Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-274/2023 25.10.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh avtomobil mühərrikinin alqı-satqısı üçün onun bank hesabına köçürdüyü 2420 manatın, 2000 manat maddi zərərin, 1000 manat mənəvi zərərin, cəmi 5420 manat pulun və 85 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Hyundai Elantra markalı avtomobilə mühərrik almaq üçün internet şəbəkəsinin elanlar şöbəsinə daxil olmuş, 051 *** ** ** mobil nömrəsi ilə əlaqə saxlamış və mühərrik almaq istədiyimi bildirmişdir. Həmin nömrənin sahibi özünü Vüqar kimi təqdim etmiş, Binəqədi rayonu, Elit ticarət mərkəzi ilə üzbəüz avtoservisdə işlədiyini, Hyundai Elantra markalı avtomobilin mühərrikinin 2420 manat dəyərində olduğunu və həmin qiymətə alqı-satqı yolu ilə satmaq istədiyini bildirmişdir. Onun təklifi ilə razılaşmış, xx.xx.2021-ci il tarixində Naxçıvan şəhərindən Cavabdeh **********501235 nömrəli bank hesabına 2420 manat məbləğində pul köçürmüşdür. Cavabdeh ona göndərdiyi pul vəsaitini əldə etdikdən sonra xx.xx.2021-ci il tarixdə mühərriki ona, yaşadığı Naxçıvan şəhərinə göndərəcəyini əminliklə bildirmişdir. Bir neçə müddət keçməsinə baxmayaraq cavabdeh ona nə mühərriki göndərmiş, nə də ki, 2420 manat pulu qaytarmamışdır. Cavabdehə verdiyi pulu geri almaq üçün dörd dəfə Naxçıvan şəhərindən təyyarə vasitəsilə Bakı şəhərinə getmiş, cavabdehlə danışıqlar aparmış, danışıqların da heç bir nəticəsi olmamışdır. Cavabdehin pulu geri qaytarmaq niyyətinin olmadığını dərk etdikdən sonra, yenidən Naxçıvan şəhərindən Bakı şəhərinə getmiş, cavabdehin hərəkəti barədə Bakı Şəhəri Nəsimi Rayon Prokurorluğuna şəxsən şikayət ərizəsi təqdim etmiş, Prokurorluğa ərizə təqdim etdikdən sonra Naxçıvan şəhərinə qayıtmışdır. Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə izahatının alınması üçün çağrılmış, Naxçıvan şəhərindən Bakı şəhərinə getmiş, Nəsimi Rayon Polis İdarəsində şikayəti ilə bağlı yazılı izahat vermişdir. Cavabdehin qanunsuz əməllərindən şikayətinə Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsində baxılmış və İstintaq şöbəsinin müstəntiqi, polis leytenantı X3 tərəfindən xx.xx.2022-ci il tarixli, HK-1-1966 saylı "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar qəbul edilmişdir. Həmin qərarda Cavabdeh izahatında ona 2420 manat pulu göndərdiyini etiraf etmişdir. İddiaçı A.Hüseynov izahtında onu da bildirmişdir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində bir neçə dəfə təyyarə ilə Bakı şəhərinə getmiş, Bakı şəhərində mehmanxanada qalmış, nəqliyyat, mehmanxana və sair xərclərlə bağlı 2000 manat pul xərcləmiş, həmçinin cavabdehin hərəkətlərindən əsəbləşmiş, psixologiyasi pozulmuş, ona 1000 manat mənəvi zərər dəymişdir. 5420 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, teleqramla məhkəməyə müraciət etmiş, məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş etmiş, məhkəmə iclasına gəlməməsinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsinin 04 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında İ.Hacıyev izahatda bildrimişdir ki, “xx.xx.2021-ci il tarixdə İddiaçı onun mobil telefonuna zəng etmiş, Hyndai Elantra markalı avtomaşına mühərrik istəməsini bildirmişdir. xx.xx.2021-ci il tarixdə öz hesabına 2420 manat pulu İddiaçı köçürmüşdür. Müəyyən səbəblərdən bu günədək İddiaçı mühərriki təhvil verə bilməmişdir. 2420 manat pulu Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən Kapital banka məxsus bankomatdan çıxartmışdır”. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh arasında Hyundai Elantra markalı avtomobil üçün mühərrikinin alqı-satqısı ilə bağlı şifahi alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı cavabdehin 5404 0852 3850 1235 nömrəli kart hesabına xx.xx.2021-ci il tarixdə 2420 manat pul köçürmüşdür. Tərəflər arasındakı razılığa əsasən cavabdeh avtomobil üçün ehtiyat hissəsini iddiaçıya xx.xx.2021-ci il tarixdə təhvil verməli olmasına baxmayaraq, təhvil verməmişdir. Cavabdeh tərəfindən iddiaçıya 2420 manat məbləğində pul qaytarılmalıdır. Məhkəmə işin faktiki hallarını araşdırıb və aşağıda qeyd edilən maddi hüquq normalarının məna və mahiyyəti baxımından da gəldiyi nəticəni qanuni və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 329.2-329.3-cü maddələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.1-ci maddəsinə əsasən əgər alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (Mad. 442). Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı 2420 manat pul tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Odur ki, cavabdeh iddia ərizəsində qeyd edilmiş 2420 manat pul məbləğini iddiaçıya qaytarmalıdır. Məhkəmə iddiaçının cavabdehdən 2000 manat maddi (nəqliyyat, mehmanxana və sair xərclər) zərər tələbi ilə bağlı belə nəticəyə gəlir ki, həmin hissədə iddia təmin edilə bilməz. Belə ki, iddiaçı cavabdehin hərkətləri ilə bağlı bir neçə dəfə Bakı şəhərinə təyyarə ilə getdiyini, Bakı şəhərində mehmanxanada qaldığını, ümumilikdə 2000 manat pul xərclədiyini bildirsə də bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı nəticəyə gələrkən həmin hissədə də iddia təmin edilməməlidir. Məhkəmə bu nəticəyə gələrkən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 nömrəli Qərarında qeyd edilənləri nəzərə almışdır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 nömrəli Qərarının 8-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MM-in 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və ya mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində baş veməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə araşdırması zamanı iddiaçının fiziki və ya mənəvi sarsıntılar keçirməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 74.2 manat dövlət rüsumunun 33.13 manat hissəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən alınıb iddiaçıya verilməli, 41.07 manat hissəsi iddiaçıya aid edilməli, artıq ödənilmiş 10.8 manat dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1.000 manatdan 10000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2420 manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən artıq ödənilmiş 10.8 manat dövlət rüsumu ona qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 74.2 manat məbləğində dövlət rüsumunun 33.13 manat hissəsi Cavabdeh alınıb İddiaçı verilsin, 41.07 manat hissəsi özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-274/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-274/2023
25.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver