Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-461/2021 28.10.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i : "xxxx" Açıq Səhmdar Cəmiyyəti 16 sentyabr 2021-ci ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ödənilmiş 5591,40 (beş min beş yüz doxsan bir manat, qırx qəpik) manat məbləğində sığorta ödənişinin və 30,40 (otuz manat, qırx qəpik) ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, 05 sentyabr 2020-ci ildə yolnəqliyyat hadisəsi nəticəsində ** DD *** dövlət qeydiyyat nişanlı Lexus LS 200 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı X7 əməkdaşları tərəfindən sürücü Cavabdeh barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü cərimə edilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** DD *** dövlət qeydiyyat nişanlı Lexus LS 200 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 5691,40 (beş min altı yüz doxsan bir manat, qırx qəpik) manat müəyyən edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 24 noyabr 2020-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyana 100 manat azadolma çıxılmaqla 5591,40 (beş min beş yüz doxsan bir manat qırx qəpik) manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Köçürülmə həyata keçirildikdən sonra zərər vuran şəxsin mülki məsuliyyətini icbari sığortasının olmadığı müəyyənləşdirilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş azadolma çıxılmaqla 5591,40 (beş min beş yüz doxsan bir manat, qırx qəpik) manat məbləğində vəsaitin "xxxx" Açıq Səhmdar Cəmiyyəti bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş lakin, cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına iştirak etməmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi 19 oktyabr 2021-ci ildə "Elektron Məhkəmə" informasiya sistemi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiklərini, iddiaçı tərəfin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdiklərini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə qeyd edir ki, “LEXUS LS 500 minik” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilin X1 mülkiyyətində olması, onunla "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında qeyd edilən avtomobilin sığorta edilməsi üçün sığorta müqavilənin bağlanması, 05 sentyabr 2020-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Hava limanı yolunda baş vermiş yolnəqliyyat hadısəsi nəticəsində X2 məxsus olan “LEXUS” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi, Vaz 21061 markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin əvvəllər Cavabdeh istifadəsində olması mülki işin mübahisəsiz hallarıdır. Bu faktların mübahisəsiz olması aşağıdakılarla təsdiq edilir. -iş materiallarına əlavə edilmiş AD seriyalı, 333862 nömrəli nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin surətindən buraxılış ili 2018-ci il olan, qara rəngli “LEXUS LS 500 minik” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilin X1 mülkiyyətində olması; -iş materiallarına əlavə edilmiş MİC-5122/19 nömrəli, 31 oktyabr 2019-cu il tarixli fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası şəhadətnaməsinin surətindən X3 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında “LEXUS LS 500 minik” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta edilməsi üçün müqavilə bağlanması; -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X7 İdarəsinin 05 sentyabr 2020-ci il tarixli, AYP seriyalı, 034828 nömrəli arayışı və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 24 noyabr 2020-ci il tarixli sığorta aktından 05 sentyabr 2020-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Hava limanı yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “LEXUS” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi; -"Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Vaz 21061 markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin əvvəllər Cavabdeh istifadəsində olması aydın olur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “LEXUS LS 500 minik” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir və bərpa edilməsi üçün verdiyi siğorta ödənişinin, yəni 5591,40 (beş min beş yüz doxsan bir manat, qırx qəpik) manat məbləğində pulun subroqasiya tutulmasını tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə işin mübahisəli halını qanunvericiliyin tələbləri daxildə tədqiq edərək belə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı olan iddiası əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmənin iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş və məhkəmə baxışı iclasında tədqiq olunmuş yazılı sübutlardır. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı onu qeyd edir ki, "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Cavabdeh oğlunun ünvan 1 ünvanında rəsmi qeydiyyatda olması aydın olur. Məhkəmə 26 sentyabr 2021-ci il tarixli məktubla iddia ərizəsi və iddia ərizəsinin icraata götürülməsi və mülki işin baxılmağa hazırlanması haqqında qərardadın surəti cavabdehə göndərilərək, ona iddia ərizəsi üzrə rəy və ya etirazlarını və bu etirazlarını əsaslandıran sübutlarını Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim edə bilməsi, sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmaması izah olunsa da, Cavabdeh oğlu tərəfindən iddia tələbinə qarşı hər hansı bir etiraz daxil olmamışdır. Cavabdehə ünvanlanmış məhkəmə sənədləri Cavabdeh həmin ünvanda yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Babək şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Yuxarıda qeyd olunanlardan əlavə məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Məhkəmə mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə qarşılıqlı şəkildə tədqiq edərək aşağıdakıları tərəflərin nəzərinə çatdırmağı zəruri hesab edir. Mülki iş materiallarında olan AD seriyalı 333862 nömrəli nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsi ilə müəyyən edilir ki, X3 buraxılış ili 2018-ci il olan, qara rəngli “LEXUS LS 500 minik” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibidir. Həmçinin mülki iş materiallarına əlavə edilmiş MİC-5122/19 nömrəli, 31 oktyabr 2019-cu il tarixli fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası şəhadətnaməsindən aydın olur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yuxarıda qeyd edilən avtomobil 01 noyabr 2019-cu il tarixindən 31 oktyabr 2020-ci il tarixədək 195000 (bir yüz doxsan beş min) manat sığorta məbləği və sığorta dəyəri olmaqla tam sığortalanmış və hər bir sığorta hadisəsi üzrə 100 (bir yüz) manat məbləğində şərtsiz azadolma məbləğinin müəyyən edilməsi ilə bağlı tərəflər arasında razılıq olmuşdur. İddiaçı iddia tələbində qeyd edir ki, 05 sentyabr 2020-ci ildə baş vermiş sığorta hadisəsi nəticəsində X2 məxsus olan “LEXUS ” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922-ci maddəsinin mahiyyətindən görünür ki, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmçinin həmin Məcəllənin 906.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və icbari sığorta qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır. MİC-5122/19 nömrəli, 31 oktyabr 2019-cu il tarixli sığorta şəhadətnaməsinin birinci bölməsindən aydın olur ki, sığortalı qeyd edilən avtomobili avtonəqliyyat hadisələri ilə bağlı məruz qala biləcəyi risklərlə əlaqədar sığorta etdirmişdir. Sığorta hadisəsinin baş verməsi faktı isə iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X7 İdarəsinin 05 sentyabr 2020-ci il tarixli, AYP seriyalı, 034828 nömrəli arayışı və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 24 noyabr 2020-ci il tarixli sığorta aktı ilə təsdiq olunur. Belə ki, həmin sənədlərin məzmunundan görünür ki, 05 sentyabr 2020-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Hava limanı yolunda Cavabdeh “Vaz 21061” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə X2 məxsus olan “LEXUS” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Qeyd edilən sübutları MİC-5122/19 nömrəli, 31 oktyabr 2019-cu il tarixli sığorta şəhadətnaməsi ilə əlaqəli şəkildə qiymətləndirən məhkəmə bildirir ki, sığorta hadisəsi iddiaçı ilə X1 arasında bağlanmış sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermişdir. Sığorta hadisəsinin nəticəsi olaraq iddiaçı qeyd etmişdir ki, cavabdeh tərəfindən “LEXUS” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilə 5691,40 (beş min altı yüz doxsan bir manat, qırx qəpik) manat zərər dəymişdir. İşin bu faktiki halının sübuta yetirilməsi ilə bağlı məhkəmə bildirir ki, mülki iş materiallarına əlavə edilmiş və “Toyota Bakı Mərkəzi tərəfindən verilmiş hesabfakturada olan məlumatlara əsasən X2 məxsus olan “LEXUS LS 500” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri 5691,40 (beş min altı yüz doxsan bir manat, qırx qəpik) manat təşkil edir. 24 noyabr 2020-ci il tarixli sığorta aktından görünür ki, MİC-5122/19 nömrəli, 31 oktyabr 2019-cu il tarixli sığorta şəhadətnaməsi üzrə sığortalı X2 məxsus “LEXUS” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 05 sentyabr 2020-ci ildə baş vermiş sığorta hadisəsi ilə əlaqədar dəymiş zərərlə bağlı sığortalıya 5591,40 (beş min beş yüz doxsan bir manat, qırx qəpik) manat məbləğində sığorta ödənişi ödənilməsi nəzərdə tutulmuşdur. “Toyota Bakı Mərkəzi tərəfindən verilmiş 23 oktyabr 2020-ci il tarixli, EBAR seriyalı, 777488 nömrəli elektron qaimədən, həmçinin iş materiallarına əlavə edilmiş təhvil-təslim aktı və 01 dekabr 2020-ci il tarixli, 001XOH********** nömrəli ödəniş tapşırığının surətindən görünür ki, hadisə ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərərə məruz qalmış “LEXUS LS 500 minik” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi müqabilində “Toyota Bakı Mərkəzinə 5691,40 (beş min altı yüz doxsan bir manat, qırx qəpik) manat pul ödənilmişdi. İddiaçının cavabdehə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna gəldikdə isə o, qeyd etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmış “LEXUS LS 500 minik” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulduğundan və iddiaçı tərəf bunla bağlı sığorta ödənişini sığortalıya ödədiyindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Qeyd edilən halla əlaqədar məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ həmin Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki iş materialları ilə X2 məxsus olan avtomobilə vurulmuş ziyana görə iddiaçı tərəfindən sığorta ödənişi verilməsi öz təsdiqini tapdığından, onun avtomobilə vurulmuş zərər görə cavabdeh məsuliyyət daşıması ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Cavabdeh yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli olması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X7 İdarəsinin 16 oktyabr 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə sübut olunur. Belə ki, həmin sənəddən cavabdehin 05 sentyabr 2020-ci ildə baş vermiş yol nəqliyyat hadisəsinə görə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati cərimə tənbeh növünün seçilməsi aydın olur. İşin bu faktiki halı cavabdehin nəzərinə çatdıran məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan zərərin miqdarı ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yuxarıda da qeyd edildiyi kimi iddiaçının sığorta hadisəsi nəticəsində 5591,40 (beş min beş yüz doxsan bir manat, qırx qəpik) manat miqdarında sığorta ödənişinin verməsi öz təsdiqini tapdığından, Cavabdeh qeyd edilən məbləğdə zərəri iddiaçıya ödəməlidir. Məhkəmə həmçinin onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan, iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz manat) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tələbində 30,40 (otuz manat, qırx qəpik) miqdarında dövlət rüsumu ödədiyini qeyd etsə də, mülki iş materiallarından onun 40 (qırx) qəpik ödəməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Belə ki, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - 05 sentyabr 2020-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vurduğu zərərə görə Cavabdeh oğlundan 5591,40 (beş min beş yüz doxsan bir manat, qırx qəpik) manat məbləğində sığorta ödənişi alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -iddia təmin olunduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 30 (otuz manat) manat miqdarında dövlət rüsumu Cavabdeh oğlundan tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i : İddia təmin olunsun. 05 sentyabr 2020-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vurduğu zərərə görə Cavabdeh oğlundan 5591,40 (beş min beş yüz doxsan bir manat, qırx qəpik) manat məbləğində sığorta ödənişi alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 30 (otuz manat) manat miqdarında dövlət rüsumu Cavabdeh oğlundan tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-461/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-461/2021
28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver