Məhkəmə qərarları › İş №e-2(089)-364/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-364/2025

26.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-364/2025 26.12.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc pulun qaytarılması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkməyə müraciət etmiş, Cavabdeh 15440 manat məbləğində borcun və ödənilmiş 136.32 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Qadir oğlunu təxminən 10 aydır ki, tanıyır. Belə ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ərəblinski küçəsində yerləşən meyvə-tərəvəz satışı ilə məşğul olan mağazanı idarə edir, iddiaçı olaraq o isə həmin mağazada satıcı işləmişdir. Cavabdeh ona işlədiyi hər gün üçün 20 manat əmək haqqı ödəmişdir. Birlikdə işlədikləri 10 ay müddətində Cavabdeh hər gün meyvə-tərəvəz almaq üçün ondan 200, 300, 500 manat və sair məbləğdə pul almış, günün sonunda isə aldığı pulun bir hissəsini qaytarmışdır. Məhz buna görə də hazırda Cavabdeh ona 15.440 manat borcu yaranmışdır. Həmin məbləğdən 11.773 manat pulu cavabdehin plastik kart hesabına göndərmişdir. Pulunun cavabdehdən alınıb ona qaytarılmasından ötrü Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə müraciət etmiş və bununla bağlı orada araşdırılma aparılmışdır. Lakin, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Orxan Məmmədov tərəfindən qəbul edilmiş "Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərar qəbul edilmiş, qərarın təsviri hissədə göstərilənlərə əsasən, HK1-538 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş, ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmə hüququ izah edilmişdir. Belə ki, istintaq zamanı müəyyən edilmişdir ki, yaranmış mübahisə mülki xarakterlidir. Material üzrə polisin qərarından şikayət verilməmişdir. Hazırda Cavabdeh Qadir oğlunun ona 15.440 manat məbləğində borcu vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı və iddiaçının vəkili Vəkil məlumat verilmiş, onlar, məhkəmə iclasında iştirak etməmiş, 12 dekabr 2025-ci il tarixdə iddiaçının nümayəndəsi, vəkili Vəkil vəsatətlə məhkəməyə müraciət etmiş, məhkəmə iclasını iştirakları olmadan keçirilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə İddiaçı və iddiaçının vəkili Vəkil iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, 08 dekabr 2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş, etiraz ərizəsində Bakı şəhərində yaşadığından məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, bunun üzürlü hal olaraq qəbul edilməsini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh 08 dekabr 2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş, ərizədə bildirmişdir ki, iş üzrə İddiaçı təxminən 10 ay müddətində ona məxsus meyvətərəvəz dükanında satıcı – kassir vəzifəsində işləmişdir. Sonradan iddiaçının müxtəlif şəxslərə faizi ilə birlikdə qaytarılması şərti ilə borca pul verdiyini dəqiqləşdirdiyindən onu işdən çıxarmışdır. İddiaçı, mağazasında işlədiyi müddətdə bir neçə dəfə ona müraciət edərək, xaricdən ona pul göndərildiyini, bank kartında müəyyən olunmuş limiti keçdiyini bildirmiş və onun kartına göndərilməsini ondan xahiş etmişdir. O da buna razılıq verdikdən sonra müxtəlif vaxtlarda onun kartına pullar göndərilmişdir. Həmin pulları o nağdlaşdıraraq iddiaçıya təqdim etmişdir. Həmin pullardan 5500 manatını isə iddaçının tələbi ilə onun oğlunun kartına köçürmüşdür. Bununla bağlı təsdiqedici sənədləri təqdim edə bilər. Eyni zamanda, iddiaçı iddia ərizəsində bildirmişdir ki, güya o, iddiaçıdan meyvə-tərəvəz almaq üçün borc istəmişdir. Bu tamamilə yalandır. O bu biznesi 15 ildir ki, idarə edir. Əgər onun biznesi borcla idarə olunurdusa iddiaçının işlədiyi tarixdən əvvəlki 14 ili necə idarə etmişdir. Həmçinin əgər iddiaçının qeyd etdiyi kimi hər gün qaytarmaq adına borc almışsa, kassir olaraq biznesin puluna nəzarət edə-edə niyə borc adlandırdığı pulunu götürməmişdir? Hər hansısa bir insan borcunun qaytarılmadığını görə-görə növbəti gün borc verərmi? Söhbət 15.000 manatdan gedirsə bu proses hər gün davam etməlidir, yəni hər gün 300 manat borc verirsə 50 gün davam etməlidir ki, 15.000 manat borc yaransın. Hər hansısa bir insan borcunun qaytarılmadığını və ya dediyi kimi qismən qaytarıldığını görə-görə növbəti borcu verər? Əlavə olaraq, iddiaçı Sabunçu rayon Polis idarəsinə də bu məsələ ilə əlaqədar şikayət etmişdir. Şikayətin araşdırmasını həyata keçirən polis orqanı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Sözügedən bu araşdırmada əlavə şahidlərin də izahatları alınmış və şikayətin əsassız olması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 iyul 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, vətəndaş İddiaçı gələcəkdə mülki mühakimə qaydasında məhkəmə orqanlarına müraciət etmək hüquqlarının olmasının izah edilməsi qərara alınmışdır. Təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 523915****2909 nömrəli kart hesabına 03 noyabr 2024-cü il tarixdə 1000 manat, 05 oktyabr 2024-cü il tarixdə 500 manat, 30 sentyabr 2024-cü il tarixdə 100 manat və 200 manat, 10 sentyabr 2024-cü il tarixdə 50 manat, 04 sentyabr 2024-cü il tarixdə 500 manat, 30 avqust 2024-cü il tarixdə 400 manat və 100 manat, 27 avqust 2024-cü il tarixdə 5 manat və 200 manat, 17 avqust 2024-cü il tarixdə 100 manat, 03 yanvar 2025-ci il tarixdə 85 manat, 23 dekabr 2024-cü il tarixdə 101 manat, 400.21 manat, 500 manat, 1000 manat, 14 dekabr 2024-cü il tarixdə 100 manat, 06 dekabr 2024-cü il tarixdə 20.50 manat, 30 noyabr 2024-cü il tarixdə 10.10 manat, 1000.58 manat, 17 noyabr 2024-cü il tarixdə 8 manat, 02 mart 2025-ci il tarixdə 900 manat, 26 fevral 2025-ci il tarixdə 20 manat, 14 fevral 2025-ci il tarixdə 100 manat, 03 fevral 2025-ci il tarixdə 1000 manat, 28 yanvar 2025-ci il tarixdə 101 manat, 10.10 manat, 23 yanvar 2025-ci il tarixdə 1000.97 manat, 12 yanvar 2025-ci il tarixdə 1000 manat, 10 yanvar 2025-ci il tarixdə 5.50 manat, 08 yanvar 2025-ci il tarixdə 6 manat, 23 aprel 2025-ci il tarixdə 24 manat, 18 aprel 2025-ci il tarixdə 5 manat, 13 aprel 2025-ci il tarixdə 800 manat, 29 mart 2025-ci il tarixdə 80 manat, 16 mart 2025-ci il tarixdə 10 manat, 07 mart 2025-ci il tarixdə 300 manat, 06 mart 2025-ci il tarixdə 31 manat olmaqla, ümumilikdə 11773.96 manat məbləğində pul köçürmüşdür. 16 avqust 2025-ci il tarixli, 1-********** nömrəli qəbzdən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 136 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh məxsus meyvə-tərəvəz mağazasında satıcı işləmiş, həmin mağazada işlədiyi müddətdə Cavabdeh müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə olmaqla, bildirdiyinə görə, ümumilikdə 15440 manat məbləğində borc vermiş, həmin məbləğin 11773.96 manat hissəsini cavabdehin kart hesabına göndərmişdir. Cavabdeh isə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddianı qəbul etmədiyini, iddiaçının bank kartında müəyyən olunmuş limiti keçdiyi üçün pulları onun kartına göndərdiyini, daha sonra həmin pulların bir qismini nağdlaşdıraraq iddiaçıya verdiyini, 5500 manatını isə iddiaçının tələbi ilə oğlunun kart hesabına göndərdiyini, bununla bağlı təsdiqedici sənədləri məhkəməyə təqdim edə biləcəyini bildirmiş, lakin məhkəməyə qeyd etdiyi məsələ ilə bağlı hər hansı sübut təqdim etməmiş və məhkəmə iclaslarında da iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.3-cü maddəsinə əsasən, borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Həmin Məcəllənin 742.2-ci maddəsinə əsasən, əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən İddiaçı tələbinin qismən sübuta yetdiyi müəyyən olunur. Məhkəmə qeyd edir ki, İddiaçı 11773.96 manat məbləğində pul vəsaitini müxtəlif vaxtlarda hissə-hissə Cavabdeh bank hesabına köçürdüyünü təsdiq edən rəsmi bank qəbzlərini məhkəməyə təqdim etmişdir. Həmçinin həmin pul köçürmələrinin mövcudluğu cavabdeh tərəfindən də inkar edilməmişdir. Belə ki, cavabdeh etiraz ərizəsində müəyyən pul köçürmələrinin olduğunu, lakin həmin köçürülən pulların bir hissəsini İddiaçı özünə qaytardığını, bir hissəsini isə iddiaçının tələbi ilə oğlunun bank hesabına göndərdiyini bildirmiş, lakin bu halları təsdiqləyəcək heç bir yazılı və ya digər sübutu məhkəməyə təqdim etməmişdir. Bu baxımdan görünür ki, 11773.96 manat məbləğində pulun cavabdehin kartına köçürülməsi faktı sübuta yetirilmiş, lakin geri qaytarılması faktı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Deməli, göstərilən məbləğ üzrə borc öhdəliyi qüvvədə qalır. Lakin, iddiaçı ümumilikdə 15.440 manat məbləğində pulun cavabdehdən alıbın ona qaytarılmasını tələb etsə də, 11773.96 manatdan artıq məbləğin cavabdehə verilməsini təsdiq edən yazılı, maddi və digər sübutlar təqdim etməmişdir. Bu səbəbdən, 11773.96 manatdan artıq hissə üzrə iddia sübuta yetirilmədiyindən həmin hissədə təmin edilməməlidir. Qeyd edilməlidir ki, cavabdehin “pulun nağd qaytarılması”, “iddiaçının oğlunun kartına köçürülmə edilməsi” kimi iddiaları subyektiv mülahizələridir və sübutlarla təsdiq edilmədiyindən məhkəmə tərəfindən hüquqi əhəmiyyət kəsb etmir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmişdir. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11773.96 manat məbləğində borc pul alınıb İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 136 manat məbləğində dövlət rüsumunun 103.7 manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilməli, 32.3 manat hissəsi İddiaçı özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 11773.96 manat məbləğində borc pul alınıb İddiaçı verilsin. Ödənilmiş 136 manat məbləğində dövlət rüsumunun 103.7 manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin, 32.3 manat hissəsi İddiaçı özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar