Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-695/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh ASC-yə qarşı “bildirişlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, işin kommersiya məhkəməsinə aidiyyəti, şikayətin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan və İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “bildirişlərin ləğv edilməsi” tələbinə dair iş üzrə B akı şəhəri Səbail Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, e-2(009)-2243/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 30 dekabr 2019-cu il tarixli 19009S125288/791723 nömrəli əsas kredit limit razılaşmasına 30 dekabr 2019-cu il tarixli 1 nömrəli razılaşma üzrə 14893,07 manat pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair “İpoteka predmetinə tutma yönəldilməsi haqqında” 07 sentyabr 2024cü il tarixli 4264 nömrəli bildirişin və “İcra qeydinin aparılacağı barədə tələbka r tərəfindən borcluya göndərilən” 07 sentyabr 2024-cü il tarixli bildirişin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, e-2(009)2243/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmışdır.
3. İddiaçı həmin qərardaddan şikayət vermiş və qərardadın ləğv edilməsini və ya iş materiallarının baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, e-2(009)2243/2024 nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır.
5. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1, 10-1.3, 32.1-32.7, 103.3, 296, 408.2-cü maddələrinə istinad e dərək hesab etmişdir ki, iddiaçının şikayəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmişdir. Belə ki, qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin kassasiya şikayətinin formasına dair 3 saylı Əlavəsinə uyğun olaraq; order əlavə edilməklə vəkil tərəfindən tərtib edilmiş şikayətlə) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilməsi izah edilsə də, tərəf şikayəti müvafiq qaydada, yəni kassasiya instansiyası məhkəməsinə göndərilməsi üçün MPM-yə 3 saylı əlavəsinə uyğun olaraq tərtib etməmişdir. Şikayətin dəlilləri:
6. İddiaçı şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iş materiallarının baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
7. Şika yət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 32.1, 32.7, 408.2-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi verilmiş şikayəti aidiyyətlə bağlı verilmiş şikayət kimi qiymət vermişdir. Halbuki, şikayət aidiyyətlə bağlı deyil, iddia ərizəsinin düzgün qaytarılmaması ilə bağlı verilmişdir. Şikayətdə aidiyyət məsələsi ümumiyyətlə mübahisələndirilməmişdir. Geri qaytarmadan şikayətin verilməsi isə məhkəmə aidiyyətindən şikayətin verilməsini ehtiva etmir.
8. Birinci instansiya məhkəməsinin 07 yanvar 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
9. Şikayətə etiraz verilməmişdir. Tətbiq edilən hüquq
10. Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 32.5. Aidiy yət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Maddə 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məh kəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Maddə 403-1.3. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Maddə 403-1.4. Şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada bir inci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 407.1. Kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti qaytarılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
11. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, şikayətin dəlilləri ona yönəldilib ki, iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin qərardadı iddiaçı tərəfindən mübahisələndirilərkən aidiyyət məsələsinə toxunulmadığından, məhkəmə həmin şikayəti qaytarmaqda haqlı olmamışdır.
13. Halbuki, iddiaçının rayon məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli qərardadından şikayətini hansı dəlillərlə əsaslandırmasından asılı olmadan müəyyən olunur ki, məhkəmə həmin iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi əsası ilə geri qaytarmışdır. İddiaçı isə şikayətində Mülki Prosessual Məcəllənin 269.3-cü maddəsinin tələblərini pozaraq, qərardadın ləğv edilməsini və ya işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmiş və məhkəmənin bu mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarında irəli sürülən hüquqi mövqeyə uyğun olmuşdur.
15. Belə ki, həmin Qərarın 4-cü bəndinə əsasən iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellya siya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir.
16. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin tələbləri, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeləri baxımından iddia ərizəsinin məhkəmə aidiyyəti qaydalarının pozulması əsası ilə geri qaytarılması barədə qərardaddan şikayətlərə baxılması səlahiyyəti kassasiya instansiyası məhkəməsində olduğundan, iddiaçı isə şikayəti təmin edilmədiyi halda, ona apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılmasına israr etdiyindən, şikayətin mülki prosessual qanunvericiliyə uyğun olmaması əsası ilə geri qaytarılmasına dair məhkəmənin qənaəti qanuni olmuşdur.
17. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməlidir.
18. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2243/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.