Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-780/2025 22.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin etibarnamə üzrə nümayəndəsi-atası Nümayəndə, Şərur Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “uşaqlarla ünsiyyət qaydasının müəyyən edilməsi tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçının vəkil və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı nəvələri 13 yanvar 2011-ci il təvəllüdlü X7 və 05 fevral 2019-cu il təvəllüdlü X6 ilə hər həftənin Şənbə və ya Bazar günü saat 10:00-dan 19:00-dək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi bayram günlərində, nəvələrinin doğum günündən əvvəlki gün 10:00-dan 19:00-dək maneəsiz görüşünün və həftədə 6 saat müddətində telefon (video zəng) danışığının təşkil olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili iddia ərizəsində İddiaçı övladı X3 05 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. Rəsmiyyənin Cavabdeh ilə nikahından 13 yanvar 2011-ci il təvəllüdlü X7 və 05 fevral 2019-cu il təvəllüdlü X6 doğulmuşdur. Qızının vəfatından sonra iddiaçı nəvələrini bir müddət yanında saxlasa da sonra ataları Cavabdeh uşaqları ondan almışdır. Şərur Rayon İcra Hakimiyyətinin qərarı ilə iddiaçının nəvələri ilə görüşü ilə bağlı qərar qəbul edilmişdir. Yalnız iki dəfə görüş baş vermiş sonra cavabdeh maneçilik törədərək iddiaçının nəvələri ilə görüşməsinə mane olmuşdur. Cavabdeh uşaqlarının nənəsi ilə ünsiyyət qurmasına icazə vermədiyi üçün mübahisənin həllinin məhkəmə tərəfindən öz təsdiqini tapmasını istədiklərini bildirmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar, keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, lakin nümayəndə ilə təmsil olunmuşdurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində qeyd olunan xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin etibarnamə üzrə nümayəndəsi-atası Nümayəndə izahatında nəvələrinin nənələri ilə görüşməsinə etirazı olmadığını, cavabdehin də etirazı olmadığını qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 izahatında təqdim olunmuş rəy barədə çıxış edərək Komissiyanın psixoloqu tərəfindən hər iki uşaqla “WhatsApp” sosial platforması üzrəndən görüntülü söhbət aparıldığı, nənəsi ilə görüşmək istədikləri, atalarınında buna etiraz etmədiklərini bildirib, izahatına verdikləri rəyi müdafiə etdiklərini, rəydə qeyd olunan qaydada uşaqla görüş ünsiyyət qaydasının müəyyən edilməsinin uşağın mənafeyinə uyğun olduğunu qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsinin, Komissiyanın nümayəndəsinin izahatlarını iş materialında olan sübutlarla qarşılıqlı şəkildə məcmu halında tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Naxçıvan MR Şərur rayon Axaməd kənd İcra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2016ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 13 yanvar 2011-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası X1r. - Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 05 fevral 2019-cu il təvəllüdlü X2 atası Cavabdeh, anası X1r. - 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İİ № 057792 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixində Bakı şəhərində dəqiqləşdirilməmiş trombositopeniya səbəbindən vəfat etmişdir; - Şərur Rayon İcra Hakimiyyətinin 5-28/3-2-21/2025 nörməli xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Xocavənd rayon Kuropatkin kənd sakini İddiaçı hal-hazırda ataları ilə birlikdə yaşayan nəvələri - X7 və X6 ilə görüşüb ünsiyyətdə olması üçün həftədə bir dəfə bazar günləri saat 10:00-dan 18:00-dək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi bayram günləri və övladının ad günündən əvvəlki gün saat 10:00-dan 16:00-dək görüş müddəti təyin edilmişdir; - Abşeron rayon İcra Hakimiyyəti Uşaq Hüquqlarını Müdafiəsi üzrə Komissiya tərəfindən tərəflərin yaşayış yerlərinə baxış keçirmələrinə dair tərtib edilən 19 sentyabr 2025-ci il tarixli müayinə aktında İddiaçı yaşadığı mənzildə də uşaqların yaşaması üçün normal şəraitin olduğu qeyd edilmişdir; - Şərur rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası 20 oktyabr 2025-ci il tarixli, 59 nömrəli rəyində qeyd etmişdir ki, Komissiya Aliə Məcəlləsinin 52-ci və 62-ci maddələrinə əsaslanaraq uşaqların nənəsindən ayrı yaşamağı onların gələcək mənafeyinə mənfi təsir edəcəyini, ayrı qaldıqları müddətdə uşaqların nənəyə qarşı soyuq münasibətlə böyüyəcəyini və yaxın qohumların uşaqlarla ünsiyyət hüququna malik olduğunu, uşaqların nənəyə da bağlılıqlarını nəzərə alaraq iddianın təmin olunmasını, hər həftə sonunun bazar günü saat 10:00-dan 18:00-a kimi, uşaqların doğum günlərindən 1 gün əvvəl 14:00-dan 20:00a kimi, qeyri-iş günlərində (dövlət və dini bayramlarda) 10:00-dan 18:00-dək, yay tətillərində isə 3 ay müddətinin 10 günü (avqust ayı üçün), ara tətillərində isə 2 gün 10:00-dan 18:00-a kimi nənələri - İddiaçı yanında qalmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir valideynin, baba və nənənin uşağı, nəvəsi ilə kənar müdaxilə olmadan sərbəst şəkildə ünsiyyətdə olmaq, onunla asudə vaxt keçirmək, tərbiyəsində iştirak etmək və s. hüquqları vardır və müəyyən müstəsna hallar olmadan bu hüquqların məhdudlaşdırılması yolverilməzdir. Hər bir uşaq öz valideynlərini, yaxın qohumlarını tanımaq və onlarla ünsiyyətdə olmaq hüququna malikdir. Təsadüfi deyildir ki, validyenlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi onların valideynlik hüququndan məhrum edilməsi ilə nəticələnə bilər. Hər bir valideyn uşağının mənəvi və fiziki inkişafı, təhsili və ictimai faydalı əməyə hazırlanması istiqamətində ona qayğı göstərməlidir. Valideyn uşağına cəmiyyətdə özünü idarəetmə qaydalarını izah etməli, dərslərini hazırlamağa kömək etməli, onunla gəzməli, lazımi tibbi müayinələrdən keçirməli, maddi təminatında iştirak etməli və bu kimi etməli olduğu başqa hərəkətləri etməlidir. Uşaqla ünsiyyətdə olmadan isə göstərilənləri həyata keçirmək mümkün deyildir. Uşaqların tam mənada sağlam böyüməsi ailədə aldıqları tərbiyədən asılıdır. Uşaqlar valideynə və digər insanlara hörmət bəsləmək ruhunda böyüməlidirlər. Digər tərəfdən məhkəmə xüsusilə qeyd edir ki, uşaqların yaxın qohumları ilə ünsiyyətdə olmaq, onunla davamlı şəkildə görüşərək onların qayğısından faydalanmaq uşaqların əqli və psixoloji cəhətdən sağlam inkişafı, onlarla ailə üzvləri arasında ailə bağlarının möhkəmlənməsi üçün vacibdir. Xüsusən uşaqların ana qayğısından məhrum olması yuxarıda qeyd edilənləri bir daha aktual edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1 maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 62-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. «Uşaq hüquqlarına dair» BMT Konvensiyasının 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. «Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli qərarına əsasən Ailə Məcəlləsinin 50.1-ci maddəsinə müvafiq olaraq uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və digər qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Lakin həmin maddədə uşaqlarla ünsiyyətdə ola bilən digər qohumların dairəsi tam müəyyən edilməmişdir. Digər qohumların qohumluq dərəcəsi sənədlərlə təsdiq olunmalı, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaqların həmin qohumu ilə hansı dərəcədə bağlılığını müəyyən etməlidir. Həmçinin, qeyd edilmişdir ki, uşaqların öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasının formaları (yazışma, şəxsi görüşlər, telefon danışıqları və s.) uşağın yaşından, onun və valideyninin yaşayış yerindən, ailədə münaqişələrinin olub-olmamasından və sair konkret hallardan asılı olaraq təyin edilə bilər. Həmin Qərarın 10.1-ci bəndinə əsasən valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. “Elşolts Almaniyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yuksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Məhkəmə işin hallarını və yuxarıda sadalanan hüquq normalarını rəhbər tutaraq hesab edir ki, uşaqların nənələri İddiaçı ilə 13 yanvar 2011-ci il təvəllüdlü X7 və 05 fevral 2019-cu il təvəllüdlü X6 ilə görüşüb ünsiyyətdə olmaq hüququ vardır. İddiaçı nəvələri - xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X6 ilə hər həftənin şənbə günü saat 10:00-dan saat 19:00-a dək , Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə qeyri iş günləri hesab olunan bayram günlərində saat 10:00-dan saat 19:00-a dək, uşaqların doğum günündən əvvəlki gün saat 10:00-dan saat 19:00-a dək, həftədə 1 saat müddətində telefon (videozəng) danışığı təşkil olunmaqla uşaqlarla sərbəst görüş və ünsiyyətdə olma hüququ verilməlidir. İddiaçının nəvələri ilə ünsiyyət hüququnun hansı qaydada, harada və hansı müddətdə təmin edilməsi məsələləri müzakirə edilərkən, məhkəmə ilk növbədə uşağın mənafelərini, o cümlədən nənəsinin yaşayış yerini, yaşayış yerləri arasındakı məsafəni, iş və məişət rejimini, uşağın asudə günlərini, uşağın cinsini, yaşını, mübahisənin müəyyən olunmuş diqqətəlayiq digər hallarını, o cümlədən Şərur Rayonu İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini nəzərə alır. Məhkəmə iddiaçının nəvələri ilə ünsiyyət qaydasını müəyyən edərkən eyni zamanda uşaqların ana himayəsindən məhrum olmasını, diqqət və qayğıya ehtiyacının olmasını, uşaqların nənəsi ilə ünsiyyətdə olmaq istəyini, eyni zamanda cavadehin şifahi qaydada bildirməsinə görə onunda etirazının olmamasını diqqətə almışdır. Məhkəmə hazırkı halda iddiaçıya nəvələri ilə ünsiyyətdə olması üçün təyin etdiyi vaxtı yetərli hesab edir, bu səbəbdən iddia tələbinin digər hissədə yəni həftə ərzində altı saat videozəng vasitəsilə danışmasına aid hissədə 1 saat olması qənaətinə gəlir.Buna səbəb olaraq uşaqların həftədə altı saat telefon videozəng vasitəsilə danışmasının onların tədris dərs mühitindən yayınmasına mənfi təsir edə biləcəyi ehtimalını nəzərə alaraq rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia qaldırılarkən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi :
1. İddia qismən təmin edilsin.
2. İddiaçı nəvələri - xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X6 ilə hər həftənin şənbə günü saat 10:00-dan saat 19:00-a dək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə qeyri iş günləri hesab olunan bayram günlərində saat 10:00-dan saat 19:00-a dək, uşaqların doğum günündən əvvəlki gün saat 10:00-dan saat 19:00-a dək, həftədə 1 saat müddətində telefon (videozəng) danışığı təşkil olunmaqla uşaqlarla sərbəst görüş və ünsiyyətdə olması qaydası müəyyən edilsin.
3. İddia verilməsi ilə bağlı İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlkin Zeynalov