Məhkəmə qərarları › İş №e-2(088)-112/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-112/2024

09.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-112/2024 09.12.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi ilə. İddiaçı, Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı nümayəndəsi və vəkili Vəkil elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 30.000 (otuz min) manat əsas borcu, 7500 ( 30000 x 5% X 5 il=7500) manat faiz borcun və 202 manat ödənilmiş dövlət rüsumunun cəmi 37202 manat pulun alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 13 may 2019-cu il tarixdə, Bakı şəhəri 14 saylı notariat ofisində kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin 1-ci bəndinə əsasən “Borc verən” İddiaçı 48000 (qırx səkkiz min) manatı “Borc alan” Cavabdeh borc verir. Müqavilənin digər bəndinin şərtinə əsasən “Borc alan” Cavabdeh krediti xx.xx.2019- cu il tarixədək “Borc verənə”-İddiaçı qaytarmağı öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh krediti xx.xx.2019-cu il tarixə qədər krediti geri qaytarmalı idi. Lakin o, 48000 (qırx səkkiz min) manatın 18000 (on səkkiz min) manatını hissə-hissə olmaqla qaytarmış, qalan 30000 (otuz min) manat hissəsini bu günə qədər qaytarmamışdır. Məhkəmənin nəzərinə o, da çatdırılmışdır ki, cavabdeh sonuncu ödənişi xx.xx.2022-ci il tarixdə 200 manat olmaqla ödəmiş və ödəniş qəbzini həmişəki qaydada iddiaçıya telefona “whatsapp” proqramı vasitəsilə göndərmişdir. Qalan borcun qaytarılması ilə əlaqədar dəfələrlə tərəfindən cavabdehə şifahi və yazılı müraciət edilsədə hər dəfə ödəyəcəyi vədini vermiş, lakin geri qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yarandığını bildirərək Cavabdeh 30.000 (otuz min) manat əsas borcu, 7500 (30000 x 5% X 5 il=7500) manat faiz borcun və 202 manat ödənilmiş dövlət rüsumunun cəmi 37202 manat pulun alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini əsaslı hesab etmişdir. Mülki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclaslarına gəlməmiş və məhkəmə iclaslarında hansı səbəbdən iştirak etməmələri barədə heç bir məlumat verməmişlər. Lakin iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron kabinet vasitəsi ilə 04 sentyabr, 28 oktyabr və 25 noyabr 2024-cü il tarixlərdə ərizə göndərərək onların iştirakı olmadan mülki işə baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumat versədə cavabdeh məhkəmə iclaslarına gəlməmiş və heç bir üzürlü səbəb göstərməmişdir. Bu baxımdan iddiaçı və Cavabdeh iştirakı olmadan məhkəmə baxışı keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixinədək qaytarmaq şərti ilə 48000 manat məbləğində borc verilmişdir. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq borcu müəyyən edilmiş vaxtda geri qaytarmamışdır. Borcalana dəfələrlə bu barədə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və borcunu ödəməmişdir. İddia ərizəsinə əlavə edilən xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin 1-ci bəndinə əsasən borc verən borc alana 48000 manat məbləğində pul borc verir. Həmin müqavilənin 2-ci bəndinə əsasən borc alan krediti xx.xx.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7-ci bəndinə əsasən ödəniş müddətinin keçirilmsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Həmin müqavilənin 9-cu bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olnur. İddia ərizəsinə əlavə edilən xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, cavabdehə xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 30000 manat məbləğində borcunun qaldığı və həmin borcun qaytarılması xahiş edilmiş, əks təqdirdə bu məsələ ilə bağlı icra qeydi çıxarılacağı bildirilmişdir. Təqdim edilmiş sənədlərdən aydın olur ki, Cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyindən, nəticədə onun iddiaçı qarşısında 30000 manat məbləğində icra edilməmiş pul borcu yaranmışdır. Əlavə olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə iddiaçını gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində pulun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sitemindən çıxarışdan müəyyən olunur ki, cavabdeh Qasımov X1 royon Sədərək kəndində qeydiyyatdadır. Məhkəmə iddia ərizəsinə və iddia ərizəsinə əlavə olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı, Cavabdeh qarşı pul tələbi barədə iddiası sübuta yetirildiyindən tam təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş pulun verilməsi barədə kredit müqaviləsi tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, iş üzrə İddiaçı ilə iş üzrə cavabdeh olan Cavabdeh arasında yazılı formada razılığa əsasən, iddiaçı tərəfindən cavabdehə 48000 manat məbləğində borc pul verilmiş cavabdeh də həmin borc pulu xx.xx.2019-cu il tarixədək qaytarmaq şəri ilə qəbul etmişdir. Cavabdeh sonradan iddiaçıya hissə-hissə olaraq 18000 manat ödəsə də qalıq qalan 30000 manat pulu geri qaytarmamışdır. Əlavə olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə iddiaçını gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququ yarandığından hazırki vaxtadək hər il üçün əsas borca yaranmış 1500 manat məbləğ olmaqla 5 il müddətdə cəmi 7500 manat məbləğində pulu tələb etmək hüququ yaranmışdır. Bu baxımdan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Ona görə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 30000 manat pul və 7500 manat məbləğində faiz borcu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 202 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3-ci və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli kredir müqaviləsi üzrə 30000 manat əsas borc, 7500 faiz borcu və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 202 manat məbləğində dövlət rüsumu ilə birlikdə ümümilikdə 37702 (otuz yeddi min yeddi yüz iki) manat məbləğində borcun Cavabdeh alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar