Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-294/2025 19.11.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkil-nümayəndəsi Vəkil1, cavabdehlər Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 Hüseyn oğlu və Cavabdeh5 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Hüseyn oğluna qarşı evin tikilib-təmir olunmasına və digər tikililərə çəkilən xərclərin bölünməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 01 aprel 2025-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 Babək rayonu, Zeynəddin kəndində inşa edilən fərdi yaşayış evinin tikilib təmir olunmasına və digər tikililərə görə çəkilən xərc 50 000 (əlli min) manatın yarısı olan 25000 (iyirmi beş min) manat, 50 (əlli) manat mediasiya xərci və iş üzrə ödənilmiş 115 (bir yüz on beş) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı əsaslandıraraq bildirmişdir ki, Cavabdeh1 ilə 24 noyabr 2009-cu il tarixdə ailə qurub, 23 sentyabr 2011-ci il tarixdə Babək rayon Qeydiyyat şöbəsində nikahımızı rəsmiləşdirmişik. Bizim həmin nikahdan iki nəfər övladımız doğulmuşdur. Lakin aramızda olan nikah mənim iddiam əsasında Babək rayon Məhkəməsinin 29 dekabr 2024cü il tarixli, 2(079)-53/2024 nömrəli qətnaməsi ilə pozulmuşdur. Babək rayon Aqrar İslahat Komissiyasının 26 iyul 1998-ci il tarixli, 04 B nömrəli qərarı ilə Babək rayonu, Zeynəddin kəndində ailə başçısı olaraq qayınatam Cavabdeh5 Məhəmməd oğlu, keçmiş həyat yoldaşım Cavabdeh1 və ailənin digər üzvlərinə ümumi mülkiyyət olaraq 0.20 ha həyətyanı torpaq sahəsi verilərək bu barədə onlara JN-012A KOD 10308038 ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Hörmətli məhkəmə! Nəzərinizə çatdırıram ki, mən 2009-cu il tarixdə qayınatam Cavabdeh5 Məhəmməd oğlunun Babək rayonu, Zeynəddin kəndində yerləşən evinə gəlin köçmüşəm. Həmin evin yerləşdiyi torpaq sahəsinin digər hissəsində qayınatamın razılığı ilə Elvin mənimlə birgə nikahda olduğumuz müddətdə, yəni 2010-cu il tarixdən başlayaraq özümüzə ev tikməyə başladıq. Elvin həmin vaxtlar "xxxx" MMC-də əvvəllər qaynaqçı, sonralar isə taşeron işlədiyinə görə yüksək məbləğdə qazanc əldə edirdi. Elə həmin qazancı sayəsində də biz orada bir mərtəbəli, 3 otaq, 1 salon, 1 mətbəx, sanitar qovuşaq və açıq balkondan ibarət ev tikib, 2014-cü ilin may ayında oraya köçdük. Orada yaşadığımız müddətdə 1 tövlə tikib, torpaq sahəsini hasara aldıraraq dəmir darvaza qoydurub, 2024-cü ilin iyununda evdən çıxana kimi orada yaşamışıq. Elvinin adına Zeynəddin kənd İcra Nümayəndəliyinin təsərrüfat başına qaytanlanmış kitabında ev qeydə alınsa da bu günə kimi evi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldırmamışdır. Mən Elvinlə birgə nikahda olduğumuz müddətdə həmin evin tikilib, təmir olunmasına və digər tikililərə görə 50 000 (əlli min) manat xərc çəkmişik. Bizim aramızda olan nikah pozulduğundan dəfələrlə Elvindən evə çəkilən xərcin yarı hissəsini istəsəm də o bundan birmənalı olaraq imtina etmişdir. Məhkəmənin 29 may 2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçının razılığı ilə cavabdeh qismində işə cəlb olunmuşdur. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehlə 2009-cu ildə nikaha daxil olub, 2010-cu ildən cavabdehin atasına məxsus Babək rayonu, Zeynəddin kəndində yerləşən həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikməyə başladıqlarını, qayınatası Cavabdeh5in razılığı ilə onların yaşadıqları evin qarşısında özlərinə ev tikdiklərini, əvvəllər qayınatasıgilə məxsus evdə yaşadıqlarını, 2011-ci ildə isə rəsmi nikaha düşdüklərini, nikahlarının ilk dövrlərində özünün işləmədiyini, cavabdehin isə Gəmiqayada taşeronçu kimi işlədiyini və maaşının yüksək olduğunu, 2010-da qızı, 2014-də oğlunun doğulduğunu, evin tikintisinin isə 2014-də başa çatdığını, sonra isə kiçik təmir işlərinin aparıldığını və 2014-cü ildə də həmin evə köçdüklərini, evin 3 otaq, salon, mətbəx, sanitar qovşaq, hamam və açıq balkondan ibarət olduğunu, evin kommunal xərclərinin Cavabdeh1 adına ödənildiyini, evin tikintisinə 50000 manata yaxın pul xərcləndiyini, hazırda evin tam təmirli olduğunu, atası maddi cəhətdən köməklik etsə də, evin əsasən cavabdehin qazancı hesabına tikildiyini, həmin müddətlərdə küsüb ara-sıra ata evinə getsə də, sadəcə bir neçə gün qaldıqdan sonra geri qayıtdığını, qayınatasının həmin evdə usta kimi işlədiyini və ona xidmət haqqı ödənildiyini, əlavə olaraq cavabdehin dostları, öz atası və fəhlələrin də işlədiyini, bütün materialları nağd qiymətə aldıqlarını, 2021-ci ildən işlədiyini, ilk vaxtlar baytarlıq idarəsində işləyib 300 manat aldığını, daha sonra Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verildiyindən hazırda 220 manat aldığını, 2024-cü ilin iyun ayından evdən çıxdığını, 29 dekabr 2024-cü il tarixdə Elvinlə nikahlarının məhkəmənin qətnaməsi ilə pozulduğunu, Elvinin Türkiyəyə getdiyini, 2 uşağa özünün baxdığını, çətinlik çəkdiyini, cavabdehlərin yalan danışdığını bildirib, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında Könülün 17 yaşında olarkən Elvinlə ailə qurduğunu, qız nəvəsi olanadək oğlu və gəlini ilə birlikdə qaldıqlarını, həmin vaxtlar oğlunun işləmədiyini, iddiaçının isə oxuduqdan 1 il sonra işlədiyini, ona görə də nəvələrinə baxdığını, iddiaçı işləməyə başladıqdan sonra Elvinlə aralarında mübahisə yarandığını, yola getmədiklərinə görə ayrılıb başqa evə köçdüklərini, bundan sonra Elvinin Türkiyə Respublikasında fəhlə işlədiyini, Elvinin Gəmiqayada işləyib-işləmədiyini bilmədiyini, Könül və Elvinin qız övladları olduqdan sonra əri Hüseynin Elvinə ev tikdiyini, lakin onun adına keçirmədiyini, evi onlara verməkdə məqsədlərinin onların ayrı qalmalarına şərait yaratmaq olduğunu, buna görə də öz yaşadıqları evin təmirini yarımçıq saxlayıb onlara ev tikdiklərini, evi yaşadıqları evin yerləşdiyi torpaq sahəsinin boş olan hissəsində inşa etdiklərini, 2 otaq, 1 salon, mətbəx, hamam və sanitar qovşaqdan ibarət olduğunu, Elvinin ailəsinin günlük ehtiyaclarını çətinliklə qarşıladığını, nə inşa edilibsə yoldaşı Hüseynin etdiyini, evi inşa etdikdən sonra heç kimə hədiyyə vermədiklərini, sadəcə yaşamaları üçün evi Elvin və Könülə verdiklərini, evin inşasının nə qədər müddət çəkdiyini bilmədiyini, iddiaçının həmin vaxt işləmədiyini, onun təhsil aldığını, evdə işləyən ustalara yemək və çayı özünün hazırladığını, iddiaçının isə məktəbdən gəldikdən sonra uşaqlara baxdığını, ev inşa ediləndən sonra Könülün evdən çıxana kimi Elvinlə birlikdə orada yaşadığını, ondan sonra isə özlərinin köçüb həmin evdə yaşadıqlarını, evdə hansı ustaların işlədiyini bilmədiyini, bunları ərinin bildiyini, çünki evin bütün xərclərini ərinin çəkdiyini, iddiaçının gətirdiyi cehiz əşyalarını da apardığını, evin bölünməsinə razı olmadığını bildirmişdir. Cavabdeh5 məhkəmə iclasında verdiyi izahatında Elvinin oğlu olduğunu, evi 2008-ci ildə özü üçün inşa etməyə başladığını, evi özünün tikdiyini, orada usta işlədiyini, 20 inəyini satıb evi tikdiyini, bütün tikinti materiallarını özünün aldığını, fəhlələrlə özünün danışdığını, ustaların isə onun usta yoldaşları olduğunu, evdə işləyən ustalara müxtəlif vaxtlarda kömək etdiyi üçün onların da ona kömək etdiyini, onlardan pul almadığına görə onların da həmin evdə işləməyə görə ondan pul almadığını, özündən başqa heç kimin o evdə haqqının olmadığını, ev tikilən vaxt Elvinin Türkiyə Respublikasında olduğunu, ara-sıra gəlibgetdiyini, öz ailəsinə baxdığını və onun gəlirlərini bilmədiyini, oğlunun evin inşası üçün ona pul vermədiyini, 22000 manata yaxın xərc çəkdiyini, qiymətləndiricinin yüksək məbləğ çıxardığını bildirmiş, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh4 Hüseyn oğlu məhkəmə iclasında verdiyi izahatında Elvinin qardaşı olduğunu, Elvin və Könülün 2008-ci ildə ailə qurduqlarını, toydan sonra qış mövsümü gəldiyindən növbəti sezon evin inşasına başladıqlarını, əvvəl evin bir otağını hazırladıqlarını, bunun 1-1.5 il çəkdiyini, bundan sonra yavaş-yavaş evi inşa etdiklərini, Könül və Elvinin Könüllə anası yola getmədikləri üçün 2012-2013-cü illərdə evdən ayrılıb həmin evdə qalmağa başladıqlarını, evi özü və atasının inşa etdiyini, qardaşına kömək məqsədilə evin tikildiyini, belə ki, qardaşının da ona maddi cəhətdən olmasa da, mənəvi cəhətdən hər cür kömək etdiyini və bunun qarşılığında ona kömək etdiyini, evi qardaşı orada yaşasın deyə tikdiklərini, Elvin və Könülün özü ailə qurmamışdan əvvəl həmin evə köçdüklərini, Elvinlə 2015-2017-ci illərdə Gəmiqayada birlikdə işlədiklərini və 600 manat əmək haqqı aldıqlarını, Elvinin əmək haqqından 300 manatı özünün götürdüyünü, həmin pul və atasının verdiyi pulla evi inşa etdiyini, Elvinin aldığı qalan 300 manatla ailəsinə baxdığını, evin əsas işlərini özü və atasının gördüyünü, iddiaçının atasının isə cəmi 3 gün kömək etdiyini, evdə işləyən usta və fəhlələrin hamısı atası və özünün tanışları olduğunu, evin tikinti materiallarını atasıyla birlikdə aldıqlarını, evin alçısını atasının usta yoldaşının etdiyini, bunun qarşılığında da atasının ona kömək etdiyini, ustalara pul veriləndə özünün verdiyini, mebel gətirən ustaya pul verdiyini, divan-kreslo, evin laminatı, krişanın materiallarını özünün aldığını və hazırladığını, evin divarlarının alçı və tavan işlərini özünün etdiyini, Könülün həmin vaxt məktəbdə oxuduğunu, məktəbdən gəldikdən sonra isə övladlarına baxdığını, ustaların yemək və çaylarını anasının hazırladığını, eyni zamanda Elvinlə Türkiyə Respublikasında birlikdə qaynaqçı və fəhlə işlədiklərini, həmin vaxt 600-700 manat əmək haqqı aldıqlarını və əmək haqqını evin gündəlik xərclərinə yönəltdiklərini, evin inşasına pul ayırmadıqlarını, hazırda qardaşı Elvinin Türkiyə Respublikasında işlədiyini, evin inşasını özünün davam etdirdiyini, Elvinin işləri dayandığına görə evin inşasına kömək etmədiyini, hal-hazırda həmin evdə anasının yaşadığını, Könülün isə evdən çıxanadək həmin evdə yaşadığını, qiymətləndiricinin rəyinə etiraz etdiyini bildirib, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində tərəflərlə qonşu olduğunu, onlarla hər hansı qohumluğu və ya ədavətinin olmadığını, Könül gəlin gəldikdən sonra ev tikdiklərini, hər ikisinin evin tikilməsində iştirak etdiyini, Elvinin atası Hüseynin bənna olduğunu və evi onun inşa etdiyini, cavabdehlərlə yaxın qonşu olduğunu, aralarında çəpər olduğunu, evin inşa edilməsi prosesini gördüyünü, evin tikilməsində Elvin, Könül, Hüseyn, Məhəmməd - bir sözlə hamısının iştirak etdiyini, usta və fəhlənin pulunu kimin verdiyini bilmədiyini, çünki həmin vaxt onların yanında olmadığını, demək olar onların özlərinin fəhləlik etdiklərini, evdə işləyən başqa usta görmədiyini, evin Elvin və Könülə tikildiyini, Elvinin həyətdə işləməyini, Könülün isə usta və fəhlələrin çay və yeməyini hazırladığını gördüyünü, Könülün palçıq qarışdırdığına şahid olduğunu, Elvinin isə Gəmiqayada işlədiyini, həmçinin fəhləlik etdiyini, evin materiallarını tərəflərin demək olar hamısının gətirib həyətə endirdiyini, ev tikilməmişdən əvvəl Hüseynin evlərdə bənna işlədiyini, ev tikilən vaxt isə orada Məhəmmədlə birlikdə bənna işlədiyini, Hüseynin mal-heyvanı ev tikməmişdən qabaq satdığını, ev tikilən vaxt Hüseyngilin mal-heyvan saxlamadığını bildirmişdir. Şahid6 məhkəmə iclasında verdiyi ifadəsində tərəflərlə qonşu olduğunu, onlarla hər hansı qohumluğu və ya ədavətinin olmadığını, evin tikilməyinə sərf olunan vəsaitin kim tərəfindən xərcləndiyini bilmədiyini, reys sürücüsü işlədiyi üçün burada çox olmadığını, Könülün Cavabdeh1 ilə evli olduğunu, onlar ailə qurduqdan təqribən 10 il sonra evin inşa edildiyini, ev hazır olandan sonra onların həmin evdə yaşadığını, Elvinin bildiyinə görə usta işlədiyini, Hüseynin isə bənna olduğunu və evdə tikinti işlərini onun həyata keçirdiyini, həmçinin mərhum Nağı Əsgərov və Aydının da usta kimi orada işlədiyini gördüyünü, onların pullarını kimin verdiyini bilmədiyini, sadəcə Elvinin ona evdə işləməsini dediyini bildirmişdir. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində Cavabdeh4 Hüseyn oğlunun onun dostu olduğunu, tərəflərlə hər hansı qohumluğu və ya ədavətinin olmadığını, Könülgilin mətbəx mebelini özünün hazırladığını, belə ki, Elvin və Məhəmmədin mebel sifariş etdiyini, ona görə də kataloqu Könülgilin evinə apardığını və Könülün kataloqdan mebelin rəngini seçdiyini, mebelin ölçüsünü götürdükdən sonra Elvinin ona beh verdiyini, mebeli hazırladıqdan sonra pullarının olmadığını, mebelin pulunu müəyyən vaxt sonra verəcəklərini dediklərini, pulu ona həm Elvin, həm də Məhəmmədin verdiyini, mebelin qiyməti 2000 manat olsa da, Məhəmməd dostu olduğu üçün 1400 manata razılaşdığını, mebelin qiymətini Elvin və Könüllə danışdığını, Elvin və Məhəmmədin hər birinin nə qədər pul verdiklərini tam xatırlamadığını, lakin müxtəlif vaxtlarda Elvin və Məhəmmədin ona 50, 100, 150 və 200 manat olmaqla pul verdiklərini, Elvinin pulu şəxsən ona verdiyini, mebeli Elvingilə yığdığını, Elvinin həmin vaxt işləyib-işləmədiyini bilmədiyini, əvvəllər onun binaların üzlənməsində usta işlədiyini bildiyini, lakin onun əsasən Türkiyə Respublikasına getdiyini, Məhəmmədin isə həmin vaxt qaynaqçı işi ilə məşğul olduğunu bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində Cavabdeh4lə sinif yoldaşı olduğunu, tərəflərlə hər hansı qohumluğu və ya ədavətinin olmadığını, Elvinlə münasibətinin yaxın olmadığını, Elvini dostunun qardaşı kimi tanıdığını, Məhəmmədgildə iş görən zaman Elvinin onu görüb öz evindəki şkafı təmir etməyini ondan istədiyini, Elvin və Məhəmmədin həmin zaman ayrı evlərdə yaşadıqlarını, Elvinin yeni inşa edilmiş evdə yaşadığını, mebel qurulan vaxt sadəcə mebelin montaj işlərini gördüyünü, mebeli quraşdırarkən Şahid3 ona 50 manat pul verdiyini, bir dəfə isə evdə təmir işini gördüyünü, Əliyə pulu hissə-hissə verdiklərini və xatırladığına görə həm Elvin, həm də Məhəmmədin Əliyə pul verdiyini, lakin tam bilmədiyini, mebeli quraşdırdıqdan sonra Könül və ya Elvinin ona şirinlik verdiyini, evin inşasına kimin pul xərclədiyini bilmədiyini bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində tərəflərlə həmkəndli olduğunu və onlarla aralarında hər hansı qohumluq və ya ədavətin olmadığını, Cavabdeh5 evində alçı işləri görən vaxt Elvinin ona “bizim evdə iş var, oranı da işlə” dediyini, sonra orada işlədiyini, Elvingilin evində alçı və oboy işləri gördüyünü, uzun müddət əvvəl işlədiyi üçün nə qədər pul aldığını xatırlamadığını, təqribən 200-300 kvadrat metrlik iş gördüyünü, pulu ona Elvinin verdiyini, sadəcə mətbəxin oboyunu vurduğunu, evdə işlədiyi vaxt başqa usta və fəhlə görmədiyini, həmin vaxt evin inşasının yekunlaşmaq üzrə olduğunu, Məhəmməd və ya Hüseynin orda işlədiyini görmədiyini, Elvinin ona kömək etdiyini və Elvindən başqa heç kimin ona kömək etmədiyini, həmin vaxt yeməyi Könül xanımın hazırladığını bildirmişdir. Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində tərəflərlə həmkəndli olduğunu və onlarla hər hansı qohumluğu və ya ədavətinin olmadığını, Cavabdeh5la dostuq və ailəvi gedişgəlişi olduğunu, Elvin və Məhəmmədin evində santexnik işləri gördüyünü, Elvinin evinin mətbəxinə su xətti çəkdiyini, Hüseyn dostu olduğu üçün gördüyü işə görə heç bir məbləğ almadığını, həmin evdə başqa kiminsə işləməsini görmədiyini, həmin vaxt evdə Elvin və yoldaşının yaşadığını, işlədiyi vaxt Elvinin yoldaşının ona çay verdiyini bildirmişdir. Mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 2009-cu ildən faktiki nikah münasibətlərində olmuş, 23 sentyabr 2011-ci il tarixdə aralarında rəsmi nikah bağlanmış, birgə nikahdan 09 sentyabr 2011-ci il tarixdə X2, 02 sentyabr 2014-cu il tarixdə X5 doğulmuş və aralarında bağlanmış nikah Babək Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli, 2(079)-531/2024-cü il nömrəli qətnaməsi ilə pozulmuşdur. Belə ki; - Babək rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 sentyabr 2011-ci il tarixli, AZ-İ seriyalı, 602778 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən İddiaçı ilə Cavabdeh1 arasında 23 sentyabr 2011-ci il tarixdə nikahın bağlanması və bunun nikah akt qeydləri kitabında 187 nömrə ilə qeydə alınması və hazırda iş üzrə iddiaçıya “Cəfərova” soyadının verilməsi; - Babək rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 oktyabr 2011-ci il tarixli, AZ-İİ seriyalı, 662899 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin 09 sentyabr 2011-ci il tarixdə X2 və Babək rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 iyun 2019-cu il tarixli, AZ-İV seriyalı, 169461 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən 02 sentyabr 2014-cu il tarixdə X5 adlı övladlarının doğulması; - Babək Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli, 2(079)-531/2024-cü il nömrəli qətnaməsindən Cavabdeh1 ilə İddiaçı arasında 23 sentyabr 2011-ci il tarixdə Babək rayon Qeydiyyat şöbəsində bağlanmış 187 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan uşaqların İddiaçı yanında qalması və onların saxlanılması qaydasının qət edilməsi müəyyən olunur. Yuxarıda qeyd olunan məhkəmə qətnaməsi ilə müəyyən edilən hallar ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki iş materiallarına əlavə olunmuş JN seriyalı, 12A nömrəli, 10308038 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq edilmiş surətindən Babək rayonu, Zeynəddin kəndində yerləşən, sahəsi 0.20 hektar olan torpaq sahəsinin Babək rayon Aqrar İslahat Komissiyasının 26 iyul 1998-ci il tarixli, 04 B nömrəli qərarı ilə Cavabdeh5 Məhəmməd oğlu, İbrahimova (Məmmədova) Yeganə Nağı qızı, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Hüseyn oğlunun ümumi mülkiyyətinə verilməsi müəyyən edilmişdir. Mülki işin mübahisəli halı ümumi mülkiyyətdə olan Babək rayonu, Zeynəddin kəndində 0.20 ha torpaq sahəsi üzərindəki özbaşına tikilinin ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyər olub-olmaması ilə bağlıdır. Məhkəmə araşdırması zamanı tərəflər və şahidlərin ifadələri əsasında tikilinin İddiaçı və Cavabdeh1 birgə nikahı dövründə onların ümumi əməyi və xərclərinin nəticəsində ərsəyə gəldiyi müəyyən olunmuşdur. Belə ki, tərəflərin izahatları əsasında ər-arvad arasındakı münasibətlərin pozulduğu 2024-cü ilin iyun ayına qədər iddiaçının həmin evdə uşaqları ilə yaşadığı, onun tikilinin inşa edildiyi dövrdə uşaqların saxlanılması, evin tikintisində iştirak edən şəxslərin qidalanmasında iştirak etməsi, həmin tikilinin İddiaçı və Cavabdeh1 yaşaması üçün inşa edilməsi, tikilinin sonuncunun gəlirləri hesabına və onun ailə üzvlərinin köməkliyi ilə ərsəyə gəlməsi müəyyən olunmuşdur. Sözügedən halda isə Cavabdeh1 atası və qardaşının həmin tikilinin ərsəyə gəlməsində orada işləməklə və ya başqa qaydada köməklik göstərməsi həmin tikilinin ər-arvadın ümumi təsərrüfatının nəticəsi olmadığı qənaətinə gəlməyə əsas vermir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı “ 12 ” mart 2024-cü il tarixli qərarının (bundan sonra – “Plenum qərar”ı) 4.11-ci bəndinə görə mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Ümumi mülkiyyət hüququnun yaranmasını şərtləndirən əsaslardan biri də nikahdır. Mülki Məcəllənin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 31-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Ər-arvadın nikah dövründə əldə etdikləri əmlak, bir qayda olaraq, onların birgə mülkiyyətini, yəni payları müəyyənləşdirilmədən ümumi birgə mülkiyyətini təşkil edir. Belə ki, Ailə Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir Mülki Məcəllənin 223.3-cü maddəsinə görə isə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır (payların bərabərliyi prezumpsiyası). Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (Ailə Məcəlləsinin 36.1 və 36.3-cü maddələri). Plenum qərarının 1.4-cü bəndinə görə əmlakın ümumiliyi dedikdə isə ailə ittifaqından irəli gələn ortaqlıq nəzərdə tutulur. Bu ortaqlıq ər-arvadın könüllü iradələri olan nikah əsasında meydana gəlir və ailə birliyində əldə olunan əmlaka münasibətdə şəriklik vəziyyəti yaradır. Ona görə də, nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın ümumi əmlakı qanuni rejimə tabe olan ümumi birgə mülkiyyət sayılır (Ailə Məcəlləsinin 31.1 və 31.2-ci maddələri). Əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Plenum qərarının 3.1-3.11-ci bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31- 37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Ərarvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. Belə ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. Plenum qərarının 5.4-cü bəndində göstərilir ki, “E.Salmanlının şikayəti üzrə 2023-cü il 28 dekabr tarixli Qərarı”nda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilməlidir. Həmin qərarda ifadə edilmiş hüquqi mövqelərə əsasən pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. Məhkəmə cavabehlərin etirazlarının əsası kimi istinad etdiyi hallara münasibətdə qeyd edir ki, 15 ilə yaxın müddətdə birgə və mehriban ailə kimi yaşamış, uşaqların doğulması ilə ailə bağları daha da sıxlaşmış, oğlu ilə yanaşı, gəlinini də öz övladı kimi qəbul etmiş qayınatanın mənzil şəraitinin qurulması məqsədilə etdiyi köməklik bütövlükdə ailəyə edilmiş köməklik kimi qəbul olunmalı və ümumi mülkiyyətin yaranmaması üçün əsas kimi qiymətləndirilməməlidir. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə araşdırması zamanı ər-arvadın ümumi əməyi nəticəsində başa gəlmiş tikilinin Cavabdeh5 Məhəmməd oğlu, İbrahimova (Məmmədova) Yeganə Nağı qızı, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Hüseyn oğlunun ümumi mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi və ümumi mülkiyyətçilərinin paylarının müəyyən olunmadığı aydın olur. Beləliklə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, cavabdehlər hazırda iddiaçının birgə nikah dövründə əldə etdiyi əmlak hesabına əsassız varlanmışlar və onlar əsassız varlanma nəticəsində həmin əmlakdan iddiaçıya çatacaqları geri qaytarmalıdır. Belə ki, Mülki Məcəllənin 135.10-cu maddəsinə görə adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Göründüyü kimi əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2 və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. MM-in 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmçinin həmin məcəllənin 500.1-ci maddəsinə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir (500.2). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Tikilinin qiymətləndirilməsinin nəticəsi olaraq X1 01 sentyabr 2025-ci il tarixli, NQM015- 09/25 nömrəli rəyində qeyd olunur ki, xərc yanaşması metodu ilə tikili qiymətləndirilmiş, hazırda oxşar analoji tikilinin tikilib-başa çatdırılması üçün istifadə olunan tikinti materialları, usta və fəhlə məvacibi o cümlədən, kommunal infrastrukturunun çəkilib qurulması üzrə məsrəflər nəzərə alınaraq təxmini orta hesabla 1 m2 üzrə daşınmaz əmlakın tikilməsi üçün 300 (AZN) xərc tələb olunur. Qiymətləndirmədə əmsal göstəricisi tatbiq olunmuşdur. Qiymətləndirilən daşınmaz əmlakın tikili binasının müvafiq təmir faktoru nəzərə alınaraq, hazırda 1.0 m² üçün tikinti xərci (1 m² üzrə 300 AZN) üzrə, məntiqi əsasda 0,9 əmsal tətbiq olunmuşdur. Yuxarıda qeyd olunan bütün faktlar, sübutlar, istifadə olunan metodlar, əmsal göstəriciləri əsas götürərək daşınmaz əmlakın mövcud real bazar dəyəri 43200.00 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini qiymətləndirərək hərtərəfli tədqiqatın nəticəsi hesab etmiş və sübut kimi nəzərə alır və tikilinin 50000 manat qiymətləndirilməsi ilə əlaqədar iddia tələbini qalmış hissədə əsaslı hesab etmir. Məhkəmə qeyd olunanları ümumiləşdirərək o, nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Babək rayonu Zeynəddin kəndində yerləşən Cavabdeh5, (İbrahimova) Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Hüseyn oğlunun ümumi mülkiyyətində olan 0.20 ha torpaq sahəsi üzərində yerləşən tikilinin təmir-tikintisinə sərf olunmuş vəsaitin yarısı olan 21600 (iyirmi bir min altı yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Hüseyn oğlundan müştərək qaydada tutularaq İddiaçı ödənilməli, iddia qalmış hissədə rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 142.56 manat (bir yüz qırx iki manat, əlli altı qəpik) hissəsi cavabdehlərin hər birindən 28.51 (iyirmi səkkiz manat əlli bir qəpik) olmaqla alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, MPM-in 107-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-ci maddəsində isə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər aid edilmişdir. İddiaçının 50 (əlli) manat mediasiya xərci ödəməsi onun məhkəməyə iddia tələbi ilə müraciət etməsi ilə bağlı yarandığından məhkəmə bunun işə baxılması ilə əlaqədar zəruri hesab edilən digər xərclərə aid olduğunu hesab edir və cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi qənaətinə gəlir. Məhkəmə həmçinin qiymətləndiricinin təqdim etdiyi hesabatı nəzərə alaraq qiymətləndirmənin təşkilinə sərf olunmuş 150 (bir yüz əlli) manat vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq X1 AZ98NABZ******************** nömrəli hesabına ödənilməsi qənaətinə gəlir. Belə ki, MPM-in 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Babək rayonu Zeynəddin kəndində yerləşən Cavabdeh5, (İbrahimova) Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Hüseyn oğlunun ümumi mülkiyyətində olan 0.20 ha torpaq sahəsi üzərində yerləşən tikilinin təmir-tikintisinə sərf olunmuş vəsaitin yarısı olan 21600 (iyirmi bir min altı yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Hüseyn oğlundan müştərək qaydada alınaraq İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd edilsin. İddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin iddianın təmin edilmiş hissəsinə mütənasib olan 142.56 manat (bir yüz qırx iki manat, əlli altı qəpik) hissəsi cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilsin. Qiymətləndirmənin təşkilinə sərf olunmuş 150 (bir yüz əlli) manat vəsait cavabdehlərdən müştərək qaydada tutularaq X1 AZ98NABZ******************** nömrəli hesabına ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-294/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-294/2025
19.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver