə yaşamağa davam etmək imkanı Konvensiyanın 8-ci maddəsi baxımında onların ailə həyatı çərçivəsində fundamental (təməl) məsələdir. İşdə olan materiallardan müəyyən olunur ki, 23 may 2017-ci il təvəllüdlü X3 Azərbaycan Respublikasının vətəndaşıdır və onun ölkədən getmək hüquqları əsassız məhdudlaşdırıla bilməz. İşdə olan materiallardan və qanunvericiliyinin yuxarıda sadalanan normaları baxımından məhkəmə hesab edir ki, bu cür mübahisələr ilk növbədə uşağın hüquq və mənafelərinə uyğun həll edilməli, azyaşlı uşaq valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Uşağın normal inkişafının, sağlam böyüməsinin, mənəvi və digər ehtiyaclarının təmin olunması məqsədi ilə onun atasının (hazırkı iş üzrə cavabdehin) yazılı razılığı olmadan, anası ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara maneəsiz hərəkət etməsinə şərait yaradılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda sadalanan tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh razılığı olmadan 23 may 2017-ci il təvəllüdlü X3 anası İddiaçı ilə birlikdə Azərbaycan Respublikası ərazisinin hüdudlarını tərk etmək etməsinə razılıq verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1 -ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı tərəfindən X6 vasitəsilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Nəticə: Məhkəmə göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət е t d i : İddia təmin edilsin. Cavabdeh razılığı olmadan 23 may 2017-ci il təvəllüdlü X3 anası İddiaçı ilə birlikdə ölkədən getməsinə icazə verilsin. İddiaçı tərəfindən X6 vasitəsilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-1561/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1561/2025
23.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver