Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-538/2024 21.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X10 qarşı notariat hərəkətlərinin aparılmasından imtinanın qanunsuz hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin icra edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan ASAN xidmət mərkəzində notariat ofisinin vərəsə Hüseynova (İsmayılova) Gültəkin Vəli qızına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi və Naxçıvan ASAN xidmət mərkəzində notariat ofisinə Hüseynova (İsmayılova) Gültəkin Vəli qızına 1/2 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin icra edilməsi vəzifəsi qoyulması., həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun Naxçıvan ASAN xidmət mərkəzində notariat ofisindən Hüseynova (İsmayılova) Gültəkin Vəli qızının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək məhkəmə baxışı iclasında verdiyi izahatında göstərmişdir ki, anası X8 xx.xx.2015-ci il tarixdə vəfat etmiş və ondan fərdi yaşayış evi olan, ünvan 1 ünvanında 0,0403 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı, 50.42 kv.m yaşayış, 25.14 kv.m qeyri-yaşayış, 79.08 kv.m köməkçi sahədən ibarət daşınmaz əmlak miras qalmışdır. X3 qanun üzrə birinci növbədən 3 vərəsəsi olmuşdur: X7-həyat yoldaşı xx.xx.1990-cı ildə vəfat edib, X2, Hüseynova (İsmayılova) Gültəkin Vəli qızı. O, xx.xx.2023-cü il tarixdə Naxçıvan ASAN xidmət mərkəzinin xüsusi notariusu X10 ərizə ilə müraciət edərək anası X3 ölümündən sonra miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin notarius Mülki Məcəllənin hazırda Konstitusiya Məhkəməsinin müvafiq qərarı ilə qüvvədən düşmüş 1246-cı maddəsinə istinad edərək şəhadətnamə verməkdən imtina etmişdir. Bundan cəmi bir ay sonra, yəni 26 dekabr 2023-cü il tarixdə Konstitusiya Məhkəməsi qərar qəbul edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir. O, bu qərardan sonra da Naxçıvan ASAN xidmət mərkəzinin xüsusi notariusu X10 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə əlaqədar müraciət etsə də, notarius şifahi imtina verməklə kifayətlənərək ona artıq cavab verdiklərini, iddiaçının tələbinə baxmayaraq ona əsaslandırılmış imtina qərarı verməyəcəklərini bildirmişdir. Hesab edir ki, Naxçıvan ASAN xidmət mərkəzinin xüsusi notariusu X9 ona verdiyi yuxarıda göstərilən imtina qanunsuzdur və onun hüquqlarını kobud şəkildə pozur. İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçının vəkili və nümayəndəsi Vəkil rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı vəkili və nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirmiş və bunu nəzərə alan məhkəmə işə iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh X10 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin o, müxtəlif vaxtlarda məhkəməyə ərizə göndərərək iş yükü ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılaraq qanuni qətnamə qəbul xahiş etmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdeh X9 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin ərizəsini, həmin izahatları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Mülki işin məhkəmə araşdırması zamanı iddiaçı tərəfin məhkəməyə sübut qismində təqdim etdiyi iş materiallarına əlavə olunmuş: xx.xx.1989-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X4 xx.xx.1989-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur, atası X7, anası X5r. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı 497470 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X8 xx.xx.2015-ci ildə beyinə qansizma diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə 390 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1991-ci il tarixdə verilmiş İV-JQ seriyalı 257473 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X7 xx.xx.1990-cı ildə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə 390 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3043 nömrəli arayışdan aydın olur ki, ünvan 2 ünvanında yaşamış mərhum X3 müəyyən edilən vərəsələri aşağıdaklardır:
1. X7 -həyat yoldaşı-vəfat edib;
2. X2-qızı-1987;
3. X4-qızı-1989. İddiaçı xx.xx.2023-cü il tarixli məktubla Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət edərək xx.xx.2015-ci ildə vəfat etmiş anası X3 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli məktubuna xx.xx.2023-cü il tarixdə verilmiş 877/2023 nömrəli cavab məktubundan məlum olur ki, məktubda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə istinad edilərək iddiaçıya aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Göstərilən hallara məhkəmə ümumi qiymət verərək belə nəticəyə gəir ki, İddiaçı iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətinin əmələ gəlməsini (mirasın açılmasını) mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır, bunun nəticəsində müəyyən dairə şəxslər vərəsəliyə çağırılır, həmin şəxslər mirası qəbul və əldə edirlər. Məhz mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə edilməsi ilə əlaqədar yaranan münasibətlər vərəsəlik münasibətləridir. Mirasın açılması (vərəsəlik hüquq münasibətinin yaranması) iki məsələ - mirasın açıldığı vaxt və mirasın açıldığı yerlə bağlıdır. Mirasın açıldığı vaxt vərəsələrin dairəsinin, vərəsələrin fəaliyyət qabiliyyətinin, miras əmlakın tərkibinin (həcminin), məcburi payın müəyyənləşdirilməsi, iddia müddətinin axımının keçməsi və bu kimi bir çox məsələlərin həlli üçün zəruridir. Bundan əlavə, mirası qəbul etmək və ondan imtina etmək üçün nəzərdə tutulan müddət mirasın açıldığı vaxtdan asılı olaraq müəyyən edilir. Həmçinin miras açıldığı vaxtdan qəbul edilmiş miras vərəsəyə məxsus hesab olunur, yəni vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsələrə vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin müəyyənləşdirilməsi də mirasın açıldığı vaxta bağlıdır (Mülki Məcəllənin 1322-ci maddəsi). Mülki Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1159.1-ci maddəsində isə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrin dairəsi müəyyən edilmişdir. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı). "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. “Notariat haqqında” Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-535/2024 nömrəli 06 aprel 2024-cü il tarixli qərardadından məlum olmuşdur ki, ərizəçi X1 miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair xüsusi icraat qaydasında ərizəsi maraqlı şəxs İddiaçı etirazı əsasında baxılmamış saxlanılmış və ərizəçiyə iddia icraatı qaydasında iddia vermək hüququ izah edilmişdir. Yuxarıda qeyd edilən məhkəmə aktından da göründüyü kimi miras əmlakda mübahisənin olması halı işin mübahisəsiz halıdır, notariat orqanının mütləq qaydada şəhadətnamə verilməsi mübahisənin olmadığı təqdirdə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbul edildiyi müddət başlıqlı 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246-ci maddəsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarı ilə mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. İddiaçının notariat orqanına yazılı müraciəti 28 noyabr 2023-cü il tarixdə olmuşdur və həmin vaxt notariat orqanı qüvvədə olan mülki qanunvericiliyin 1246-cı maddəsinə istinad edərək mirasın qəbulu müddətinin keçdiyini əsas gətirib şəxsə məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. Bundan sonrakı tarixlərdə isə İddiaçı notariat ofisinə yazılı müraciəti olmamışdır. Bununla bağlı cavabdeh Asan Xidmət Mərkəzində Notariat Ofisinə sorğu verilmiş, alınmış cavabda iddiaçının yalnız xx.xx.2023-cü il tarixli yazılı müraciətinin olması müəyyən edilmişdir. Yəni iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinin qüvvədən düşməsini əsas gətirərək imtinanın qanunsuz olduğunu bildirsə də sözügedən Plenum Qərarı qüvvəyə mindikdən sonra yenidən notariat ofisinə yazılı müraciət edib imtina qərarı almamışdır. Belə olan halda normanın qüvvədə olduğu zaman həmin normaya istinad edilərək verilmiş imtina norma qüvvədən düşdükdən sonra qanunsuz sayıla bilməz. Çünki həmin imtina məhz qüvvədə olan qanun normasına uyğun verilmişdir. Buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə məhkəmə məsrəfləri ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia rədd edildiyindən ödənilən dövlət rüsumu iddiaçıya şamil edilməlidir. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddiaçı cavabdeh X10 qarşı notariat hərəkətlərinin aparılmasından imtinanın qanunsuz hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin icra edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva