Məhkəmə qərarları › İş №e-2(125)-1003/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1003/2023

26.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1003/2023 26.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 868,64 manat məbləğində maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixində saat 00:30 radələrində Gəncə şəhəri, Şıxzamanlı qəsəbəsi, Azərbaycan küçəsi, 7-ci döngə ərazisində idarə etdiyi **-DB-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətdiyindən İddiaçı EATS 259 Dəmiryolunun istismarında olar “Huawei” markalı, 1 saylı ONU şkafının və elektrik sayğacının bərkidildiyi dirəyi zədələyərək yararsız hala salmışdır. Nəticədə zədələnmiş ONU şkafının və elektrik sayğacının bərkidildiyi dirəyin bərpası üçün istifadə edilmiş mal-material sərfiyyatından idarəyə 868,64 manat məbləğində maddi ziyan vurulmuşdur. Hadisə ilə əlaqədar idarənin aidiyyəti əməkdaşları tərəfindən dərhal ərazidə baxış keçirilmiş və Cavabdeh tərəfindən “Huawei” markalı, 1 saylı ONU şkafının və elektrik sayğacının bərkidildiyi dirəyin qırılması ilə əlaqədar İddiaçı işçilərinin, ərazi üzrə icra hakimiyyətinin nümayəndəsinin və şahidlərin iştirakları ilə xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Cavabdeh vurulmuş ziyanın ödənilməsi barədə xx.xx.2022-ci il tarixli bildiriş göndərilmiş, lakin ziyan bu günə kimi ödənilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2005-ci il tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”nın 6-cı bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərlə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, İddiaçı sözügedən dirəyin sıradan çıxması nəticəsində dirəyin alınması və yerində bərpa edilməsinə 103,488 manat pul sərf etmiş, kabelin qırılması ilə boş dayanma saatlarına görə isə nəzəri hesablama yolu ilə 765,15 manat gəlirdən məhrum olmuşdur. Belə ki, kabelin boş dayanması zamanı abonentlər tərəfindən kabellə ötürülən xidmətlərdən istifadə edilmədiyi üçün həmin dövrdə pullu xidmətlərdən əldə edilə biləcək gəlirlərdən iddiaçı məhrum olur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş rabitə xətt və avadanlıqlarına zərər vurulması barədə 31 mart 2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində ünvan 1 ünvanı ərazisində İddiaçı istismarında olan Huawei” markalı, 1 saylı ONU şkafı və elektrik sayğacı Cavabdeh idarə etdiyi **-DB-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobil ilə törətdiyi qəza nəticəsində sıradan çıxmışdır. İş materiallarında olan Gəncə şəhəri, Şıxzamanlı qəsəbəsi ərazisində dirəyin bərpasına dair 102/1478-22 nömrəli yekun lokal smetadan görünür ki,1 ədəd dirək, dirəyin quraşdırılması və əlavə xərclərin ümumi miqdarı 103,488 manat təşkil etmişdir. Kabelin qırılması ilə boşdayanma üçün az yüklənmə saatlarında 19,95 manat, çox yüklənmə saatlarında isə 745,2 manat zərər hesablanmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsi X6 Şöbəsinin polis kapitanı X2 09 may 2022-ci il tarixli TP ******* nömrəli qərarının surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 01:00-da Gəncə şəhəri, Azərbaycan küçəsində əks istiqamətə çıxmadan manevr etmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh törətdiyi əməldə cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin araşdırma zamanı Cavabdeh verdiyi izahatdan görünür ki, o, xx.xx.2022-ci il tarixdə saat 00:45-də dostu Cavidin xahişi ilə sonuncuya məxsus **-DB-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobili idarə etmiş, Azərbaycan küçəsi 7-ci döngəyə çatarkən gözlənilməz halda yolun sol hissəsindən sağına doğru qaçan itləri vurmamaq üçün avtomobilin əyləcini sıxaraq sağa doğru istiqamətləndirmiş, avtomobil səki daşına dəydiyindən bir neçə dəfə aşaraq qarşı tərəfdə sağdakı dəmir dirəyə dəyib dayanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2022-ci il tarixdə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq iddiaçıya məxsus olan dirəyi aşırmış, dirək yararsız hala düşmüşdür. Dirəyin əvəz edilməsi və yerində quraşdırılması üçün ümumilikdə 103,49 manat vəsait sərf olunmuşdur. Cavabdehin təqsirli olaraq törətdiyi hüquqazidd əməllə iddiaçıya maddi zərər vurulması arasında səbəbli əlaqə vardır. Buna görə də iddiaçı tərəfindən dirəyin əvəz edilməsi və quraşdırılması üçün çəkilmiş xərclərin əvəzi cavabdehdən tutulmalıdır. İddiaçının tələbinin qalan hissəsi kabelin boş dayanması ilə əlaqədar əldən çıxmış fayda tələbidir. İddiaçı nəzəri hesablama metodu ilə az yüklənmə və çox yüklənmə saatları üçün fərqli miqdarlarda olmaqla ümumilikdə 765,15 manat zərər hesablamışdır. Lakin iddiaçı əldən çıxmış faydanın hesablanması üçün meyarları, adi mülki dövriyyə şəraitində həmin gəliri əldə edə biləcəyinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Əldən çıxmış fayda tamamilə ehtimala söykənə bilməz. Əldən çıxmış faydanın müəyyən edilə bilməsi üçün zərər vurulmasa idi, həmin gəlirin əldə edilməsinin mümkün olmasına dair mötəbər sübutlar təqdim edilməlidir. Bu baxımdan sübut qismində iddiaçının müəyyən dövr üçün az yüklənmə saatları və çox yüklənmə saatlarında həmin xətt üzrə pullu xidmətlərdən istifadəyə görə əldə etdiyi gəlirlərə dair məlumatlar çıxış edə bilərdi. Belə məlumatların olmaması əldən çıxmış fayda tələbinin sırf ehtimala əsaslandığını göstərir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı əldən çıxmış fayda tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən həmin hissədə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 3,60 manat hissəsinin Cavabdeh iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 103,49 manat (yüz üç manat, qırx doqquz qəpik) və dövlət rüsumunun əvəzi qismində 3,60 manat (üç manat, altmış qəpik) pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar