Məhkəmə qərarları › İş №e-2(125)-1468/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1468/2025

04.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1468/2025 04.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərcüməçi X1, İddiaçı, onun nümayəndəsi və vəkilləri Nümayəndə1 və Nümayəndə3, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi (anası) Nümayəndə4 Xutiyevnanın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona borclu olduğu 48000 manat pulun, həmçinin ödənilmiş 234 manat dövlət rüsumunun, 325 manat vəkil haqqının alınıb ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh bacısının qonşusu olmuşdur. Cavabdehi təxminən 5-6 il bundan əvvəldən tanımışdır. O, “ikinci əl” malların satışını həyata keçirir. Təxminən 5 il bundan əvvəl cavabdeh ona zəng edərək, ikinci əl əşyası olduğunu və satmaq istədiyini bildirmişdir. Cavabdeh bir neçə ədəd boşqab gətirmiş və o həmin boşqablara görə cavabdehə 10 manat pul vermişdir. Bundan bir neçə gün sonra gecə vaxtı onun telefonuna zəng gəlmiş və cavabdeh ona 500 manat pul lazım olduğunu, bir neçə günə qaytaracağını bildirmişdir. Həmin vaxt onun polislər tərəfindən Heydər Əliyev parkında ictimai asayişi pozduğu üçün tutulduğunu, polis idarəsində olduğunu öyrənmişdir. Cavabdehə həmin zaman lazım olan 500 manat pulu borc kimi vermişdir, o da həqiqətən səhəri gün pulu qaytarmışdır. Bundan sonra, aralarında münasibətlər yaranmışdır. Cavabdehə təxminən 2021-ci ildən 2024-cü ilin sentyabr ayına kimi müxtəlif əşyalar, o cümlədən 54000 manat dəyərində qızıl, brilyant zinət əşyaları satmışdır. Həmçinin, cavabdehə dəyəri 2500 manat olan “İstikbal” mebeldən gənc odası yataq dəsti, dəyəri 1300 manat olan 6 nəfərlik jurnal stolu, dəyəri 900 manat olan 6 nəfərlik stol-stul birlikdə, dəyəri 2800 manat olan 4 nəfərlik mətbəx stol-stulu, dəyəri 3000 manat olan bir ədəd divan-kreslo, hər birinin dəyəri 270 manat olan, ümumi dəyəri 5400 manat olan 20 ədəd xalça, ümumi dəyəri 4700 manat olan qab-qacaq dəsti, ümumi dəyəri 5000 manat olan qadın paltarları, ümumi dəyəri 1500 manat olan ayaqqabılar, ümumi dəyəri 1500 manat dəyərində çantalar, dəyəri 1500 manat olan yaylı döşək satmışdır. O, cavabdehə ümumilikdə 103000 manat dəyərində qızıl-zinət əşyaları və digər əşyalar satmışdır. Sonradan cavabdeh ondan əşyaların dəyərini tələb etməyi səbəbindən onun üstünə “reket qadınlar” gətirmişdir, həmin zaman qadınlara guya ki, onun cavabdehə sələmə pul verdiyini bildirmişdir. Həmin qadınlar ona borclu olmasını bildikdə, səs yazılarını dinlədikdən sonra onu rahat buraxmışlar və cavabdehin onları aldatdıqlarını bildirmişlər. Bundan sonra cavabdeh ona 2 ay, hər dəfə 3000 manat olmaqla, cəmi 6000 manat qızılların pulundan vermişdir. 2 aydan sonra isə gedib ondan polisə şikayət etmişdir ki, guya onun sələmə pul götürdüyünü, hazırda ondan faizləri tələb etdiyini bildirmişdir. Bununla bağlı Gəncə şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis baş leytenantı X8 tərəfindən araşdırılma aparılmışdır. Həmin araşdırma zamanı cavabdehin şikayətinin əsassız olması, əslində ondan mal alması, onun dəyərini qaytarmaması aşkar edilmişdir. Cavabdehdən izahat alınarkən əşyaların bir hissəsini qaytaracağını bildirmiş, polis işçiləri tərəfindən onun evinə baxış keçirilmiş, geyim əşyaları geyinilmiş vəziyyətdə qaytarılmışdır. Polis işçilərinin müdaxiləsi nəticəsində satdığı əşyaların bir hissəsi (işlənmiş, köhnəlmiş vəziyyətdə) qaytarılmışdır. Hazırda qızılların dəyərindən 48000 (qırx səkkiz min) manat borcu qalmışdır. Digər qaytardığı mallar da dəyərsiz vəziyyətə düşmüşdür. Halbuki, cavabdeh ondan aldığı qızıllar hesabına obyekt tikdirmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı Gəncə şəhərində qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla faizlə, yəni sələmə pul verərək vergi ödəmədən qanunsuz gəlir əldə edir. İddiaçı 2021-ci ildə 5 dəfə olmaqla, ümumi 12500 manat ona pul vermişdir. Bu illər ərzində həmin pula görə ondan qanunsuz olaraq 100000 manat pul almışdır. O, həmin pulları almasına baxmayaraq yenə də qanunsuz olaraq ondan 48000 manat pul tələb edir. Müstəntiq Mütəllim maddi maraq üzündən guya iddiaçıya 25400 manat borcunun olması ilə bağlı onu həbs edəcəyi ilə hədələmiş, izahata qol çəkdirmiş və sələmçi iddiaçının tərəfini saxlamışdır. Həmçinin bununla bağlı şikayət ərizəsinin araşdırılmasını, sələmçi iddiaçının onu şərləməsini nəzərə alaraq onun şikayəti əsasında olan mülki işə düzgün baxaraq düzgün qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin izahatında bildirdi ki, cavabdehlə çox yaxın, hətta bacı münasibətində olmuşdur. Özü “Lalafo” saytında “ikinci əl” malların satışını həyata keçirir. Cavabdeh bunu bildiyi üçün qızıl alveri ilə məşğul olmaq istədiyini və qızıl satışı olanda ona da deməyini xahiş etmişdir. Anasından, bacısından, Bakı şəhərində yaşayan Fəridə adlı qadından və Məhəbbət adlı qadından qızıl götürərək onları hissə-hissə nisyə olaraq cavabdehə satmışdır. Cavabdeh ona banklara külli miqdarda borcunun olduğunu, qızıllarla borcunu ödəyib bankdan külli miqdarda pul götürəcəyini, birgə obyekt açmaqla pul qazanıb xəstə uşaqlarını müalicə etdirəcəklərini bildirmişdir. Cavabdehdən hər dəfə qızılların pulunu, eləcə də digər borcunu tələb etdikdə qardaşının Qazaxıstan Respublikasının Prezidentinin oğlunun kirvəsi olduğunu, ona pul göndərəciyini bildirərək onu aldatmışdır. Cavabdehə təxminən cəmi 100 qram çəkidə, 54000 manat dəyərində qızıl-zinət əşyaları satmışdır, cavabdeh ona həmin qızıl əşyalarına görə 6000 manat məbləğində pul ödəsə də, cavabdehin 48000 manat borcu qalmaqdadır. Özü qızıl satışı ilə məşğul olmur, o qızıl satışı ilə məşğul olan şəxslərdən 2021-ci ildən 2024-cü ilin sentyabr ayına kimi qızıl-zinət əşyalarını götürüb vasitəçi kimi hissə-hissə cavabdehə satmışdır. Cavabdeh 3-4 ay ərzində borcunu qaytaracağını bildirmişdir. Bundan başqa, himayəsində iki xəstə uşağı var. Məhkəmə təqdim etdiyi səsyazılarından da göründüyü kimi cavabdeh qızıl-zinət əşyalarını götürdüyünü etiraf etmişdir. X3 barışıq ərizəsi yazmalı olduğunu bildirərək yazmadığı təqdirdə onu həbs edəcəyi ilə hədələyir. Məhkəməyə təqdim edilmiş videogörüntülər xx.xx.2024-xx.xx.2024-cü illər tarixində çəkilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununda göstərilənləri müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin izahatında bildirdi ki, tərəflərin münasibətləri 5-6 il bundan qabaq yaranmışdır. Cavabdeh iddiaçının bacısının qonşusu olmuşdur. Təxminən 5 il bundan əvvəl cavabdeh ona zəng edərək, ikinci əl əşyası olduğunu və satmaq istədiyini bildirmişdir. Cavabdeh 5-6 ədəd işlənmiş boşqab gətirmiş və o, həmin boşqablara görə iddiaçı cavabdehə pul vermişdir. Bundan bir neçə gün sonra gecə vaxtı iddiaçının telefonuna zəng gəlmiş və cavabdeh ona 500 manat pul lazım olduğunu, bir neçə günə qaytaracağını bildirmişdir. Həmin vaxt iddiaçı cavabdehin polislər tərəfindən Heydər Əliyev parkında əxlaqsız hərəkətlər etdiyi üçün tutulduğunu, polis idarəsində olduğunu öyrənmişdir. Cavabdehə həmin zaman lazım olan 500 manat pulu borc kimi vermişdir, o da həqiqətən səhəri gün pulu qaytarmışdır. Bundan sonra, tərəflər arasında dostluq münasibətləri yaranmışdır. Həm cavabdeh, həm də iddiaçının uşaqları xəstədir. Cavabdeh həmişə iddiaçıya qardaşının Qazaxıstan Respublikasının Prezidentinin uşağının kirvəsi olduğunu demişdir. Cavabdeh iddiaçıya həmçinin obyektinin olduğunu, onu təmir etdirərək birlikdə işlətməyi təklif etmişdir. Sonradan cavabdeh ondan əşyaların dəyərini tələb etməyi səbəbindən iddiaçının üstünə “reket qadınlar” gətirmişdir, həmin zaman qadınlara guya ki, onun cavabdehə sələmə pul verdiyini bildirmişdir. Həmin qadınlar ona borclu olmasını bildikdə, səs yazılarını dinlədikdən sonra onu rahat buraxmışlar və cavabdehin onları aldatdıqlarını bildirmişlər. Bundan sonra cavabdeh iddiaçıya 2 ay, hər dəfə 3000 manat olmaqla, cəmi 6000 manat qızılların pulundan vermişdir. 2 aydan sonra isə cavabdeh gedib iddiaçıdan polisə şikayət etmişdir ki, guya onun sələmə pul götürdüyünü, hazırda ondan faizləri tələb etdiyini bildirmişdir. Bununla bağlı Gəncə şəhəri Baş Polis İdarəsində aparılmış araşdırma zamanı cavabdehin şikayətinin əsassız olması, əslində iddiaçıdan mal alması, onun dəyərini qaytarmaması aşkar edilmişdir. Cavabdehdən izahat alınarkən əşyaların bir hissəsini qaytaracağını bildirmiş, polis işçiləri tərəfindən onun evinə baxış keçirilmiş, geyim əşyaları geyinilmiş vəziyyətdə qaytarılmışdır. Bu zaman iddiaçının əri tərəfindən videoçəkiliş aparılmışdır, həmin videoçəkilişin əks olunduğu disk məhkəməyə təqdim edilmişdir. Polis işçilərinin müdaxiləsi nəticəsində satdığı əşyaların bir hissəsi işlənmiş, köhnəlmiş vəziyyətdə qaytarılmışdır. Hazırda qızılların dəyərindən 48000 manat borcu qalmışdır. Digər qaytardığı mallar da dəyərsiz vəziyyətə düşmüşdür. Diskdə olan videoçəkilişlər və yazışmalar tam sübut edir ki, həmin qızıllar iddiaçı tərəfindən cavabdehə nisyə satılmışdır. Sözügedən qızıllar aşağıdakılardan ibarət olmuşdur: 4,36 qram çəkidə olan bir ədəd qızıl boyunbağı, hər biri bir ədəd olan 27,3 qram çəkidə olan qızıl boyunbağı, sırğa və bilərzik, 3,58 qram çəkidə olan qızıl üzük, 44 qram çəkidə olan qızıl boyunbağı, üzük, sırğa və bilərzik dəsti, 50 qram çəkidə olan qızıl boyunbağı, sırğa, bilərzik və brilliant qaşlı üzük dəsti, 13,01 qram çəkidə olan 1430 manat dəyərində 750 əyyarlı qızıl boyunbağı, 20 qram çəkidə olan qızıl boyunbağı və bilərzik, 5000 manat dəyərində qızıl saat. Cavabdehin hazırkı iddia ilə eyni mahiyyətli olan müraciəti ilə bağlı polis orqanında araşdırma aparılmış, cavabdehin izahatları öz təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən polis orqanında təqdim edilmiş səs yazılarında cavabdeh iddiaçının ona pul verdiyini təsdiq edir, lakin sələmə pul verildiyi heç bir səsyazmasından müəyyən edilmir. Bu barədə tərəflər polis orqanında izahatlar vermişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının digər nümayəndəsi və vəkili Nümayəndə3 iddia ərizəsinin məzmununda göstərilənləri müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin izahatında bildirdi ki, cavabdeh polis orqanında verdiyi izahatlarında qızıl-zinət əşyaları almasını qismən etiraf etmişdir. Həmin qızılların dəyəri olan 54000 manat pul məbləğindən 6000 manatı cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Məhkəməyə təqdim olunmuş videoçəkilişlərdən də birmənalı şəkildə görünür ki, qızıl-zinət əşyalarından söhbət gedir, cavabdeh həmin videoçəkilişlərdə 54000 manat məbləğində qızıl-zinət əşyaları almasını etiraf edir. Ləğv edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda da qeyd edilmişdir ki, 64 qram qızıldan söhbət gedir, həmçinin həmin qərarda cavabdeh 25000 manat məbləğində borcunun olmasını etiraf etmişdir. Cavabdeh tərəf həmin qərarın ləğv edildiyini bildirir, lakin həmin qərar prosessual əsasla ləğv edilmişdir, yəni araşdırma zamanı verilən izahatların mahiyyəti dəyişməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (anası) iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, iki il bundan qabaq, 2023-cü ildə qızına, yəni cavabdehə 34 qram çəkidə qızıl-zinət əşyaları verilmişdir. Həmin 34 qram çəkidə olan qızıl-zinət əşyalarının dəyəri isə artıqlaması ilə iddiaçıya qaytarılmışdır. İddiaçı tərəf cavabdehi daim təhdid edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, iş üzrə sübut növü olan Gəncə şəhər Baş polis İdarəsinin İstintaq idarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı Gəncə şəhər prokuroru tərəfindən ləğv edilmiş, iddiaçının qanunsuz faizə pul verməsi ilə bağlı Gəncə şəhər prokuroru tərəfindən fakta görə cinayət işi başlanmışdır. Cavabdehə polis orqanında təsir olunmuşdur, buna görə də cavabdeh polis orqanında verdiyi izahatlara təsir altında imza etdiyi üçün həmin izahatlar sübut kimi qəbul edilə bilməz. Həmçinin həmin izahatların verildiyi qərar ləğv olunduğu üçün o, sübut kimi qəbul edilə bilməz. Ləğv olunan Gəncə şəhər Baş polis İdarəsinin İstintaq idarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında iddiaçının verdiyi izahatlar ilə hazırkı iddia ərizəsində yazılanlar ziddiyyət təşkil edir. Hazırda iddiaçı tərəfindən qaldırılmış iddia ilə cinayət işinin başlandığı fakt eynilik təşkil edir. Cavabdehin prokurorluğa müraciət etməsinin səbəbi iddiaçıya külli miqdarda pul ödəməsi, lakin cavabdehin “sələmçi” adlandırdığı iddiaçının ondan əl çəkməməsi olmuşdur. İddiaçı tərəfindən cavabdehə verilmiş qızıl-zinət və digər əşyaların dəyəri həddindən artıq şişirdilmiş, ortada 54000 manat dəyərində qızıl-zinət əşyası olmamış, cəmi 30-34 qram çəkidə qızıl olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya bugünədək əşyaların, qızıl-zinət əşyalarının dəyəri qismində təxminən 100000 manat pul ödənilmişdir. İddiaçı izahatında cavabdehə təxminən 100 qram dəyərində qızıl verdiyini bildirsə də, təqdim etdiyi qızıl siyahısında adi riyazi hesablama ilə qızılların çəkisini topladıqda 200 qramdan çox edir. Həmçinin iddiaçı məhkəmədə verdiyi izahatında 8 ədəd qızıl-zinət əşyasının adını çəksə də, iddiaçı tərəfindən təqdim edilmiş qızıl siyahısında olan qızılların sayı 8-dən xeyli çoxdur. Bu isə onun izahatları arasında olan ziddiyyəti göstərir. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüdə iddiaçının həyat yoldaşı cavabdehə 15000-20000 manat borcunun olduğunu bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis baş leytenantı X8 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yaşayan Cavabdeh Gəncə şəhər Prokurorluğuna ərizə ilə müraciət edərək 7 mart 2021-ci il tarixdən Yaqut adlı qadından 5 dəfə olmaqla ümumilikdə 12 500 manat sələmə pul götürməsini və üç il ərzində həmin qadına 100000 manata qədər pulu ödəməsinə baxmayaraq, Yaqut adlı şəxsin onu narahat edərək faizləri ödəməsini bildirmişdir. Material üzrə izahatı alınmış Cavabdeh ailə üzvləri ilə birlikdə yuxarıda qeyd olunan ünvanda yaşadığını, rəsmi olaraq heç bir yerdə işləmədiyini, İddiaçı təxminən 6 ildir ki tanımasını, İddiaçı onların yaşadığı binanın yaxınlığındakı binada yaşamasını bildirmişdir.Təxminən 2021-ci ildə o uşağını müalicə etdirmək üçün İddiaçı hissə-hissə olmaqla ümumilikdə 12500 manat sələmə pul götürməsini demişdir. O, həmin pulun əvəzində İddiaçı 3 il ərzində faizlərlə birlikdə 97000 manat pul qaytarmasını bildirmişdir. O, 2022-ci il tarixdə Yaqut adlı qadından 30 qram qızıl almasını və qarşılığında ona 18000 manat ödəyəcəyinə söz verməsini, həmin 18000 manat puldan Yaqut adlı qadına 8000 manat ödədiyini və 10000 manat borcunun qalmasını bildirmişdir. Həmçinin 2023-cü il tarixdə o, Yaqut adlı qadından 34 qram qızıl almasını və qarşılığında ona 20400 manat ödəyəcəyinə söz verməsini, həmin 20400 manat puldan Yaqut adlı qadına 5000 manat ödədiyini, 15400 manat borcunun qalmasını və Ümumilikdə qızıl məsələsi ilə bağlı onun Yaqut adlı qadına 25400 manat borcunun qalmasını bildirmişdir. Hazırda Yaqut adlı qadın və onun bacısı Elnarə adlı qadının telefonla ona mütəmadi olaraq zəng edərək ona hədə-qorxu gələrək narahat etməsini, ondan qızılı və borcunu geri qaytarmağı tələb etməsini, həmçinin onda video görüntülərinin olmağını və onu şantaj edəcəyini demişdir. Material üzrə izahatı alınmış İddiaçı ailə üzvlərilə birlikdə yuxarıda qeyd olunan ünvanda yaşamasını, rəsmi olaraq heç bir yerdə işləmədiyini, X4 təxminən 6 ildir ki, tanıdığını bildirmişdir. X2 onların yaşadığı binanın yaxınlığındakı binada yaşamasını, Cavabdeh təxminən 5 il bundan əvvəl ona zəng edərək ikinci əl əşyasını satmaq istədiyini demişdir. Onun bir neçə ədəd boşqab gətirdiyini və həmin boşqabların qarşılığında ona 10 manat pul verməsini demişdir. Bundan sonra Cavabdeh ona zəng edərək 500 manat pul lazım olduğunu bildirmişdir. O, Cavabdeh 500 manat pul verməsini və bir gün sonra pulu ona qaytardığını bildirmişdir.Təxminən 2021-ci il tarixdən 2024-cü ilin sentyabr ayınadək olan müddət ərzində 4,36 qram qızıl sep, 27,3 qram hər biri bir ədəd olmaqla qızıl sep, sırğa və braslet, 3,58 qram qızıl üzük, 44 qram sep braslet üzük sırğa, 50 qram sep braslet sırğa brilyant qaşlı üzük, 13,01 qram 750 əyyar 1430 manat dəyərində qızıl boyunbağı, 20 qram qızıl bilərzik və sep, bir ədəd 5000 manat dəyərində qızıl saatı ümumilikdə 54000 manat dəyərində qızıl zinyət əşyalarını satmasını, bundan əlavə Cavabdeh dəyəri 2500 manat olan İstikbal mebeldən gənc odası yataq dəsti, dəyəri 1300 manat olan 6 nəfərlik jurnalni stol, dəyəri 900 manat olan 6 nəfərlik stol stul birlikdə, dəyəri 2800 manat olan 4 nəfərlik mətbəx stol-stulu, dəyəri 3000 manat olan bir ədəd divan kreslo, bir ədədinin qiyməti 270 manat olmaqla ümumi dəyəri 5400 manat olan 20 ədəd xalça, ümumi dəyəri 4700 manat olan qab-qacaq dəsti, ümumi dəyəri 5000 manat olan qadın paltarları, ümumi dəyəri 1500 manat olan ayaqqabılar, ümimi dəyəri 1500 manat dəyərində çantalar, dəyəri 1500 manat olan yaylı döşək satdığını demişdir. Ümumilikdə o, Cavabdeh 103000 manat dəyərində qızıl-zinyət əşyaları və digər əşyalar satmasını bildirmişdir. Cavabdeh qızılzinyət əşyalarından başqa yerdə qalan əşyaları və 6000 manat pulu ona qaytarmasını demişdir. Ancaq Cavabdeh ona qızıl-zinyət əşyalarından 48 min manat borcunun qalmasını bildirmişdir. Qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh göstərdiyi xüsusatların mülki mübahisə predmeti kimi qiymətləndirilməsi, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. İddiaçı tərəf cavabdehin həmin araşdırma zamanı verdiyi eyniməzmunlu izahatını məhkəməyə təqdim etmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri X9 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılması haqqında” xx.xx.2025-ci il tarixli qərarda göstərilmişdir ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış 160- C-25 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 192.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, cinayət işi ibditai istintaq aparılmasından ötrü aidiyyəti üzrə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilməsi və qəbul edilmiş qərar barədə cinayət haqqında məlumat vermiş şəxslərə, habelə qanunla müəyyən edilmiş cinayət prosesinin iştirakçılarına məlumat verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş, Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri X9 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması və materialın cinayət işinə əlavə edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərarda göstərilmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində toplanmış HK-1/1211 saylı material üzrə müstəntiq, polis baş-leytenantı X6 Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə istinad edilməklə qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 dekabr 2024-cü il tarixli qərarı əsassız və qanunsuz olduğundan ləğv edilmiş və material əlavə araşdırma aparılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində Azərbaycan Respublikası CM-in 192.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri X9 tərəfindən qəbul edilmiş “zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Cavabdeh iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış və sonuncuya cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələr izah edilmişdir. İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş bir ədəd diskdə olan videogörüntülərdə iddiaçının həyat yoldaşı cavabdehin evində çəkiliş apararaq ondan stul-stol dəstini, matrası tələb etmiş, cavabdeh isə cavabında onları vermədiyini, onların pulunu ödədiyini bildirmişdir. Həmçinin iddiaçının həyat yoldaşı cavabdehdən qol çəkib videoçəkilişlə götürdüyü qızılların pulunu tələb etmiş, cavabdeh isə cavabında qızılların yarısının pulunu ödədiyini, yarısını isə ödəməyini bildirmişdir. Həmçinin diskdə olan videogörüntülərin birində iddiaçının həyat yoldaşı cavabdehin qaytardığı paltarları, “pastel”ləri və digər əşyaları göstərmiş, cavabdehin paltarların cəmi yarısını qaytardığını, onların isə geyinilmiş, köhnə və yuyulmuş vəziyyətdə olduğunu bildirmişdir. Diskdə olan başqa bir videogörüntüdən görünür ki, iddiaçı, cavabdeh və başqa bir şəxs arasında gedən söhbətdə iddiaçı kağıza imza edərək orada adları və qiymətləri qeyd olunan 54200 manat məbləğində qızıl zinət əşyalarını götürdüyünü qəbul etmişdir. Diskdə olan iddiaçı, cavabdeh və iddiaçının həyat yoldaşı Elnur arasında olan görüntülü danışığı əks etdirən videogörüntüdə iddiaçı cavabdehin Qumru adlı şəxsdən 2 il bundan qabaq 5000 manat məbləğində qızılları, həmçinin Solmaz və Məhəbbət adlı şəxsdən və digər şəxslərdən çoxlu qızılları götürdüyünü, ayın axırında Qumru adlı şəxsə 5000 manat pulun verilməli olduğunu, cavabdehin anasının da qızının bu qədər borcunun olduğunu qəbul etdiyini, ona zorla heç bir qızıl satmadığını, cavabdehin ona qardaşının Qazaxıstan Respublikasının Prezidentinin oğlunun kirvəsi olduğunu dediyini, buna görə də ona bu qədər qızıl verdiyini, “Araz” adlı polisin cavabdehi onun qardaşlarına əxlaqsız olmasını deməsi ilə hədələdiyini, buna görə də “Araz” adlı polislə dalaşdığını, polisə 500 manat verərək onu qurtardığını, cavabdeh isə cavabında balaca qardaşı X5 Respublikasının Prezidentinin oğlunun kirvəsi olduğunu, ayın 25-də 3000 manat alacağının olduğunu, həmin pulla borcunun bir hissəsini ödəyəcəyini, iddiaçının ona yaxşılıq etdiyini, heç vaxt ona pislik etməyəcəyini, iddiaçının onun “qoruyucu mələyi” olduğunu, “Araz” adlı polisin ondan 80 manat istədiyini, ancaq heç vaxt ona pul vermədiyini, “Orxan” adlı şəxsə 100 manat sələmə pul verdiyini, “Orxan” adlı şəxsin pulunu qaytardığını bildirmişdir. Diskdə olan başqa bir səsyazmada cavabdeh iddiaçıya bacı dediyini, ona çox bağlı olduğunu, heç kimə pislik etmədiyini, iddiaçının ona güvənərək çoxlu pul və neçə minlik qızıllar verdiyini, götürdüyü pulu ödəyəcəyini demişdir. Səsyazmaların birində cavabdeh iddiaçının həyat yoldaşı Elnura iddiaçının ona etdiyi yaxşılıqları heç kimin etmədiyini, hissə-hissə borcunu ödəyəcəyini, ödənişləri mütləq edəcəyini bildirmişdir. Diskə qızılların çəkilmiş fotoşəkilləri də əlavə edilmişdir. Cavabdeh tərəfindən sübut qismində təqdim edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş bir ədəd “flash disk”də tərəflər arasındakı ayrı-ayrı səsyazmalarda iddiaçı ilə cavabdeh, eləcə də cavabdehlə anası arasındakı danışıqlarda iddiaçının cavabdehdən borcunu tələb etdiyi müəyyən edilir. Həmin “flash disk”də qızılla bağlı yalnız bir səsyazma mövcuddur və həmin səsyazmada cavabdeh anası ilə iddiaçıya olan borcunu müzakirə edərkən bildirir ki, ümumilikdə iddiaçıdan 70 qram olmaqla sonuncu dəfə 34 qram 585 əyarlı qızıl götürmüş, iddiaçı həmin qızılın qramını 150, 160 manatdan hesablamış, qızılın dəyərinin ona 14000 manat olduğu deyilmiş, iddiaçı ondan digər borcunu tələb edəndə həmin qızılları lombarda qoyub əldə etdiyi pul məbləğini iddiaçıya vermişdir. İş materiallarına “X15” MMC-yə girov qoyulmuş, ümumi çəkisi 58,30 qram olan “boyunbağı, komplekt, üzük, üzük ağlı, klon ağlı, sırğa, klon”dan ibarət 7 adda qızılın cavabdeh tərəfindən təhvil alınmasına dair xx.xx.2024-cü il tarixli aktın surəti əlavə edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilən müddəalarda öhdəliyin yaranması əsasları və ümumi şəkildə dairəsi müəyyən edilmişdir. Adı çəkilən müddəaların məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün ilk növbədə onun iştirakçıları (tərəfləri) arasında hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş qeyd edilən əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan irəli gələn öhdəliklərə (əsassız varlanma) bölünür. Öhdəliklərin ən geniş yayılmış forması isə müqavilə öhdəlikləridir. Qanun müəyyən edir ki, müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalıdır. İddiaçı tanışlarından qızıl əşyalarını alaraq təxminən 2021-ci ildən 2024-cü ilin sentyabr ayına kimi müxtəlif əşyalar, o cümlədən 54000 manat dəyərində qızıl zinət əşyalarını cavabdehə satdığını, cavabdehin ona qızıl əşyalarının dəyərinin cəmi 6000 manatını ödədiyini, 48000 manat məbləğində pul vəsaiti borclu qaldığını iddia edir. Məhkəmə qeyd edir ki, yuxarıda şərh edilənlərə əsasən, bu halda öhdəliyin yaranması üçün tərəflər arasında nisyə alqı-satqı müqaviləsinin bağlanması şərtdir. Məhkəmə həmçinin nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Sübutetmə vəzifəsinin bölgüsü baxımından nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsi iddiaçının, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırki iş üzrə tərəflər arasında “nisyə alğı-satqı müqaviləsi” adlanan şifahi müqavilənin bağlanması işin müəyyən edilmiş halıdır. Belə ki, bu hal işin materialları və iş üzrə tərəflərin izahatları ilə təsdiq olunur. Belə ki, tərəflər arasında olduğu mübahisəsiz olan, iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş bir ədəd diskdə olan videogörüntülərdən, eləcə də cavabdeh tərəfindən sübut qismində təqdim edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş bir ədəd “flash disk”də cavabdehlə anası arasında əks olunmuş danışıqlardan, habelə iddiaçı tərəfin, eləcə də cavabdehin nümayəndəsinin (anasının) məhkəmə iclasında verdiyi izahatlarından müəyyən edilir ki, iddiaçı 2021-ci ildən 2024-cü ilin sentyabr ayına kimi müxtəlif əşyalar, o cümlədən 54200 manat məbləğində dəyərləndirdikləri qızıl zinət əşyalarını cavabdehə nisyə satmışdır. Bu hal, yəni satılan qızıl-zinət əşyalarının ümumi dəyərinin 54200 manat olması halı xüsusən cavabdehin heç bir etiraz etmədiyi videogörüntüdə nümayiş etdirilən kağız daşıyıcısında əks olunur. Cavabdeh tərəf hazırkı iddia tələbinə etiraz edərək bildirir ki, idddiaçıdan ümumilikdə 34 qram çəkidə qızıl-zinət əşyasını nisyə almış və onun dəyərini artıqlaması ilə ödəmişdir. Lakin məhkəmə qeyd edir ki, cavabdeh tərəf bununla bağlı hər hansı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin, cavabdeh tərəfin bu izahatı ziddiyyətlidir. Belə ki, cavabdeh tərəfin təqdim etdiyi “flash disk”dəki səsyazmada cavabdeh anası ilə iddiaçıya olan borcunu müzakirə edərkən özü bildirir ki, ümumilikdə iddiaçıdan 70 qram olmaqla sonuncu dəfə 34 qram 585 əyarlı qızıl götürmüşdür. İddiaçı həmin borcdan cavabdehin bir miqdarda, yəni 6000 manat ödəniş etdiyini, onun cəmi 48000 manat borcunun qaldığını bildirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir (maddə 529.1). MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. MPM-in 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (MPM-in maddə 76). “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə “...Lakin hazırkı iş üzrə məhkəmələr tərəfindən telefon danışıqlarını və yazışmaları əks etdirən diskin qanuni əsaslarla əldə edilməmiş sübut sayılmasına, habelə həmin məlumatların əsassız olmasına dair hər hansı hüquqi qiymətləndirmə aparılmamış və bununla bağlı gəlinən qənaət əsaslandırılmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Beləliklə, tərəflərin izahatından, eləcə də iş materiallarına əlavə edilmiş, tərəflər arasında, o cümlədən cavabdehlə onun anası (hazırda nümayəndəsi) arasında keçdiyi inkar edilməyən disklərdə əks olunmuş videogörüntüdən, danışıqlardan müəyyən edilir ki, tərəflər arasında 2021-ci ildən 2024-cü ilin sentyabr ayına kimi 54200 manat məbləğində dəyərləndirdikləri qızıl zinət əşyalarının alqı-satqısına dair şifahi qaydada nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin razılaşmaya əsasən iddiaçı qeyd etdiyi qızıl-zinət əşyalarını cəmi 54200 manat müqabilində cavabdehə nisyə satmış, cavabdeh hissə-hissə müəyyən ödənişlər etmiş, lakin cəmi 48000 manat məbləğində borcunu ödəməmişdir. Göründüyü kimi, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, nisyə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulan əşyaları cavabdehə vermiş, cavabdeh isə nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşyaları almasına dair hüququndan istifadə etmiş, əşyaların dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Hazırda iddiaçı cavabdehdən nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 48000 manat hissəsini tələb edir. Odur ki, məhkəmə hesab edir ki, nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 48000 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar qeyd edilən məbləğdə borcun olduğunu təsdiq edir. Başqa sözlə, cavabdeh iddiaçı ilə arasında nisyə alqı satqı müqaviləsi bağlandığını, iddiaçının ona qızıl əşyaları satdığını özü etiraf edir. Lakin cavabdeh iddiaçıdan aldığı qızıl əşyalarının dəyərini tam olaraq iddiaçıya ödədiyini, ümumiyyətlə həmin qızıl əşyalarının çəkisinin, onun dəyərinin iddiaçı tərəfindən düzgün göstərilmədiyini iddia etsə də, bunu təsdiq edəcək və ya iddia tələbini təkzib edəcək hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 234 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ümumilikdə ödənilmiş 234 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən vəkilə 325 manat məbləğində xərc çəkilmişdir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən, eləcə də hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən məbləğ ağılabatan olduğundan, vəkilə ödənilən həmin 325 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 48000 (qırx səkkiz min) manat məbləğində pul vəsaiti və məhkəmə xərcinə görə 559 (beş yüz əlli doqquz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar