Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-459/2022 27.10.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndə-vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahəsinin qonşu torpaq sahəsi ilə ayırıcı mərz (hasar) vasitəsilə ayrılmasına çəkilmiş 3000 manat xərcin yarısını, yəni 1500 manatı, hüquqi yardım almaq üçün vəkil qonararı olaraq ödədiyi 300 manatı, cəmi 1800 manat pulun qonşu sahəsinin mülkiyyətçisi Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi birinci Qarabağ müharibəsi veteranı və qazisi olaraq Şərur rayon Zeyvə kənd Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 01 nömrəli qərarı ilə 989 kvm xüsusi mülkiyyətə ayrılan torpaq sahəsində fərdi yaşayış sahəsinin tikilərək istifadəsinə verildiyini, torpaq sahəsinin X1 kitabında xx.xx.2011-ci il tarixdə 1996 nömrə ilə qeydə alındığını, həmin fərdi yaşayış sahəsində onunla qonşu olan Cavabdeh ilə şərikli möhkəm ayırıcı mərz çəkilməsi barədə şifahi olaraq razılaşdığını, Cavabdeh ona haliyədə pulu olmadığını, hasar çəkilib qurtardıqdan sonra çəkilmiş xərclərə şərik dura biləcəyini bildirdiyini, qonşu kimi ona inandığını, priket, sement və qum alaraq cavabdehlə fərdi yaşayış sahəsini ayıran 33 metr uzunluğunda və 3 metr hündürlüyündə möhkəm ayırıcı mərz çəkdirdiyini, bu hasarın çəkilməsinə usta pulu ilə birlikdə 3000 manatdan artıq xərc çəkdiyini, hasar çəkilib qurtardıqdan sonra cavabdehə çəkilmiş xərcin yarısı olan 1500 manatın onun payına düşdüyünü bildirib pulu ona nə vaxt verəcəyini soruşduqda, cavabdehin ona pulu olmadığını və hasarın çəkilməsinə görə pul ödəməyəcəyini bildirdiyini, cavabdehə dəfələrlə aralarında olan şifahi razılaşmaya əsasən hasar çəkilməsinə çəkilmiş xərcin yarısını onun ödəməli olduğunu xatırlatsa da, cavabdehin hər dəfə ona pulu olmadığını və ona pul verməyəcəyini bildirdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində sadaladığı halları bir daha təsdiqləmiş və əlavə olaraq hasarın çəkilməsinə sərf olunan vəsaitin nə qədər olduğunu sonda bildiyini bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndə-vəkili Vəkil izahatında iddianı müdafiə etdiyini, tərəflərin aralarında hasarın çəkilməsi barədə şifahi qaydada razılığa gəldiklərini, sonradan cavabdehin imkanının olmadığını bildirdiyini, cavabdehin dövlət tərəfindən çəkilmiş hasarı sökdüyünü, orada olan ağacları kəsdiyini, onun razı olduğu üçün bunları etdiyini, bu zaman onun adiyyəti üzrə müvafiq orqanlara şikayət edə biləcəyini, həmçinin hasarın çəkilməsində cavabdehin özünün orada iştirak etdiyini, fəhlələrə çay belə verdiyini, bütün bunların cavabdehin iddiaçı ilə razılaşdığını, sonradan çəkilmiş xərci ödəməkdən yayındığını göstərdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və verilən suallara cavabında iddianı qəbul etmədiyini, hasarın çəkildiyi həmin həyətdə yaşadığını, qonşusu İddiaçıin ona şərikli hasar çəkməyi bildirdiyini, o hasarın çəkilməsi ilə bağlı xərclərin nə qədər tutacağı ilə maraqlananda 2-3 min manat xərc tutacağını bildirdiklərini, o isə iddiaçıya çox xərc çıxacağından imkanının olmadığını, təkcə dəmir list çəkə biləcəyini, yəni 300-400 manat verə biləcəyini bildirdiyini, iddiaçı ilə hasarın çəkilməsi barədə razılaşmadığını, hasarın çəkildiyi vaxtı gördüyünü, iddiaçı ona hasarı çəkib qurtardıqdan sonra pulun yarısını qaytarmasını bildirəndə ona imkanının olmadığını dediyini bildirərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin ölçü və planının surətindən görünür ki, Şərur rayon Zeyvə kənd Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 01 nömrəli qərarı ilə İddiaçı adına 989 kvm xüsusi mülkiyyətə ayrılan A № 005652 seriyalı torpaq sahəsində fərdi yaşayış sahəsi xx.xx.2011-ci il tarixdə 1996 nömrə ilə qeydə alınıb. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 005287 nömrəli qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 300 manat vəkil xərci ödənilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 278 nömrəli rəyindən görünür ki, Şərur rayon Zeyvə kəndində yerləşən İddiaçı mülkiyyətində olan xx.xx.2011-ci il tarixdə X1 kitabında 1996 nömrə ilə qeydə alınmış (A № 005652 seriyalı) 989 kvm torpaq sahəsində qonşusu Cavabdeh ilə arasında çəkilmiş 33 metr uzunluğunda və 3 metr hündürlüyündə olan mərzin (hasarın) çəkilməsinə sərf olunan xərcin bugünkü bazar qiymətlərinə uyğun olaraq təqribən 2920,50 manat məbləğində olduğu müəyyən olunmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şərur rayon Zeyvə kəndində yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsində İddiaçı onunla qonşu olan Cavabdeh ilə şərikli möhkəm ayırıcı mərz çəkilməsi və cavabdehin çəkilən xərcin yarısını sonradan ona ödəməsi barədə şifahi razılığa gəlmişdir. Cavadeh isə belə bir razılıq olmadığını bildirmişdir. Mərzin tikintisi iddiaçının dediyinə görə 3000 manat öz vəsaiti hesabına tikilib qurtardıqdan sonra cavabdeh imkanı olmadığını bildirib pulu verməkdən imtina etmişdir. Mərzin çəkilməsinə sərf olunan xərclə bağlı mübahisə olduğundan iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və çəkilən xərcin 2920,50 manat məbləğində olduğu müəyyən olunmuşdur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 176.1-ci maddəsinə əsasən, hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. Mülki Məcəllənin 176.2-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. İş üzrə tərəflərin mərzin çəkilməsi ilə bağlı hansı qaydada razılığa gəlməsi işin mübahisəli halı olduğundan, məhkəmə hesab edir ki, qeyd olunan maddəyə uyğun olaraq xərclər bərabər bölünməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli i.a.və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, mərzin tikilməsinə sərf olunan xərc tərəflər arasında bərabər bölüşdürülməli olduğundan və iş üzrə ekspertin rəyi nəzərə alındığından iddiaçının tələbi qismən əsaslıdır və nəticədə iddia qismən təmin olunmalı, cavabdehdən 1460,25 manat pul alınaraq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə uyğun olaraq İddiaçı müharibə veteranı olduğundan dövlət rüsumunu ödəməkdən azad olunmuşdur. Məhkəmə iddiaçının tələbinin qismən təmin olunması qənaətinə gəldiyindən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan ödənilməli olan dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 34 (otuz dörd) manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan hüquqi yardım üçün vəkilə ödənilmiş xidmət haqqının iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 292 (iki yüz doxsan iki) manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Şərur rayon Zeyvə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Cavabdeh 1460,25 (bir min dörd yüz altmış manat iyirmi beş qəpik) manat pul vəsaiti və hüquqi yardım üçün vəkilə ödənilmiş xidmət haqqının 292 (iki yüz doxsan iki) manatı alınaraq iddiaçı Şərur rayon Zeyvə kəndində yaşayan İddiaçı ödənilsin. Məhkəmə xərci olaraq 34 (otuz dörd) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №e-2(110)-459/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-459/2022
27.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver