Məhkəmə qərarları › İş №e-2(125)-195/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-195/2025

10.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-195/2025 10.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rəhimli Gülxarə İmaməddin qızının katibliyi, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin əvəzi qismində 5.913 manat 37 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 79 manat 54 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, S.Rəhimov küçəsi ünvanında yerləşən «X2» İstehsalat Birliyinə məxsus olan qeyri-yaşayış sahəsi (uşaq bağçası) xx.xx.2016-cı il tarixindən xx.xx.2017-ci il tarixədək "xxxx" ASC-də «daşınmaz əmlakın icbari sığortası» üzrə BA597070 nömrəli sığorta şəhadətnaməsi əsasında sığorta təminatı verilmişdir. xx.xx.2016-cı il tarixində Gəncə şəhəri, S.Rəhimov küçəsi ünvanında yerləşən Cavabdeh məxsus olan fərdi yaşayış evində yanğın hadisəsi baş vermişdir.Yanğın genişləyərək fərdi yaşayış evinə bitişik olan «X2» İstehsalat Birliyinə məxsus olan qeyri-yaşayış sahəsinə (uşaq bağçası) keçmiş və qeyri-yaşayış obyektinə maddi ziyan dəymişdir. 424 nömrəli, xx.xx.2016-cı il tarixli Əmlakın qiymətləndirməsinə dair rəyə əsasən qeyri-yaşayış obyektinə dəymiş zərər 7.022 (yeddi min iyirmi iki manat) 18 (on səkkiz) qəpik məbləğində müəyyən edilmişdir. 3141/FG/CFİ-0224/2016-2017 saylı sığorta aktına əsasən 1.100 manat azadolma məbləği, 8 manat 81 qəpik məbləğində sığorta haqqı çıxılmaqla 5.913 manat 37 qəpik məbləğində sığorta ödənişi çıxılmaqla faydalanan şəxsin hesabına ödənilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2016-cı il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarında qeyd edilmişdir ki, «AR FHN DYNX Gəncə Regional DYNİ»-nin xx.xx.2016-cı il tarixli Yanğın haqqında Aktda göstərilmişdir ki, xx.xx.2016-cı il tarixində Cavabdeh məxsus, Gəncə şəhəri, S.Rəhimov küçəsində yerləşən fərdi yaşayış evində və həmin ünvanda yerləşən, «X2» İstehsalat Birliyində məxsus uşaq bağçasının üzgüçülük hovuzunun binasının çardaq hissəsində baş vermiş yanğına səbəb, kiçik həcmli maye qaz balonundan evdə yanğın baş verib X2na məxsus uşaq bağçasının üzgüçülük hovuzunun binasının çardaq hissəsinə keçmişdir. Odur ki, vurulan zərərin əvəzinin ödənilməsi ilə bağlı cavabdehə zərərin əvəzinin könüllü ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Lakin hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbi təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zərurəti yaranmışdır. xx.xx.2024-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi X1 mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul edərək izahatında bildirdi ki, Cavabdeh iddianı tam həcmdə etiraf edir. Etirafın hüquqi nəticələri ona izah olunmuşdur. Sonda cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddianın təmin olunmasına etirazı olmadığını bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsi (vəkili) Vəkil izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli, 3141/FG/CFİ-0224/2016-2017 nömrəli sığorta aktının surətindən görünür ki, «X2» İstehsalat Birliyinə məxsus olan Gəncə şəhəri, Sadıx Rəhimov küçəsində yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək sığortalanmış, xx.xx.2016-cı il tarixdə baş vermiş yanğın nəticəsində Gəncə şəhəri, Sadıx Rəhimov küçəsində yerləşən qeyri-yaşayış sahəsinə 7.022 manat 18 qəpik məbləğində zərər dəymişdir. Zərər məbləğindən 1.100 manat azadolma məbləği və 8 manat 81 qəpik sığorta haqqı çıxarılaraq 5.913 manat 37 qəpik sığorta ödənişi hesablanmışdır. İşdə olan xx.xx.2016-cı il tarixli, 424 nömrəli rəyin surətindən görünür ki, «X2» İstehsalat Birliyinə məxsus olan qeyri-yaşayış sahəsinə (uşaq bağçasına) xx.xx.2016-cı il tarixdə baş vermiş yanğın nəticəsində dəyər zərərin məbləği 7.022 manat 18 qəpik təşkil edir. İş materiallarında xx.xx.2016-cı il tarixli, BA 596740 nömrəli sığorta məlumatının surətindən görünür ki, «X2» İstehsalat Birliyinə məxsus olan Gəncə şəhəri, Sadıx Rəhimov küçəsində yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" ASC-də sığorta təminatı almışdır. İşdə olan xx.xx.2016-cı il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi» haqqında qərarın surətindən görünür ki,xx.xx.2016-cı il tarixində Cavabdeh məxsus Gəncə şəhəri, S.Rəhimov küçəsində yerləşən fərdi yaşayış evində və həmin ünvanda yerləşən «X2» İstehsalat Birliyinə məxsus olan uşaq baxçasının üzgüçülük hovuzunun binasının çardaq hissəsində baş veriş yanğın hadisəsi üzrə cinayət işinin başlanmasından rədd edilmişdir. Həmin qərarın surətindən görünür ki, xx.xx.2016-cı il tarixində Cavabdeh məxsus Gəncə şəhəri, S.Rəhimov küçəsində yerləşən fərdi yaşayış evində və həmin ünvanda yerləşən «X2» İstehsalat Birliyinə məxsus olan uşaq baxçasının üzgüçülük hovuzunun binasının çardaq hissəsində baş veriş yanğına səbəb Cavabdeh məxsus evin otağında istifadə olunan kiçik həcmli maye qaz balonunda baş verən qaz sızması nəticəsində baş verən yanğın hadisəsi olmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 2689 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən 3141/FG/CFİ-0224/2016-2017 nömrəli sığorta aktına əsasən «X2» İstehsalat Birliyinin hesabına 5.913 manat 37 qəpik məbləğində pul vəsaiti köçürülmüşdür. İşdə olan xx.xx.2018-ci il tarixli pretenziyanın surətindən görünür ki, "xxxx" ASC tərəfindən subroqasiya qaydasında vurulan zərərin əvəzinin ödənilməsi barədə Cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-18-23/2-9756/2024 nömrəli məktubdan görünür ki, xx.xx.2016-cı il tarixində Cavabdeh məxsus Gəncə şəhəri, S.Rəhimov küçəsində yerləşən fərdi yaşayış evində və həmin məkanda yerləşən «X2» İstehsalat Birliyinə məxsus uşaq bağçasının üzgüçülük hovuzunun binasının çardaq hissəsində yanğın baş vermişdir. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar FHN Əməliyyat- İstintaq İdarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı Cavabdeh məxsus evin mətbəx otağında istifadə olunan kiçik həcmli maye qaz balonunda baş verən qaz sızmasından yanğın hadisəsi baş verdiyi müəyyən edilmişdir. İşdə olan Azərbycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin 1256 nömrəli materialına əlavə olumuş Cavabdeh tərəfindən Gəncə Regional DYNİ-nin rəisi daxili xidmət polkovniki Rəşad Əbilova ünvanladığı xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, xx.xx.2016-cı il tarixdə Gəncə şəhəri, Avtomobil zavodu ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş vermişdir. Onun bir otaqlı evindən qonşuluqda olan Avtomobil zavoduna məxsus uşaq bağçasının üzgüçülük hovuzunun binasının çardaq sahəsində onun evindən yanğın keçmişdir. Yanğın hadisəsi onun istifadə etdiyi 4 kq çəkidə olan qaz balonunun alışması səbəbindən baş vermişdir.Onun evinə təxminən 800 manat məbləğində zərər dəymişdir. Avtomobil zavoduna məxsus uşaq bağçasına dəymiş zərəri təmir etdirəcəyinə dair söz vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı erilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur. Buna görə də Cavabdeh tərəfindən iddianın etiraf edilməsi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, tərəflər arasındakı hüquq münasibətləri «subroqasiya hüququ» ilə bağlıdır və «subroqasiya hüququ» sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun sığortaçıya keçməsidir. Yəni «subroqasiya hüququ» müqavilə əsasında deyil, vurulmuş zərərin əvəzinin ödənilməsi nəticəsində, yaxud qanunun tələbi ilə əmələ gəlmişdir. Göründüyü kimi, qanunvericilik faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçməsini nəzərdə tutmuşdur. Sığorta hadisəsi Cavabdeh qanunazidd hərəkətlərinin nəticəsində baş vermiş, hadisə zamanı «X2» İstehsalat Birliyinə məxsus olan Gəncə şəhəri, Sadıx Rəhimov küçəsində yerləşən qeyri-yaşayış sahəsinə 7.022 manat 18 qəpik məbləğində zərər dəymişdir. Zərər məbləğindən 1.100 manat azadolma məbləği və 8 manat 81 qəpik sığorta haqqı çıxarılaraq 5.913 manat 37 qəpik sığorta ödənişi hesablanmışdır. Sözügedən sığorta məbləği zərərçəkənə "xxxx" ASC tərəfindən ödənildiyindən "xxxx" ASC-nin Cavabdeh qarşı 5.913 manat 37 qəpik məbləğində pul tələbi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, faydalanan şəxsin zərərvuran şəxslərə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ, əmlak sığortası üzrə sığorta ödənişini etmiş sığortaçıya, yəni iddiaçıya subroqasiya qaydasında keçdiyi üçün iddia təmin edilməli, Cavabdeh "xxxx" ASC-nin xeyrinə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 5.913 manat 37 qəpik məbləğində pul vəsaiti tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 79 manat 54 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 5.913 (beş min doqquz yüz on üç) manat 37 (otuz yeddi) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 79 (yetmiş doqquz) manat 54 (əlli dörd) qəpik, cəmi 5.992 (beş min doqquz yüz doxsan iki) manat 91 (doxsan bir) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar