Məhkəmə qərarları › İş №e-2(094)-250/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-250/2024

17.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-250/2024 17.09.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kredit öhdəliyi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bank arayışına əsasən təqdim etdiyi 8813,41 (səkkiz min səkkiz yüz on üç manat qırx bir qəpik) AZN məbləğində kredit öhdəliyinin ailənin ümumi ehtiyacları üçün götürüldüyünü nəzərə alaraq birgə öhdəlik qismində nəzərə alınmasını və həmin öhdəliyin yarısının – 4406,70 (dörd min dörd yüz altı manat yetmiş qəpik) AZN məbləğinin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə nikah münasibətləri dövründə ailə ehtiyacları (həyat yoldaşının səhhəti, uşağın doğulması və ailə-məişət tələbatları ilə əlaqədar çəkdiyi xərclər) ilə bağlı 15000 (on beş min) manat dəyərində kredit götürmüş, qeyd olunan kredit müqaviləsi üzrə hal-hazırda 8813,41 (səkkiz min səkkiz yüz on üç manat qırx bir qəpik) AZN həddində öhdəliyi qalmışdır. Həmin öhdəliyinin icrası ilə əlaqədar hər ay banka 444,55 (dörd yüz qırx dörd manat əlli beş qəpik) AZN ödəniş həyata keçirir. Əmək fəaliyyəti ilə əlaqədar aylıq qazancı isə 800 (səkkiz yüz) manat təşkil edir. Belə halda həmin borc öhdəliyinin təkbaşına icrası maddi vəziyyəti ilə əlaqədar olaraq xeyli çətinlik yaradır. Bu səbəbdən, ailənin ümumi ehtiyacları üçün götürülmüş vəsait üzrə yaranan öhdəliyin birgə məsuliyyətləri qismində nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavadeh Cavabdeh izahatında bildirdi ki, iddiaçı birgə nikaha daxil olmazdan əvvəl kredit götürmüş, həmin krediti ödəmək üçün birgə nikah dövründə yenidən kredit götürmüş və əvvəlki krediti bağlamış, kredit götürülən zaman onun razılığı alınmamışdır. Hazırda həmin məbləği ödəməyə imkanı yoxdur. Sonda cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavadeh izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli “ABB Mərdəkan filialı” tərəfindən verilmiş hesabdan çıxarışın surətindən görünür ki, İddiaçı adına xx.xx.2019-cu il tarixdə hesab açılmış və 10000,0 manat məbləğində kredit verilmiş, xx.xx.2021-ci il tarixdə kredit məbləği son ödəniş edilərək bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli CC/92677/85/22 nömrəli kredit müqaviləsinin və ona əlavə olunmuş ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı ilə "xxxx" ASC-nin Mərdəkan filialı arasında bağlanmış kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətə, illik 18,50%-lə 15000,0 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Bank of Baku Bakıxanov filialı” tərəfindən verilmiş hesabdan çıxarışın surətindən görünür ki, İddiaçı götürdüyü kredit üzrə banka 7833,81 manat borcu qalmışdır. Beləliklə, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuşlar, lakin onlar arasındakı nikahın pozulması barədə Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(094)-201/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verildiyindən, şikayət təmin edilmədiyindən və hazırki vaxtadək qətnamə icraya yönəlmədiyindən nikah pozulmamışdır. Eyni zamanda iddiaçı tərəfindən kredit borcu tam ödənməmişdir. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında nikah rəsmi pozulmadığından və iddiaçı tərəfindən kredit məbləği tam ödənilmədiyindən iddia rədd edilməlidir. Belə ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarının 6.39-cu bəndində formalaşdırılan hüquqi mövqeyə görə ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə qeyd edir ki, iddia tələbi rədd edildiyindən 65,0 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi rədd edilsin, İddia tələbi rədd edildiyindən 65,0 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə (elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar