Məhkəmə qərarları › İş №e-2(094)-193/2024

Pirallahı Rayon Məhkəməsi Qərardad — İş №e-2(094)-193/2024

21.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(094)-193/2024 21.05.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi Orucova Kəmalə İsbəndiyar qızının katibliyi ilə İddiaçı Adil oğlunun hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Adil oğlu hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyytı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, № 058638 nömrəli, 08 noyabr 2000-ci il tarixdə qeydə alınmış və qeydəalınma nömrəsi 30/168972 olan Qeydiyyat Vəsiqəsinin 24 fevral 1930-cu il tarixdə Şəki şəhərində anadan olmuş atası X1 məxsus olması faktının müəyyən edilməsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışına hazırlıq iclasında müəyyən edildi ki, İddiaçı Adil oğlunun nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ərizə elektron sistemə səhvən iddia icraatı kimi daxil edildiyindən ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qüvvədə olan mülki-prosessual qanunvericilikdə məhkəməyə müraciətin müxtəlif prosessual formalarını (iddia ərizəsi, ərizə, vəsatət, apellyasiya şikayəti və s.) nəzərdə tutulur. İddia icraatı qaydasında məhkəməyə müraciətin prosessual forması kimi isə iddia ərizəsi ilə müraciət göstərilmişdir. Mülki-prosessual qanunvericiliyin təhlilindən aydın olur ki, tərəflər (iddiaçı və cavabdeh) iddia icraatında (MPM-nin 12-23-cü fəsilləri) mövcuddurlar. Xüsusi icraat qaydasında baxılan işlər (MPM-nin 30-40-1-ci fəsilləri) üzrə isə əsas iştirakçılar ərizəçi və maraqlı şəxslərdir (bu növ icraat üzrə tərəflər mövcud deyildir). Mövcud ərizədən görünür ki, ərizəçinin qeyd edilən ərizəsi iddia icraatı qaydasında baxılmalı olan tələb deyil, xüsusi icraat qaydasında baxılmalı olan tələbdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Lakin, Elektron Məhkəmə sistemi vasitəsilə daxil olmuş ərizədən aşkar surətdə görünür ki, ərizəçi iddia icraatı qaydasında ərizə ilə müraciət etmiş, yəni icraatın növünü iddia icraatı, özünü isə iddiaçı kimi göstərmiş olsa da, hər hansı iddia irəli sürməmiş, məhkəmə tərəfindən hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini xahiş etmişdir. Halbuki, iddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arsındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Qeyd edilən Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə hesab edir ki, “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəyə iddia icraatı qaydasında baxılmamalıdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də ərizənin baxılmamasına dair xahişi əsas götürülərək ərizə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 170.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Adil oğlunun “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar