Məhkəmə qərarları › İş №e-2(078)-694/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-694/2023

19.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-694/2023 19.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı əsassız varlanma tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 648.74 manat, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və borca illik 5%-lə hesablanmış 89,20 manat əldən çıxamış faydanın Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Texniki problem səbəbindən xx.xx.2019-cu il tarixində kart hesabına edilmiş mədaxil dublikat təşkil etmişdir. Cavabdeh həmin kart hesabından borcluya məxsus kart hesabının № ******************** 22.6.2020-ci il tarixində “onlayn” ödəniş əməliyyatları aparmış, məbləğin bir qismini ATM-dən məxaric etmiş, həmçinin kart hesabından digər kart hesablarına köçürmələr etmişdir. Nəticədə Cavabdeh Banka cəmi 648.74 (altı yüz qırx səkkiz manat 74 qəpik) manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından =məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı təşkilat sonda qanunvericilin müvafiq normalarına istinad edərək qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı təşkilata rəsmi qaydada məlumat verilməsinə baxmayaraq təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə elekteron poçt vasitəsilə elektron ərizə göndərərək iddianı müdafiə etdiyini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizədə əlavə olaraq qeyd edilmişdir ki, mülki işi məhkəmə baxışı zamanı Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmişdir. Lakin cavabdehin verdiyi ərizə əsassızdır, iddia müddəti ötürülməmişdir. Belə ki, cavabdehlə 2019-cu il tarixdə müqavilə bağlansa da cavabdeh mütəmadi olaraq kartdan istifadə etmiş, xx.xx.2020-ci il tarixdə 56.19 və 597.60 manat köçürmələr etmişdir. Sonradan həmin gün karta 10 manat, xx.xx.2020-ci il tarixdə isə 5 manat mədaxil edilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh yenidən 5.88 manat məxaric etmişdir. Bank məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmiş və iddia müddətini ötürməmişdir. Cavadbeh özü ərizəsində etiraf edir ki, karta artıq mədaxil edilib, ancaq iddia müddəti ötürülüb. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı dindirilən Cavabdeh iddianı qəbul etməyərək məhkəməyə verdiyi izahatında həqiqətən də İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisi olduğunu, iddia ərizəsində qeyd edildiyinə görə xx.xx.2019-cu il tarixdə Bank tərəfindən texniki səhvlik nəticəsində onun istifadə etdiyi plastik karta pul köçürülmüşdür. Lakin həmin əməliyyatın üzərindən 4 il müddət keçib və buna görə də o, tələbi əsassız hesab edir.Bank ona bu barədə heç bir məlumat verməmişdir. Gündəlik əməliyyat apardığından Bank tərəfindən kartına əlavə pul daxil edilməsindən məlumatı olmamışdır. Cavabdeh sonda qeyd olunanların nəzərə alınaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçı təşkilatın ərizəsini, iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsiəsaslarından biri də əsassız varlanmadır. Beləliklə,əsassız varlanma halının baş verməsi ilə varlanmış şəxsin əldə etdiklərini məhrum olana qaytarmaq vəzifəsi yaranır, məhrum olanın isə əsassız varlanma obyektini qaytarmaq hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.8-ci maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən olan “pozulmuş hüquqların bərpasının təmin edilməsi” prinsipindən qaynaqlanır. Belə ki, əsassız varlanma heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına zənginləşməni ehtiva edən hüquqazidd hərəkətdir. Əsassız varlanma nəticəsində itkilərə məruz qalmış şəxsin pozulmuş hüququnun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.8-ci maddəsinə əsasən bərpası təmin edilməlidir. - Əsassız varlanan şəxs məhrum olanın əmlakını heç bir əsas olmadan əldə etməklə, əldə etdiklərini məhrum olana onun tələbi ilə qaytarmadığı halda, sonuncunun mülkiyyət hüquqlarını pozmuş olur. Bu isə həm dövlətdaxili hüquqi aktlar, həm də beynəlxalq konvensiyalarla qadağan olunur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 20 mart 1952-ci il tarixli Əlavə Protokolun 1-ci maddəsində qeyd edilmişdir ki,“hər bir fiziki və hüquqişəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, “öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Həmçinin vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəlləsinin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə yuxarıda qeyd eidlən işin faktiki hallarını və tətbiq edilməli olan maddi hüquq normalarını əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, Cavabdeh Bank tərəfindən kartına vəsait daxil edildikdən sonra cavabdehin həmin vəsaiti istifadə etməsi iddia ərizəsinə əlavə edilən sənədlərlə təsdiqini tapır. Cavabdeh iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir. Lakin iddia ərizəsinə əlavə edilən kartdan istifadə nəticəsində mədaxil və məxariclərdən aydın olur ki, davamlı əməliyyatlar aparılmış, sonuncu əməliyyat 2020-ci ilin iyun ayında aparılmışdır. İddia ərizəsinin 25 aprel 2023-cü il tarixdə məhkəməyə daixl olmasını nəzərə aldıqdan məhkəmə cavabdehin müddətin tətbiqinə dair ərizəsinin əsassız olması nəticəsinə gəlir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı əsassız varlanma tələbinə dair iddiası əsaslı olduğundan təmin olunmalı, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 648.74 manat və borca illik 5%-lə hesablanmış 89,20 manat əldən çıxmış fayda tutulub İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı ASC tərəfindən X1 və ya AsanPay vasitəsilə xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 238, 241, 242-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin olunsun. Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 648.74 (altı yüz qırx səkkiz manat yetmiş dörd qəpik) manat və borca illik 5%-lə hesablanmış 89,20 (səksən doqquz manat iyirmi qəpik) manat əldən çıxmış fayda tutulub İddiaçı xeyrinə ödənilsin. İddiaçı ASC tərəfindən X1 və ya AsanPay vasitəsilə xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamə onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar