Məhkəmə qərarları › İş №e-2(125)-149/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-149/2025

27.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-149/2025 27.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payın naturada ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən” MH seriyalı ******* nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışa əsasən, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində 0.019 ha torpaq sahəsində yerləşən 35 nömrəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində 76.5 kv.m. ümumi, 76.5 kv.m. əsas sahədən ibarət qeyri yaşayış sahəsi (mağaza) paylı mülkiyyət hüququ üzrə İddiaçı (25.5 kv.m.), Cavabdeh2 (25.5 kv.m.), Cavabdeh1 (25.5 kv.m.) adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 103 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində yerləşən 35 nömrəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində ümumi sahəsi 76,5 kv.m olan qeyri-yaşayış sahəsindən İddiaçı məxsus 25,5 kv.m payın naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər onun qardaşlarıdır. Mübahisəli qeyrıyaşayış sahəsi hazırda iddia ərizəsinə əlavə edilən daşınmaz əmlakın texniki pasportunda göstərilən qaydada faktiki qaydada aralarında bölünsə də, naturada ayrılmayıb. Cavabdehlər əmlakın naturada bölünməsinə razı deyillər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 10/7336 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində mülkiyyətində olan 0,019 ha torpaq sahəsində yerləşən 35 nömrəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində 76,5 kv.m ümumi, 76,5 kv.m əsasə sahədən ibarət qeyri-yaşayış sahəsindən (mağaza) mövcud olan 25,5 kv.m payın naturada ayrılması texniki cəhətdən mümkün olunduğu müəyyən edilir. Bunun üçün, tətqid olunan 25,5 kv.m qeyri-yaşayış sahəsi faktiki (bölünmüş) vəziyyətdə saxlanılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçisi iddia ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və iddianın təmin olunması xahiş etdi, həmçinin bildirdi ki, tərəflər arasında payın əvəzinə kompensasiya ödənilməsinə dair hər hansı razılıq yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfi dinləyərək və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1. maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlardan görünür ki, 25.5 kv.m paylarla tərəflərin adına mülkiyyəti hüququ qeydiyyata alınmış mübahisəli qeyri-yaşayış sahəsinin naturada bölünməsinə dair iddiaçı və cavabdehlər arasında razılıq əldə olunmamışdır. Mülki iş üzrə ekspert qarşısında qoyulmuş suala cavab olaraq verilmiş rəyə əsasən, iddiaçıya məxsus payın faktiki (bölünmüş) vəziyyətdə saxlanılmaqla naturada ayrılması texniki cəhətdən mümkündür. İş üzrə verilmiş ekspert rəyinin əsassız olmasını təsdiqləyən hər hansı dəlil təqdim edilməmişdir. Belə olan halda, naturada ayrılmaya dair tərəflərin arasında razılıq əldə edilməməsi iddiaçının mübahisəli əmlaka dair mülkiyyətçi hüquqlarının pozulması ilə nəticələnməli deyil. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, mübahisəli daşınmaz əmlakdan iddiaçının payı ekspert rəyinə uyğun olaraq naturada ayrılmalıdır. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində yerləşən 35 nömrəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində ümumi sahəsi 76,5 kv.m olan qeyri-yaşayış sahəsindən İddiaçı məxsus 25,5 kv.m pay faktiki (bölünmüş) vəziyyət saxlanılmaqla naturada ayrılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar