Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-24/2023 30.01.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi İddiaçının vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul, maddi və mənəvi zərərin ödənilməsi və əldən çıxmış fayda tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı X8 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 42700 manat pulun, 5000 manat əldən çıxmış faydanın, ödənilən 240 manat dövlt rüsumunun, hüquqi yardıma görə ödədiyi 110 manatın, mənəvi zərərə görə isə 2000 manatın alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçı X8 iddia ərizəsində Cavabdeh onun qonşusu olduğunu, Cavabdehla qonşu olduğundan onunla yaxşı münasibətləri və bir-birinə etibarları olduğunu, onun, qonşusu Cavabdeh Sədərək ticarət mərkəzində işlədiyini bildiyindən Cavabdeh 2019-cu ilin avqustun sonunda ona biznesdə şəriklik təklifinə inandığını və ilk dəfə xx.xx.2019-cu ildə 6500 manat, iki gün sonra 4000 manat, ondan iki həftə sonra 3500 manat, 09 oktyabrda 5000 manat, 20 oktyabrda 1200 manat, 19 noyabrda 5000, 11 dekabrda 2000 manat, 22 dekabrda 5000 manat, xx.xx.2022-ci ildə 5500 manat, xx.xx.2022-ci ildə 3000 manat, xx.xx.2022-ci ildə isə 2000 manat olmaqla cəmi 42700 manat ona (hər verdiyi məbləği aldığına dair imza etməklə. Həmin əlyazmanı iddia ərizəmə əlavə edirəm) pul verdiyini, Belə ki, Cavabdeh Sədərək ticarət mərkəzində işlədiyini və Türkiyədən geyim əşyaları gətirərək satdığını, o işə pul qoyacağı təqdirdə yaxşı gəlir əldə edəcəklərini bildirdiyini, buna onu tam inandırdığını, qeyd edilən tarixlərdə, göstərilən məbləğlərdə pulunu ələ keçirdiyini və əvvəllər biraz gəlir versə də sonradan ona heç bir gəlir vermədiyini,. halbuki Cavabdeh ona verdiyi 42700 manatı qazancı olmadığı təqdirdə belə ona tam qaytarmalı olduğunu, lakin nəinki qazanc vermək, əsas məbləği (42700 manat) belə 2020-ci ilin oktyabr ayından müxtəlif bəhanələrlə qaytarmaqdan imtina etdiyini, Cavabdeh onu tam əmin etmək üçün ona əl yazması və imzası ilə təsdiq etdiyi vərəq verərək həmin pulları 2020-ci ilin oktyabr ayının 10-a qədər ödəyəcəyini, ödəməyəcəyi təqdirdə qazancı ilə birlikdə qaytaracağına da söz vermiş, lakin həmin vədini də yerinə yetirmədiyini, ondan sonra müxtəlif yalan və bəhanələrlə (Naxçıvanda yerləşən mənzilini sataraq və ya girov qoyub kredit götürərək) ona hər dəfə bir vaxt deyərək pulu qaytaracağına vəd versə də, vədinə əməl etmədiyini və puldan bir manat belə qaytarmadığını, Cavabdeh 2022-ci ilin yanvar ayına qədər müxtəlif bəhanələrlə ona pul qaytarmadıqdan sonra o, işlə əlaqədar arvadı X1 mülki etibarnamə verdiyini və arvadının Naxçıvanda yerləşən mənzili sataraq və ya girov qoyub kredit götürərək onun pulunu və qazancını qaytarmalı olduğunu, lakin buna baxmayaraq (xx.xx.2022-ci il tarixli, 39 saylı Notariat ofisində verilmiş etibarnamənin də şəklini atmaqla) həmin vədinə də əməl etmədiyini, onunla Cavabdeh arasında yaranmış narazılıqdan sonra özü, oğlu, qayını və iki nəfər tanımadığı şəxslə onu təhdid edərək pulu tələb etməməyimi istədiyini, hədə qorxu gələrək ona qarşı fiziki zor işlətdiyini, bundan sonra onun məcbur qalaraq onun əməlləri barədə 102 qaynar xəttinə şikayət etdiyini, şikayətlə əlaqədar Sabunçu RPİ-nin 15-ci PB-də araşdırma başladığını və onun izahatının alındığını, sonradan həmin işin Sabunçu RPİ-yə istintaqa göndərildiyini, sorğu verərək cavabdehin izahatını tələb etsə də hələ də onun izahatının ona təqdim edilmədiyini, beləliklə cavabdehin onu aldadaraq vədlərinə əməl etməməsi, etibarından sui-istifadə edərək onu aldatması ilə həm 42700 manat pulundan, həm də 42700 manatı əsassız olaraq əlində saxlaması nəticəsində əldə edəcəyi faydadan məhrum olduğunu, əlavə olaraq isə dövlət rüsumu kimi həm 218 manat, həmdə vəkilə 110 manat pul ödəməli olduğunu, Milli bankın 2022-ci il üçün bank uçot dərəcəsi ortalama 7.75% olmuşdur ki, 42700 manat məbləğinin 7.75 faizi gündəlik təxminən 0.92 manat edir ki, xx.xx.2020-ci ildə verilən 42700 manat məbləğdən xx.xx.2022-ci ilədək 654 gün (21 ay, 24 gün) gecikmə olduğundan, həmin gecikmənin (654x0.92=601.68) və cavabdehin də həmin məbləği qəsdən yubatdığından onun gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etməkdə tam haqlı olduğunu, beləliklə cavabdehin onu aldadaraq vədlərinə əməl etməməsi, etibarından sui-istifadə edərək aldatması ilə həm 42700 manat pulundan məhrum olduğunu, həmdə qazancından məhrum olduğunu, bu səbəbdən cavabdehin ona həm 42700 manatını, həm əldən çıxmış faydanı, həm 42700 manat məbləğinin gecikdirilmiş vaxt üçün illik beş faizi olan (654x0.92=) 601.68 manatı, həm dövlət rüsumu kimi ödədiyi 218 manatı, həmdə vəkilə ödədiyi 110 manat pulu və 2000 manat mənəvi zərəri ödəməli olduğunu, belə ki, cavabdeh bu qanunsuz hərəkətləri azmış kimi həmin pulu və qazancını istədikdə ona xəsarət yetirdiyini və ona mənəvi sarsıntı yaşatdığını, cavabdehin formal olaraq Naxçıvan, Şərur rayonu, Qışlaqabbas kəndində qeydiyyatda olsa da, hazırda Abşeron rayon, Məhəmmədi kəndi, Yeni massiv, ev 22-də yaşadığını, Abşeron Rayon Məhkəməsinə verilmiş iddia ərizəsinin geri qaytarılması barədə qərardaddan da göründüyü kimi, eyni zamanda hazıda məhkəmə vasitəsi ilə verilən iddialarda cavabdehin bütün məlumatları sistemdə görüldüyündən, cavabdehin Naxçıvan, Şərur rayonu, Qışlaqabbas kəndində qeydiyyatda olduğunu sübut etməyə ehtiyac qalmadığını, cavabdehin şəxsiyyət vəsiqəsinin məlumatlarını qeyd etdiyindən məhkəmə tərəfindən vəsiqə məlumatlarının işə əlavə edilməsini xahiş etdiyini, həmçinin ilk dəfə dövlət rüsumunu az ödədiyindən həmin rüsumu da əlavə ödədiyini qeyd etmişdir. İddiaçının vəkili-nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək ərizəsində X4 iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 42700 manat pulun, 5000 manat əldən çıxmış faydanın, ödənilən 240 manat dövlət rüsumunun, hüquqi yardıma görə ödədiyim 110 manatın, mənəvi zərərə görə isə 2000 manatın alınaraq ona ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyini, Cavabdeh izahatının Sabunçu RPİ-nin 15-ci PB-dən alınması barədə vəsatətindən sonra onun izahatı əldə edildiyini və məhkəməyə təqdim edildiyini, izahatlardan göründüyü kimi cavabdeh pulun İddiaçı tərəfindən ona verildiyini bildirmiş, bu səbəbdən pulun sahibi və pulu verən şəxs kimi İddiaçı əsl iddiaçı qismində cəlb edilməsini zəruri olduğunu, qeyd edilənləri və MPM-in 54-cü maddəsinin tələblərini nəzərə alaraq İddiaçı əsl iddiaçı qismində cəlb edilməsinin təmin edilməsini xahiş etmişdir. Şərur rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli e-2(110)-630/2022 saylı qərardadı ilə iddiaçı X4 Cavabdeh qarşı “pul, maddi və mənəvi zərərin ödənilməsi və əldən çıxmış fayda tələbi barədə” mülki iş üzrə iddiaçı X8 əsl İddiaçı ilə əvəz edilmişdir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə baxışı iclasına gəlməmiş, lakin vəkil-nümayəndə ilə təmsil olunmuşdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən ddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddia ərizəsində qeyd olunan xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - pul borcu aktında Cavabdeh 04.09-da 6500 manat, 06.09-da 4000 manat, 20.09-da 3500 manat, 09.10-da 5000 manat, 20.10-da 1200 manat, 19.11-də 5000, 11.12-də 2000 manat, 22.12-də 5000 manat, 18.01-də 5500 manat, 10.02-də 3000 manat, 27.02-də isə 2000 manat olmaqla cəmi 42700 manat pulu 2020-ci ilin oktyabr ayının 10-na qədər ödüyüb qutaracaq, əks halda yuxarıda 42700 manat pulun qazancı hesablanıb ödəniləcəyi qeyd edilmişdir; - İddiaçı, iddiaçının atası X4 Cavabdeh iştirakı ilə çəkilmiş video görüntüdən görünür ki, 42700 manat pulun alınması Cavabdeh tərəfindən etiraf edilmiş, cavabdeh tərəfindən həmin puldan 16700 manatın qaytarılası iddiaçının atası X8 tərəfindən təsdiq edilmiş, İddiaçı isə buna hər hansı bir etiraz bildirməmişdir; - AN İnşaat Mənzil Tikinti Kooperativinin Arbitrium Vəkil Bürosunun vəkili Nümayəndə ünvanladığı məktubda qeyd olunmuşdur ki, Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış kooperativ mənzilin tikilməsinə dair müqaviləyə əsasən Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən "xxxx" MTK-nın istifadəsində olan torpaq sahəsində tikilmiş və MTK-ya məxsus olan yaşayış biasında mənzili tikilərək Cavabdeh təhvil verilmiş və hazırda Cavabdeh ailəsi ilə birlikdə həmin mənzildə yaşayır; - “Arbitrium” Vəkil Bürosunun vəkili Nümayəndə ilə İddiaçı arasında bağlanmış xx.xx.2022 -ci il tarixli, 393 saylı “hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, tərəflər arasında hüquqi yardıma görə müqavilə bağlanmış və xx.xx.2022 -ci il tarixli, 31192 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə 110 (bir yüz on) manat ödəmişdir; - xx.xx.2022-ci il tarixli, ********* nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, Nümayəndə tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar X6 vasitəsi ilə Dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 240 manat rüsum ödəmişdir; - Cavabdeh tərəfindən Sabunçu RPİ-nin 15-ci PB-nin rəisinə verilmiş xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, mən yuxarıda göstərilən ünvanda ailəm ilə birlikdə yaşayıram. X4 yazmış olduğu şikayət ərizəsi ilə tanış oldum. Bildiriəm ki, X7 uzun müddətdir ki, mənə faizlə pul vermişdir. Məndə həmin pulları faizinədək ödəmişəm. Ümumilikdə məndən 42000 manata qarşı 14000 manat faiz almışdır. 2021-ci ilin mart ayında pandemiya dövründə mən Anara dedim ki, iş dayanıb, faizi verə bilmirəm. Bundan sonra Anar və atası X8 məni sıxışdırmağa başladılar ki, pulumuzu ver. Bu səbədəndə 3 gün idi ki, bizə gəlib gedirdilər. Axırıncı dəfə X8 və həyat yoldaşı Rəfiqə ilə birlikdə xx.xx.2022-ci il tarixdə axşam saat 21:00 radələrində bizə gəldilər. Mən evdə tək idi və Adil və həyat yoldaşı Rəfiqə ilə pul barəsində söhət edirdik, Adil mənə təhqiramiz sözlərlə söydükdə mən ona özünü yığışdırmasını bildirdim. Bu vax gözlənilmədən Adil mənə yumruq atdı mən özümü müdafiə edərək başımı qaçırdım. Yumruq məni tutmadı. Mən gördüm ki, bu məni döymək istəyir, məndə özümü müdafiə etmək üçün onunla savaşdım və Adilin qarın nahiyyəsindən yumruqla vurdum. Mən onunla savaşdım və onu qucaqlayaraq evdə olan divanın üstünə yıxıb sıxıb saxladım və həmin vaxtı onun köynəyi cırıldı. Sonradan biz aralaşdıq, Adil dedi ki, bu ev mənimdir. Məndə onu evdən qovdum; - xx.xx.2022-ci il tarixli “materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə” qərarın surətindən görünür ki, X4 müraciəti əsasında toplanmış materiallarında AR Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətləri olduğundan araşırılmanın aparılması üçün istintaq aidiyyəti üzrə Sabunçu RPİ İŞ-yə göndərilmiş, qərarın surəti maraqlı tərəflərə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabunçu rayon prokuroruna göndərilmişdir. Məhkəmə tədqiqatının nəticəsində iddiaçının vəkil və nümayəndəsinin məhkəməyə təqdim etdiyi pul borcu Aktı ilə Cavabdeh iddiaçıdan 04.09-da 6500 manat, 06.09-da 4000 manat, 20.09-da 3500 manat, 09.10-da 5000 manat, 20.10-da 1200 manat, 19.11-də 5000, 11.12-də 2000 manat, 22.12-də 5000 manat, 18.01-də 5500 manat, 10.02-də 3000 manat, 27.02-də isə 2000 manat olmaqla cəmi 42700 manat pul aldığı, 2020-ci ilin oktyabr ayının 10-na qədər həmin pulu ödüyüb qutaracağı, əks halda yuxarıda 42700 manat pulun qazancını hesablayıb ona ödəniləcəyini öz imzaları ilə təsdiq etməsi müəyyən edilmişdir. Eyni zamanda iş materialında olan video görüntü ilə müəyyən edilmişdir ki, İddiaçı, iddiaçının atası X8 və Cavabdeh öz aralarında könüllü olaraq video çəkilmiş apardıqları zaman da iddiaçının tələb etdiyi 42700 manat pulun cavabdehə verilməsi Cavabdeh tərəfindən etiraf edilmişdir. Lakin cavabdeh tərəfindən həmin puldan 16700 manatın geri qaytarılası iddiaçının atası X8 tərəfindən təsdiq edilmiş, video çəkilişi aparan İddiaçı tərəfindən isə cavabdeh tərəfindən həmin puldan 16700 manatın qaytarılıb-qaytarılmamasına dair hər hansı bir etiraz edilməmişdir. Məhz bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçının tələbi əsas borca dair hissədə qismən təmin edilməklə, Cavabdeh 26000 (iyirmi altı min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır - 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; - 1091.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmçinin məhkəmə iddia tələbinin 5000 manat əldən çıxmış fayda hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən öhdəliyin icra edilməməsinə görə ona dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) nədən ibarət olması, eyni zamanda həmin vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı iddiaçı ona ziyan vurulmasını təsdiq edən hər hansı bir sübuta istinad edə bilməmişdir. Ona görə də iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilə bilməz, rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi ilə əlaqədar qeyd edir ki, cavabdeh bu qanunsuz hərəkətləri azmış kimi həmin pulu və qazancını istədikdə ona xəsarət yetirdiyini və ona mənəvi sarsıntı yaşatdığını, buna görə də görə mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat miqdarında mənəvi təzminatın cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etsədə, onun mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməmiş, eyni zamanda iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi və ya bu əməlin onun şüurunda hansı mənfi psixi reaksiyaya səbəb olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi həmin hissədə də əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 2-ci bəndində Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin bəndin 2-ci abzasında Plenum izah edir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin bəndin 3-cü abzasında Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bəndində Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Eyni zamanda həmin bəndin 2-ci abzasında Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Həmçinin məhkəmə iddiaçı pozulmuş hüququnun bərpa edilməsi üçün hüquqi xidmətə görə vəkilə ödənilmiş pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbi ilə bağlı bildirir ki, iş materiallarına əlavə olunmuş “Arbitrium” Vəkil Bürosunun vəkili Nümayəndə ilə İddiaçı arasında bağlanmış xx.xx.2022 -ci il tarixli, 393 saylı “hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, tərəflər arasında hüquqi yardıma görə müqavilə bağlanmış və xx.xx.2022 ci il tarixli, 31192 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə 110 (bir yüz on) manat ödəniş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 115.0.6-cı maddəsinə görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; Məhkəmə qeyd edilənləri nəzərə alaraq və Mülki Prosesual Məcəllənin 121-ci maddəsinin tələbindən çıxış edərək hesab edir ki, hüquqi xidmətə görə çəkilmiş xərcin əvəzi olaraq 110 (bir yüz on) manat məbləğində pulun da cavabdehdən tutularaq iddiaçıya ödənilməsi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar ödənilmiş 240 manat manat dövlət rüsumunun 114 manatı iddiaçıya aid edilməli, qalan 126 manat isə cavabdehdən alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prınsipi rəhbər tutulur. Beləliklə, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddia qismən təmin edilərək, Cavabdeh 26000 (iyirmi altı min) manat məbləğində borc, hüquqi yardıma görə vəkilə ödənilmiş 110 (bir yüz on) manat və 240 manat dövlət rüsumunun 126 manatı olmaqla, ümumilikdə 26236 (iyirmi altı min iki yüz otuz altı) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 26000 (iyirmi altı min) manat məbləğində borc, hüquqi yardıma görə vəkilə ödənilmiş 110 (bir yüz on) manat və 240 manat dövlət rüsumunun 126 manatı olmaqla, ümumilikdə 26236 (iyirmi altı min iki yüz otuz altı) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-24/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-24/2023
30.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver