Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-79/2025 16.01.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10000 manat əsas borc, 1020 manat vəkil üçün ödənilmiş pul və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 124 manat dövlət rüsumu olmaqla cəmi 11144 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi fərdi yaşayış evi tikmək məqsədilə Yeni Suraxanı qəsəbəsində ev alqı-satqısı ilə məşğul olan Cavabdeh 10000 manat pul ödəyərək 4 sot torpaq sahəsini etibarnamə ilə aldığını, sonradan həmin torpaq sahəsinin başqa sahibinin olduğunu öyrəndikdə pulu geri tələb etdiyini, cavabdehin müxtəlif bəhanələr gətirərək bu günə kimi pulu geri vernəkdən boyun qaçırdığını, buna görə polisə müraciət etdiyini, cavabdeh polisdə izahatı zamanı hər şeyi boynuna alsada, Suraxanı RPİ-nin İŞ xx.xx.2022-ci il tarixdə “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərar qəbul edərək mülki iş olduğunu bildirib məhkəməyə müraciət etməyini tövsiyyə etdiklərini, məhkəməyə müraciət etməkdən başqa yolunun qalmadığını bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianı qismən qəbul etdiyini, 2014-cü ildə Yeni Suraxanı qəsəbəsində torpaq alqı-satqısı ilə məşğul olduğu ərəfədə özünə məxsus 50 sot torpaq sahəsini Etibar adlı şəxsə satdığını, bir müddət sonra İddiaçı Mirzəyar oğlu ofisinə gələrək torpaq sahəsi almaq istədiyini dedyini, onun da Etbara satdığı torpaq sahəsindən 7 sotunu 2450 manatdan aldığını, həmin 7 sotun 4 sotunu 2500 manatdan Çingizə satdığını, Çingizin oğlu Seymurun adına etibarnamə verdiyini, 6-7 ay bundan əvvəl Çingizin ona həmin torpaq sahəsinə başqasının mişar daşı yığdığını zəng edərək dediyini, onun da Etibarın yaxın qohumları vasitəsi ilə həmin yerə baxdığını, Etibar həmin yeri başqasına satdığını, əlavə torpaq sahəsi verəcəyini bildirdiyini, lakin bu günədək sözünü tutmadığını, ona görə də iddiaçının pulunu ödəyə bilmədiyini, tələb olunan vəkil xərcinin isə həddən artıq olduğunu, buna görə o hissədə iddianı qəbul etmədiyini bildirmişdir. İş materiallarında olan Cavabdeh Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə verdiyi 01 sentyabr 2022-ci il tarixli izahatından da görünür ki, cavabdeh iddiaçıya 1 sotu 2500 manat olmaqla 4 sot torpaq sahəsinin pulunu almışdır. İş materiallarında olan Suraxanı RPİ-nin İstintaq Şöbəsinin 14 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh əməlində CM-in 178-ci maddəsinin tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, cavabdehin izahatını, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı 4 sot torpaq sahəsini satmaq üçün 10000 manat məbləğində pul vəsaiti almış, iddiaçı sonradan torpaq sahəsinin başqasına aid olduğundan ona verdiyi pulun geri qaytarılmasını tələb etmiş, lakin Cavabdeh İddiaçı Mirzəyar oğlundan aldığı pulu qaytarmaqdan imtina etmişdir. Cavabdeh iddiaçıya borclu olmasını etiraf etmişdir. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia tələbinin qanuni əsası kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı normalarını tətbiq edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin 1091.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Digər tərəfdən iddiaçının vəkil xərci qismində 1020 manat tələbini məhkəmə qismən əsaslı hesab edir. Belə ki, vəkil keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, iş üzrə göstərilən hüquq xidməti iddia ərizəsinin tərtibi, məhkəməyə göndərilməsi və işə onların iştirakı olmadan baxılmasına dair ərizədən ibarət olmuşdur. Bun görə məhkəmə həmin hissədə iddiaçının tələbinin qismən əsaslı olduğu qənaətinə gəlir və cavabdehdən 200 manat vəkil xərclərinin tutulmasını ağılabatan hesab edir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 10000 manat pul və 200 manat vəkil üçün ödənilmiş haqq alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə tərəfindən iddiaçının tələbinin qismən təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 124 manat dövlət rüsumunun iddianın təmin olunmasına mütənasib olaraq 114,77 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon, Oğuzkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 10000 (on min) manat pul, 200 manat vəkil üçün ödənilmiş haqq və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 114,77 manat dövlət rüsumu olmaqla,ümumilikdə 10314,77 manat (on min üç yüz on dörd manat yetmiş yeddi qəpik) alınaraq ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №e-2(110)-79/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-79/2025
16.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver