Məhkəmə qərarları › İş №e-2(125)-1543/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1543/2024

25.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1543/2024 25.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya oğurluq nəticəsində dəymiş olan 918 manat, əlavə olaraq terminalın işlək vəziyyətinin pozulması ilə bağlı 2075 manat olmaqla, ümumilikdə 2993 manat məbləğində pul vəsaitinin və 49,93 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin cinayət iş üzrə təqsirləndirilən şəxs Cavabdeh barəsində çıxardığı 1(044)- 113/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmündə zərərçəkmiş şəxs olduğu və törədilmiş olan cinayətlə əlaqədar ona vurulmuş birbaşa zərər öz əksini tapmışdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi cinayət işi üzrə təqsirləndirilən şəxsə törətdiyi cinayətlərin nəticəsi olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Qeyd edilən hökmdə əks olunduğu üzrə cavabdeh ona məxsus 40135 nömrəli “EASYPAY” markalı elektron ödəmə terminalının kassasını mağazadan götürdüyü baltadan istifadə etməklə zərbələr vurub sındıraraq kassanın içərisindən iddiaçıya məxsus 918 manat məbləğində pul vəsaitini gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan əlavə oğurluq zamanı ödəmə terminalının işlək vəziyyətinin pozulması (kioskun qapısı, qapının qıfılı, qapının kantı, kart oxuyucu, pul qəbuledici, pul kaseti sındırılaraq yararsız hala salınmış, pul bölməsinin qapısının sındırılması və sair) ilə bağlı iddiaçıya 2075 (iki min yetmiş beş) manat məbləğində maddi ziyan vurulmuşdur. İddiaçı MMC məhkəməyə ərizələr ünvanlayaraq məhkəmə iclaslarının çoxluğu ilə əlaqədar nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün məhkəmənin iclasında iştirak edə bilməyəcəklərini, işlə bağlı sübutların “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim edildiyini qeyd edərək, iddianı müdafiə etdiklərini, məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, eləcə də iddia ərizəsinin surəti ona göndərilmişdir. Cavabdeh ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirakının təmin olunmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1543/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan cavabdehə iddia ərizəsinin surətinin, məhkəmə bildirişinin təqdim edilməsi və onun iddia tələbinə münasibətinin öyrənilməsi üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə məhkəmə tapşırığı verilməsi qərara alınmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 10(003)-9/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə Gəncə Şəhər Məhkəməsinin Cavabdeh qismində izahatının alınmasına və ona zəruri sənədlərin təqdim edilməsinə dair məhkəmə tapşırığının icra edilmiş hesab olunması qərara alınmışdır. Həmin qərardadda qeyd edilmişdir ki, “Məhkəmə tapşırığının yerinə yetirilməsi məqsədilə Cavabdeh Ədliyyə Nazirliyi PX-nin 3 saylı İT-nın əməkdaşları tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə gətirilmiş və izahatı alınmışdır. Məhkəmə iclasında Cavabdeh Gəncə Şəhər Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin ona qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini qəbul edərək onun təmin edilməsinə etiraz etmədiyini qeyd etmiş və bildirmişdir ki, o, həmin məhkəmədə keçiriləcək iclaslarda iştirak etmək istəmir, məhkəmə iclaslarının onun iştirak olmadan keçirilməsinə etiraz etmir. Hazırda 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Ona iddia ərizəsinin surəti, bildiriş təqdim edilmiş və o, bu barədə qəbzə imza etmişdir.” Həmin qəbz iş materiallarına əlavə edilmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-113/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)- 26/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 06 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, Cavabdeh qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəlinin 30 sentyabr 2020-ci il tarixdən hesablanması müəyyən edilmiş, həmçinin məhkəmə xərclərinə dair məsələ həll edilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş həmin hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh özgə əmlakını əvəzsiz və gizli olaraq talama məqsədi ilə 29 sentyabr 2019-cu il tarixdə gecə saat 02 radələrində Gəncə şəhəri Kəpəz rayonu, Hərbi Şəhərcik 38 ərazisində yerləşən X1 məxsus Ərzaq mağazasına qapısının dəmir örtüyünün qıfılını istintaq zamanı müəyyən edilməmiş alətdən istifadə etməklə mexaniki təsir edərək sındırıb mağazaya qanunsuz daxil olaraq mağazanın içərisində yerləşdirilmiş İddiaçı MMC-yə məxsus 40135 nömrəli “EASYPAY” markalı elektron ödəmə terminalının kassasını mağazadan götürdüyü baltadan istifadə etməklə zərbələr vurub sındıraraq kassanın içərisindən İddiaçı MMC-yə məxsus 918 manat məbləğində nəğd pulu gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab etmişdir ki, təqsirləndirilən şəxs Cavabdeh tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özünü etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Həmin hökmdən görünür ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin sentyabr ayında Gəncə şəhəri Hərbi şəhərcik ərazisində yerləşən ərzaq mağazasından 1800 manat pul, kolbasa və siqaretlər, həmin mağazada olan elektron ödəmə terminalından 918 manat pul oğurlamışdır. xx.xx.2019-cu il tarixdə gecə saat 02 radələrində spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətdə olmuş, Gəncə şəhəri, Hərbi şəhərcik ərazisində yerləşən mağazanı görmüş, həmin mağazada ödəmə terminalının olmasını bilmiş, çünki təxminən hadisə baş verməmişdən 3 ay əvvəl həmin mağazanın yiyəsindən nisyə ərzaq istəsə də, verməmiş və buna görə də nə vaxtsa həmin mağazadan oğurluq etməyi qarşısına məqsəd qoymuşdur. O, evdən çıxmamışdan oğurluq etmək fikrində olduğundan üzünü gizlətməyə görə maska və qıfılı sındırmaq üçün dəmir parçasını üzərində götürmüşdür. O, üzünə maska taxaraq mağazanın qarşısına yaxınlaşmışdır. Mağaza dəmir örtüklə bağlanmış, dəmir örtüyün qıfılına özü ilə gətirdiyi dəmir parçası ilə təzyiq edərək qıfılı sındırıb dəmir örtüyü qaldırmış, mağazanın plastmast qapısını əli ilə təzyiq edərək açmış və mağazanın içərisinə daxil olmuşdur. Mağazanın içərisinə daxil olduqdan sonra dəmir örtüyü rahat oğurluq edə bilməsi üçün bağlamış, ödəmə terminalın yanına getmiş, ödəmə terminalını elektrik cərəyanından ayırmışdır. Mağaza üç bölmədən ibarət olmuş, terminalın kassasını sındırmaq üçün mağazanın ət satılan hissəsindən balta götürmüş və kassa hissəsinə balta ilə zərbələr vurub sındırmış, terminalın kassasında olan 918 manat pulu oğurlamışdır. Daha sonra mağazanın kassasına yaxınlaşaraq kassanı götürüb yerə çırpmış və kassa qırılmış, kassanın içərisində olan 1800 manat nəğd pulu oğurlamış, daha sonra ac olduğundan vitrindən kolbasalar və rəfdən siqaretlər oğurlayaraq sellofan torbaya yığmışdır. O, mağazanın dəmir örtüyünü qaldırıb ətrafa baxmış və heç kimin olmadığına əmin olduqdan sonra çölə çıxmış, mağazanın dəmir örütüyünü aşağı salaraq oradan uzaqlaşmış, əldə etdiyi pulu müxtəlif ehtiyaclarıma sərf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096 və 1097-ci maddələri təşkil edir. Qeyd olunan maddələrin dispozisiya şərtlərinə görə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi Cavabdeh özgə əmlakını əvəzsiz və gizli olaraq talamaqla məqsədi ilə 29 sentyabr 2019-cu il tarixdə gecə saat 02 radələrində Gəncə şəhəri Kəpəz rayonu, Hərbi Şəhərcik 38 ərazisində yerləşən X1 məxsus Ərzaq mağazasına qapısının dəmir örtüyünün qıfılını istintaq zamanı müəyyən edilməmiş alətdən istifadə etməklə mexaniki təsir edərək sındırıb mağazaya qanunsuz daxil olaraq mağazanın içərisində yerləşdirilmiş İddiaçı MMC-yə məxsus 40135 nömrəli “EASYPAY” markalı elektron ödəmə terminalının kassasını mağazadan götürdüyü baltadan istifadə etməklə zərbələr vurub sındıraraq kassanın içərisindən İddiaçı MMC-yə məxsus 918 manat məbləğində nəğd pulu gizli olaraq talamaqla oğurluq etməsi nəticəsində iddiaçı MMC-yə 918 manat məbləğində ziyan vurması qanuni qüvvəsini almış Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)- 113/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü ilə təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı MMC-yə 918 manat məbləğində zərər vurmasına səbəb olan cinayət əməli qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edildiyindən, həmin hissədə əlavə araşdırmanın aparılmasına, prosessual qənaət prinsipinə görə, zərurət yoxdur. Beləliklə, cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulduğundan, bunun nəticəsində ona ziyan vurulduğundan, dəymiş maddi ziyana görə 918 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, qeyd edilməlidir ki, sübutlar işin məhkəmədə hərtərəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-nin 77.1-ci maddəsi). Məhkəmə iddianın – terminalın işlək vəziyyətinin pozulması ilə bağlı 2075 manat pulun cavabdehdən tutularaq iddiaçı MMC-yə ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, məhkəmə hökmü ilə sözügedən mağazanın içərisində yerləşdirilmiş İddiaçı MMC-yə məxsus 40135 nömrəli “EASYPAY” markalı elektron ödəmə terminalının kassasını cavabdehin mağazadan götürdüyü baltadan istifadə etməklə zərbələr vurub sındırması öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, ödəmə terminalının işlək vəziyyətinin pozulması, yəni kioskun qapısı, qapının qıfılı, qapının kantı, kart oxuyucu, pul qəbuledici, pul kasetinin sındırılaraq yararsız hala salınması, pul bölməsinin qapısının sındırılması və bütün bunların dəyərinin 2075 manat olması cavabdeh tərəfindən inkar edilməmiş, məhkəmə iclasında iştirak etmiş cavabdeh bununla bağlı hər hansı etirazını bildirməmiş, əksinə iddia tələbini etiraf etmişdir. MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etirafı qanuna zidd olmadığı və ya hər hansı başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi təmin edilərək cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 2993 manat məbləğində pul vəsaiti tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 49,93 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2993 (iki min doqquz yüz doxsan üç) manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 49,93 (qırx doqquz manat doxsan üç qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar