Azərbaycan Respublikası adından Qətnamə Babək şəhəri İş № e-2(079)-767/2025 11.03.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSI Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, Əliyev İsmayıl Kamal oğlunun məhkəmə iclas katibliyi, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə, onun vəkil-nümayəndəsi Vəkil və cavabdeh cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdeh1 və cavabdeh2 qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı qanuni nümayəndəsi vasitəsilə ##.##.2025-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh cavabdeh1 və arvadı cavabdeh2 İddiaçı məxsus Babək rayonu, Şıxmahmud kəndində yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, vəkillə bağlanmış müqaviləyə əsasən ödənilmiş 300 (üç yüz) manat pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Babək rayon Şıxmahmud kəndində yerləşən ümumi sahəsi 0.0343 m² torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 114.09 m² olan fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətində ##.##.2023-cü il tarixli, 103013040488-10301 dövlət reyestr nömrəsi ilə qeydiyyatdan keçirilməklə iddiaçının oğlu İddiaçı adına qeydiyyata alınmışdır. Hazırda həmin əmlak tam mülkiyyət hüququ ilə ona məxsusdur. Nikahları ləğv olunandan sonra iddiaçının keçmiş həyat yoldaşı olan cavabdeh həmin evdə yaşayır. İddiaçı və cavabdeh arasındakı razılaşmaya əsasən cavabdeh özünə yaşayış sahəsi əldə edənədək onun sözügedən evdə qalmasına razılıq verilmişdir. Cavabdeh hazırda yeni ailə qurub və həyat yoldaşı cavabdeh2 da cavabdehlə birlikdə həmin ünvanda yaşayır. Bu isə mülkiyyətçinin psixologiyasına mənfi təsir etməkdədir. İddiaçı bacısı ilə birlikdə həmin ünvanda yaşamaq istəyir. Cavabdehlər öz razılığı ilə həmin yaşayış sahəsindən çıxmaq istəmədiyindən məcbur olaraq məhkəmə yolu ilə mübahisəni həll etmək istəyir. İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclaslarında verdiyi izahatında 2006-cı ildə qayınatasının adına torpaq sahəsi aldıqlarını və həmin vaxtdan üzərində ev tikməyə başladıqlarını, həmin vaxt ərzində də torpağın pulunu verdiklərini, 2023-cü ilin mart ayında Şahbuz Rayon Məhkəməsinin qətnaməsi ilə Yadigarla arasındakı nikahın pozulduğunu, həmin nikahdan iki uşaq olduğunu, övladlarının onunla qaldığını, ## ####### 2022-ci ildə gecə saat 2 radələrində evdən çıxarıldığını, 2022-ci ilin oktyabr ayından sonra həmin evə qayıtmadıqlarını, evdən çıxdıqdan sonra əvvəl atasıgildə, daha sonra anasına məxsus evdə yaşamağa başladığını, həmin vaxtdan indiyədək orada yaşadığını, bütün cehiz və digər əşyalarının həmin evdə qaldığını, aliment belə tələb etmədiyini, hazırda Yadigarın təzə evləndiyi xanımla orada yaşadığını, uşağın isə evini tələb etdiyini və orada yaşamaq istədiyini, 22-23 il həmin evdə əziyyət çəkdiyini, evin hazırda oğlu Şirvanın mülkiyyətində olduğunu, evi 2023-cü ilin yanvar ayında oğlunun adına rəsmiləşdirdiklərini, uşaqların atası ilə ünsiyyət yaratmağa çalışdığını, lakin alınmadığını, hələ ayrılmazdan əvvəl evi oğlunun adına keçirmək barədə danışıb razılaşdıqlarını, oğlunun qarşı tərəfin həmin evdə qalmasına razı olduğunu, hazırda isə ailə qurduğunu və həmin qadınla oğlunun mülkiyyətində olan evdə yaşadıqlarını, iddia tələbini müdafiə etdiyini bildirmiş, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh cavabdeh1 məhkəmədə verdiyi izahatında Ulduz ilə 2001-ci ildə ailə qurduqlarını, atası ilə Türkiyə Respublikasında fəhlə işləyib ev düzəltdiyini, torpaq sahəsini vaxtilə atasının 450 dollara aldığını, torpağı alarkən üzərində 1 otaqdan ibarət ev olduğunu, 2006cı ildə evə köçdükdən sonra evi inşa etməyə başladıqlarını, həmin vaxtdan indiyədək həmin evdə yaşadığını, Ulduzun hazırda mənzil şəraitinin onun şəraitindən qat-qat yaxşı olduğunu, evin hazırda oğlu Şirvanın adına olduğunu, Ulduz ilə aralarında mübahisə olmamışdan əvvəl evi oğlu Şirvanın adına salacaqları barədə razılaşdıqlarını, nikahın pozulmasından əvvəl evi oğlunun adına saldırdıqlarını, ikinci dəfə cavabdeh2 ilə ailə qurduğunu, nikahlarını rəsmiləşdirdiklərini, hazırda Sevda ilə birlikdə həmin evdə yaşadıqlarını, Ulduzun uşaqlarla birlikdə ## ###### 2020-ci il tarixdə evdən çıxdığını, oğlunun bu müddət ərzində cəmi 1 həftə gəlib onunla yaşadığını, mülkiyyətində heç bir daşınar və daşınmaz əmlakın olmadığını, evin təmirinə heç kimin kömək etmədiyini, Ulduzun 3 evi olduğunu, özünün isə 23 il ərzində yarı pirket, yarı palçıqdan tikdiyi həmin evdə yaşadığını, yaşayış hüququnun saxlanılmasını istədiyini, evdən çıxmayacağını və iddia tələbini qəbul etmədiyini bildirmişdir. Mülki işin materiallarını və işdə iştirak edən şəxslərin izahatlarını tədqiq edərək məhkəmə müəyyən edir ki, Qanuni nümayəndə ilə cavabdeh1 arasında ##.##.2005-ci il tarixdə nikahın bağlanması, ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan Babək rayonu, Şıxmahmud kəndində 0.0366 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 114.09 m2 olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olması, cavabdeh1 ilə Qanuni nümayəndə arasındakı nikahın pozulması, cavabdeh cavabdeh1 cavabdeh2 ilə nikaha daxil olması, cavabdehlərin hazırda mübahisəli evdə yaşaması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ##.##.2023cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan Babək rayonu, Şıxmahmud kəndində 0.0366 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 114.09 m2 olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olması; - Şahbuz Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsindən Qanuni nümayəndə ilə cavabdeh1 arasında ##.##.2005-ci il tarixdə bağlanmış nikahın pozulması və birgə nikahdan doğulmuş İddiaçı ananın yanında saxlanılması - Şahbuz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, AZ-İ seriyalı, ****** nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən cavabdeh1 ilə Qanuni nümayəndə arasındakı nikahın ləğvinin ##.##.2023-cü il tarixdə qeydə aılnması; - Keçili kənd İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ##.##.2009-cu il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası cavabdeh1, anası Qanuni nümayəndə olan İddiaçı ##.##.2009-cu il tarixdə doğulması; - Babək Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, AZ-II seriyalı, ****** nömrəli nikah akt qeydləri kitabından çıxarışdan cavabdeh1 ilə cavabdeh2 arasında ##.##.2025-ci il tarixdə nikahın bağlanması, bunun nikah akt qeydləri kitabında 672 nömrə ilə qeydə alınması; - Şıxmahmud kənd İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan cavabdeh2 İddiaçı məxsus evdə yaşaması müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2007-ci il tarixli qərarında qeyd edilir ki, “mülkiyyət hüququ” Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə bildirir ki, mülki və əşya hüquqlarının mülki-hüquqi müdafiəsinin üsullarından biri əşya-hüquqi müdafiə üsuludur. Bu müdafiə üsulu isə 3 növ iddianın verilməsi ilə həyata keçirilə bilər ki, bunlardan da biri vindikasiya iddiadır. Yəni mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər Bundan əlavə mülkiyyət hüququnun müdafiəsi əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Bununla belə mənzil hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 43cü maddəsinə əsasən isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır (25.2). Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir (28.1). Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir (28.2). 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır (30.1). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə cavabdehlərin mənzildən çıxarılması tələbinə hüquqi qiymət verməzdən əvvəl ilk növbədə cavabdehlərin mübahisəli mənzilə münasibətdə istifadə hüququnun yaranıbyaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edərək qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli yaşayış evi ##.##.2023-cü il tarixində Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Belə ki, tərəflər aralarında bağlanmış nikah pozulmazdan əvvəl öz razılıqları əsasında mübahisəli fərdi yaşayış evini birgə nikahlarından doğulmuş və 14 yaşına çatmış İddiaçı adına rəsmiləşdirmişlər və hazırda mülkiyyətçi sözügedən şəxsdir. Mülkiyyətçi məhkəmədə mülkiyyət hüquqlarının müdafiəsinə dair iddiasını qanuni nümayəndəsi vasitəsilə həyata keçirmişdir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması İddiaçı mübahisəli evə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır (X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2014-cü il tarixli qərarı). Belə olan halda məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə hüquq münasibəti iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı an yaranmışdır və mübahisə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Hazırda mülkiyyətçi İddiaçı özünə məxsus olan hazırda cavabdeh1 ilə cavabdeh2 yaşadığı Babək rayonu, Şıxmahmud kəndində yerləşən fərdi yaşayış evindən cavabdehlərin çıxarılmasını tələb etməklə mülkiyyət hüququnun müdafiəsinə yönəlmiş hüquqi addım atmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Belə olan halda cavabdeh cavabdeh1 sözügedən mənzilə istifadə hüququ mülkiyyətçinin valideyni olaraq yaranmışdır və həmin istifadə hüququna xitam verilməklə şəxsin oradan məcburi çıxarılması üçün əsaslar mövcud deyildir və buna görə də iddia tələbi ona münasibətdə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Cavabdeh cavabdeh2 isə mülkiyyətçinin atasının digər nikahdan olan arvadı olaraq onun razılığı olmadan həmin evə köçürülmüşdür və mənzildən istifadə hüququ yaranmamışdır. Həmçinin cavabdeh2 sözügedən mənzilə istifadə hüququnun əmələ gəlməsi və həyata keçirilməsi şərtləri mülkiyyətçi ilə notarial qaydada bağlanan yazılı razılaşma ilə müəyyən edilmədiyindən, onun mülkiyyətçinin atasının ikinci nikahdan olan arvadı olaraq cavabdeh1 tərəfindən fərdi yaşayış evinə köçürülən zaman mülkiyyətçi İddiaçı razılığı alınmadığından və hazırda da mülkiyyətçinin razılığı olmadığından cavabdeh cavabdeh2 hər hansı hüquqi əsas olmadan, o cümlədən iddiaçının iradəsinə zidd olaraq mübahisəli əmlakda yaşaması iddiaçıya mülkiyyət hüququ ilə ona məxsus olan əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu məhdudlaşdırmaqla pozur. Bu səbəbdən iddiaçının həmin əmlaka olan hüquqlarının qorunması və bərpa edilməsi, o cümlədən cavabdeh cavabdeh2 onun hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və cavabdeh cavabdeh2 iddiaçının mülkiyyətində olan mənzildən çıxarılmalıdır. Belə ki, cavabdeh cavabdeh2 iddiaçı İddiaçı məxsus olan fərdi yaşayış evindən istifadə etməsinin hüquqi əsasının olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi ## #### 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Qeyd edilən maddi və prosessual normaların tələbindən yola çıxan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə görə şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Məhkəmə sonda belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalı, cavabdeh2 iddiaçı İddiaçı məxsus Babək rayonu, Şıxmahmud kəndində 0.0366 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 114.09 m2 olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalı, iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 manat (bir yüz) dövlət rüsumunun yarısı olan 50 (əlli) manat iddianın ona münasibətdə təmin edildiyi cavabdeh cavabdeh2 alınaraq iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin olunsun. cavabdeh2 İddiaçı məxsus Babək rayonu, Şıxmahmud kəndində 0.0366 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 114.09 m2 olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılsın. İddia qalan hissədə rədd edilsin. İddia qaldırılan zaman ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun əvəzi cavabdeh cavabdeh2 alınaraq iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl.
Məhkəmə qərarları › İş №e-2(079)-767/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-767/2025
11.03.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver