Məhkəmə qərarları › İş №e-2(103)-10650/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-10650/2021

25.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-10650/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi, İddiaçı X1 Cavabdeh qızına qarşı “daşınmaz əmlakın boşaldılması” tələbinə dair 2(001)-6565/2021 saylı mülki iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin qəbul etdiyi 06 oktyabr 2021-ci il tarixli qərardada müvafiq olaraq ərazi aidiyyətinin müəyyən edilməsi məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın çıxarışının etibarsızlığı və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(001)- 6565/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın çıxarışının etibarsızlığı və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbi ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsinin 491 kv.m. hissəsinin Cavabdeh mülkiyyətində olması ilə bağlı çıxarışın etibarsız hesab edilməsi və Cavabdeh əşyaları ilə birlikdə Bakı şəhərinin Səbail rayonunda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması ilə bağldır və ona görə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin tələblərinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. 17.08.2021-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(001)-6565/2021 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı hazırkı iddia ərizəsi ilə ilkin olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, lakin həmin məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olması əsası ilə geri qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(001)- 6565/2021 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 avqust 2021ci il tarixli, 2(001)-6565/2021 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04.08.2021-ci il tarixli, 2(009)-2196/2021 saylı qərardadından görünür ki, həmin qərardadla İddiaçı iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etməli olması əsası ilə geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının qərardad rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətinə şikayət vermək hüququnun olmasına baxmayaraq, iddiaçı həmin qərardadı mübahisələndirməmiş və 09.08.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Hər hansı məhkəmə tərəfindən iddia ərizəsinin artıq bir dəfə qaytarılması digər məhkəmənin üzərinə həmin iddia ərizəsini icraata qəbul edilməsi öhdəliyini qoymur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.09.2021-ci il tarixli, 2(103)- 9100/2021 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2(001)- 6565/2021 saylı qərardadı ləğv edilmiş və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, “ … İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04.08.2021-ci il tarixli, 2(009)-2196/2021 saylı qərardadından görünür ki, həmin qərardadla İddiaçı iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etməli olması əsası ilə geri qaytarılmışdır. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, məhkəmələr arasında ərazi aidiyyəti bağlı fikir ayrılığı mövcuddur. Ona görə də kollegiya hesab edir ki, prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğun olaraq mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən məhz fikir ayrılığının aradan qaldırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməli idi”. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsi mülki iş üzrə qəbul etdiyi 2(001)- 6565/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qərardadla İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın çıxarışının etibarsızlığı və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işi ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası müəyyən edir ki, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın çıxarışının etibarsızlığı və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi ilə ilkin olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, lakin həmin məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olması əsası ilə geri qaytarılmışdır. Bundan sonra iddiaçı eyni məzmunlu ərizə ilə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 16.082021-ci il tarixli qərardadı ilə iddia tələbinin Bakı şəhəri Səbail rayonu, Əhəd Yaqubov küçəsi,1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsinin 491 kv.m hissəsinin Cavabdeh Ağali qızının mülkiyyətində olması ilə bağlı çıxarışın etibarsız hesab edilməsi və Cavabdeh əşyaları ilə birlikdə Bakı şəhərinin Səbail rayonunda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması ilə bağlı olduğunu müəyyən etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39.1-ci naddəsinə müvafiq olaraq aidiyyəti üzrə işə Səbail rayon məhkəməsində baxılmalı olmasını müəyyən edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qayratmışdır. Beləliklə məhkəmə kollegiyası həmin işin ərazi aidiyyəti ilə Bağlı Bakı şəhərinin Səbail və Binəqədi rayon məhkəmələri arasında fikir ayrılığının olmasını müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45-ci maddəsinə əsasən: 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. 45.5. İşin bu Məcəllənin 44.2.3 və 44.2.4-cü maddələrində nəzərdə tutulmuş hallarda aid olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir. 45.6. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə ədalət mühakiməsinin birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilməsi qeyri-mümkün olduqda bu səlahiyyət Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilə bilər. Həmin işdə mülki işin bir məhkəmədən başqa məhkəməyə verilməsi baş verməsə də, məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı mübahisənin olması göz qabağındadır və məhkəmə kollegiyası prosessual qənaət prinsipinə istinad edərək ərazi aidiyyəti ilə bağlı mübahisənin ərazi aiidiyyətini müəyyənləşdirməklə mülki işin baxılması üçün aidiyyəti birinci instansiya məhkəməsinə verilməsi məsələsinin həllini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli qərarında göstərmişdir ki, “Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz”. Məhkəmə kollegiyası həmin iş üzrə iddiaçının tələblərini “daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi”nə aid edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq həmin işə Bakı şəhəri Səbail rayon məhkəməsində baxılması üçün iş Səbail rayon məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 39.1 və 45-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a l d ı: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın çıxarışının etibarsızlığı və əmlakın boşaldılması tələbinə dair iddiasına ərazi aidiyyətinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin baxmalı olması müəyyən edilsin. İş ərazi aidiyyəti qaydalarına müvafiq olaraq baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar