Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-289/2023 26.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsi, 122 saylı evə olan istifadə hüququnun itirilmiş hesab edilməsinə, Cavabdeh1 xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsi, 122 saylı evə olan istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh2 cavabdehlər siyahasından çıxarılmasını, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsi, 122 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinə iddianın dəqiqləşdirilməsi kimi baxmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsi, 122 nömrəli ev xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu barədə ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli çıxarış da mövcuddur. Cavabdehlərdən xx.xx.1959-cu il təvəllüdlü Cavabdeh3 onun qızı, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh1 isə onun nəvəsidir. İddiaçı 1984-cü ildə evlənərək Bakı şəhərinə köçmüş və həmin tarixdən sonra ona məxsus evdə yaşamamışdır. Digər Cavabdeh1 isə ümumiyyətlə anadan olan gündən həmin evdə yaşamışdır. Sadəcə olaraq azyaşlı olan vaxtı anası harada qeydiyyatda olmuşdursa həmin ünvana pasport qeydiyyatına salmışdır. Cavabdehin qeydiyyatda olması onun xüsusi mülkiyyət hüququnu məhdudlaşdırmaqla, əmlakından istədiyi kimi istifadə etməyə imkan verməməklə yanaşı, onu əlavə kommunal xərclər də ödəmək məcburiyyətində qoyur. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, cavabdehlər iddiaçının evində yaşamırlar. Onların öz evləri var və öz evlərində yaşayırlar. Lakin qeydiyyatda formal olaraq qaldıqları üçün iddiaçı öz mülkiyyətindən dinc istifadə edə bilmədiyindən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş- xx.xx.2013-cü il tarixli, RX ******* seriyalı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, X4 küçəsində yerləşən 122 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh3 və Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Cavabdeh2 tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, cavabdehlərin Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsi ünvanında yerləşən 122 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmalarından imtina edilmişdir. Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyət başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1605 saylı arayışdan görünür ki, cavabdehlər Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsi ünvanında yerləşən 122 saylı fərdi yaşayış evində qeydiyyatda olsalar da həmin ünvanda yaşamırlar. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İşin mübahisə edilməyən hallarından müəyyən olur ki, iddiaçının iddia etdiyi fərdi yaşayış evi mülkiyyətində olmaqla rəsmi reyestrdə qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsi ünvanında yerləşən İddiaçı mülkiyyətində olan 122 nömrəli fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsində yerləşən İddiaçı mülkiyyətində olan 122 nömrəli fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X3
Məhkəmə qərarları › İş №e-2(125)-289/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-289/2023
26.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver