Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-971/2024 07.11.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2674 manat əsas borcun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 46,74 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Culfa rayon Ərəfsə kəndində yaşadığını, uzun müddətdir ki, kənd təsərrüfatı ilə məşğul olduğunu, özünə aid mal-qaranı kökəldib bazarda satıb qazanc əldə etdiyini, kəndçisi X1 da mal-qara satışı ilə məşğul olduğunu, Vahidin söhbət əsnasında ona Şərur rayon Vərməziyar kəndindən Cavabdeh adında bir şəxsin malları topdan qiymətə götürüb satdığını dediyini, onunla razılaşaraq xx.xx.2022-ci il tarixdə həmin şəxsə zəng etdiyini, Fuadın xx.xx.2022-ci il tarixdə gələrək iribuynuzlu malları alacağını söylədiyini, neçə malı olduğunu və neçəyə satdığını soruşduğunu, ona 8 ədəd iribuynuzlu dananı 5000 manat, 4 ədəd boğaz inəyi 4400 manata, cəmi 9400 manata satacağını, Fuadın ona dananın pulunu xx.xx.2022-ci il tarixədək, inəyin pulunu isə xx.xx.2022-ci il tarixədək verməyi təklif etdiyini, onunla razılaşdığını, aprel ayının 15-dək etdiyi zəngləri Fuadın açmadığını, ona dəfələrlə zəng etdikdən sonra Fuadın kəndə gəlib 900 manat pul verib səhərsi gün 3500 manat verəcəyini dediyini, səhərsi gün özünün şəhərə gedib 3500 manatı aldığını, Fuadın ona yerdə qalan 5000 manatı 5-10 gün içində verəcəyini və səbrli olmasını dediyini, əlacsız qalıb 3500 manat pulu alaraq bu fikirlə razılaşdığını, 10-15 gün keçəndən sonra ona dəfələrlə zəng etdiyini, onun zəngə cavab vermədiyini, nəhayət zəngə cavab verəndə ona hərdən bir söz deyib yola verdiyini, onun pul vermədiyini görüb atasının nömrəsini tapıb danışdığını, atasının ona 3 ay gözləməyi və hansı tez satılsa pulu özünün gətirib verəcəyini dediyini, atasının səmimiyyətinə inanıb gözlədiyini, 3 ay gözləsə də atasından xəbər çıxmadığını, atasına zəng edəndə malların heç birini satmadığını, biraz da gözləməyi, xx.xx.2023-cü il tarixdə nəvəsinə sünnət toyu edəcəyini dediyini, ayın 5-dən gözləsə də xəbər çıxmadığını, kəndə gedib atası ilə danışanda onun heç bir işin rast getmədiyini deyib Fuadı çağırdığını, Fuadın ona kart verdiyini, hər ay karta yüklənən 642 manat pulu çəkib borcundan silməyə başladığını, iyul, avqust və sentyabr ayında pul çəkdiyini, oktyabr ayında kartı yoxlayanda pul olmadığını gördüyünü, Fuada zəng edib karta pul yatmadığının səbəbini soruşduğunu, onun cavabında kart Naxçıvanbank kartı olduğunu və Kapital banka keçdiyini, yeni kart gələndə ona göndərəcəyini dediyini, kartı göndərdiyini, kartı yoxlayanda içində pul olmadığını görüb Fuada zəng vurduğunu, bu kartda pul olmadığını, kartı birbanka yüklədiyini, orda olan məbləği birbank vastəsilə çəkdiyi üçün pul olmadığını dediyini, Fuadın həmin pulu özünün hər ay ödəyəcəyini söylədiyini, sonra ona 200 manat bir göndərdiyini, iki dəfədə hərdən 100-100 göndərdiyini, sonra ona pul göndərmədiyini görüb dəfələrlə ona zəng etməyinə baxmayıb nömrəni bloka atdığını, sonra kəndçisi olan Vahidin yanına gedib olanları Vahidə və ata –anasına deyib onlardan kömək istədiyini, onların Fuadla danışıb onları niyə arada qoyduğunu, pulu niyə vermədiyini soruşanda Fuadın onlara maaş aldıqca 300-400 manat göndərəcəyini, nəhayət bu dediyindən də 3-4 ay keçməyinə baxmayaraq ona heç nə ödəmədiyini, onu aldatdığını, beləliklə Fuadın ona 9400 manat borcundan 6726 manatını ödədiyini, 2674 manatın isə qaldığını bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində qeyd olunan hallar təsdiq etdiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmişdir. Həmçinin telefonoqram göndərilən zaman cavabdeh məhkəmə iclası barədə məlumatının olduğunu, Bakı şəhərində yaşadığından məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı qəbul etmədiyini, iddiaçıya olan borcunun hamısını ödədiyini, bununla bağlı sübutlarının olduğunu bildirmiş, lakin məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şahid ifadələri: Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində 2 il qabaq mal-qaranın aşağı qiymətə satıldığını, Fuadın onların kəndindən çox mal adığını, belə ki ondan 2 dəfə mal aldığını, pulunu sonra verdiyini, Hicranın da mallarını satmaq istədiyini, Fuada öz mallarını satdığını və onun da pulu sonra verdiyini Hicrana dediyini, onun Fuadla razılaşdığını, Fuadın gəlib danaları apardığını, səhəri gün gəlib inəkləri apardığını, 1 ay sonra malların dəyəri 9400 manat pulu qaytarması barədə razılaşdıqlarını, sonra Hicranın gələrək pulunu ala bilmədiyini ona bildirdiyini, bu zaman Fuada zəng edib, nə üçün pulu qaytarmadığını soruşduğunu, onun isə pulu hissə-hissə verəcəyini bildirdiyini, onun Hicrana kart verdiyini, Hicranın nə qədər pul çəkdiyini dəqiq bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində icraatında Cavabdeh barəsində 4 icra sənədi olduğunu, onun 1 icra sənədi üzrə borcunun bitdiyini, qalan icra sənədlərini isə qismən icra etdiyini, icra sənədləri üzrə çox ödəniş etmədiyini, belə ki 50- 100 manat olmaqla borclarını ödədiyini, bir dəfə inzibati qaydada həsb olunduğunu, hazırda Bakı şəhərində olduunu, onun məhkəmə qərarı ilə ölkədən çıxışına məhdudiyyət qoyulduğunu, məcburi icra tədbirlərinin davam etdiyini bildirmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı 9400 manat məbləğində mal-qara almış, borcundan 6726 manatını qaytarmış, lakin qalan borcunu qaytarmaqdan imtina etmişdir. Cavabdehin iddiaçıya borclu olması iş üzrə şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Cavabdehə telefonoqram göndərilən zaman iddianı qəbul etmədiyini, borcunun tam olaraq ödədiyini bildirsə də iddiaya yazılı münasibət bildirməmiş, məhkəməyə borcunu tam ödəməsinə dair hər hansı sübut təqdim etməmişdir. Buna görə də məhkəmə iddianın təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli i.a.və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəyə görə isə əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Mülki Məcəllənin 389.3-cü maddəsinin tələbinə görə isə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh öhdəliyini yerinə yetirilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 2674 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən 40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon, Vərməziyar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 2674 (iki min altı yüz yetmiş dörd) manat pul və 46,74 manat (qırx altı manat yetmiş dörd qəpik) dövlət rüsumu alınaraq Culfa rayon Ərəfsə kəndində yaşayan İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №e-2(110)-971/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-971/2024
07.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver