Məhkəmə qərarları › İş №e-2(125)-1005/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1005/2025

16.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1005/2025 16.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona verilmiş10800 (on min səkkiz yüz) manat pulun və tərəfindən ödənilmiş 124 (bir yüz iyirmi dörd) manat dövlət rüsumunun alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə hərəsi 4 nəfər tapmaqla ümumilikdə 10 nəfərdən ibarət lotareya oyunu oynamışlar. 10 nəfərdən hər biri 200 manat olmaqla, növbəlilik qaydada ayda bir dəfə 2000 manat həmin şəxsə pul verilir. İddiaçı və Cavabdeh özləri əlavə etdiyi 4 nəfərin pulunu aylıq 200 manat pulu da əlavə etməklə hərəsinə 1000 manat verməklə növbəti şəxsə verməyi razılaşmışlar. Bu minvalla, cavabdeh ondan aldığı pulları lotareya oynayanlara verməmiş və nəticə etibarı ilə iddiaçı bütün oyunçuların pullarını özü qaytarmışdır. Cavabdehlə danışığı zamanı ona olan 10800 (on min səkkiz yüz) manat borcunu təsdiq etmiş və tezliklə qaytaracağını bildirsə də, qaytarmamışdır. Həmçinin cavabdehlə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə görüşdükləri zaman Cavabdeh öz əl yazısı ilə qəbz yazaraq borcunu etraf etmiş və tezliklə qaytaracağına söz vermişdir. Həmin tarixdən bu günədək dəfələrlə cavabdehdən borcun qaytarılmasını tələb etsələr də borcun ödənilməsi aparılmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə İddiaçı nümayəndəsi vəkil Nümayəndə iştirak etmiş, təmsil etdiyi iddiaçının irəli sürdüyü iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermis, sonda iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, hesab edir ki, irəli sürülən iddia qanuni əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Hazırkı iş üzrə iddiaçı cavabdehə verdiyi pulun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə gəlməmiş və ona qarşı irəli sürülən iddiaya heç bir etiraz etməmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sübutları tədqiq etməklə qərar qəbul etmişdir. Məhkəmə göstərir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçının məhkəməyə təqdim etdiyi sadə əlyazma qəbzindən görünür ki, Cavabdeh 28 may 2021-ci il tarixdə qəbz yazmış və imzalamış, qəbzdə qeyd etmişdir ki, o, qonşusu Samirədən 10800 pul almışdır. Məhkəmə cavabdehin ona qarşı irəli sürülən iddiaya heç bir etirazının olmamasını nəzərə alıb, iddiaçının məhkəməyə bildirdiklərini və həmin qəbzi işin hallarının müəyyən edilməsində mötəbər sübutlar kimi qiymətləndirərək, hesab edir ki, cavabdehin iddiaçıya 10800 manat məbləğində borcunun olması işin faktiki halı kimi təsdiq olunandır. Beləliklə də məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 10800 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 123,6 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 123,6 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 10800 (on min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 123,6 (bir yüz iyiyrmi üç) manat 60 qəpik məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar