Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-4602/2024 11.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yasamal Rayon İcra Şöbəsi cəlb edilməklə) “protokolun və qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən məhkəmənin bütün hakimlərinə edilmiş etirazın həll edilməsinə dair Yasamal Rayon Məhkəməsinin müraciətinə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “hərracın yekununa dair protokolun və qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsində işə baxılan zaman İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmənin bütün hakimlərinə etiraz verərək qeyd etmişdir ki, Yasamal Rayon Məhkəməsinin hakimi X1-Sultanova eyni məhkəmənin icraatında olan e-hazırki 2(004)-604/2024 saylı işdəki borclu Ramiz Sultanovun qızıdır. X2 Ramiz Sultanovun əmisi qızı idi. Beləliklə, borclu şəxsin qızı və mərhum tələbkarın əmisi oğlunun qızı eyni məhkəmədə hakimdir və eyni məhkəmənin başqa hakimi onun prosessual hüquqlarını, sübut etmə imkanlarını məhdudlaşdırır, açıq aşkar verilmiş ekspert rəyinin yalan olduğunu sübut etmək üçün ona yardım etməkdən imtina edir. Halbuki, belə yardım etmək məhkəmənin vəzifəsidir. Məhkəmənin bu cür davranışını hakimin öz həmkarının atasının mənafeyinin xeyrinə işi həll etməkdə maraqlı olması ilə izah edir. Əslində hazırki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılması yolverilməzdir, çünki istənilən hakimin öz həmkarının, iş yoldaşının atasının mənafeyi əleyhinə qərar qəbul etməkdə maraqlı olmamasına ciddi şübhələr vardır və həmin şübhələr tamamilə əsaslıdır. Qeyd edilən əsaslara görə mülki işin Yasamal Rayon Məhkəməsindən alınması və baxılması üçün Bakı şəhərinin başqa rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-604/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərardadı ilə hakim Kərim Xudayev iddiaçı tərəfindən verilmiş bütün məhkəmə tərkibinə etiraz ərizəsini baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə Kollegiyası iş materiallarını nəzərdən keçirərək bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsində hakim tərəfindən işə baxılmasına yol verilməməsinin, habelə hakimə etiraz etməyin əsasları müəyyən edilmişdir. Həmin normanın məzmunundan da aydın olur ki, hakimə etiraz yalnız onun baxdığı konkret işlə bağlı olmalıdır, başqa sözlə, yalnız işə baxan hakimə etiraz etmək mümkündür. Bundan başqa, yalnız qeyd edilən maddədə nəzərdə tutulmuş əsaslarla hakimə etiraz etmə mümkündür, yəni həmin normada nəzərdə tutulmamış hər hansı başqa əsaslarla hakimə etiraz edilə bilməz. Məcəllənin 21-ci maddəsi özü-özünə etiraz və ya etirazın yazılı formada, həm də işə mahiyyəti üzrə baxılmağa başlananadək verilməli olduğunu, etirazların sonradan edilməsinə isə, yalnız bunun əsaslarının işə baxılmasının sonrakı mərhələlərində bəlli olduğu halda yol verilir. Mülki Prosessual Məcəllənin 22-ci maddəsində edilmiş etirazların həll edilmə qaydası müəyyənləşdirilmişdir. Normanın tələbinə görə işə təkbaşına baxan hakimə edilmiş etiraz məsələsi məhkəmənin sədri tərəfindən həll edilir. Məhkəmədə işlərə kollegial baxıldığı zaman hakimlərdən birinə edilmiş etiraz, etiraz edilən hakimin iştirakı olmadan digər hakimlər tərəfindən həll edilir. Apellyasiya və ya kassasiya qaydasında işə baxan bir neçə hakimə və ya bütün məhkəmə tərkibinə edilən etiraz müvafiq məhkəmənin sədri tərəfindən həll edilir (maddə22.3). Etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edildikdə, bu halda etiraz baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir (maddə 22.5). Etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir (maddə 22.6). Hazırkı mülki işin materiallarından məlum olur ki, həmin mülki iş məhkəmənin sədrinin icraatında olmamışdır, başqa sözlə, məhkəmənin sədri işə baxan hakim deyildir, eyni zamanda o da məlumdur ki, Yasamal Rayon Məhkəməsi təktərkibli məhkəmə deyildir və həmin məhkəmədə birdən çox hakim fəaliyyət göstərir, demək ki, qanunun yuxarıda istinad olunan 22.5-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, həmin etiraz apellyasiya instansiya məhkəməsinə göndərilə bilməzdi. Yasamal Rayon Məhkəməsinin hakimi K.Xudayevin hazırkı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadından aydın olur ki, iddiaçı tərəf Yasamal Rayon Məhkəməsinin bütün hakimlərinə etiraz etməsinə əsaslanmış və etirazı həll edilməsi üçün apellyasiya instansiya məhkəməsinə göndərmiş, bu vaxt Mülki Prosessual Məcəllənin 23.2-ci maddəsinə istinad etmiş, bununla da prosessual hüquq normasının tətbiqi və təfsirində səhvə yol vermişdir. Belə ki, Mülki Prosessual Məcəllənin İİ Fəsli məhkəmə tərkibi və etirazlarla bağlı məsələləri tənzimləyir. Həmin Fəsildə yerləşən 17 və 18-ci maddələr məhkəmə tərkibi ilə bağlı məsələləri, 19-23-cü maddələr isə etirazla bağlı məsələləri tənzimləyir. Etirazla bağlı normaların təhlilindən bəlli olur ki, 19-cu maddə hakimə etirazın, 20-ci maddə isə ekspertə, mütəxəssisə, tərcüməçiyə və məhkəmə iclas katibinə etirazın əsaslarını, 21-ci maddə etirazın forması, əsaslandırılması, etirazın edilmə mərhələsi və təkrar etirazla bağlı məsələləri, 22-ci maddə edilmiş etirazların həll edilmə qaydasını, 23cü maddə isə etirazların təmin edilməsinin nəticələrini tənzimləyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə edilmiş № 363-VİQD nömrəli, 9 iyul 2021-ci il tarixli dəyişikliyə əsasən 23.2-ci maddədə məhkəmə“tərkibinə” sözü “hakimlərinə ayrı-ayrılıqda” sözləri ilə əvəz edilmişdir. Yuxarıda qeyd olunduğu kimi, Yasamal Rayon Məhkəməsi iddiaçı tərəfin birinci instansiya məhkəməsinin bütün hakimlərinə edilmiş etirazını həll edilməsi üçün apellyasiya instansiya məhkəməsinə göndərərkən Məcəllənin məhz 23-cü (23.2-ci) maddəsinə istinad etmişdir. Halbuki, həmin, yəni 23-cü maddə etirazın təmin edilməsinin nəticələri ilə bağlı, başqa sözlə, edilmiş etirazın həll edilməsindən, daha dəqiqi isə təmin edilməsindən sonrakı, yəni hakimin özü-özünə etirazı və yaxud ona edilmiş etiraz məhkəmənin sədri tərəfindən və yaxud da təktərkibli məhkəmənin hakiminin və ya məhkəmə sədrinin özüözünə etirazı və yaxud onlara edilmiş etirazın təmin edilməsindən sonra həmin mülki işin başqa hakimin və ya başqa məhkəmə tərkibinin və ya başqa məhkəmənin icraatına verilməsinə dair məsələləri tənzimləyir. Buna qədər isə həmin etirazın həll edilməsi zəruridir ki, bu məsələnin də tənzimlənməsi Məcəllənin məhz 22-ci maddəsində nəzərdə tutulmuşdur. Etirazların həll edilməsini tənzimləyən 22-ci maddədə isə birinci instansiya məhkəməsinin bütün tərkibinə etiraz edilməsi nəzərdə tutulmamışdır. Həmin normada bütün məhkəmə tərkibinə etiraz nəzərdə tutulsa da, lakin normadan da göründüyü kimi, bu, birinci instansiya məhkəmələrinə deyil, yalnız işlərə apellyasiya və kassasiya qaydasında baxan məhkəmələrə aiddir və dərhal da qeyd olunmalıdır ki, hətta bu instansiyalarda da bütün məhkəmə tərkibinə edilən etiraz dedikdə, qanun heç bir halda, apellyasiya və ya kassasiya məhkəməsinin bütün say tərkibini, yəni həmin məhkəmədə fəliyyət göstərən bütün hakimləri deyil, yalnız və yalnız konkret işə baxan məhkəmə kollegiyasına daxil olan hakimləri-bütünlüklə həmin məhkəmə tərkibini nəzərdə tutur. Demək ki, təhlil olunan normada nəzərdə tutulmuş bütün məhkəmə tərkibi anlayışı, qanuna görə kollegial qaydada işlərə baxan məhkəmə kollegiyasının tərkibinə daxil olan bütün hakimləri nəzərdə tutur və həm də bu qayda yalnız işlərə apellyasiya və kassasiya qaydasında baxan məhkəmələrə aiddir. Bununla belə, etirazın təmin edilməsinin nəticələrini tənzimləyən 23.2-ci maddədə etirazın təmin edilməsindən sonra apellyasiya instansiya məhkəməsi tərəfindən həmin işin başqa birinci instansiya məhkəməsinə verilməsi əsası kimi sadalanan hallar sırasında təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etirazla yanaşı, cümlənin təyin həmcins üzvü olaraq, həm də birinci instansiya məhkəməsinin bütün tərkibinə edilmiş etiraz da göstərilmişdir. Lakin həm qeyd olunan həmin normanın məqsəd və mənasından, həm də etirazla bağlı normaların müqayisəli təhlilindən aydın olur ki, orada etirazın təmin edildiyi subyektlər sırasında birinci instansiya məhkəməsinin bütün tərkibinin də göstərilməsi, qətiyyən birinci instansiya məhkəməsində fəaliyyət göstərən bütün hakimlərə etiraz edilməsinin mümkünlüyünü nəzərdə tutmur. Çünki artıq yuxarıda da qeyd olunduğu kimi etirazlarla bağlı bütün məhkəmə tərkibi anlayışı işlərə kollegial qaydada baxılan zaman məhkəmə kollegiyasına daxil olan bütün hakimlərə etiraz edilməsini nəzərdə tutur. Əks yanaşma tamamilə anlaşılmaz və qəti qəbulolunmazdır. Məsəl üçün, Bakı Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan birinci instansiya məhkəmələrinin bir neçəsində 10 və daha çox hakim fəliyyət göstərir. Məlum məsələdir ki, hər hakimin də icraatında çoxlu sayda mülki və sair işlərə baxılmaqdadır və o da bəllidir ki, bu hakimlər öz icraatlarında olan işləri öyrənir və həmin işlərlə bağlı müvafiq araşdırma aparmaq və qərar qəbul etmək səlahiyyətinə malikdir, eləcə də heç bir hakimin özünün icraatında olmayan işlə bağlı hər hansı qərar qəbul etmək səlahiyyəti yoxdur. Bundan başqa, o da məlum məsələdir ki, əksər hallarda hər hansı hakim həmin məhkəmədə fəliyyət göstərən digər hakimlərin, nəinki hansı işə baxmasından, ümumiyyətlə başqa hakimlərin icraatında hansı işin olmasından belə, tam məlumatsız olur. Kollegial qaydada işə baxan məhkəmə kollegiyasında baxılan iş üzrə hansı hakimin məruzəçi olmasından asılı olmayaraq, bütün hakimlərin bərabər səlahiyyətli olması və iş üzrə istənilən qərarın qəbulunda bilavasitə iştirak etməsindən fərqli olaraq, çoxtərkibli birinci instansiya məhkəmələrində fəliyyət göstərən və həmin işə baxmayan və həmin işdən hər hansı məlumatı olmayan hakimə (və ya hakimlərə) etiraz edilməsinin mümkünlüyünü qəbul etmək, mülki mühakimə icraatının əsas prinsiplərindən birini təmin edən etiraz institunun özünün məqsəd və mahiyyətinə ziddir. Bu səbəbdən də kollegiya, qeyd edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən bütün məhkəmə hakimlərinə verilmiş etiraz həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə deyil, işə baxan hakim tərəfindən baxılmadan geri qaytarılmalı idi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə… hüquq normasının nə qədər aydın ifadə edilməsindən asılı olmayaraq, məhkəmə təfsirinin qaçılmaz elementi vardır. Şübhə doğuran məsələlərin aydınlaşdırılması və dəyişən hallara adaptasiya üçün daim zərurət olacaq. Əslində, məhkəmə hüquqyaradıcılığı vasitəsilə …qanunun proqress inkişafı …hüquqi ənənənin möhkəmlənmiş və zəruri hissəsidir. Nəticənin ağlabatan şəkildə gözlənilən olmasının məhkəmə təfsiri vasitəsilə işdən-işə ardıcıl aydınlaşdırılması mümkündür. (Bax:Moiseyev Rusiyaya qarşı iş, xx.xx.2009-cu il,62936/00, §234) Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, qanunun aydın olması yalnız onun mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Məhkəmə qeyd etmişdir ki, bir çox anlayışlar, o cümlədən də mülki hüquq və vəzifələr müstəqil anlayışlardır və cavabdeh dövlətin daxili qanunvericiliyinə istinadən şərh edilə bilməz. (Bax:Ringeyzen Avstriyaya qarşı 07 iyul 1971 il tarixli iş, §94 və Köniq Almaniya F. Respublikasına qarşı 28 iyun 1978-ci il tarixl iş, §88) Qeyd edilənlərdən belə aydın olur ki, birinci instansiya məhkəməsinin istinad etdiyi normanın etirazla bağlı digər normalarla birlikdə müqayisəli təhlilinə və təfsirinə ehtiyac vardır. Məhz bu cür təhlil və təfsir həmin normada işlədilən birinci instansiya məhkəməsinin bütün tərkibinə təyini söz birləşməsinin həqiqi mahiyyətinin aydınlaşdırılmasını təmin edə bilər. Bir qədər öncə etirazla bağlı normaların müqayisəli təhlili ilə müəyyən olunmuşdur ki, Məcəllənin 23-cü maddəsi bütünlüklə etirazın təmin edilməsindən sonrakı məsələlərin tənzimlənməsinə aiddir. Bu faktın özü aşkar şəkildə həmin normada, zahirən dolaşıq görünən məsələyə müəyyən aydınlıq gətirir. Bununla yanaşı, orada birinci instansiya məhkəməsinin bütün tərkibinə təyini söz birləşməsinin işlədilməsi həmin söz birləşməsinin özünün ayrılıqda təfsir edilməsini zəruri edir. Nə qədər ki, özü-özünə etiraz və etirazın əsasları, etirazların edilmə forması, qaydası, mərhələsi və onların baxılmamış saxlanılması, habelə edilmiş (bura həm də kimə və kimlərə etiraz edilməsinin mümkünlüyü də daxildir) etirazların həll edilmə qaydası Məcəllənin 19-22-ci maddələri ilə tənzimlənir, onda, edilmiş etirazların təmin edilməsindən sonrakı məsələləri tənzimləyən 23-cü maddədə işlədilmiş birinci instansiya məhkəməsinin bütün tərkibinə edilmiş etiraz anlayışının tamamilə başqa anlam daşıdığı məlum olur. Başqa sözlə, bu, çoxtərkibli birinci instansiya məhkəməsində fəaliyyət göstərən hakimlərin hər birinə ayrı-ayrılıqda Məcəllənin 19-22-ci maddələrində nəzərdə tutulmuş qaydada edilmiş etirazların təmin edilməsindən sonrakı vəziyyəti, yəni həmin birinci instansiya məhkəməsində həmin işə baxılmasının qeyri-mümkünlüyünü, başqa sözlə, həmin birinci instansiya məhkəməsinin bütün tərkibini ehtiva edən ayrı-ayrılıqda bütün hakimlərinə edilmiş etirazın təmin edilməsinin nəticələrini nəzərdə tutur. Məsələn, birinci instansiya məhkəməsində 4 (dörd) hakim fəliyyət göstərir, və konkret iş hakimlərdən birinin icraatına verilmişdir. İşə baxılması zamanı iddiaçı tərəfindən işə baxan hakimə, onun əvvəllər cavabdehin nümayəndəsi və vəkili olması (Məcəllənin 19.2.1-ci maddəsinə istinadən) əsasına görə edilmiş etiraz məhkəmənin sədri tərəfindən (Məcəllənin 22.2-ci maddəsinə istinadən) təmin edilərək, həmin iş baxılması üçün məhkəmənin başqa hakiminin icraatına verilir. Həmin iş başqa hakimin icraatına verildikdən sonra cavabdeh, həmin hakimin başqa məhkəmədə fəaliyyət göstərdiyi vaxt onun barəsində çıxartdığı ittiham hökmünün apellyasiya qaydasında ləğv edilərək bəraətverici əsaslarla icraata xitam verilməsini əsas gətirərək (Məcəllənin 19.2.3-cü maddəsinə istinadən) həmin hakimə etdiyi etiraz da məhkəmənin sədri tərəfindən (Məcəllənin 22.2-ci maddəsinə istinadən) təmin edilmişdir. Məhkəmədə fəaliyyət göstərən digər (3-cü) hakim uzunmüddətli analıq məzuniyyətində olduğundan, məhkəmənin sədri ikinci hakimə edilmiş etirazı təmin etdikdən sonra həmin mülki işi (Məcəllənin 23.1-ci maddəsinin tələbinə əsasən) öz icraatına götürür. Məhkəmənin sədri tərəfindən həmin işə baxılması zamanı iddiaçının vəsatətinə əsasən başqa cavabdehin işə cəlb edilməsi zərurəti yaranır. Məlum olur ki, işə cəlb edilən başqa cavabdeh məhkəmə sədrinin qohumudur. Bundan sonra məhkəmənin sədri (Məcəllənin 19.2.2-ci maddəsinə istinadən) özü-özünə etiraz edir. Məcəllənin 22.5-ci maddəsinin tələbinə görə isə, birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinin özü-özünə etirazı və ya ona edilmiş etirazın həll edilməsi apelyasiya məhkəməsinin səlahiyyətinə aiddir. Həmin mülki işə baxan məhkəmə sədrinin özü-özünə etirazı apellyasiya məhkəməsi tərəfindən təmin edilir. Bundan sonra, həmin mülki işin sonrakı hərəkəti barədə qərar verilərkən məlum olur ki, həmin birinci instansiya məhkəməsində bu işə baxılması qeyri-mümkündür, o səbəbdən ki, orada fəliyyət göstərən hakimlərin hamısına, daha dəqiqi isə ayrı-ayrılıqda onların hər birinə edilmiş etiraz təmin edildiyindən (Məcəllənin 23.2-ci maddəsinə istinadən) həmin mülki iş baxılması üçün başqa birinci instansiya məhkəməsinə verilməlidir. Bununla da aydın olur ki, təhlil olunan 23.2-ci maddə əslində yuxarıda şərh olunan vəziyyəti nəzərdə tutduğu halda, lakin normada həmin vəziyyət bir qədər fərqli şəkildə birinci instansiya məhkəməsinin bütün tərkibinə edilmiş etiraz formasında ifadə edilmişdir. Bundan başqa, və əsas olaraq rayon məhkəməsi nəzərə almamışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə edilmiş № 363-VİQD nömrəli, 9 iyul 2021-ci il tarixli dəyişikliyə əsasən 23.2-ci maddədə məhkəmə“tərkibinə” sözü “hakimlərinə ayrı-ayrılıqda” sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırkı mülki iş üzrə edilmiş etirazla bağlı məsələyə münasibət bildirərkən prosessual qanunun etirazlara dair məsələləri tənzimləyən normaları ayırd edə bilməmiş, qanuna edilmiş sonuncu dəyişikliyi nəzərə almamış və bunun da nəticəsində prosessual qanunvericiliyə uyğun olmayan qərardad qəbul etmişdir. Bütün qeyd edilənlərə əsasən, Məhkəmə Kollegiyası xüsusi olaraq qeyd edir ki, hazırda iş üzrə iddiaçının nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsinin bütün hakimlərinə edilmiş etirazın həll edilməsi üçün onun Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının qanuni və əsaslılığını yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263.2-ci maddəsinə görə məhkəmə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda qərardad çıxarır. Belə olan halda məlum olur ki, Yasamal Rayon Məhkəməsinin hazırkı mülki iş üzrə iddiaçının nümayəndəsi tərəfindən bütün məhkəmə tərkibinə edilmiş etirazı həll edilməsi üçün işin apellyasiya məhkəməsinə göndərməsi barədə çıxartdığı xx.xx.2024-cü il tarixli qərardad prosessual qanunda nəzərdə tutulmadığından, həmin qərardad qanunsuzdur. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiya məhkəməsi, hər bir halda birinci instansiya tərəfindən maddi və prosessual normalara riayət edilməsini yoxlayır. Beləliklə də, Məhkəmə Kollegiyası hesab edir ki, Yasamal Rayon Məhkəməsinin hazırkı mülki iş üzrə iddiaçı tərəfin bütün məhkəmə hakimlərinə edilmiş etirazın həll edilməsi üçün apellyasiya məhkəməsinə göndərməsi barədə çıxartdığı 2(004)-604/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərardadı ləğv edilməli, etirazın baxılmadan geri qaytarılması və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-23 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Yasamal Rayon Məhkəməsinin 2(004)-604/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərardadı ləğv edilsin, etirazın baxılmadan geri qaytarılması və mülki iş mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün həmin məhkəməyə qaytarılsın . Qərardad qətidir, ondan şikayət verilməsi nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №e-2(103)-4602/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-4602/2024
11.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver