Məhkəmə qərarları › İş №e-2(110)-1200/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1200/2025

06.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1200/2025 06.03.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi tələbi” barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş ziyana görə 1700 (bir min yeddi yüz) manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37 (otuz) manat məbləğində pulun tutularaq onaverilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində “Nissan March” markalı, tünd albalı metallik rəngli **-CG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin ona məxsus olduğunu, xx.xx.2025-ci il tarixində Xırdalan şəhəri, Emil şadlıq evinin yanında yerləşən doğum evindən çıxıb, özünə məxsus **-CG- *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib, hərəkətə düşmək istəyən zaman tanımadığı şəxs Chevrolet Cobalt markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısını kəsdiyini, həmin şəxsdən yol verməsini xahiş edən zaman isə ona yol vermədiyini və avtomobilini söndürüb, elə oradaca dayandığını görmüş, həmin şəxsə iradını bildirdikdə isə şəxsin avtomobildən enib, yanındakı xanımla birlikdə onu təhqir etməyə və əlindəki çəliklə maşının tavan və ön hissəsinə zərbələr endirməyə başlamış və nəticədə avtomobilinə ciddi ziyan dəymişdir. Bundan sonra mən Daxili İşlər Nazirlyi Abşeron rayon Polis idarəsinə şikayət edərək hadisə barədə məlumat vermiş, şikayəti Abşeron rayon Polis idarəsində araşdırılmış və cavabdeh barəsində 18 iyul 2025-ci il tarixli MN ******* nömrəli qərar ilə Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda avtomobilinə dəymiş maddi ziyanın məbləğinin müəyən edilməsi üçün xx.xx.2025-ci il tarixli qüsur aktı tərtib edilmiş, ona məxsus avtomobildə bufer təmiri 150 manat, rəngsaz 200 manat, damın təmiri 300 manat, damın rənglənməsi 400 manat, arxa baqaj təmiri 300 manat, arxa baqaj rənglənməsi 350 manat olmaqla, cəmi 1700 manat xərcin olduğu təsdiq edilmişdir. Bundan sonra Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Mütəllim Məhərrəmov tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərəfindən cavabdehin qeyri-qanuni hərəkəti nəticəsində avtomobilinə vurduğu ziyan sübuta yetmiş və Cavabdeh barəsində Abşeron rayon məhkəməsinin İş № 3(012)-1646/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək vurulmuş ziyanın bir misli məbləğində, yəni 1050 (min əlli) manat məbləğində inzibati cərimə tətbiq edilməsi qərara alınmışdır. Qeyd edilən ziyanı öz hesabına aradan qaldırmağa maddi imkanı yoxdur. Hadisədən sonra cavabdehlə dəfələrlə əlaqə saxlayaraq vurulmuş ziyanın ödənilməsini tələb etsə də o, müxtəlif bəhanələrlə bundan yayınmışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərə məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı X1 məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq ərizəsində Cavabdeh qarşı pul tələbinə dair e- 2(110)-1200/2025 saylı mülki iş olduğunu, həmin mülki iş üzrə məhkəmənin hazırlıq iclası 23 yanvar 2026-cı il tarixə saat 11:30-a təyin edildiyini, onun Abşeron rayonu Xırdalan şəhərində yaşadığını və işi ilə əlaqədar olaraq məhkəmənin iclasında iştirak edə bilməyəcəyini, odur ki, məhkəmənin hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsini hörmətli məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarında olan sübutları məcmu halında, tam, hərtərəfli və əlaqəli şəkildə tədqiq edərək, obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Hazır kı halda iddiaçı dəymiş 1700 manat zərərin əvəzinin onun xeyrinə ödənilməsininə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquq məsuliyyətə səbəb olmalıdır. Hüquq məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Əsas elementlərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının əmlakına ziyan vurulması sübutlarla öz təsdiqini tapır, lakin cavabdeh iddiaçıya vurduğu ziyanın ödənilməsi ilə bağlı öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşməsi prınsipi rəhbər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə cavabdehin iddiaçıya məxsus “Nissan March” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə əlindəki çəliklə maşının tavan və ön hissəsinə zərbələr endirməyə başlamış və nəticədə avtomobilə ciddi ziyan dəymişdir. Abşeron rayon məhkəməsinin İş № 3(012)-1646/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək vurulmuş ziyanın bir misli məbləğində, yəni 1050 (min əlli) manat məbləğində inzibati cərimə tətbiq edilməsi qərara alınmışdır. İddiaçı tərəfindən təqdim edilmiş qüsur aktıında isə 1700 manat zərərin vurulması qeyd edilir. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində cavabdehin əlindəki çəliklə maşının tavan və ön hissəsinə zərbələr endirməyə başlaması qeyd edilir, qüsur aktında isə avtomobilin arxa baqaj hissəsinin təmiri və rənglənməsinə görə müəyyən edilən məbləğ əks olunsa da bu hissəyə vurulan ziyan sübuta yetirilmir. Məhkəmə Abşeron rayon Məhkəməsinin İş № 3(012)-1646/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə ziyanın məbləğinin 1050 manat olmasını mötəbər sübut kimi nəzərə alaraq onun preyudisiallığına diqqət yetirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinini 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən isə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan respublikası Konstitusiya Məhkəməsi Pelnumunun qərarında qeyd edilir ki, Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh İddiaçı məxsus avtomobilə vurulmuş zərərə görə 1050 (bir min əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ödənilmiş 37 manat dövlət rüsumunun 14.15 manat iddiaçıya aid edilməli, qalan 22.85 manat isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus “Nissan March” markalı, tünd albalı metallik rəngli **-CG-*** dövlət qeydiyyat nişanlı minik markalı avtomobilə vurulmuş zərərə görə 1050 (bir min əlli) manat məbləğində borc pul və 22.85 (iyirmi iki manat səksən beş qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar