Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-907/2025 27.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və “X4” Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.1974-cü il təvəllüdlü (FİN xxxxxxx) Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Səttarxan küçəsi, 2-ci döngə, ev 3-də yaşayan Cavabdeh1 həmin müştərinin bank hesabına ödənilən xx.xx.2024-cü ildə 280 (iki yüz səksən) manat, xx.xx.2024-cü ildə 280 (iki yüz səksən) manat, xx.xx.2024-cü ildə 280 (iki yüz səksən) manat, xx.xx.2024-cü ildə ödənilmiş 280 (iki yüz səksən) manat, ümumilikdə 1120 (bir min yüz iyirmi) manat məbləğində pul, həmçinin ödənilmiş 31.20 (otuz bir manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Kəpəz filialından 2000 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi özü ilə bağlansa da qızının ehtiyacı olduğundan pulu ona vermişdir, pulun ödənişi qızı Günay Xəlilova tərəfindən icra edilmişdir. Kredit müqaviləsinə əsasən 60 ay müddətinə hər ay 64 manat ödənilməli olsa da, artıq ödəmə ilə kredit ödənilmiş, xx.xx.2024-cü ildə 278 manat, 05 avqust 2024-cü ildə 280 manat, xx.xx.2024-cü ildə 280 manat, xx.xx.2024-cü ildə 280 manat, xx.xx.2024-cü ildə 280 manat, xx.xx.2024-cü ildə 280 manat, xx.xx.2025-ci ildə 200 manat, xx.xx.2025-ci ildə 100 manat məbləğində ödənişlər edilmişdir, kredit müqaviləsi üzrə borcu tam ödəmək üçün banka yaxınlaşdıqda bankın əməkdaşı onlara bildirmişdir ki, kredit borcu üzrə ödənilməmiş aylar mövcuddur. Ödəniş qəbzlərinə əsasən araşdırma nəticəsində məlum olmuşdur ki, ödənilmiş 1120 manat məbləğində pul Naxçıvan sakini Cavabdeh1 Unibank ASC-yə olan kredit borcu ödənilmişdir. Qızının ailə üzvlərindən bir nəfər ödənişi həyata keçirmək üçün bank əməkdaşına yaxınlaşmış, kredit müqaviləsi üzrə CİF kodu soruşduqda səhvən ad və soyadı eyni olan, lakin ata adının sonluğu fərqli olan Cavabdeh1 CİF kodu verilmiş, bank əməkdaşının səhvinə görə 4 ay başqa şəxsin yəni xx.xx.1974-cü il təvəllüdlü Naxçıvan sakini Cavabdeh1 (FİN xxxxxxx) kredit borcu ödənilmişdir. Bankla bağlanmış müqavilələr bank sirri olmasına baxmayaraq başqa şəxsin müqavilə məlumatlarının onlara səhvən verilməsi nəticəsində ödənişlər səhv həyata keçirilmişdir. Bundan sonra Mərkəzi Banka müraciət etmiş, 19 mart 2025-ci il tarixli məktubla ona bildirilmişdir ki, həmin bank müştərisi ilə əlaqə saxlanılmış, lakin Cavabdeh1 vəsaitin qaytarılmasından imtina etmişdir. Naxçıvan sakini Cavabdeh1 tanımır. Bank tərəfindən həmin şəxsə vəsaitin səhvən ödənildiyi bildirilsə də, pulu mənimsəyərək qaytarmaqdan imtina etmişdir. Bununla bağlı Gəncə şəhər Baş Polis İdarəsi 2-ci Polis şöbəsinə müraciət etmiş, xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə müraciət etməyi tövsiyə edimişdir. Vəsaitin qaytarılması ilə bağlı bilavasitə şəxsin özü ilə əlaqə saxlamaq istəsə də bank sirri olduğundan bank əlaqə məlumatlarını ona təqdim etməkdən imtina etmişdir. Mərkəzi Bankın məktubundan da aydın olur ki, bank özü müştəri ilə əlaqə saxlamış, sonuncu həmin vəsaiti qaytarmaqdan imtina etmişdir. Həmçinin ödəmə qəbzləri təxmini ödəmə tarixi xx.xx.2024-cü ildə 280 manat (ödəmə qəbzi itib), xx.xx.2024-cü ildə 280 manat, xx.xx.2024-cü ildə 280 manat, xx.xx.2024-cü ildə 280 manat ödənildiyi açıq aydın məlumdur. Bank əməkdaşı qarşı tərəfin hesabına baxış keçirərək bu halı təsdiq etmiş, lakin yenə də bank sirri olduğundan hesabdan çıxarışı onlara təqdim etməkdən imtina etmişdir. Ödəmə qəbzlərinə nəzər yetirildikdə görünür ki, ödənişlər Gəncə şəhəri Bağbanlar küçəsi 95-də yerləşən MilliÖn ödəmə terminalı vasitəsilə edilmişdir. Qeyd olunanlardan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü (FİN xxxxxxx) Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri Səttarxan küçəsi 2-ci döngə, ev 3-də yaşayan Cavabdeh1 1120 manat məbləğində pulu əsassız olaraq əldə etmişdir. İddiaçı 05 sentyabr 2025-ci il tarixdə məhkəməyə başqa cavabdehin cəlb olunması barədə vəsatət göndərərək vəsatətdə icraatda olan Cavabdeh1 pul tutulması tələbinə dair mülki iş üzrə "xxxx" ASC tərəfindən səhv məlumat verildiyinə görə həmin bankın hesabına Cavabdeh1 borcunun özü tərəfindən ödənildiyini, ödənilən pulun "xxxx" ASC-nin hesabına ödənildiyindən cavabdeh qismində işə cəlb edilməsi zəruri olduğunu, Azərbaycan Respublikası MPM-in 51.3 maddəsinə əsasən, başqa cavabdehin işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edildiyini, göstərilənlərə əsasən "xxxx" ASC-nin cavabdeh qismində işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-907/2025 nömrəli, 17 sentyabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı vəsatətinin təmin edilməsini və İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə “X4” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh qismində mülki işə cəlb edilməsi qərara alınmışdır. İddiaçı 05 sentyabr 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə göndərərək, ərizədə xx.xx.1974-cü il təvəllüdlü (FİN xxxxxxx) Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri Səttarxan küçəsi 2-ci döngə, ev 3-də yaşayan Cavabdeh1 həmin müştərinin bank hesabına ödənilən xx.xx.2024-cü ildə 280 (iki yüz səksən) manat, xx.xx.2024-cü ildə 280 (iki yüz səksən) manat, xx.xx.2024-cü ildə 280 (iki yüz səksən) manat, xx.xx.2024-cü ildə ödənilmiş 280 (iki yüz səksən) manat, ümumilikdə 1120 (bir min yüz iyirmi) manat məbləğində pul, həmçinin ödənilmiş 31.20 (otuz bir manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və “X4” Açıq Səhmdar Cəmiyyətindən müştərək qaydada alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-907/2025 nömrəli, 17 sentyabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizəsinin təmin edilməsi və iddia tələbinə xx.xx.1974-cü il təvəllüdlü (FİN xxxxxxx) Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Səttarxan küçəsi, 2-ci döngə, ev 3-də yaşayan Cavabdeh1 həmin müştərinin bank hesabına ödənilən xx.xx.2024cü ildə 280 (iki yüz səksən) manat, xx.xx.2024-cü ildə 280 (iki yüz səksən) manat, xx.xx.2024-cü ildə 280 (iki yüz səksən) manat, xx.xx.2024-cü ildə ödənilmiş 280 (iki yüz səksən) manat, ümumilikdə 1120 (bir min yüz iyirmi) manat məbləğində pul, həmçinin ödənilmiş 31.20 (otuz bir manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və “X4” Açıq Səhmdar Cəmiyyətindən müştərək qaydada alınaraq onun xeyrinə tutulması həddində baxılması qərara alınmışdır. İddiaçı 14 noyabr 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə baxışı gedişində cavabdeh İddiaçı tərəfindən 210 manat məbləğində ödəniş olunduğundan, iddia həcmini azaldaraq cavabdehlər Cavabdeh1 və Unibank ASC-dən müştərək qaydada 910 manat və həmçinin ödənilmiş 31.20 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh “X4” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 09 oktyabr 2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin ilk dəlili ondan ibarətdir ki, İddiaçı 05 sentyabr 2025-ci il tarixdə məhkəməyə başqa cavabdehin cəlb olunması barədə vəsatət göndərərək vəsatətdə icraatda olan Cavabdeh1 pul tutulması tələbinə dair mülki iş üzrə "xxxx" ASC tərəfindən səhv məlumat verildiyinə görə həmin bankın hesabına Cavabdeh1 borcunun özü tərəfindən ödənildiyini, ödənilən pulun "xxxx" ASC-nin hesabına ödənildiyindən cavabdeh qismində işə cəlb edilməsi zəruri olduğunu, Azərbaycan Respublikası MPM-in 51.3 maddəsinə əsasən, başqa cavabdehin işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edildiyini, göstərilənlərə əsasən "xxxx" ASC-nin cavabdeh qismində işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin e-2(078)-907/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı vəsatəti təmin edilərək İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə “X4” Açıq Səhmdar Cəmiyyəti cavabdeh qismində mülki işə cəlb edilmişdir. Hazırkı iddia tələbinə cavab verməli olan şəxs Bank olmadığı üçün ona aid hissədə iddia tələbi rədd edilməlidir. Hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. İddia ərizəsinin dəlili ilə bağlı qeyd edilməlidir ki, iddiaçı özü də etiraf edir ki, bankla imzaladığı xx.xx.2024-cü il tarixli kredit müqavilələri üzrə etdiyi ödənişləri səhv rekvizitlər əsasında Bankın digər müştərisi Cavabdeh1 hesabına köçürmüşdür. Bu, iş üzrə mübahisəsiz hal kimi qəbul olunmalıdır. Bank bu işdə yalnız vasitəçi qismində çıxış etmişdir. Ödənişin başqa müştərinin hesabına yönəldilməsi ödənişi edən müştərinin (iddiaçının) öz hərəkətləri nəticəsində baş vermişdir və bu, bankın hər hansı hüquqa zidd əməli ilə əlaqəli deyildir. Bu səbəbdən, Bankın cavabdeh qismində işə cəlb edilməsi yalnız formal xarakter daşıyır. Digər tərəfdən səhv ödəniş faktiki olaraq Cavabdeh1 hesabına daxil olmuşdur. Buna görə də iddiaya cavab verməli olan şəxs məhz Cavabdeh1 olmalıdır və həmin vəsait faktiki olaraq Cavabdeh1 tərəfindən geri qaytarılmalıdır. Həmin vəsaitlərin geri alınması yalnız birbaşa səhv ödənişi qəbul etmiş şəxsdən tələb edilə bilər. Bank isə yalnız ödəniş üzrə tapşırığı yerinə yetirmiş vasitəçidir və bu səbəbdən hər hansı cavabdehlik daşımır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. 88-ci maddəsinə əsasən “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. 106.1-ci maddəsinə əsasən, “İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir”. Yuxarıda qeyd edilən işin faktiki və hüquqi əsaslarını nəzərə alaraq, İddiaçı Cavabdeh1 və “X4” Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia tələbinin Banka aid hissəsində rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, lakin 17 iyun 2025-ci il, 31 iyul 2025-ci il, 13 avqust 2025-ci il tarixlərdə məhkəməyə eyni məzmunlu ərizələr göndərərək İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə məhkəmə iclasının Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasına təyin edildiyini, Gəncə şəhərində yaşadığına görə məhkəmə iclasında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizələri nəzərə alaraq Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh1 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh “X4” Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehin nümayəndəsi X3 13 noyabr 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək mülki iş üzrə hazırlıq iclasının iştirakı olmadan keçirilməsini, etirazın dəlillərini nəzərə alaraq, məhkəmə baxışına təyin edilərək, iddia tələbinin banka aid hissədə rədd edilməsinə dair yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmiş, həmçinin 27 noyabr 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək ödənişin başqa müştərinin hesabına yönəldilməsinin ödənişi edən müştərinin (iddiaçının) öz hərəkətləri nəticəsində baş verdiyini və bunun bankın hər hansı hüquqa zidd əməli ilə əlaqəli olmadığını, bu səbəbdən Bankın cavabdeh qismində işə cəlb edilməsinin yalnız formal xarakter daşıdığını, digər tərəfdən səhv ödənişin faktiki olaraq Cavabdeh1 hesabına daxil olduğunu, buna görə də iddiaya cavab verməli olan şəxsin məhz Cavabdeh1 olmalı olduğunu və həmin vəsaitin faktiki olaraq Cavabdeh1 tərəfindən geri qaytarılmalı olduğunu, işin hazırki vəziyyətindən cavabdehin iddiaçıya 210 manat ödəniş edərək, borcunu etiraf etdiyinin göründüyünü, iş materiallarına əlavə edilmiş qəbzlərdən ödənişləri alanın Günay X**** adlı şəxs olduğunu, bu şəxsin iddiaçının yaxınlarından biri olması və cavabdehin Günay X**** adlı şəxsin kart məlumatlarını iddiaçı ilə əlaqə saxladıqdan sonra əldə etməsinin bəlli olduğunu, işin faktiki və hüquqi əsaslarını nəzərə alaraq, İddiaçı Cavabdeh1 və “X4” Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia tələbinin Banka aid hissəsində rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizələri nəzərə alaraq Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq cavabdeh “X4” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 “Whatsapp” mobil tətbiqi üzərindən videozəng vasitəsilə 27 noyabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasına qoşularaq verdiyi izahatında iddiaçı ilə razılaşdıqlarını, ayda 70 manat pul ödəməyi öhdəsinə götürdüyünü, hazırda 210 manat ödəniş etdiyini, iddiaçının onun əvəzindən ödədiyi pul məbləğinin 1120 manat olduğunu, 4 ay ərzində hər ay 280 manat olmaqla ödəniş etdiklərini, iddia tələbini qəbul etdiyini, pulu ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə iş materiallarına əlavə olunmuş sübutları tədqiq edib, cavabdehin izahatını dinləyib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın qismən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardır. Məhkəmənin iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatından aydın olur ki, cavabdeh Məmmədov X2 şəhəri, Səttarxan küçəsi, döngə 2, ev 3 ünvanında rəsmi qeydiyyatdadır. Cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin məhkəmə bildirişləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onun qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilmişdir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə və iddiaçıya təqdim etməsi izah olunsa da, Cavabdeh1 ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Hətta məhkəmə iclasına qoşularaq iddiaçıya olan borcunu qəbul etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş üzrə Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatından görünür ki, cavabdeh iddiaçıya 1120 (bir min yüz iyirmi) manat borcu olduğunu, həmin borcdan 210 (iki yüz on) manat ödəniş etdiyini bildirmişdir. Yəni Cavabdeh1 İddiaçı hazırda 910 (doqquz yüz on) manat məbləğində borcu olduğunu və həmin borcu qaytarmadığını qəbul edir. Eyni zamanda məhkəmə İddiaçı tərəfindən 14 noyabr 2025-ci il tarixdə məhkəməyə göndərilmiş ərizədə iddiaçının cavabdeh İddiaçı tərəfindən 210 manat məbləğində ödəniş olunduğunu, bu səbəbdən 910 manat məbləğindən pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etməsini də nəzərə alır. Məhkəmə cavabdehin izahatında iddiaçıya 910 (doqquz yüz on) manat məbləğində borcu olmasını bildirməsinə dair etirafını həqiqətən də iddia ərizəsində qeyd olunan məbləğdə pulun onun kredit borcuna ödənilməsinin və həmin pulun 910 (doqquz yüz on) manat hissəsinin iddiaçıya qaytarılmamasının yəni iddia tələbinin təsdiqi kimi qəbul edir və hesab edir ki, iddiaçı iddia tələbini sübut etmə yükündən azad edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmçinin İddiaçı 12 iyun 2024-cü il tarixdə məhkəməyə vəsatət göndərərək vəsatətdə xx.xx.1974-cü il təvəllüdlü (FİN xxxxxxx) Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Səttarxan küçəsi, 2-ci döngə, ev 3-də yaşayan Cavabdeh1 70109885 CİF kodlu kredit müqaviləsi üzrə 2024-cü ildə bank hesabına mədaxil olunan məbləğlərin müəyyən edilməsi ilə bağlı Unibank ASC-yə hesabdan çıxarışın əldə olunması üçün sorğu verilməsini, ödəniş qəbzlərindən də İddiaçı Gəncə şəhər sakini olduğu üçün Gəncə şəhərində yerləşən ödəmə terminalları vasitəsilə səhvən cavabdehin CİF kodu ilə banka ödəniş edildiyinin göründüyünü, 280 manat avqustun axırında ödənilmiş qəbzi tapa bilmədiyinə görə məhkəmədən banka sorğu verilməsini xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-907/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və “X4” Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair mülki iş üzrə İddiaçı vəsatətinin təmin edilməsi və Cavabdeh1 70109885 CİF kodlu kredit müqaviləsi üzrə olan borcundan xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə ödənişlər həyata keçirilmişdirsə, həmin ödənişlərin kim tərəfindən, hansı məbləğlərdə və hansı hesablardan (hesabın məxsus olduğu şəxslər barədə məlumat) həyata keçirildiyini təsdiq edən sənədlərin “X4” Açıq Səhmdar Cəmiyyətindən götürülməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və “X4” Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli hesabdan çıxarışlardan görünür ki, Cavabdeh1 ilə “X4” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 03 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdə 0 (sıfır) manat, xx.xx.2024-cü il tarixdə 280 (iki yüz səksən) manat, xx.xx.2024-cü il tarixdə 280 (iki yüz səksən) manat və xx.xx.2024-cü il tarixdə 280 (iki yüz səksən) manat ödənişlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən tərəflərin hansı hüquqi münasibətdə olmalarının müəyyən edilməsi tələbinə müvafiq olaraq qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi iş üzrə tərəflər arasında hər hansı yazılı müqavilə bağlanmamışdır. Göründüyü kimi tərəflər arasında yaranmış münasibətlərin əsasında duran hər hansı qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından əsassız varlanma hüquq münasibətlərindən irəli gələn münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçının öz kredit borcundan ödəniş etmək məqsədilə yanlışlıqla Cavabdeh1 kredit ödənişlərini həyata keçirməsi və nəticədə Cavabdeh1 əvəzindən 1120 (bir min yüz iyirmi) manat məbləğində kredit ödənişi həyata keçirməsi və cavabdeh tərəfindən həmin puldan 910 (doqquz yüz on) manat hissəsinin qaytarılmaması ilə Cavabdeh1 heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadan İddiaçı hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2 və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında heç bir müqavilə və ya qanuni əsas olmadan Cavabdeh1 iddiaçının hesabına əsassız varlanmışdır. Cavabdeh1 əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə iddiaçının ona verdiyi pul məbləğini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbində göstərilən pul məbləğinin iddiaçıya qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Hətta iddiaçıya olan borcunu qəbul etmişdir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalı, 910 (doqquz yüz on) manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. İddia tələbinin qalan 210 manat hissəsinə münasibətdə isə iddia rədd edilməlidir. İddiaçının iddia tələbinin cavabdeh “X4” Açıq Səhmdar Cəmiyyətinə qarşı olan hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçının aylıq kredit ödənişləri səhvliklə Cavabdeh1 kredit ödənişlərinə ödənilmiş, bununla da Cavabdeh1 İddiaçı hesabına əsassız varlanmışdır. Göründüyü kimi hazırki iddia tələbi yanlışlıqla ödənilmiş pulun qaytarılması olduğundan iddiaçının tələbinə cavab verməli olan şəxs “X4” Açıq Səhmdar Cəmiyyəti deyil, digər Cavabdeh1dur. Buna görə də məhkəmə belə hesab edir ki, iddiaçının iddia tələbi cavabdeh “X4” Açıq Səhmdar Cəmiyyətinə dair hissədə iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırıldığına görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia pulun Cavabdeh1dan alınaraq ödənilməsinə dair hissədə təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 31.20 (otuz bir manat iyirmi qəpik) manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -910 (doqquz yüz on) manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilməli; -iddia tələbi iddiaçının 210 manat tələb etməsinə dair hissədə rədd edilməli; -iddia cavabdeh “X4” Açıq Səhmdar Cəmiyyətinə münasibətdə rədd edilməli; -31.20 (otuz bir manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 910 (doqquz yüz on) manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia tələbi iddiaçının 210 manat tələb etməsinə dair hissədə rədd edilsin. İddia cavabdeh “X4” Açıq Səhmdar Cəmiyyətinə münasibətdə rədd edilsin. 31.20 (otuz bir manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-907/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-907/2025
27.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver