Məhkəmə qərarları › İş №e-2(110)-127/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-127/2025

25.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-127/2025 25.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X9 Elmar oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi-Vəkil3 oğlunun, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona dəymiş olan 30000 (otuz min) manat ziyanın Cavabdeh1, X4 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlərin rəhbərlik etdiyi "xxxx" MMC-də “Laçın” Ticarət Mərkəzində usta kimi çalışmış, iş prosesində cavabdehlərin göstərişi ilə bütün avadanlıqlarla birlikdə Nərimanov rayonu ərazisində yerləşən “Şərq bazarı”na köçürülmüşdür. O, köçürülmə zamanı ona həvalə olunmuş dəyəri 38.000 manat olan qızılı (xam malı) dəzgahın alt bölməsində saxlamış, lakin köçürülmə bitdikdən sonra həmin qızılın itməsi aşkar edilmişdir. İddiaçının bildirdiyinə görə, o, itkinin kim tərəfindən törədildiyini müəyyən etmək üçün kamera görüntülərinə baxmaq istəmiş, lakin cavabdehlər buna mane olmuşlar. “Şərq bazarı” ərazisində yerləşən sexdə kamera olmadığından, dəzgahın alt bölməsini sonuncu dəfə kimin açdığı məlum olmamışdır. İddiaçı hadisə barədə polisə müraciət edəcəyini bildirdikdə, cavabdehlər onu bu addımdan çəkindirmiş, əksinə, itmiş qızılın dəyərini ondan tələb etmiş, onu hədələyərək 38.000 manat ödəməyə məcbur etmişlər. İddiaçının dediyinə görə, cavabdehlər tərəfindən ona psixoloji təzyiq göstərilərək **- UN-*** dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı BMW markalı avtomobilini təhvil verməyə məcbur edilmiş, Cavabdeh2 onu notariat ofisinə apararaq həmin avtomobilə dair mülki etibarnamə almışdır. Cavabdehlərin geniş maddi imkanlara malik olduqlarını və ona qarşı təhdidlər irəli sürdüklərini nəzərə alaraq, iddiaçı iş yerini itirməmək məqsədilə 30.000 manat məbləğində pulu da onlara verməyə razılaşmış, pulu ödədikdən sonra avtomobilini cavabdehlərdən istəmiş, lakin cavabdehlər onun avtomobilini geri qaytarmaqdan imtina etmişlər. Bundan sonra o, avtomobilinin hədə-qorxu ilə ondan alınması ilə bağlı polisə müraciət etmiş, Nərimanov Rayon Polis İdarəsində aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən avtomobil “Turbo.az” saytında satışa çıxarılmış və cavabdeh Cəfərov Çingiz tərəfindən 20.000 manata satılmışdır. Cəfərov Çingiz polis idarəsində avtomobilin satış məbləğini ona ödəmiş, nəticədə avtomobilə dair mübahisə aradan qalxmışdır. Lakin cavabdehlər tərəfindən ondan alınmış 30.000 manat məbləğində pulun geri qaytarılması təmin edilməmişdir. İddiaçı qeyd etmişdir ki, cavabdehlərin ondan hədə-qorxu və təzyiq altında 30.000 manat alması faktını şahidlər-X5 və X6 təsdiq edə bilərlər. İşin məhkəmədə baxılması zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil3 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh X4 ilə iddiaçı arasında razılıq əldə olunmuş, bu səbəbdən də iddiaçı həmin cavabdehə qarşı tələbindən imtina edir. Bu səbəbdən məhkəmə tərəfindən işə dəqiqləşdirilmiş tələblər çərçivəsində-ona dəymiş 30.000 manat məbləğində maddi ziyanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması tələbi üzrə baxılması məhkəmədən xahiş olunmuşdur. Şərur Rayon Məhkəməsinin Məhkəməsinin protokol qaydasında qəbul etdiyi qərardadı ilə işə dəyişdirilmiş iddia tələbləri hüdudunda baxılması qərara alınmışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil3 izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, iddiaçının avtomobilinin cavabdehlər tərəfindən mənimsənilərək, satıldığını, sonradan ondan 30000 manat aldıqdan sonra avtomobilin satışından əldə etdikləri pulu ona qaytardıqlarını, iddiaçının qızıldan xəbəri olmadığını, kimin tərəfindən götürüldüyünü də bilmədiyini, itmiş qızılların "xxxx" MMC-nin rəhbərinin X4 olduğunu, iddiaçının avtomobilinin onun əlindən cavbdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən alındığını bildirərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia predmenti olan 30000 manat pulun konkret hansı cavabdehə verməsi ilə bağlı hakimin sualını cavablandıra bilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 verdiyi izahatında iddianı qəbul etmədiyini, qızılın Şadətə təhvil verildiyini, qızılı makinanın alt gözündə saxladığını onun özünün də etiraf etdiyini, avtomobilin pulunun qaytarıldığını, bunula bağlı mübahisəsi olmadığını, sadəcə itmiş qızıla görə ödədiyi pulu tələb etdiyini bildirir. Müdafiə tərəfi hesab edirlər ki, iddiaçı ümumi dəyəri 38000 manat olan itirilmiş qızılların əvəzində cavabdehlərə 30000 manat ödəməklə həmin qızılların onda olmasını öz hərəkətləri ilə etiraf etmiş, əgər iddiaçının bununla bağlı etirazı var idisə, o, niyə polisə bu barədə şikayət etməmişdir. Polisə verdiyi şikayəti yalnız avtomobilin əlindən alınması ilə bağlı olmuşdur. Həmçinin iddiaçının cavabdehlərdən 30000 manat pulu tələb etməsi ilə bağlı hər hansı bir sübutunun olmadığını bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Müvafiq məhkəmə tapşırığı əsasında Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində şahid qismində dindirilmiş X6 verdiyi sərbəst ifadəsində bildirmişdir ki, İddiaçı onun qızının əridir, cavabdehləri isə yalnız bir dəfə görmüşdür. Onlara qarşı hər hansı qərəzli mövqeyi, düşmənçiliyi yoxdur. Bundan əlavə qızının ərinin cavabdehlərlə işlədiyini, İddiaçı cavabdehlər ilə birlikdə işləyən zaman müəsisənin köçə-köç vaxtı cavabdehlərə məxsus 38000 manat dəyərində məhsul yoxa çıxmışdır. Həmin məhsul Şəadət Məmmədovun cavabdehliyində olduğundan, cavabdehlər məhsulun dəyərini İddiaçı tələb etmişdirlər. Və pulu ödəyənə qədər İddiaçı avtomobilini aralarında olan şifahi razılaşmaya əsasən etibarnamə verməklə girov kimi saxlamışdırlar. Eyni zamanda şahid bildirmişdir ki, həmin məhsulun itdiyi yerdə görüntü kamerası olduğundan İddiaçı polisə müraciət edilərək həmin kameralar baxılmasını tələb etsədə, cavabdehlər bundan imtina etmişdir. Lakin bildirmişdir ki, əgər məhsul tapılarsa onun pulunu cavabdehlər tərəfindən qaytaracağlarına söz vermişdirlər. Bundan sonra İddiaçı 30.000 manat məbləğində kredit götürərək cavabdehlərə vermişdir, lakin cavabdehlər avtomobili qaytarmaqdan imtina etmişdirlər. Bundan sonra cavabdehlər İddiaçı adamları ilə görüşməyi təklif etmişdirlər, bu məqsəd ilə o, Şadətin əmisi və Şadət olmaqla və cavabdehlər 8-ci km ərazisi deyilən yerdə görüşmüşdürlər. Həmin görüşdə onlar cavabdehlərdən maşını qaytarmasını, həmçinin video kamera üzrə görüntüləri çıxarılmasını tələb etmişdirlər lakin cavabdehlər bundan imtina etmişdirlər. Bundan sonra onlar polisə müraciət etmişdirlər. Polisə çağrılan zaman məlum olmuşdur ki, cavabdehlər iddiaçıya məxsus avtomobili 28000 manata satmışdırlar. Həmin pulun 8000 manat olan hissəsini cavabdehlər götürmüş, 20000 manat olan hissəsini isə İddiaçı qaytarmışdırlar. Müvafiq məhkəmə tapşırığı əsasında Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində şahid qismində dindirilmiş X5 verdiyi sərbəst ifadəsində bildirmişdir ki, İddiaçı onun qardaşı oğludur, cavabdehləri isə İddiaçı iş yoldaşları kimi tanıyır. Onlara qarşı hər hansı qərəzli mövqeyi, düşmənçiliyi yoxdur. Qardaşı oğlunun işlədiyi yerdə 38000 manat dəyərində qızıl itdiyindən və həmin qızıl qardaşı oğlu tərəfindən istehsal etməli olduğundan həmin qızıl itən zaman qardaşı oğlunda olmuşdur. Buna görədə cavabdehlər həmin pulu İddiaçı tələb etmiş, şifahi razılağa əsasən isə qardaşı oğlunun avtomobilini etibarnamə alaraq girov götrmüşdürlər. Bundan sonra İddiaçı bankdan 30000 manat məbləğində pulu kredit götürərək cavabdehlərə ödəmiş olsada, cavabdehlə avtomobili İddiaçı geri qaytarmamışdır. Sonradan cavabdehlərin etibarnamədən istifadə edərək avtomobili başqa bir şəxsə satmış olduğlarını öyrənmişdirlər. Əslində o, iddiaçıya cavabdehlərə pul ödəməməyi məsləhət görmüşdür, beləki, qızılın oğurlandığı yerdə kamera görüntülərə baxılmış, qızılın qardaşı oğluna verildiyini kamera görüntüsündə olsa da, qızılın oğurlanması kamera görüntülərinə düşməmişdir. İddiaçı tərəf cavabdehlərin maşının qaytarılmadığını gördükdə polisə müraciət etmiş, polisdə müəyyən edilmişdir ki, cavabdelər 40.000 manat qiyməti olan avtomobili 28.000 manata satmış, 8000 manatı hissəsi özlərinə götürmüş, 20.000 manat olan hissəni isə iddiaçıya qaytarmışdırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdehlərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Savalan yaşayış massivində yaşayan İddiaçı ərizə ilə Nərimanov rayon Polis İdarəsinə müraciət edərək göstərmişdir ki, Cavabdeh1, X4 və Cavabdeh2 ona hədə-qorxu gələrək itmiş qızıl-zinət əşyalarının əvəzinə 28000 manat dəyərində "BMW" markalı avtomobilini Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsində yerləşən “Şərq Bazarı"nın qarşısında ələ keçirmiş və həmin avtomobilə görə Cavabdeh2 mülki etibarnamə vermişdir. Material üzrə izahatı alınmış İddiaçı göstərmişdir ki, xeyli müddətdir ki, X4, Cavabdeh1 və Cavabdeh2 tanıyır. Həmin şəxslərlə qohumluq münasibəti olmasa da, ədavət və düşmənçiliyi də olmamışdır. Təxminən beş ildir ki, Çingiz, Araz və Cavad adlı şəxslərin işlədikləri Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Laçın” Ticarət Mərkəzinin üçüncü mərtəbəsindəki sexdə qızıl-zinət əşyalarının əridilməsi ilə, Çingiz, Araz və Cavad adlı şəxslər isə qızıl-zinət əşyalarının hazırlanması, alqı-satqısı ilə məşğul olmuşlar. 15 iyul 2024-cü il tarixdə Çingiz, Araz və Cavad adlı şəxslər ona işlədiyi sexdə olan qızılların yerində olmamasını bildirmiş, onlara demişdir ki, ola bilər ki, qızıllar itmişdir və ona görə də polisə müraciət etsinlər. Bundan sonra belə razılaşmışlar ki, itmiş qızılların əvəzinə özünə məxsus BMW markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə etibarnamə versin, pulu qaytaranda avtomobili təhvil alar. Ona görə de Nərimanov rayonu ərazisində fəaliyyət göstərən notariat ofisində Cavabdeh2 adına mülki etibarnamə vermiş, bundan sonra təxminən bir ay ərzində qızılların pulunu adlarını yuxarıda qeyd etdiyi şəxslərə qaytarmış, həmin şəxslərlə razılığa gəlmişlər ki, ona dəymiş ziyanı ödəyəcəklər. Ona görə də hazırda həmin şəxslərdən şikayət və tələbi yoxdur. Material üzrə izahatı alınmış X4 göstərmişdir ki. təxminən beş ildir ki, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Laçın" Ticarət Mərkəzinin üçüncü mərtəbəsindəki sexdə qızıl-zinət əşyalarının hazırlanması, alqı-satqısı ilə məşğul olur. Əmisi oğlu Cavabdeh1 və bibisi oğlu Cavabdeh2 ona işlərində kömək edir və buna görə onlara zəhmət haqqı kimi pul verir. İddiaçı isə qızıl-zinət əşyalarının əridilməsi ilə məşğul olur və ona da əmək haqqı verir. 2024-cü ilin təxminən iyul ayının ortalarında məlum olmuşdur ki, İddiaçı, sexdə olan 38000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamışdır. Bu barədə İddiaçı dedikdə o, bildirmişdir ki, həmin qızıl-zinət əşyalarını təhvil verməmişdirsə, deməli həmin pul onun tərəfindən ödəniləcəkdir. Həmin vaxtlarda Şadət bildirmişdir ki, hazırda pulu yoxdur, özünə məxsus BMW markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə etibarnamə verir, pulu qaytaranda avtomobili təhvil alacaqdır. Etiraz etməmiş və Şadət. Nərimanov rayonu ərazisində fəaliyyət göstərən notariat ofisində bibisi oğlu Cavabdeh2 adına mülki etibarnəmə vermişdir. Bundan sonra təxminən bir ay ərzində İddiaçı hissə-hissə olmaqla 30000 manat pul qaytarmış, həmin vaxtlarda məlum olmuşdur ki, İddiaçı bundan başqa da işlədikləri sexdən qızıl-zinət əşyaları oğurlamışdır. Bu barədə Şadətə dedikdə sonuncu bunları etiraf etməmiş, buna baxmayaraq Şadətin etibarnamə ilə vermiş olduğu BMW markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobili "Turbo.az" saytına elan yerləşdirməklə tanımadığı şəxsə 26000 manata satmışdır. Material üzrə izahatı alınmış Cavabdeh1 və Cavabdeh2 eyni məzmunlu izahatlar verərək, X1 göstərdiyi xüsusatları təsdiq etmişlər. Materiala əlavə edilmiş qəbzin surəțindən görünür ki, X4 tərəfindən İddiaçı dəymiş ziyan bütövlükdə ona qaytarılmışdır və ona görə də İddiaçı heç kimdən şikayət və tələbi yoxdur. Beləliklə, aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, İddiaçı özünə məxsus BMW markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə Cavabdeh2 adına etibarnamə vermiş, sonuncu tərəfindən həmin avtomobil "Turbo.az" saytına elan yerləşdirməklə satılmış, lakin sonradan İddiaçı dəymiş ziyan bütövlükdə ona qaytarılmışdır və ona görə də İddiaçı heç kimdən şikayət və tələbi yoxdur. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını, şahid ifadələrini və təqdim olunmuş yazılı sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, iddiaçı cavabdehlərin rəhbərlik etdiyi "xxxx" MMC-də usta kimi çalışmış, həmin MMC-nin faktiki rəhbəri və mülkiyyətçisi X4 olmuşdur. İş prosesində MMC-yə məxsus 38.000 manat dəyərində qızıl xammalı itib və bu səbəbdən iddiaçı, öz izahatına əsasən, həmin zərərin əvəzi kimi mülkiyyətçiyə – X3 30.000 manat məbləğində vəsait ödəmişdir. Məhkəmə müəyyən etmişdir ki, "xxxx" MMC-nin istehsal və idarəetmə fəaliyyətinə rəhbərlik edən şəxs məhz X4 olmuş, digər cavabdehlər – Cavabdeh1 və Cavabdeh2 isə sadəcə həmin MMC-də işləyən şəxslər olmuşlar. İtmiş qızılın mülkiyyətçisi MMC və onun sahibi olduğundan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, zərər yalnız hüquqla müdafiə edilən şəxsə – yəni mülkiyyətçiyə vurulmuş hesab edilə bilər. Bu baxımdan, əgər işçi tərəfindən mülkiyyətçiyə məxsus əmlaka zərər vurulmuşdursa, belə zərər yalnız mülkiyyətçiyə ödənilməlidir; digər işçilərə və ya üçüncü şəxslərə qarşı bu məbləğin ödənilməsi hüquqi cəhətdən mümkün deyil. İş materiallarından və şahid ifadələrindən göründüyü kimi, iddiaçı tərəfindən ödənilən 30.000 manat məbləğində pul məhz MMC-nin sahibi X3 verilmişdir. Bu isə o deməkdir ki, iddiaçı zərəri birbaşa zərərçəkənə – mülkiyyətçiyə ödəməklə öz öhdəliyini icra etmişdir. Belə olan halda, iddiaçının həmin məbləği digər işçilər – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməsi hüquqi əsasa malik deyil. Çünki bu şəxslər iddiaçı ilə eyni səviyyədə əmək münasibətlərində olan işçilər olmuş, nə mülkiyyətçi, nə də hüquqi varis statusuna malik deyildirlər. Onların zərərçəkən və ya varlanmış şəxs kimi qəbul edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Beləliklə, iddiaçının 30.000 manat məbləğində pulu işçilər deyil, məhz MMC-nin sahibi X3 verməsi müəyyən edilmişdir. Bu hal onun hüquqi münasibətinin yalnız mülkiyyətçi ilə mövcud olduğunu göstərir. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçı məhkəmə baxışı dövründə cavabdeh X4 ilə razılıq əldə etmiş və ona qarşı verdiyi iddiadan imtina etmişdir. Bu isə o deməkdir ki, iddiaçı zərərin ödənilməsi ilə bağlı əsas subyektlə – mülkiyyətçi ilə münasibətini tənzimləyərək mübahisəni aradan qaldırmış, nəticədə iddia predmeti tamamilə aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.5-ci maddəsinə əsasən, əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşdursa, onun əvəzinin ödənilməsindən imtina edilə bilər. Bu işdə iddiaçı özü etiraf edir ki, 30.000 manat pulu könüllü şəkildə, qarşı tərəfə dəymiş ziyanın əvəzində, öz razılığı ilə vermişdir. İş materiallarında iddiaçının bu məbləği “hədə-qorxu” və ya “məcburiyyət” altında verdiyini təsdiqləyən heç bir obyektiv sübut yoxdur. Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarını əsaslandıran halları sübut etməyə borcludur. İddiaçı tərəf cavabdehlərin onunla hüquqi münasibət qurduğunu, ondan pul aldığını və ya onların əsassız varlanmasını təsdiqləyən hər hansı dəlil təqdim etməmişdir. Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinə əsasən, “əsassız varlanma” yalnız o halda mövcuddur ki, əmlak başqa şəxsin hesabına qanunsuz və hüquqi əsas olmadan əldə edilsin. Halbuki, bu işdə pulun verilməsi qanuni əsasla – yəni mülkiyyətçiyə vurulmuş zərərin könüllü ödənilməsi şəklində həyata keçirilmişdir. Buna görə də cavabdehlərin varlanması (əgər ümumiyyətlə belə hal olubsa) əsassız varlanma kimi qiymətləndirilə bilməz. İş materiallarında cavabdehlər tərəfindən iddiaçıya qarşı zərər vurulması, onun pulunun ələ keçirilməsi və ya qeyri-qanuni hərəkətlərin edilməsi halları sübuta yetirilməmişdir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək yekunda aşağıdakı nəticəyə gəlir: - İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası rədd edilməli; -Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 180 (bir yüz səksən) manat məbləğində dövlət rüsumu iddiaçını özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 180 (bir yüz səksən) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: A

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar