Məhkəmə qərarları › İş №e-2(110)-776/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-776/2024

11.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-776/2024 11.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil işirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2280 (iki min iki yüz səksən) manat pulun və ödənilmiş 42,80 (qırx iki manat 80 qəpik) manat dövlət rüsumunun – cəmi 2322,80 (iki min iki yüz iyirmi iki manat 80 qəpik) manat alınaraq onun xeyrinə tutulması bаrədə qətnаmə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində, onun xx.xx.2023-cü il tarixdə özünə məxsus “Hyundai Sonata” markalı ** UX *** d.q.n-lı avtomobili özü ilə Türkiyəyə aparmaq və orada idarə etmək qərarına gəldiyini, ona görə də 1300 (min üc yüz) ABŞ dollar xərc çəkib yükdaşıyan avtomobil ilə avtomobili Türkiyəyə apardığını, avtomobili yenidən Bakı şəhərinə gətirmək üçün Cavabdeh ilə tanış olduğunu, sonra Cavabdeh ilə telefon əlaqəsi saxladığını, sonuncu avtomobili Bakı şəhərinə gətirmək üçün 1800 (min səkkiz yüz) ABŞ dollar xərci olduğunu bildirdiyini, Cavabdeh ona 1500 (min beş yüz) ABŞ dolları ilkin olaraq verməyi və 300 (üç yüz) ABŞ dolları isə avtomobili Bakı şəhərinə gətirəndən sonra verəcəyini bildirdiyini, onun bununla razılaşdığını, xx.xx.2023-cü il tarixdə saat 14:30 dəqiqədə həyat yoldaşı ilə birgə Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən “Azpetrol” YDM-də görüşüb 1000 (min) ABŞ dollar pulu Cavabdeh verdiyini və qalan hissəsini isə xx.xx.2023-cü il tarixdə yaşadığı evində onlayn vasitəsi ilə Cavabdeh məxsus *** **** 0861 3745 hesab nömrəsinə 850 (səkkiz yüz əlli) manat pul göndərdiyini, lakin bugünə kimi Cavabdeh onu aldatdığını və gətirəcəyinə söz versə də müəyyən bəhanələr gətirib vədinə əməl etmədiyini, ona hadisə nəticəsində 2550 (ikimin beş yüzəlli) manat maddi ziyan dəydiyini, həmin puldan cavabdehin cəmi 500 (beş yüz) manat ödədiyini, bundan başqa onun tərəfindən avtomobilin dayanacaq xərcləri olaraq xx.xx.2023-cü il tarixdə 4529,36 Türk Lirəsi – yəni Azərbaycan manatı məzənnəsi ilə 230 (iki yüz otuz) manat əlavə ödəniş apararaq xərcinin çıxdığını və bununla da ona dəyən zərərin məbləğinin 2050 + 230 (iki yüz otuz) manat – cəmi 2280 (ikimin iki yüz səksən) manat təşkil etdiyini, lakin onun həmin pulu ona indiyədək qaytarmadığını, bundan sonra onun dəfələrlə Cavabdeh 2280 (iki min iki yüz səksən) manat pulu tələb etməyinə baxmayaraq həmin pulu ondan ala bilmədiyini, cavabdehin hər dəfə müxtəlif bəhanələr gətirdiyini və 2280 (iki min iki yüz səksən) manat pulu ödəməkdən yayındığını, həmin işlə bağlı Cavabdeh Bakı şəhəri, Sabunçu RPİ-nin istintaq şöbəsinə verilmiş izahatının da olduğunu, onun həmin izahatda ayın sonunda onun pulunu qaytaracağına söz verdiyini, lakin yenə də qaytarmadığını, Bakı şəhəri, Sabunçu RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən Cavabdeh onun mülki hüquq tələblərinin pozulması faktının təsdiq edildiyini və ona mülki qaydada məhkəməyə müraciət edilməsinin tövsiyyə olunduğunu, bir sözlə o onun etibarından sui-istifadə edərək, dələduzluq yolu ilə onu aldatdığını və nəticədə ziyan vurduğunu bildirmişdir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsədə, o məhkəmə iclaslarında iştirak etməmiş, lakin məhkəmədə vəkil və nümayəndə ilə təmsil olunmuşdur Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o heç bir üzürlü səbəb göstərmədən keçirilən məhkəmə iclasında iştirak etməmiş, lakin nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanıb, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsində, vəkili və nümayəndəsinin izahatında qeyd etdiklərini iş materiallarında olan sübutlarla qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində verdiyi izahatında təxminən 2020-ci ildən xarici ölkələrə sifarişlə Azərbaycan Respublikasından və ya xarici ölkədən ölkəyə avtomobillərin daşınmasını həyata keçirdiyini, 2023-cü ilin sentyabr ayında makler vasitəsi ilə İddiaçı ilə tanış olduğunu və həmin şəxsin Hyundai-Sonata markalı ** UX ***4 d.q.nlı avtomobilini Türkiyə respublikasına keçirməyi xahiş etdiyini, onun həmin şəxslə avtomobili qeyd olunan ölkəyə 1300 ABŞ dollarına razılaşdığını və həmin vaxtlarda avtomobili türkiyə Respublikasına keçirdiyini və sonra həmin xanımın avtomobili geri aparacağını da qeyd etdiyini, bir müddət sonra Nurlana xanımın ona avtomobili Azərbaycan Respublikasına keçirməyi xahiş etdiyini və bunun müqabilində bu işə görə 1800 ABŞ dollarına razılaşdıqlarını, Nurlananın həyat yoldaşı avtomobili türkiy-Azəbaycan keçid məntəqəsinə gətirdiyini, onun bir neçə gün gözləsin və buna oxşar müştəri tapsın xeyli sayda qazanc əldə etsin fikirləşdiyini, lakin həmin gözləntinin bir neçə gün keçdiyinə görə nurlana xanımın ona hissə-hissə verdiyi 1500 ABŞ dollarını şəxsi işlərinə görə xərclədiyini və buna görə avtomobili ölkəyə keçirə bilmədiyini, bu barədə nurlana xanıma və onun həyat yoldaşına zəng edərək məlumat verdiyini və hal-hazırda maddi vəziyətinin pis olduğunu, onlardan aldığı pulu ayda 300 dollar olmaqla ödəməyə hazır olduğunu bildirdiyini, nurlana xanımın ilk öncə həmin məbləği 500 ABŞ dolları olmasını istəsə də sonra 300 ABŞ dollarına razılşadığını, lakin həmin məbləği həmin dəqiqə ödəməyi bildirdiyini, onun Nurlana xanıma hal-hazırda pulu olmadığını, lakin ayın sonunda aylıq məvacibi aldıqdan sonra ödəyə biləcəyini bildirdikdə Nurlana xanımın bu barədə polisə müraciət etdiyini bildirmişdir. - EFT gönderimi dekontundan (ödəniş qəbzindən) görünür ki, İddiaçı tərəfindən Türkiyə Respublikasında saxlama haqqı olaraq 4529.36 türk lirəsi məbləğində ödəniş edilmişdir; - 62440991 nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar PAYSİS MMC elektron ödəmə sistemi vasitəsilə dövlət büdcəsinin xəzinə hesabına 42.80 (qırx iki manat səksən qəpik) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tədqiqatı nəticəsində iş materiallarına əlavə olunmuş "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" xx.xx.2023-cü il tarixli qərarla müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində verdiyi izahatında həqiqətəndə İddiaçınna məxsus “Hyundai Sonata” markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobili Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirməsi üçün İddiaçı ilə 1800 ABŞ dollarına razılaşmış, avtomobil Türkiyə Azərbaycan keçid məntəqəsinə gətirilmiş, həmin pulun 1500 ABŞ dolları ona ödənilsədə həmin pulu xərclədiyi üçün avtomobili ölkə ərazisinə gətirə bilməmişdir. Sonradan həmin pulu hissəhissə 300 ABŞ dolları olmaqla İddiaçı ödəməsi barədə öhdəlik götürsədə maddi vəziyyəti pis olduğu üçün pulu ona ödəyə bilməmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı razılaşdıqları pulun cavabdehə verilməsini təmin etsədə, lakin cavabdeh müəyyən olunmuş qaydada üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, həmçinin iddiaçıdan aldığı pulu geri qaytarmamışdır. Ona görə də cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, iddiaçı borcun cavabdehdən alınaraq ona ödənilməsi məqsədi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görədə məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində 1500 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablamaqla cavabdehdən borcunu Azərbaycan manatı ilə tələb etmişdir. O da qeyd olunmalıdır ki, iddiaçı iddia tələbində cavabdehin ona borclu olduğu 2550 manatdan 500 manatını qayatardığını, ona 2050 manat borcunun qaldığını qeyd etdiyindən və məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapdığından cavabdehin daşıma xərci olaraq iddiaçıdan aldığı pulun qaytarılmamış hissəsi olan 2050 manat məbləğində pul ondan alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin iş materialında olan EFT gönderimi dekontundan (ödəniş qəbzindən) görünür ki, avtomobil Türkiyə - Azərbaycan keçid məntəqəsinə qaldığı müddət ərzində İddiaçı tərəfindən saxlama xərci olaraq 4529.36 türk lirəsi məbləğində ödəniş edilmişdir. Daşıyıcı çatdırmanın gecikdirilməsi ilə bağlı bütün zərər üçün məsuliyyət daşıdığından, iddiaçı tərəfindən avtomobilin saxlama xərci olaraq ödənilmiş 4529.36 Türk lirəsi qətnamənin icra olunduğu günə olan Türk lirəsinin Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; -18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir; - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür; - 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və“adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi“şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər.“Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir; - 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır; - 859.2-ci maddəsinə əsasən bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır; - 21.1-ci maddəsinə əsasən“ hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 1096.1-ci maddəsin əszsən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən İddiaçı, digər tərəfdən isə Cavabdeh olmaqla aralarında şifahi yük daşıma müqaviləsi bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, yük göndərən şifahi yük daşıma müqaviləsinə görə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, daşıyıcı müəyyən olunmuş qaydada öhdəliyini yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuş, yük göndərəndən aldığı 2280 (iki min iki yüz səksən) manat pulu borcverənə qaytarmamışdır. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı öz iddia tələbini sübut etmiş, cavabdeh isə məhkəmədə iştirak etməsə də, iddiaya qarşı etirazına dair məhkəmə hər hansı sübut təqdim etməmişdir. Beləliklə də, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddia təmin olunaraq Şərur rayon Danyeri kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 2050 (iki min əlli) manat məbləğində borc və avtomobilin saxlama xərci olaraq ödənilmiş 4529.36 Türk lirəsi qətnamənin icra olunduğu günə olan Türk lirəsinin Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla alınaraq ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan İddiaçı ödənilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğundan qanuna müvafiq olaraq ödənilməsi müəyyən olunmuş 42.80 (qırx iki manat səksən qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Danyeri kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 2050 (iki min əlli) manat məbləğində borc və avtomobilin saxlama xərci olaraq ödənilmiş 4529.36 Türk lirəsi qətnamənin icra olunduğu günə olan Türk lirəsinin Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla alınaraq ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 42.80 (qırx iki manat səksən qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdeh alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar