Məhkəmə qərarları › İş №e-2(078)-539/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-539/2023

16.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-539/2023 16.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyri-əmlak hüquqlarının pozulması ilə əlaqədar olaraq maddi və mənəvi zərərin əvəzi olaraq Cavabdeh 700000 (yeddi yüz min) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etmişdir ki, həmin ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə müvafiq olaraq qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati məhkəmə icraatı qaydasında həmçinin, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 10 aprel 2015-ci il tarixli qərarının 5-ci bəndinin 1-ci hissəsinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunmalıdır ki, həmin Məcəllənin 153.2.1-ci maddəsində “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” ifadəsi işə yalnız məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 153.2.1-ci maddəsinin təsir dairəsinə düşür. İddiaçı məhkəməyə elektron qaydada göndərdiyi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin icraata qəbul edilməsindən imtina edilməli, tələbin inzibati tələb olduğu xatırladılmaqla müvafiq qaydada inzibati inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırır ki, iddiaçı ona vurulan maddi və mənəvi zərəri cavabdehin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olduğu vaxt onun Naxçıvan Şəhər Məhkəməsinin sədri vəzifəsindən azad edilməsi barədə 16 sentyabr 1996-cı il tarixli sərəncamının qəbul edilməsinin nəticəsi kimi əsaslandırır. Lakin öz tələbinin əsası kimi istinad etdiyi maddi hüquq normalarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquq pozuntularından əmələ gələn öhdəlik olması ilə əsaslandırmışdır. Halbuki iddiaçı sözügedən sərəncamın qanunsuz qəbul edilməsini bildirdiyi halda həmin sərəncamın nəticəsi olaraq ona maddi və mənəvi zərər vurulduğunu göstərməsi mahiyyət etibarilə inzibati icraat çərçivəsində baxılmalı olan tələbdir və bu cür tələb iddianın mülki məhkəmə icraatında baxılmasının yolverilməz olmasına dəlalət edir. Eyni zamanda iddiaçı məhkəmənin ddianın əsli olmayan tərəfə qarşı verildiyi qənaətinə gələrsə (başqa sözlə Cavabdeh müdafiə edərsə) Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən əsli olmayan tərəfin əsli olan tərəflə əvəz edilməsi barədə qərardad qəbul etməli olduğunu bildirmişdir. Məhkəmə bununla bağlı iddiaçıya xatırladır ki, iddia buna cavab verməli olan şəxsə qarşı verilməlidir. Əgər iddia əsli olmayan tərəfə qarşı verilərsə məhkəmə cavabdehi əsl cavabdehlə əvəz etməsini iddiaçının yazılı razılığı ilə həyata keçirir, razılıq olmadığı halda işə irəli sürülmüş tələblər üzrə baxır və müvafiq qərar qəbul edir. İddia ərizəsindən də aydın olur ki, iddiaçı onun iddiasına cavab verməli olan əsl cavabdehin fərqindədir, belə ki, iddia ərizəsində iddiaçı Mülki Məcəllənin 1100-cü maddəsini məhz bu səbəbdən qeyd etmişdir. Lakin buna baxmayaraq bu əvəzlənməni məhkəmənin vəzifəsi kimi görür və ya əvəzləndiyi halda məhkəmənin cavabdeh şəxsi müdafiə etməsi ilə əlaqələndirir. Halbuki hazırki tələb ümumiyyətlə mülki qanunvericilikdə nəzərdə tutulan mülki hüquq münasibətləri çərçivəsində yaranmış tələb hesab edilmir, bu tələb mülki hüquq münasibətlərindən yaranmayan tələb üzrə inzibati akt hüquqi qüvvəsi daşıyan hakimiyyət səlahiyyəti funksiyası daşıyan fiziki şəxsin müvafiq inzibati orqanın adından qəbul etdiyi sərəncamın nəticəsində maddi və mənəvi zərərin əvəzinin ödənilməsi olduğundan cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə məhkəmənin vəzifəsindən də söhbət gedə bilməz. Bir halda ki, hazırki iddia ərizəsinin məhz cavabdeh fiziki şəxsin hakimiyyət səlahiyyətli şəxs funksiyası daşıdığı dövrdə təmsil etdiyi orqanın adından müvafiq sərəncam vermək səlahiyyətinin olduğu nəzərə alınmalıdır və bu sərəncamın nəticə kimi tələb edilən maddi və mənəvi zərər fərdiləşdirilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki tələb üzrə mülki məhkəmə cavabdehi əsl cavabdehlə iddiaçının razılığı əsasında əvəzlədiyi halda inzibati icraat qaydasında işə baxan məhkəməyə aidiyyəti üzrə iş göndərmək səlahiyyəti mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinin məzmununa görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Buna görə də İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə X1 ********** nömrəli qəbzlə ödənilmiş 390 (üç yüz doxsan) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ərizəsi yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilməkdən imtina edilsin. İddiaçı inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ilə müvafiq inzibati məhkəməyə müraciət etmə hüququ izah olunsun. İddiaçı tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsi və ona əlavə edilən sənədlər iddiaçıya qaytaılsın. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə X1 ********** nömrəli qəbzlə ödənilmiş 390 (üç yüz doxsan) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Hakim:Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar