Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-24/2025 07.03.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı, iddiaçının vəkil-nümayəndəsi Vəkil1, Cavabdeh və cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında şifahi icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı vəkil-nümayəndəsi Vəkil1 vasitəsilə 23 sentyabr 2024-cü ildə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ondan borc olaraq götürdüyü 137.700 (72.760 manat və 38.200 ABŞ dolları olmaqla) manat pulun və onun əvəzinə bu günə qədər ödədiyi 62.800 manat faiz borcu olmaqla ümumilikdə 200.500 (iki yüz min beş yüz) manat pul məbləğinin və məhkəməyə dövlət rüsumu olaraq ödədiyi 490,5 (dörd yüz doxsan manat, əlli qəpik) manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh mənim xalam oğludur. 2022-ci ilin oktyabr ayının axırlarında o mənə zəng edərək mənimlə görüşmək istədiyini bildirdi. Biz onunla Q.Qarayev metrostansiyasının yaxınlığındakı “Təbiət” kafesində görüşdük. Söhbət zamanı o mənə bildirdi ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsində olan “Fruit Shop” mağazasını icarəyə götürüb mağazada olan malların sayını və çeşidlərini artırmaq, yaxşı gəlir əldə etmək üçün ona bir xeyli miqdarda pul lazımdır. Məndən xahiş elədi ki, pul tapmaqda ona kömək edim. Biz birlikdə onun dediyi mağazaya getdik və mən həqiqətən də həmin ünvanda mağaza olduğunu, orada ərzaq və digər məişət əşyalarının satıldığını gördüm. Mən ona bildirdim ki, məndə mağazanı çalışdıra biləcək məbləğdə pul yoxdur. O da mənə dedi ki, uzun müdət dövlət orqanlarında işləmisən, sənin dost-tanışın çoxdur, çalış köməklik elə pul tap ki, işim yarımçıq qalmasın. Nə borc-xərc olacaqsa mağazanı tam gücü ilə işə salan kimi qaytaracağam. Mən ona dedim ki, bu barədə maraqlanaram. Bundan sonra o hər gün mənə zəng edib soruşurdu ki, pul tapa bildin, ya yox. Biz birdə bir neçə gün sonra onunla yenə də “Təbiət” kafesində görüşdük və mən onun yanında çoxdan tanıdığım, ailə dostumuz X1 zəng etdim və bildirdim ki, xalam oğlu Əşrəf mağaza açıb, imkan varsa ona müvəqqəti olaraq 20- 25 min dollar pul ver, qazancından sənə də hörmət edəcək. O əvvəlcə razı olmasa da, sonra mənə dedi ki, xaloğlun olduğu üçün sənin xətrinə ona pul verirəm, ancaq mən səni tanıyıram, elə olsun ki, pulumu vaxtında qaytarsın. xx.xx.2022-ci il tarixdə Nübar xanımdan 25.000 ABŞ dolları götürüb Cavabdeh verdim. O pulu məndən alması barədə əlyazma qəbz (öhdəlik) yazıb mənə verdi. Növbəti dəfə təxminən, 20-21 noyabr 2022-ci il tarixdə Əşrəf yenə zəng edərək mənimlə görüşdü və ilin axırı olduğunu, yeni illə bağlı mağazada yaxşı alver olacağını, bunun üçün mal almağa əlavə pul lazım olduğunu bildirdi və məndən xahiş etdi ki, xaloğlu mənə kömək eləsən tezliklə yaxşı pul qazanaram və aldığım pulları da qaytararam. Mən ona bildirdim ki, pul üçün ağız açacağımız elə bir adam yoxdur, ancaq lombarddan götürmək olar, onlar da girovsuz pul vermirlər. Əşrəf də xahiş elədi ki, çalış girovsuz olsun. Sonra mən onun yanında Q.Qarayev metrostansiyasının yaxınlığındakı həmkəndlimiz Sərxanın işlədiyi lombarda zəng elədim və Sərxana Əşrəf xaloğluma pul lazım olduğunu bildirdim. O mənə bildirdi ki, pul verərəm, ancaq mən xaloğlunu yox səni tanıyıram, 1-2 günə pulu hazırlayım, gəlib götürərsiniz. Təxminən 24-25 noyabr tarixdə lombarddan ayda 5 faizə 50.000 manat pul götürüb Əşrəfə verdim. Əşrəf də öz növbəsində pulu alması barədə mənə əlyazma qəbz verdi və mart ayında qaytaracağına söz verdi. Təxminən 24-25 yanvar 2023-cü il tarixdə Əşrəf yenə zəng edərək mənimlə görüşdü və xahiş etdi ki, qarşıdan Novruz bayramı gəlir, mağazaya pirotexniki vasitələr, fişənglər və ərzaq məhsulları almaq lazımdır ki, yaxşı alver getsin, bunun üçün mənə təcili 35.000 manat pul lazımdır. Mən də yenə onun yanında lombarda zəng elədim və Sərxana dedim ki, xaloğlum Əşrəfə əlavə olaraq 35.000 manat pul lazımdır. Sərxan da yenə məni cavabdeh qoyaraq 1-2 günə deyilən pulu düzəldəcəyini bildirdi. xx.xx.2023-cü il tarixdə mən ondan 35.000 manat (22760 manat və 7200 ABŞ dolları) pulu götürüb Əşrəfə verdim. Əşrəf yenə pulu alması barədə mənə əlyazma qəbz verdi və bildirdi ki, mart-aprel aylarında pulları qaytaracaq. xx.xx.2023-cü il tarixdə o məndən əlavə olaraq 6000 ABŞ dolları götürüb. İki ay müddətinə qaytarmağa söz verib. Bildirirəm ki, təxminən 2023-cü ilin yanvar ayında mən Əşrəflə görüşmək üçün mağazaya getdim. Mən bir az tez getmişdim, Əşrəf hələ gəlib çıxmamışdı. Mən mağazada onu gözləyən zaman orada işləyən qızlardan birindən Əşrəf müəllimin gəlib-gəlmədiyini soruşdum. O Əşrəfi tanımadığını bildirdi. Mən ona müdiri soruşduğumu bildirdim. O mənə dedi ki, müdir Əşrəf müəllim yox, Mahir müəllimdir. Bir azdan Əşrəf gəlib çıxdı. Mən ona dedim ki, bəs burada səni tanımırlar, deyirlər müdir Mahir müəllimdir. O da mənə dedi ki, Mahir mənim dostumdur, mən Gömrükdə işlədiyim üçün onu bura müdir təyin etmişəm. Sonralar o yenə bir neçə dəfə mənə pul üçün müraciət edib ancaq, mən onun yanında lombarda zəng edib pul istəsəm də, Sərxan mənə artıq girovsuz pul verə bilməyəcəyini bildirərək pul verməkdən imtina etdi. Mən bir qohum kimi Əşrəfə inanmışam, ona kömək etmək istəmişəm ancaq o mənim etibarımdan istifadə edərək məni pis vəziyyətdə qoyub. Bu günə kimi pulları qaytarmayıb. Pul sahibləri isə məni tanıdıqlarını bildirərək hər gün məndən pullarını tələb edirlər. Bildirirəm ki, mən hər dəfə Əşrəfə pul verəndə ona deyirdim ki, xalaoğlu bax pul pis şeydir, o qardaşı qardaşa düşmən eliyər, ona görə bu pulları götürürsən, çalış vaxtında qaytar, məni cavabdeh qoyduğun adamların yanında pis vəziyyətdə qoyma. O da məni arxayın salırdı ki, xaloğlu narahat olma, pulları qaytaracağam sən də pis vəziyyətdə qalmaycaqsan. Bundan əlavə mən dəfələrlə onun evinin yaxınlığında, Ukrayna dairəsinin yanındakı Heydər Parkında onunla görüşmüşəm, tezliklə pulları qaytarmaq lazım olduğunu bildirmişəm. Həmçinin, mən Naxçıvana, onun valideynlərinin yanına gedib vəziyyətlə onları tanış eləmişəm, onlar da deyiblər oğlumuz borcludursa, evi var, evini satsın camaatın pulunu ödəsin. Bu günə kimi mən onun əvəzindən lombarda həmin pulların faizini ödəyirəm. Bu günə qədər onun əvəzindən lombarda 62.800 manat faiz ödəmişəm. Çünki, adamlar pul verəndə onu yox, məni tanıdıqlarını deyiblər və bunu Əşrəf özü də eşidib. Əşrəfə borc verdiyim pulun məbləğinin 137.700 (72.760 manat və 38.200 ABŞ dolları olmaqla) manat olduğunu nəzərə alsaq bu gün Əşrəfin mənə 200500 manat borcu var. İndi borc aldığım adamlar hər gün məndən pullarını tələb edirlər, mən də Əşrəfdən pulları tələb edirəm. Ancaq bu günə qədər o götürdüyü pullardan heç bir manat da qaytarmayıb və hər dəfə də pulları tələb etdikcə “darıxma bilirəm” deyərək, mənə qeyrimüəyyən cavab verir. Artıq mənim məhkəməyə müraciət etməkdən başqa çarəm qalmayıb. İddiaçı məhkəmə iclasında verdiyi izahatında Əşrəfin onun xalası oğlu olduğunu, aralarında səmimi münasibətlərin olduğunu, onunla Bakı şəhəri, Qara Qarayev metrostansiyası tərəfdə yerləşən “Təbiət” kafesində dəfələrlə görüşüb birlikdə yemək yediklərini, bir dəfə cavabdehin ona Bakıxanov qəsəbəsində mağaza açdığını, buna görə pula ehtiyacının olduğunu, hətta istəsə gedib baxa biləcəyini bildirdiyini, daha sonra mağazaya gedib birlikdə baxdıqlarını, orada 138 kvadrat metr sahəsi olan bir mağaza olduğunu gördüklərini, Əşrəfin belə bir iş gördüyünə sevindiyini, həmin vaxt Əşrəfin Bakı şəhərində hava limanında işlədiyini, Əşrəfin ona həmin mağazaya ümumilikdə 500000 manat xərc çəkdiyini, 50000 manata kassa-operator aldığını bildirdiyini, özünün isə cavabdehə pensiya aldığını, 300-500-1000 manat ona borc verə biləcəyini bildirdiyini, amma Əşrəfin ondan çox pul tələb etdiyini, lakin özünün tələb olunan pulu verməyə imkanının olmadığını dediyini, Əşrəfin də təkrar alver-edib pulu qaytaracağını bildirdiyini və ondan 20000 dollar pul istədiyini, bundan sonra bəzi tanış şəxslərə borc üçün zəng etdiyini, onların da pulu verməkdən imtina etdiklərini, daha sonra Nubar adlı qadına bunu bildirdikdə onun da ilk öncə borc verməyə etiraz etsə də, daha sonra ona Əşrəfin alver edib Nubara da gələn gəlirdən ayda 800 manat pul verəcəyini bildirdikdən sonra Nubarın bununla razılaşdığını, 2022-ci ilin noyabr ayının 01-də Nubardan 20000 dollar alıb Əşrəfə verdiyini, ondan sonra Əşrəfin qarşıdan yeni ilin gəldiyini deyib yenidən pul istədiyini, onun da lombard Sərxana zəng edib pul olub-olmamasını soruşduğunu, həmin şəxsə Əşrəfə özünün zamin durduğunu bildirdikdən sonra 24 noyabr 2022-ci il tarixdə Sərxandan 50000 manat pul götürüb Əşrəfə verdiyini, həmin pulu faizlə götürdüyünü, bundan sonra Əşrəfin 25 yanvar 2023-cü il tarixdə onunla görüşdüyünü və ona mal almağa əlavə pul lazım olduğunu bildirdiyini, onun da 27 yanvar 2023-cü il tarixdə Sərxandan yenidən 35000 manat pulu götürüb Əşrəfə verdiyini, daha sonra isə ondan 09 mart 2023-cü il tarixdə 60000 dollar pul aldığını, Əşrəfin həmin pulları borc alması ilə bağlı yazılı ərizə verdiyini, həmin sənəddə onun imzasının olduğunu, daha sonra “Fruit shop” mağazasına getdiyini və satıcının Əşrəf yox, Mahir adlı şəxs olduğunu öyrəndiyini, Əşrəfə bu barədə bildirdikdə aeroportda işlədiyi üçün mağazanı başqasının - Mahirin adına keçirdiyini, lakin özünün də buna nəzarət etdiyini bildirdiyini, daha sonra isə mağazanın müdiri Mahirin arvadı Xatirə xanımın olduğunu öyrəndiyini, daha sonra Əşrəfin Məhəmmədi qəsəbəsində olan 90000 manatlıq evi girov qoyub yenidən pul götürmək təklifi ilə razılaşmadığını, çünki Əşrəfdən lombarddan götürdüyü pulları qaytarmağı tələb etsə də Əşrəfin bunu etmədiyini, 2023-cü ilin mart ayından lombarda aylıq etdiyi faiz ödənişini tamamilə dayandırdığını, Sərxanın ona zəng edib pulunu tələb etdiyini, Nubar adlı xanımın limiti dolduğundan özünün də vəsiqəsinin vaxtı keçdiyindən Əşrəfin vəsiqəsi ilə 10000 dollar "xxxx"-dan götürüb ona verdiyini, Əşrəfin ilk öncə 01 noyabr 2022-ci il tarixdə 20000 dollar, daha sonra 24 noyabr 2022-ci il tarixdə 50000 manat, 27 yanvar 2023-cü il tarixdə 35000 manat və 09 mart 2023-cü il tarixdə 6000 dollar pul götürdüyünü, Əşrəfin hər pul götürdükcə əvvəl götürdüyü pulun bir qismini ödədiyini, daha sonra isə mart-aprel aylarından pul ödəmədiyini, onun əvəzinə lombarda faiz ödədiyini, Əşrəfdən dəfələrlə faizi bağlamağı tələb etdiyini, ona inanıb pulu verdiyini, lakin Əşrəfin onun inamından sui-istifadə etdiyini, cəm halında cavabdehə 4 dəfə, bir dəfə isə dostuna olmaqla ümumən 5 dəfə pul verdiyini, Əşrəfin Nubardan aldığı borc qarşılığında ona aylıq gəlirindən ***-**** manat pul ödəyəcəyinə dair razılaşdıqlarını, Əşrəfin hər pul götürdükcə əvvəlki puldan biraz ödədiyini, Əşrəfə güvənib o pulları verdiyini, heç bir maddi marağının olmadığını, borc münasibətlərinin 2022-ci ilin noyabr ayından yarandığını, hazırda aktiv vergi ödəyicisi olmadığını, əvvəllər Naxçıvanda kredit götürmək üçün VÖEN açdırdığını, aralarındakı borc münasibətlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığını, sadəcə olaraq qohum olduqlarına görə pulu alıb Əşrəfə verdiyini, Əşrəfə pul verməkdə həmin mağazadan gəlir əldə etmək niyyətinin olmadığını, sadəcə kömək üçün qohumluğa görə pulu Nubar və Sərxandan alıb verdiyini, heç bir şəriklik niyyətinin olmadığını, ilk dəfə 01 noyabr 2022-ci il tarixdə Əşrəfə 20000 dollar verdiyini, ikinci dəfə 11 noyabr 2022ci il tarixdə 5000 dollar pulu Əşrəfin dostu Fəridin onun tapşırığı ilə gəlib götürdüyünü, o pulu da Əşrəfin öz borcu olaraq qəbul etdiyini və bununla bağlı əlyazma verdiyini, çünki həmin pulun da onun özünə çatdığını, 24 noyabr 2022-ci il tarixdə 50000 manat pulu Əşrəfə verdiyini, bu pulların hamısını “Fruit Shop” adlanan mağazanın qarşısında verdiyini, daha sonra yenə lombard Sərxandan 27 yanvar 2023-cü ildə 35000 manat pul götürüb 1 aya geri qaytarılacağı şərtilə Əşrəfə verdiyini, Sərxanın 35000 manat pulun bir hissəsini dollarla 7200 dollar, qalanını isə 22760 manat olmaqla verdiyini, Əşrəfin hər pul verildikcə öz xətti ilə bunu yazıb əlyazmada qeyd edib imzaladığını, Əşrəfin 2022-ci ilin dekabr ayında 800 dollar, 2022ci ilin dekabrın sonunda 2250 manat, 2023-cü ilin fevral ayında 1700 manat, 2023-cü ilin martında isə 300 dollar olmaqla borcundan ödədiyini, daha sonra isə heç bir ödənişin olunmadığını, cavabdehin evini, torpaq sahəsini və avtomobilini satdığını, amma borcunu ödəmək istəmədiyini, bu olanlardan sonra psixi sarsıntı keçirdiyini, şəkər və təzyiq xəstəliyinin yarandığını, mənəvi zərərə uğradığını, cavabdehin onunla aralarında keçən səs yazılarında borcunun mövcudluğunu etiraf etdiyini, Əşrəfin Şahid2 olan borcunun bir hissəsini özünün ödədiyini, qalan hissəsini isə Nubarın istəmədiyini, belə ki, Şahid2 şikayət etdiyindən "xxxx" ASC-dən 17025 manat pul götürüb onun borcunu ödədiyini, “ailə dostumuz Şahid2 lsmayıl qızına zeng etdim ve bildirdim ki, xalam oğlu Əşrəf mağaza açıb, imkan varsa ona müvəqqəti olaraq 20-25 min dollar pul ver, qazancından sənə də hörmət edəcək” deyəndə faiz nəzərdə tutmadığını, faiz söhbətinin olmadığını, sadəcə olaraq Əşrəfin əldə etdiyi qazancdan hər ay ***-**** dollar pul ödəyəcəyini dediyini, Əşrəfin 20-25 min dollar pulu alması barədə qəbzi həmin məbləğdə pulu ona verdiyi vaxt yazdığını, Şahid2 ümumilikdə 15800 manat pul qaytardığını, Əşrəfin əvəzindən cəmi 62800 manat faiz ödədiyi barədə şahidlərin məhkəməyə təqdim etdikləri ərizələrlə də təsdiq edildiyini, lombarddan pulu alarkən Əşrəfin telefon vasitəsilə lombard ilə danışdığını və bunun lombardın verdiyi ərizədə də qeyd olunduğunu, Əşrəfin əvəzindən şifahi şəkildə kəfil olub həmin pulları götürdüyünü, Əşrəf pulun verildiyi tarixlə razılaşmadığından əlyazmada 24-25 noyabr 2022-ci il olaraq qeyd edildiyini, bunun elə bir əhəmiyyətinin olmadığını, tarixin də Əşrəfin özü tərəfindən yazıldığını, lombarddan pul götürərəkən Əşrəfin adının orada qeyd edilmədiyini, ümumiyyətlə lombardla aralarında yazılı sənədləşmənin olmadığını, lombard onu tanıdığından ondan girov almadığını və girov bileti vermədiyini, əslində həmin məbləğin girovsuz verilmədiyini, lakin tanışlığa görə Sərxanın bunu etdiyini, Əşrəfin 2022-ci ilin noyabr ayında aldığı borclara görə lombardın faizini ödədiyinə görə ona pul verməyə davam etdiyini, Əşrəf sonuncu dəfə ondan pul istədikdə “pul üçün ağız açacağımız elə bir adam yoxdur, ancaq lombarddan götürmək olar, onlar da girovsuz pul vermirlər” dediyini, Sərxandan birinci dəfə 50000 manat, ikinci dəfə 35000 manat, üçüncü dəfə isə 6000 dollar pul götürüb Əşrəfə verdiyini, lombardda Əşrəfə pul vermədiyini, pulları mağazada ona verdiyini, lombarddan Əşrəfin adına yox, öz adına pul götürdüyünü, Əşrəfin hər dəfə pulu alanda yazılı qəbz verdiyini, qəbzlərdə lombarda ödəniləcək aylıq faizin isə göstərilmədiyini, Əşrəfin əvvəllər götürdüyü pulları ödədiyini, ilkin olaraq götürdüyü 20000 dollardan 800 dollar pul qaytardığını, ikinci dəfə pul götürəndə 4 ay ardıcıl ümumilikdə 3200 dollar pul ödədiyini, həmin pulları isə faizə görə ödədiyini, Əşrəfin əsas borcundan isə bir qəpik də ödəmədiyini, cavabdehin onun etibarından istifadə edib aldatdığını, amma bununla bağlı heç bir orqana müraciət etmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında Bakı şəhəri “Razin” tərəfdə 4-5 il bundan əvvəldən meyvə-tərəvəz mağazası işlətdiyini, həmin mağazadakı şərikinin ona 3 faizlə pul alıb verməyi xahiş etdiyini, bankdan 500000 manat pul götürüb həmin ödəyəcəklərini bildirdiyini, xalaoğlusu Yadullaya müraciət etdiyini, onun da ilkin 20000 dollar pul gətirib verdiyini, daha sonra isə 35000 manat və aylıq 5 faiz olmaqla 50000 manat pulu Yadulladan alıb həmin şəxslərə verdiyini, həmin şəriklərinin isə daha sonra Türkiyə Respublikasına qaçdıqlarını, Yadulladan aldığı faizləri ödəməyə başladığını, daha sonra 10000 manat faizin qaldığını, onu da özünün ödədiyini, çünki Yadullanın onu tanıdığını, bununla bağlı da əlyazmada borcunu etiraf edib Yadullaya kağız verdiyini, daha sonra Yadullanın Fəridə 11000 dollar pul verdiyini, əvəzində isə ondan aylıq 550 dollar aldığını, düşdüyü borclara görə Razində və Zabratda olan evlərini satdığını, hətta evinə ərzaq almaq üçün qohumlarından borc alacaq vəziyyətə düşdüyünü, Yadullaya 70-80 min manat faiz ödədiyini, banklara isə 95000 manata yaxın borcunun olduğunu, faizin dayandırılmasını Yadulladan xahiş etdikdə Yadullanın ona “bu kişiliyə yaraşmaz” dediyini, şəriklərinin ona 620000 manata yaxın borclarının olduğunu, amma həmin şəxslərin hazırda Türkiyəyə qaçdıqlarını, Şahid1 tanımadığını, Yadullanın ona Nubar adlı şəxsdən pul alıb vermədiyini, əlyazmanı özünün yazdığını, halbuki Yadullanın pulu mağazadakı şəriklərə verdiyini, onların da pulu qaytaracağına güvəndiyi üçün əlyazmaya imza etdiyini, həmin şəxslərin öz şərikləri olduğunu, Yadullaya etdiyi ödənişlərin faizə çıxıldığını bildiyini, faizi əslində şəriki Mahirin ödəməli olduğunu, belə ki, Yadullanın pulu verməsi üçün bir növ vasitəçi olduğunu, lakin Mahirlə Yadulla arasında heç bir sənədin imzalanmadığını, özünün sahibkar olmadığını, “Fruit shop” mağazasının vergi ödəyicisinin Xatirə Nəsirova olduğunu, həmin mağazanın öz adına olmadığını, Gömrük orqanlarında işlədiyi üçün vergi ödəyicisi kimi qeydiyyata alınmadığını, amma faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, əlyazmada Yadullanın verdiyi 20000 dollar, 35000, 50000 manat və 6000 manat pulu qeyd etdiyini, 20000 dolları 2022-ci ilin noyabr ayında götürdüyünü, həmin pulu X3 özünə verdiyini, daha sonra telefonla 35000 və 50000 manatı dükanda aparıb Xatirəgilə verməsini Yadulladan xahiş etdiyini və Yadullanın da pulu aparıb onlara verdiyini, 20000 dollardan Yadullaya heç nə ödəmədiyini, çünki Xatirəgilin bankdan pul götürüb həmin pulu ödəyəcəklərini bildirdiklərini, əlyazmada 20000 dollardan başqa qeyd edilən pulların hamısının öz xahişi ilə Yadullanın aparıb mağazadakı şəxslərə verdiyini, mağazada Xatirədən başqa yoldaşı Mahirin də olduğunu, onların Yadullanı özünə görə tanıdıqlarını, verilən pulların hamısına mal alındığını, mağazanın ümumi gəlirinin 0,5 faizinin 2 yerə bölündüyünü, Yadullanın borcalan olaraq özünü tanıdığını, Yadullanın ondan 8-9 ay ərzində faizə görə 6450 manat, Fəriddən 550 dollar, Kərimdən isə 25000 manat pul aldığını, bunların heç birinin rəsmiləşdirmədiyini, bu günə qədər Yadullaya 119000 manat pul qaytardığını, 10200 manat isə faiz olaraq borc qaldığını, Yadullanın verdiyi pullara görə 10000 manata 5 faiz olmaqla razılaşdıqlarını, lakin bunula bağlı yazılı razılaşma olmadığını, Sərxan adlı şəxsi tanımadığını, Yadulladan 119000 manat pul aldığını, həmçinin 6000 dolları özünün alıb Fərid adlı şəxsə verdiyini, əsas borc tələbini qəbul etdiyini, lakin faiz borcunu qəbul etmədiyini, ümumilikdə iddiaçıya 60000-70000 manat pul ödədiyini, şahidlərin isə öyrədilmiş şəxslər olduqlarını, Sərxanın onu tanımadığını, Nubarı isə cəmi 1 dəfə "xxxx" ASCnin hansısa filialında gördüyünü, Yadullanın ondan şəxsiyyət vəsiqəsini istədiyini, vəsiqəsini Yadullaya verdikdə onun "xxxx" ASC-də dolları manata dəyişib 10000 manat düzəldib Nubara verdiyini, nə Nubardan, nə də Sərxandan özünün birbaşa pul götürmədiyini, Yadullaya 119000 manat borcunun olduğunu, əlyazmadakı yazı və imzanın özünə məxsus olduğunu, orada borcunun 137000 manat qeyd edilməsinə səbəbin 6000 dollar pulu Fəridin əvəzindən yazması ilə bağlı olduğunu, həmçinin 6450 manatın isə faizə görə yazıldığını, faizi ödəyə bilməyəndə iddiaçının “gəl onu da etiraf vərəqinə yazaq” dediyini, iddiaçının Fəridə 11000 dollar pul verdiyini, Fəridin isə onun iş yoldaşı olduğunu, borcun həmin hissəsinin də özünə aid olmasını etiraf etdiyini, iddiaçının pulu ona faizə verdiyini və aylıq 6450 manat ona ödəməli olduğunu bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ticarət mərkəzindən tanıdığını, ona mal satdığını, Cavabdeh isə tanımadığını, onu bir dəfə "xxxx"-da gördüyünü, İddiaçı isə ailəlikcə tanıdığını və yaxın münasibətlərinin olduğunu, bir dəfə Yadullanın “Mənim qohumum var, “Gənclik”də market işlədir, ona pul lazımdır” dediyini və israrla borc pul istədiyini, 01 noyabr 2022-ci il tarixdə İddiaçı 20000 dollar pulu iki dəfəyə verdiyini, pulu verdikdən sonra Yadullanın 3 ay ərzində 700 manat, 800 manat və 1000 manat pul qaytardığını, sonra Yadullanın ona “Xalamın oğlu məni aldadıb, market yox imiş” dediyini, özünün də Yadullaya “Mən bilmirəm xalan oğlu ya sən, mən sənə dolanışıq pulumu vermişdim, bu sizin öz probleminizdir” dediyini, pulu götürəndə Yadullanın ona ”Xalamın oğlu market açır, market şəhərin mərkəzindədir, yaxşı alver olur, gün ərzində 30000 manata yaxın alver olur” dediyini, ümumilikdə Yadullanın ona 15800 pul qaytardığını, Yadullanın onu Əşrəflə "xxxx"nun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki filialında tanış etdiyini, həmin vaxt Yadullanın ona 10000 dollar pul verdiyini, pulu Əşrəfin şəxsiyyət vəsiqəsi ilə dəyişdiklərini, 10000 dolların 10700 manat pul etdiyini, həyəcanlı olduğuna görə deyə bilmədiyini, onu Əşrəflə tanış edəndə Yadulla aşağıda mərtəbədə olarkən Əşərəfin ondan ”Siz Yadulla müəllimə nə qədər pul vermisiniz” deyə soruşduğunu, onun da Əşrəfə “ümumilikdə 25000 dollar pul vermişəm, bir dəfə 20000 dollar, bir dəfə isə 5000 dollar pul vermişəm” cavabını verdiyini, sonra da Yadullaya “onun sənə etibarı yoxdur, mənim sənə verdiyim pulun miqdarını soruşur” dediyini, yəqin ki, X5 of Bakuya gətirməsinin səbəbi onun əvəzindən pul ödədiyini ona göstərməklə bağlı olduğunu, həmin vaxt Əşrəflə aralarında başqa danışığın olmadığını, öz şəxsiyyət vəsiqəsində problem olduğundan Əşrəfin şəxsiyyət vəsiqəsi ilə pulun alındığını, Cavabdeh şəxsən borc pul vermədiyini, onu cəmi 1 dəfə gördüyünü, lakin İddiaçı ondan aldığı pulu Cavabdeh verməsini təsdiq edə biləcəyini, çünki, Yadullanın dürüst bir insan olduğunu, əsas borca görə Yadulla müəllimin ona əlavə pul vermədiyini, aralarında faiz söhbətinin isə olmadığını, Yadullaya pul verməkdə məqsədinin dolanışığını təmin etmək olduğunu, ilk dəfə Yadullaya 01 noyabr 2022ci ildə 20000 dollar, bundan 10 gün sonra noyabr ayı ərzində isə 5000 dollar olmaqla cəmi 25000 dollar verdiyini, həmin 10 gün müddət ərzində nə Yadullanın, nə də Əşrəfin ona pul qaytarmadıqlarını, Yadullanın pulu hissə-hissə qaytaracağına dair razılaşdıqlarını, Yadullanın həmin pula görə ayda ona 700-800 dollar, xalaoğlusunun işinin gedişindən asılı olaraq bəzən ondan da çox aylıq pul verəcəyinə dair razılaşdıqlarını, 20000 dollara görə pulu verdikdən sonra 3 ay ərzində ümumilikdə 5800 dollar pulu Yadullanın ona verdiyini, həmçinin Cavabdeh şəxsiyyət vəsiqəsi ilə İddiaçı ona bütün 10000 dollar pul qaytardığını, hazırda əsas borcun 20000 dollar olaraq borc qaldığını, 20000 dolları verdikdən 10 gün sonra Yadullaya əlavə 5000 dollar pul verdiyini, ümumilikdə ona 15800 dollar pul qaytarıldığını, həmin borcu Yadullaya dolanışıq naminə qarşılığında ona da pul verilər düşüncəsi ilə verdiyini, bu səbəbdən də 20000 dollar borcun qaldığını bildirdiyini, pulunu qaytarmadıqlarından tez-tez Yadulla müəllimə zəng etdiyini, Yadullanın da zəng edib onu "xxxx"-ya çağırdığını, həmin vaxt Yadullanın xalası oğlu Əşrəfi orada onunla tanış etdiyini və aldığı pulu ona verdiyini dediyini, Əşrəfin də pulu aldığını etiraf etdiyini, Yadulla müəllimin şəxsiyyət vəsiqəsinin üzərində olmadığını, özünün isə limitinin dolduğunu, bu səbəbdən də Cavabdeh şəxsiyyət vəsiqəsindən istifadə olunduğunu, Yadullanın ona vermək üçün 10000 dollar civarında manat gətirdiyini, həmin pulu bankda dəyişdiyini, həmin pulu dollara çevirdikdən sonra Yadulla müəllimin ona verdiyini, 5800 dolları isə pulu aldıqdan sonra 3-4 ay ərzində hissə-hissə ödədiyini, İddiaçı Cavabdeh verdiyi pula görə ona faiz verməsi barədə Yadulla ilə Əşrəf arasında söhbətin keçib-keçmədiyini bilmədiyini, Əşrəfin ondan sadəcə olaraq Yadullaya nə qədər pul verdiyini soruşduğunu, Yadullaya 25000 dollar pul verdiyini Əşrəfə dediyini, İddiaçıla aralarında Yadullaya verdiyi pullara görə ona əlavə vəsait ödənilməsinə dair yazılı razılaşmanın mövcud olmadığını, Yadullaya inanıb etibar etdiyini, İddiaçı verdiyi pullara görə əlavə vəsait verilməsini tələb etdiyini, amma faizə pul vermədiyini, indi də Yadulladan faizi yox, öz pulunu verməsini istədiyini, Cavabdehlə aralarında heç bir razılığın olmadığını, onu cəmi 1 dəfə gördüyünü bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində İddiaçı ilə həmkəndli olmaqla yaxın münasibətlərinin olduğunu, Cavabdeh isə yalnız həmkəndli kimi tanıdığını, 2022-ci ildə İddiaçı ondan borc istəyərək “xalamın oğluna pul lazımdır, dükan işlədir” dediyini, borc pul verərkən normalda girov qoyulmalı olduğunu, lakin İddiaçı tanıdığı üçün və dəfələrlə girovsuz şəkildə ona pul verib aldığı üçün yenə də eyni qaydada ona pul verdiyini, Yadulladan nə üçün borca pul aldığını soruşduqda onun “Xalamın oğlu market açır, o istifadə edəcək” dediyini, pulu verdikdən sonra Yadullanın təkrar pul götürdüyünü və pulu yenə də xalasının oğluna verəcəyini bildirdiyini, həmin vaxt Yadullaya “mən səni tanıyıram, başqasını tanımıram” deyib razılaşdıqlarını, Cavabdeh isə həmkəndli kimi tanıdığını, onunla kontaktda olmadığını və ona şəxsən pul vermədiyini, pulu Əşrəfə verməsi üçün Yadullaya verdiyini, 2022-ci ilin noyabr ayında Yadullaya 50000 manat pul verdiyini, 24 noyabr 2022-ci ildə isə yenidən 50000 manat pul verdiyini, həmin vaxt Yadullanın xalası oğlunun pulu 2-3 aya qaytaracağını dediyini, 17 yanvar 2023-cü ildə Əşrəfə çatdırması üçün ümumilikdə Yadullaya 35000 manat pul verdiyini, həmin pulun 22760-nı manatla, 7200-nü isə dollar şəklində verdiyini, əlavə olaraq 09 mart 2023-cü il tarixdə Yadullanın Əşrəfə 6000 dollar lazım olduğunu bildirdiyini, o da girov olmasa artıq ona pul verməyəcəyini dediyini, Yadullanın da ona “xalamın oğludur, mən varam ortada, problem yoxdur, iş görür deyə ona verəcəyəm” dediyini, Yadullaya inanıb həmin pulu da verdiyini, Yadullaya verdiyi pulun ümumi məbləğinin 2 faizi məbləğində ona aylıq pul verilməli olduğunu, həmin qazancın da 1.2 faizinin məsrəflərə getdiyini, 0.8 faiz pulun isə lombard olaraq özünə qaldığını, buna işçilərin əmək haqqı, vergilər və digər xərclərin də daxil olduğunu, ilkin etapda isə pulu Yadullaya 5 faizlə verdiyini, 2-3 ay sonra Yadullanın pulu qaytara bilməyəcəyini deyib faizi endirməyi xahiş etdiyini, pulu 5 faizlə verməyinin səbəbini isə Yadullanın “Xalamın oğlu oradan ayda 30000 manat qazanc əldə edir, həmin pulun 5 faizini sənə aylığa verər” deməsi ilə bağlı olduğunu, son 8-9 ayın ödənişinin isə qaldığını, İddiaçı ondan pulu götürdükdən sonra Əşrəfə pulu faizlə verib-vermədiyindən xəbərinin olmadığını, Yadulla müəllim ilə aralarında “Sən mənə 3 faizlə ver, mən də üzərinə faiz qoyub Əşrəfə verim” deyə belə bir söhbətin də olmadığını, 1 dəfə ödənişlər yubandığı üçün Əşrəflə Yadulla müəllimin telefonu ilə əlaqə saxladıqlarını, Yadulladan gecikmənin səbəbini soruşduğunu, onun isə “ortada bir az sıxıntı var” dediyini, Əşrəfə özünün telefonda “Pulu ödəmək lazımdır, bu mənim şəxsi pulum deyil” dediyini, Əşrəfin isə cavabında “İmkan var faizi bir az dayandırasan?” deyə soruşduğunu, ona bunun mümkün olmadığını dediyini, Cavabdeh “Faizi dayandır, ondan sonra mən yavaş-yavaş ödəyərəm” dediyini, notariusda verdiyi ərizədə qeyd etdiklərini təsdiq etdiyini, Yadulla müəllimin bu haqq-hesabdan əvvəl nə qədər pul alıbsa qaytardığını, bu səbəbdən ona pul verəndə tərəddüd etmədiyini, Yadulla müəllimin başqası üçün pul alıb-almadığını bilmədiyini, lakin başqası üçün almayıbsa nəyə görə Əşrəflə əlaqə saxlatdırdığını, Yadullanın pulu Əşrəfə verməsi barədə Əşrəflə danışıqlarının olduğunu, telefon danışığı zamanı Əşrəfdən konkret məbləğ istəmədiyini, sadəcə olaraq ona “Mənə verəcəyəniz aylığı nəyə görə ödəmirsiniz?” deyə soruşduğunu, Əşrəfin isə cavabında “aylıq ödənişi dayandırsan bəlkə, sonra ödəniş edərəm” dediyini, İddiaçı götürdüyü pulu özünün qaytardığını, pulu Əşrəf müəllimdən tələb etmədiyini, hər vəziyyətdə pulu tələb etdiyi şəxsin İddiaçı olduğunu, İddiaçı onu Əşrəflə danışdırdığını, Yadullanın pulu Əşrəfə verdiyini oradan bildiyini, Yadulla müəllimin vatsapında şəkillərin olduğunu, Əşrəfə verməsinin Yadullanın ona dediyini, notariusa verdiyi ərizədə də Əşrəfə pul verdiyini yazmadığını, lombard fəaliyyətinin Mülki Məcəllə və lombardın nizamnaməsi ilə tənzimləndiyini, lombardın pulu borcalan faiz və kredit şəklində verə biləcəyini, həmçinin girov müqaviləsinin imzalana biləcəyini, Yadulla müəllimi tanıdığına görə ona verdiyi pulların, həmçinin Yadullanın ona qaytaracağı məbləğin haqq-hesabını aparmadığını, müqavilənin yazılması üçün girovun qoyulmalı olduğunu, Yadulla müəllimi tanıdığı üçün ona verdiyi pulları sənədləşdirmədiyini, İddiaçı ilk dəfə 24 noyabr 2022-ci ildə 50000 manat pul verdiyini, pulu xalaoğlusu Əşrəfə verəcəyini və 2-3 aya qaytaracağını bildirdiyini, həmin pula görə Yadullanın aylıq 5 faiz pul ödəməli olduğunu, 2-3 ay 5 faizlə ödəniş etdiyini, bundan sonra aylığı 3.5 faiz olmaqla ödəniş etdiyini, həmin pula görə görə aylıq 1500 manat olmaqla ümumilikdə cəmi 4500 manat pul ödədiyini, 27 yanvar 2023-cü ildə isə 7200-nü dollar, 22760-nı isə manat şəklində olmaqla Yadullaya 35000 manat verdiyini, son 8-9 aydır ödənişin tamamilə dayandığını, həmin vaxtadək isə aylıq ödənişin olduğunu, ona verdiyi bütün pullara görə Yadullanın 3.5 faizlə ödəniş etdiyini, Yadullanın hansı tarixlərdə pulu götürübsə həmin pulların ödənişini də növbəti ayın həmin tarixlərində etdiyini, əlavə olaraq 09 mart 2023-cü ildə 3.5 faizlə 6000 dollar pulu son olaraq Yadullaya verdiyini, Yadullanın həmin pulun da aylıq ödənişini son 8-9 aya kimi etdiyini, həmin pulların sadəcə faiz olduğunu, əsas puldan ödənilən məbləğ olmadığını bildirmişdir. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələri əsaslıdırsa) rədd edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarı ilə məhkəmə qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Həmin qərarda Plenum vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Məhkəmə belə hesab edir ki, tərəflər arasında etibarlı borc müqaviləsi əsasında borc hüquq münasibətləri yaranmadığından iddia tələbinin qanuni əsasını əsassız varlanma ilə bağlı hüquq münasibətləri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MPM”) tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmçinin tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan MM-in 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-in 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Tərəflər arasında bağlanmış şifahi borc müqaviləsinin etibarsızlığını nəzərdən keçirən məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanma qaydalarını tənzimləyən “MM”-in aşağıda sadalanan normaları təşkil edir; - 14.2 və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. - 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.1-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - 1092.2-ci maddəsinə görə əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Əsassız varlanmanın əsas dispozitiv şərtini - cavabdehin iddiaçının hesabına varlanıbvarlanmadığını yoxlayan məhkəmə hesab edir ki, sözügedən hal məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada öz təsdiqini tapmışdır. Belə ki, mülki iş materiallarını tədqiq edən məhkəmə hesab edir ki, İddiaçı 20000 dollar, 50000 manat, 35000 manat və 6000 dollar pulu Cavabdeh verməsi mübahisəsiz qaydada müəyyən olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh tərəfindən imzalanmış borc sənədindən xx.xx.2022-ci il tarixdə 20000 dollar, xx.xx.2022-ci il tarixdə 5000 dollar, 24-xx.xx.2022-ci il tarixdə 50000 manat, xx.xx.2023-cü il tarixdə 35000 manat (7200 dollar olmaqla), xx.xx.2023cü il tarixdə isə 6000 dollar pulu Cavabdeh verməsi müəyyən olunur. Borc sənədində qeyd olunur ki, “Mən Cavabdeh Yadulla oğlu xalaoğlumdan 20000 (iyirmi min) dollar pul götürdüm xx.xx.2022 – Cavabdeh (imza)”, “xx.xx.2022-ci il tarixdə xalaoğlum Yadulladan əlavə olaraq 5000 (beş min) dollar götürdüm”, “24-xx.xx.2022 mən Cavabdeh xalaoğlum Yadulladan 50000 manat (əlli min) götürdüm, mart ayına qaytaracağıma söz verdim (imza)”, “xx.xx.2023-cü il tarixdə xalaoğlum Yadulladan əlavə olaraq 35000 (otuz beş min) manat (7200-ü dollar olaraq) götürdüm, mart-aprel ayına qaytaracağıma söz verdim”, “mən Cavabdeh xx.xx.2023-cü il tarixdə iki ay müddətinə qaytarmaq şərtilə xalaoğlum Yadulladan 6000 dollar (altı min dollar) götürdüm”. MM-in 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmçinin Cavabdeh əsas borc tələbinə dair hissədə 137700 manat pulu iddiaçıdan müxtəlif tarixlərdə aldığını “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə fasiləsiz audio yazısının aparıldığı məhkəmə iclasında etiraf etmişdir. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarında vurğulanır ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Aşağıdakı hallar aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir: - faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; - faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə. Məhkəmə cavabdehin fasiləsiz audio-video yazısının aparıldığı məhkəmə iclasında “əsas borca dair hissədə mən tələbi qəbul edirəm” məzmunlu izahatını faktın etirafı kimi nəzərə alaraq bunu tərəflərin izahatları, yazılı sübutlar və tərəflər arasında keçmiş səs yazıları və telefon danışıqları ilə birlikdə tədqiq edərək qəbul edilə bilən olması qənaətinə gəlir və hesab edir ki, iddia tələbi sözügedən hissədə təmin olunmalıdır. Tərəflər aralarında borc müqaviləsi bağlamaq niyyətində olmuş, lakin sözügedən müqavilənin bağlanması baş tutmamışdır. Belə olan halda cavabdeh iddiaçının hesabına baş tutmamış əsasa görə sözügedən maliyyə vəsaiti hesabına əsassız varlanmışdır və varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmağa borcludur. Məhkəmə həmçinin iddia tələbinin xarici valyutada olan hissəsi ilə bağlı qeyd edir ki, MM-in 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır (439.2). MM-in 439.7-ci maddəsinə əsasən isə əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Öhdəliyin əmələ gəldiyi vaxt və qətnamənin qəbul edildiyi tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının həmin günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, (20000*170)+(5000*170)+(6000*170)+50000+35000=137700 olmaqla cavabdehin iddiaçının hesabına əsassız varlandığı pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddia tələbinin 62800 manat əsas borcun əvəzinə iddiaçı tərəfindən borcverənlərə ödənilmiş faiz borcuna dair hissəsinə münasibətdə bildirir ki, sözügedən hissədə iddia tələbinin qanuni əsasını MM-in 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna dair müddəaları təşkil edir. Belə ki, MM-in: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki iş üzrə məhkəmə araşdırması zamanı iddiaçı məhkəmə iclasında verdiyi izahatında Əşrəfin 2022-ci ilin dekabr ayında 800 dollar, 2022-ci ilin dekabrın sonunda 2250 manat, 2023-cü ilin fevral ayında 1700 manat, 2023-cü ilin martında isə 300 dollar olmaqla faz borcundan ödədiyini bildirmiş, cavabdeh isə buna etiraz etməmiş, əksinə fasiləsiz audiovideo yazısının aparıldığı məhkəmə iclasında iddiaçıya 70-80 min manat faiz ödədiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında cavabdehin həmçinin əsas borca münasibətdə hesablanan faizi də ödəməli olmasına dair iddiaçı ilə əvvəlcədən şifahi razılığa gəlməsi müəyyən olunmuşdur. Sözügedən hal iddiaçı ilə cavabdeh arasında keçmiş səs yazıları ilə də öz təsdiqini tapmışdır. Bununla belə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən faiz ödənişlərinin edilməsi dayandırıldıqdan sonra iddaçı tərəfindən də Şahid1 və Şahid2 faizə görə ödəmələrin edilməsi dayandırılmış, iddia edilən 68200 manat pul iddiaçı tərəfindən həmin şəxslərə ödənilməmişdir. Bunun əksi sözügedən iddia tələbi ilə çıxış edən və sübutetmə yükünün üzərinə düşdüyü iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə fasiləsiz audio-video yazısının aparıldığı məhkəmə hazırlıq iclasının 08:20-ci dəqiqəsində “cavabdehin 2023-cü ilin mart ayından lombarda aylıq etdiyi faiz ödənişini tamamilə dayandırdığını” bildirmişdir. İddiaçı elə iddia ərizəsində də məhkəmə iclaslarında verdiyi izahatlarından fərqli olaraq tələb etdiyi 62800 manat faizi yalnız Şahid1 ödədiyini bildirmiş və Şahid2 götürduyü pula görə faiz ödədiyini qeyd etməmişdir. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi şahid ifadələri ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı və şahidlərin ifadələri əsasında İddiaçı Şahid1 və Şahid2 ilə yüksək məbləğdə borcun rəsmiləşdirilməsinə belə zərurətin olmadığı qarşılıqlı etimada söykənən yaxın münasibətlərinin mövcud olması müəyyən olunmuşdur. Belə olan halda isə sözügedən şəxslər tərəfindən iddiaçının xeyrinə verilmiş şahid ifadələrini həqiqətə söykənən mötəbər sübut hesab etmək düzgün olmazdı. Eyni zamanda şahidlər məhkəmə iclasında verdikləri ifadələrində konkret olaraq verilmiş əsas borca görə ümumilikdə və ayrı-ayrılıqda hansı məbləğdə onlara faizlərin ödənildiyinə istinad etməmişlər. Elə iddiaçının özü tərəfindən də konkret olaraq hansı dövrdə və konkret hansı məbləğə hansı faiz dərəcəsi ilə hesablanmış məbləğlərin sözügedən şəxslərə ödənilməsinə istinad olunmamış və sübuta yetirilməmişdir. Halbuki, MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. MPM-də çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Sözügeden halları nəzərə alan məhkəmə sonda belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 137700 (bir yüz otuz yeddi min yeddi yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı saydığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olan 336.52 manat (üç yüz otuz altı manat, əlli iki qəpik) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 137700 (bir yüz otuz yeddi min yeddi yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 336.52 manat (üç yüz otuz altı manat, əlli iki qəpik) miqdarında dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim:Günay İsmayıl
Məhkəmə qərarları › İş №e-2(079)-24/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-24/2025
07.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver