Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2904/2025 25.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin, onun vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 43000 manat məbləğində pul, hüquqi xidmət üçün ödənilmiş 330 manat məbləğində pul və ödənilmiş 219 manat dövlət rüsumu və müvəqqəti təminat tədbirinin tədbiq edilməsinə dair ərizə üçün ödənilmiş 22 manat dövlət rüsumu olmaqla, cəmi 43571 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş 3M-773 reyestr nömrəli “borc” müqaviləsi bağlanmışdır. Müqaviləyə görə, iddiaçı cavabdehə 43000 manat məbləğində pul borc verir, cavabdeh isə 43000 manat məbləğində pulu xx.xx.2025-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürür. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, cavabdehi uzun müddətdir ki, tanıyır və onlar arasında dostluq münasibəti olmuşdur. İddiaçı 14 dekabr 2024 cü il tarixdə 1 saylı Gəncə regional “ASAN xidmət” notariat ofisində notariat qaydasında təstiqlənmiş (reyestr 3M-773 № ilə qeydiyyata alınaraq informasiya sisteminə daxil edilib) borc müqaviləsi əsasında cavabdehə 43000 manat məbləğində borc pul vermişdir. Həmin müqaviləyə əsasən cavabdeh borc aldığı 43000 manat məbləğində pulu 28 fevral 2025-cü il tarixədək iddiaçıya qaytaracağını öhdəsinə götürmüşdür. Lakin həmin tarixdən hazıradək borclu müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınır. Eyni zamanda borcun tələb edilməsi barədə cavabdehə yazılı bildiriş göndərilsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək hazıradək öhdəliyini icra etməkdən yayınır. Bundan əlavə iddiaçı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək üçün ərizənin yazılması və digər sənədlərin toplanılması, həmçinin məhkəmədə hüquqlarını müdafiə etmək üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan vəkilə müraciət edərək onunla 330 manat məbləğində müqavilə bağlamışdır və əlavə olaraq müvəqqəti təminat tədbiri qismində ərizənin verilməsi üçün 22 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, tərəflər bir-birini 6 ildir ki, tanıyır. İddiaçı notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi üzrə cavabdehə 43000 manat məbləğində borc pul vermişdir. Həmin müqaviləyə əsasən cavabdeh borc aldığı 43000 manat məbləğində pulu 28 fevral 2025-ci il tarixədək iddiaçıya qaytaracağını öhdəsinə götürmüşdür. Lakin həmin tarixdən uzun müddət keçməsinə və borcun tələb edilməsi barədə cavabdehə rəsmi qaydada pretenziya məktubu göndərilməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək hazıradək öhdəliyini icra etməkdən yayınır. Cavabdeh məhkəmə iclasında ifadə etdiyi mövqeyini əsaslandıran heç bir sübutunu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olması, bununla əlaqədar verilən məbləğin kifayət qədər yüksək olması nəzərə alınmalıdır. Həmçinin müqavilə notarial qaydada təsdiqlənmişdir. Cavabdeh pulun notariat ofisində dərhal ondan alındığı iddia edir, notariat ofisində polis əməkdaşlarının olmasını da nəzərə alsaq, cavabdeh həmin zaman şikayətini asanlıqla edə bilərdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianın təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, əvvəllər təkər ticarəti ilə məşğul olmuşdur. İddiaçının mərhum qardaşı İbrahim ilə aralarında pul haqq-hesabı olmuşdur. İddiaçı və qardaşı sələmə pul verirlər. 2022-ci ildə iddiaçının mərhum qardaşından 15000 ABŞ dolları pul götürmüşdür. Avtomobilini sataraq həmin puldan, yəni 8000 ABŞ dollarını qaytarmışdır. Cəmi 11000 manat borcu qalmışdır. O, Rusiya Federasiyasının Moskva şəhərində olarkən onun xəbəri olmadan 11000 manat borcun üstünə faiz gələrək 43000 manata çatdırmışlar. Rusiya Federasiyasından gələndə iddiaçı aralarında rəsmiyyət olsun deyə onu 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə aparmışdır. İddiaçı həmin 43000 manat pulu ona kassada vermiş, müqaviləyə imza etdikdən sonra 43000 manatı ondan almışdır. Müqaviləni imzalayarkən “43000 manat məbləğində pul” yazısını oxusa da, müqaviləni tamamilə oxumamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi və əlavə etdi ki, kredit müqaviləsinin olması müqavilədə nəzərdə tutulan borc məbləğinin cavabdehə verilməsi mənasına gəlmir. Sözügedən borc məbləği cavabdehə verilməmiş, cavabdeh həmin pulu almamışdır. Belə ki, iddiaçı cavabdeh müqaviləyə imza etdikdən sonra notariat ofisindən çıxmamış pulu cavabdehdən almışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini, eləcə də cavabdehi və onun vəkilini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan (məktubun cavabdehə xx.xx.2025-ci il tarixdə çatdırılması barədə müvafiq “poçt göndərişinin verilməsi haqqında” xəbərnamə işə əlavə edilməklə) görünür ki, cavabdehdən aralarında notariat qaydasında bağlanmış borc müqaviləsi əsasında ondan aldığı 43000 manat məbləğində pul vəsaitinin xx.xx.2025-ci il tarixinədək qaytarılması tələb olunmuş, əks halda müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Tərəflər arasında notarial qaydada təsdiq edilmiş borc (kredit) müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Müqavilədə borcun məbləği, qaytarılması şərtləri və müddəti açıq göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Qeyd edilən maddi hüquq normalarının mənasından da aydın olur ki, hazırkı mübahisəyə tətbiqi nəzərə alınmaqla, borc müqaviləsi o halda bağlanmış hesab edilir ki, borc verən özünə məxsus olan pula mülkiyyət hüququnu borc alana keçirmiş (vermiş) olsun. Həmçinin, Məcəllənin 739.2-ci maddəsində qanunvericilik borc müqaviləsinin forması ilə bağlı imperativ qaydada da müəyyən etmişdir ki, məbləği üç min manatdan çox olan müqavilə yalnız yazılı olduqda, bağlanmış sayılır. Mülki Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM, həmçinin müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88). İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (maddə 106.1). Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsi iddiaçının, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqavilə notarial qaydada təsdiq edilmişdir. Müqavilədə 43000 manat pulun xx.xx.2025-ci il tarixədək qaytarılması nəzərdə tutulmuşdur. Müqavilədə borca görə faiz nəzərdə tutulmamışdır. İddiaçı pretenziya göndərməsinə baxmayaraq, cavabdehin heç bir ödəniş etməməsinə əsaslanaraq notarial qaydada təsdiq edilmiş müqavilə ilə öhdəliyin yaranmasını sübuta yetirmiş, cavabdehdən 43000 manat pulun qaytarılmasını tələb etmişdir. Cavabdeh izahatında iddiaçı ilə kredit müqaviləsi bağladığını, bununla belə həmin kredit müqaviləsi üzrə pulun ona verilmədiyini bildirmiş, əslində 2022-ci ildə iddiaçının mərhum qardaşından 15000 ABŞ dolları pul götürdüyünü, avtomobilini sataraq həmin pulun 8000 ABŞ dollarını qaytardığını, cəmi 11000 manat borcu qaldığını, Rusiya Federasiyasının Moskva şəhərində olarkən onun xəbəri olmadan 11000 manat borcun üstünə faiz gələrək 43000 manata çatdırıldığını qeyd etmiş, lakin bunu təsdiq edən, həmçinin iddianı aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən sözügedən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və iddia təmin edilməli, 43000 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə məhkəmə xərci iddia ərizəsinin verilməsinə görə ödənilmiş 219 manat və hazırkı işlə əlaqəli müvəqqəti təminat tədbiri qismində ərizənin verilməsi üçün ödənilmiş 22 manat məbləğində dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ümumilikdə ödənilmiş 241 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən vəkilə 330 manat məbləğində xərc çəkilmişdir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən, eləcə də hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən məbləğ ağılabatan olduğundan, vəkilə ödənilən həmin 330 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 43000 (qırx üç min) manat və məhkəmə xərcinə görə 571 (beş yüz yetmiş bir) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-2904/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2904/2025
25.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver