Məhkəmə qərarları › İş №e-2(1-8)-1266/2026

Ali Məhkəmə Qərar — İş №e-2(1-8)-1266/2026

08.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2(1-8)-1266/2026 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, iddiaçının şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və İnzibati kollegiyanın hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq məhkəmə tərkibində, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “əmlak kompleksindən çıxarılma” tələbinə dair iş üzrə Göygöl Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli 2026-cı il # ##### tarixli qərardadından iddiaçı İddiaçı şikayətinə 08 may 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh MMC-nin iddiaçıya məxsus olan Göygöl rayonu, Səmədli kəndində yerləşən əmlak kompleksindən (reyestr nömrəsi: 508012000001-12301) əşyaları ilə birlikdə çıxarılması və həmin əmlak kompleksinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Göygöl rayonu, Səmədli kəndində yerləşən əmlak kompleksinin (reyestr nömrəsi: 508012000001-12301) 5/6 hissəsi iddiaçının, 1/6 hissəsi isə iddiaçının bacısı X3 mülkiyyətindədir. Həmin əmlak komleksinə dair mülkiyyət hüquqları qanunvericilikdə nəzərdə tutlmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə iddiaçıya hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.Qeyd edilən əmlak kompleksi əvvəllər iddiaçının mərhum atası Abdullayev Müzamil İmran oğlunun adına olmuş və onun vəfatından sonra vərəsəlik qaydasında iddiaçının adına keçmişdir. Atası sağlığında Cavabdeh MMC-ni də təsis etdiyindən MMC sözügedən əmlak kompleksində fəaliyyət göstərmişdir. Lakin atası sonradan MMC-də olan payını bağışladığına görə hazırda iddiaçının Cavabdeh MMC ilə hər hansı bir bağlılığı yoxdur. Buna baxmayaraq, "xxxx” MMC hazırda heç bir hüquqi əsas olmadan iddiaçıya məxsus olan əmlak kompleksində qanunsuz fəaliyyət göstərərək spirtli içkilərin istehsalı ilə məşğul olur. Hələ bu azmış kimi, cavabdeh müxtəlif üsullarla iddiaçını öz mülkiyyətində olan əmlak kompleksinə daxil olmağa da maneə törədir. Hətta bununla bağlı müvəqqəti təminat tədbirinin görülməsi üçün iddiaçı tərəfindən məhkəməyə də müraciət edilmişdir. Cavabdeh hazırda heç bir hüquqi əsas olmadan iddiaçıya məxsus olan əmlak kompleksində qanunsuz fəaliyyət göstərərək spirtli içkilərin istehsalı ilə məşğul olur. Bununla bağlı iddiaçı dəfələrlə cavabdehin nümayəndələrindən iddiaçıya məxsus əmlak kompleksinin boşaldılaraq ona təhvil verilməsinin tələb etsə də, heç bir nəticəsi olmamışdır.

3. Göygöl Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, 2026-cı il # ##### tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmış və iddiaçıya izah olunmuşdur ki, hazırkı iddia tələbi üzrə kommersiya məhkəməsinə müraciət edə bilər. (hakim Rəşad Mustafayev)

4. Birinci instansiya məhkəməsi iş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumata əsasən müəyyən etmişdir ki, iddiaçı İddiaçı Vergilər Nazirliyi tərəfindən vergi uçotuna alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN 2305860392) fiziki şəxsdir. Həmçinin, cavabdeh Cavabdeh MMC-də Vergilər Nazirliyi tərəfindən vergi uçotuna alınmış (VÖEN **********) hüquqi şəxsdir.

5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisədən və tərəflərin subyektiv tərkibindən görünür ki, mübahisə sahibkarlıq subyektlərinin özlərinin fəaliyyətinin həyata keçirilməsindən irəli gələn korporativ mübahisədir. Buna görə də həmin mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 24.2, 26.1, 152.1.3, 152.4.-cü maddələrinə və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli, ** nömrəli Qərarına istinadla əsaslandırmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri

7. İddiaçı (nümayəndə və vəkil Nümayəndə) şikayət verərək, qərardadın ləğv, iddia ərizəsinin məhkəmə icraatının mümkün hesab edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmaslı olduğu qənaətinə gəlsə də, qərardadda iddia ərizəsinin mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı deyil, məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğunu və nəyə əsasən belə qənaətə gəldiyini əsaslandıra bilməmişdir. Məhkəmə prosessual hüquq normalarının tələblərini pozmuş və düzgün tətbiq etməmiş, həmçinin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın * saylı protokolunun 1-ci maddəsini pozmuşdur. Məhkəmənin qərardadda göstərdiyi nəticələrin hər biri tamamilə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir.

9. Göygöl Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, 2026-cı il ## ##### tarixli qərardadı ilə şikayət təmin olunmamış və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri

10. Şikayətə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 15. İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir; Maddə 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır; Maddə 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Maddə 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər; işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” ##.##.2013-cü il tarixli Qərarı “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı 10-cu bənd. 2019-cu il # #### tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibatiiqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur; 11-ci bənd. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır; 13-cü bənd. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir; 14-cü bənd. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. 15-ci bənd. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. 28-ci bənd. Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir.” Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.

12. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN 2305860392) fiziki şəxs, cavabdeh isə vergi uçotuna alınmış (VÖEN **********) hüquqi şəxsdir. İddia tələbində iddiaçı Göygöl rayonu, Səmədli kəndində yerləşən əmlak kompleksindən cavabdehin əşyaları ilə birlikdə çıxarılması və həmin əmlak kompleksinin boşaldılaraq ona təhvil verilməsini tələb edir.

13. İddiaçının bildirdiyi faktiki hallara görə Göygöl rayonu, Səmədli kəndində yerləşən əmlak kompleksinin (reyestr nömrəsi: 508012000001- 12301) 5/6 hissəsi onun, 1/6 hissəsi isə bacısı X3 mülkiyyətindədir, Cavabdeh MMC hazırda heç bir hüquqi əsas olmadan iddiaçıya məxsus olan əmlak kompleksində qanunsuz fəaliyyət göstərərək spirtli içkilərin istehsalı ilə məşğul olur, həmçinin cavabdeh müxtəlif üsullarla iddiaçını öz mülkiyyətində olan əmlak kompleksinə daxil olmağa maneə törədir.

14. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir.

15. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin, Plenum Qərarının 10 və 11-ci bəndlərinin əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aidiyyətində olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.

16. Hazırkı iş üzrə iddiaçı fərdi sahibkar kimi vergi uçotuna alınmış fiziki şəxs, cavabdeh isə hüquqi şəxsdir. Bu baxımdan, tərəflərin subyekt tərkibi ilə bağlı mübahisə yoxdur.

17. Mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri də mübahisənin kommersiya xarakterli olmasına dəlalət edir. Belə ki, mübahisənin predmeti mülkiyyətin müdafiəsidir. Hüquq münasibətlərinin xarakterinə gəldikdə isə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər iki şəxsin qeyriyaşayış sahəsindən istifadə ilə bağlı mənafeyi onların iqtisadi fəaliyyət sferasına aid olmaqla fəaliyyətlərini daha da genişləndirmək və gəlir əldə etmək niyyətindən irəli gəlir.

18. Plenum qərarının 13 və 14-cü bəndlərinə görə iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşyahüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.

19. Belə olan halda, hazırkı mübahisə MPM-in 24.2, 26-cı maddələrinin tələbinə və Ali Məhkəmənin Plenumunun ##.##.2020-ci il tarixli Qərarında göstərilən izaha əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olmaqla, kommersiya mübahisəsi kimi xarakterizə edilməlidir.

20. Bu baxımdan, məhkəmə aidiyyəti qaydalarının pozulması barədə şikayətin dəlilləri əsaslı deyil.

21. Belə ki, Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə görə iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

22. Prosessual qanunvericiliyə görə iddia ərizəsi məhkəmə aidiyyəti üzrə verilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Başqa sözlə, bu halda birinci instansiya məhkəməsinin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarması məhz prosessual qaydalara uyğun olmuşdur.

23. Beləliklə, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticə faktiki cəhətdən əsaslı, prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur. Buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.

24. Yuxarıda şərh edilənləri və Mülki Prosessual Məcəllənin 403-1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə tərkibi

QƏRARA ALDI:

İddiaçı İddiaçı şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, 2026-cı il # ##### tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar