Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2933/2023 06.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əsassız varlanmaya görə pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 882,36 manat məbləğində pulun, illik 5 faizlə hesablanmış 62,50 manat pulun və dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh) İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh banka məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) xx.xx.2021 tarixində ATM-dən məxaric əməliyyatı icra etmişdir Nəticədə Cavabdeh banka cəmi 882,36 manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehin iddiaçının hesabına əsassız varlandığını nəzərə alaraq əldə etdiklərini iddiaçıya qaytarmaqla mülki hüquqi vəzifəsini yerinə yetirməlidir. Bunun nəticəsi olaraq cavabdeh hüquqazidd yolla əldə etdiklərindən məhrum olmalı, iddiaçı isə itirdiklərini əldə etmiş olmalı və qanunçuluq bərpa edilməlidir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini və işə onların iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilmişdir: Kapitalbank ASC ilə Cavabdeh arasında bağlanmış 02 dekabr 2020-ci il tarixli, BBUum3269073A113 nömrəli X2 (kredit) müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən bank müştəriyə “Birkart Umico" ödəniş kartı verir. Müştərinin müraciəti əsasında bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpa olunan kredit xətti (bundan sonra - kredit xətti) ayırır, hamin Kartdan və (və ya) kredit xəttindən istifadə ilə əlaqədar müvafiq hesablar açır, Müştəri isə Kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəyir. Müqavilənin 3.2-ci bəndinə əsasən Bank tərəfindən ayrı qayda müəyyən edilməmişdirsə, hesabda olan pul vəsaitinə Müştərinin xeyrinə hər hansı faiz hesablanmır. Hesaba yanlış daxilolma olduqda, Müştəri bu barədə 3 (üç) iş günü ərzində Banka məlumat verməli və Bankın həmin vəsaitin qaytarılması ilə, bağlı tələbi daxil olduqda həmin məbləği Banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər Bank tərəfindən akseptsiz qaydada Müştərinin hesabından silinə bilər. Müqavilənin 4.1-ci bəndinə əsasən müştəri bu Müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində kredit xəttindən istifadə edə bilər. Tərəflər razılığa gəlirlər ki, Müştəri, bu Müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan Banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra - texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə 15000 manat həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin Müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, habelə Müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız Bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və Bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin Müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi Müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir. 113 nömrəli balansdan kənar məxaric orderindən görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh 1 ədəd 416973******7423 nömrəli plastik kart təqdim olunmuşdur. 15 fevral 2023-cü il tarixli ödəniş üzrə çıxarışdan görünür ki, Cavabdeh məxsus Birkart Umico 416973******7423 nömrəli kart hesabına xx.xx.2021-ci il tarixdə ödəmə terminalı vasitəsilə 1000 manat pul mədaxil edilmiş, balans 1007,44 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən bankın terminalı vasitəsilə 1980 manat və 19,80 manat pul çıxarılmışdır. 27 sentyabr 2021-ci il tarixdə 10 manat, 19 oktyabr 2021-ci il tarixdə 100 manat məbləğində pul mədaxil edilmişdir. Balans mənfi 882,36 manat olmuşdur. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 12 dekabr 2022-ci il tarixli bildirişdən görünür ki, "xxxx" ASC-yə məxsus ******************** nömrəli plastik kart hesabından istifadə zamanı faktiki olaraq kifayət qədər vəsait olmadığından hesabın kreditləşməsi baş vermiş və 882,36 manat məbləğində borc yaranmışdır. Qeyd olunan vəsaitin 5 təqvim günü ərzində karta mədaxil edilməsi xahiş olunmuş, əks halda qanunvericiliyin tələbinə uyğun olaraq vəsaitin qaytarılması ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. "xxxx" ASC tərəfindən 2 saylı poçta təhvil verilmiş 19 dekabr 2022-ci il tarixli poçt göndərişlərinin siyahısından görünür ki, Cavabdeh ünvanına göndərilən məktub həmin tarixdə poçta daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 396-cı maddəsinə əsasən öhdəliyin xarakterindən ayrı hal irəli gəlmirsə, müqavilə öhdəlikləri barədə qaydalar digər qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir. 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, cavabdeh ona bank tərəfindən verilmiş, debet və kredit kartı kimi istifadə edilə bilən “Birkart” Umico” debet (kredit) kartına xx.xx.2021-ci il tarixdə 1000 manat pul mədaxil etmiş, balansı 1007,44 manat olduğu halda, həmin tarixdə kart hesabından terminal vasitəsilə 1999,80 manat, yəni hesabındakı məbləğdən 992,36 manat artıq pul nağdlaşdırmışdır. Cavabdeh müqavilənin 4.1-ci bəndi ilə nəzərdə tutulmuş qaydada kredit almaqla bağlı əməliyyatları aparmadığından hesabındakı məbləğdən artıq çıxardığı məbləğ kredit hesab olunmur. İddiaçı da həmin məbləği əsassız varlanma qaydalarına əsasən tələb etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə həmin məbləğdən 10 manat, xx.xx.2021-ci il tarixdə isə 100 manat geri qaytarmışdır (hesaba mədaxil etmişdir). Məhkəmə qeyd edir ki, bank tərəfindən cavabdehin hesabına səhvən köçürülmüş 992,36 manat pulun cavabdehə verilməsi üçün heç bir qanuni əsas və ya müqavilə əsası olmamışdır. Odur ki, əsassız varlanma qaydalarına uyğun olaraq həmin pulun geri qaytarılmamış 882,36 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. İddiaçının digər tələbi cavabdehin geri qaytarmaq öhdəliyi daşıdığı 882,36 manat pulu geri qaytarmayaraq öhdəliyin icrasını gecikdirməsinə görə ondan illik beş faiz hesabı ilə pulun tutulması barədədir. Əsassız varlanma əldə edilənləri qaytarmaq öhdəliyi yaradır. Həmin öhdəliyin icrasının gecikdirilməsi isə ümumi qaydada öhdəliklərin icrasının gecikdirilməsinin hüquqi nəticələrinə səbəb olur. Hazırda gecikdirilən öhdəlik pul öhdəliyi olduğundan məhkəmə, gecikdirilmiş borca illik beş faizlə hesablanmış pulun tutulmasını da əsaslı hesab edir, lakin həmin faizin məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçı faizlərin tutulmasının əvvəlini əsassız varlanmanın baş verdiyi tarixdən hesablamaqda haqlı deyildir. Müqavilənin 3.2-ci bəndindən də görünür ki, hesaba yanlış daxilolma olduqda, müştəri bu barədə 3 (üç) iş günü ərzində Banka məlumat verməli və bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği banka geri qaytarmalıdır. İddiaçı tərəfindən səhvən cavabdehin hesabına köçürülmüş pulun geri qaytarılması barədə 12 dekabr 2022-ci il tarixli bildiriş cavabdehin ünvanına göndərilməsi üçün 19 dekabr 2022-ci il tarixdə poçta verilmişdir. Poçt göndərişinin çatdırılması üçün tələb edilən 5 günlük müddət nəzərə alındıqda cavabdehin pulun qaytarılması barədə iddiaçının tələbini xx.xx.2022-ci il tarixdə aldığı müəyyən edilir. Öhdəliyin icrası vaxtı tələbetmə anı ilə müəyyən edildiyindən cavabdeh həmin bildirişi aldığı vaxtdan 7 gün ərzində tələbi icra etməli olmuşdur. Beləliklə öhdəliyin icrası üçün son tarix 31 dekabr 2022-ci il hesab olunur və yalnız xx.xx.2023-cü tarixdən etibarən cavabdeh öhdəliyin icrasını gecikdirmiş hesab edilir. Həmin tarixdən məhkəmənin qətnamə çıxardığı tarixə kimi gecikdirilmiş günlərin sayı 157 gün olduğundan 882,36 manat pulun beş faizinin (44,11 manat) bir günə düşən miqdarı 0,12 manat, gecikmə günlərinin sayına görə ümumi miqdarı isə 18,84 manat təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə 18,84 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin də cavabdehdən alınaraq iddiaçıya verilməsini əsaslı hesab edir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh əsassız varlanmaya görə 882,36 manat və öhdəliyin icrasının gecikdirilməsinə görə 18,84 manat olmaqla, cəmi 901,20 manat (doqquz yüz bir manat iyirmi qəpik) pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №e-2(125)-2933/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2933/2023
06.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver