Məhkəmə qərarları › İş №e-2(125)-2935/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2935/2023

12.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2935/2023 12.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC, onun hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 979,84 manatın, borca illik 5 %-lə hesablanmış 81,65 manat əldən çıxmış faydanın, həmçinin 30,62 manat dövlət rüsumunun əvəzinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2021-ci il tarixdə “Hesab və ödəniş kartına dair” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Bank cavabdehə bank hesabını açmağı, həmin hesaba bağlı ödəniş kartı təqdim etməyi, Azərbaycan Respublikasının hüquqi aktlarında və bu müqavilədə nəzərdə tutulan şərtlər və məhdudiyyətlər nəzərə alınmaqla açılmış hesaba daxil olan pul vəsaitini qəbul edib hesab üzrə, habelə kart vasitəsilə əməliyyatların aparılmasına dair cavabdehin sərəncamlarını yerinə yetirməyi, cavabdeh isə ona göstərilmiş bank xidmətlərinin haqqını Bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh Banka məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan, Bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından xx.xx.2021- xx.xx.2021-ci il tarixləri aralığında “onlayn” ödəniş əməliyyatları aparmış, məbləğin bir qismini ATM-dən məxaric etmiş, nəticədə cavabdeh banka 979,84 manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) pulun qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizələr ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin telefon nömrələrinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildirişlər və onların sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən Texniki Overdraft-akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya texniki əməliyyat nəticəsində hesabda yaranan mənfi qalıq, borc və öhdəlikdir. Həmin müqavilənin 4.2.1-ci və 4.2.2-ci bəndlərində qeyd edilmişdir ki, müqavilə tərəfi olan müştəri (cavabdeh) kartı hesabına bağlı əsas və əlavə kartlara görə bu müqavilə çərçivəsində eyni dərəcədə məsuliyyət daşıyır. Kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərini istifadə etməmək, dərhal Banka geri qaytarmaq müştərinin vəzifəsidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən kartın mülkiyyəti Banka aiddir. Bank kartı geri ala bilər, vaxtı bitmiş kartları yenisi ilə əvəz etməyə bilər və ya istifadəsini dayandıra bilər. Müştəri kartın itməsi, oğurlanması və ya üzərində təhriflərin edilməsinə görə məsuliyyət daşıyır. Kart itdikdə və ya oğurlandıqda, müştəri tərəfindən Bankın “196” Müştəri Xidmətinə və ya ölkə xaricindən tel: (099412) *** ** ** telefon nömrəsinə təcili xəbər verilməlidir. Məhkəmə qeyd edir ki, Texniki Overdraft dedikdə, texniki səhv nəticəsində ödənilmiş (köçürülmüş), qalıq və ya borc qismində pul vəsaiti başa düşülür. İşin hallarından göründüyü kimi, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək cavabdehə bank hesabı açmışdır, habelə müqavilə üzrə digər öhdəliklərini yerinə yetirmişdir. Lakin cavabdeh öhdəliyini pozaraq, hesabına iddia ərizəsində göstərilən məbləğdə pul vəsaitini qoymadan, əslində isə iddiaçıya məxsus olan pul vəsaitini hesabdan məxaric edərək iddiaçıya maddi ziyan vurmuşdur. İşin bu halı iş materiallarında olan cavabdeh tərəfindən pul vəsaitlərinin çıxarılması əməliyyatlarını əks etdirən hesabdan çıxarışda öz əksini tapmışdır. Hesabdan çıxarışda əks olunmuş məlumatlardan da görünür ki, cavabdeh tərəfindən xx.xx.2021 – xx.xx.2021-ci il tarixlərdə ümumilikdə 979,84 manat pul vəsaiti çıxarılmışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddia tələbinin qanuni əsasını tərəflər arasındakı xx.xx.2021-ci il tarixli “Hesab və ödəniş kartına dair” müqavilənin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1 və 445.7.1-ci maddələri təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisənin qanuni əsasını əsassız varlanma təşkil etmir. Çünki, tərəflər arasında etibarlı müqavilə münasibətləri qüvvədə olmuşdur və mübahisənin faktiki və hüquqi əsasları həmin müqavilənin yuxarıda sadalanan bəndlərində öz əksini tapmışdır. Belə ki, təqdim edilmiş ödəniş kartından çıxarışa əsasən müəyyən olunur ki, cavabdehin kartına texniki maliyyə əməliyyatı səhvi olaraq bank tərəfindən köçürülmüş 979,84 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən geri qaytarılmamışdır. Cavabdeh müqavilə öhdəlikləri üzrə həmin məbləği geri qaytarmaq vəzifəsini icra etməməklə müqavilə üzrə sərbəst irədəsinə əsasən üzərinə götürdüyü vəzifəyə əməl etməmiş və nəticədə iddiaçıya maddi zərər vurmuşdur. Qeyd edilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh heç bir əsas olmadan və özünə məxsus olmayan pul vəsaitlərini istifadəsində olan kart vasitəsi ilə bankdan çıxarmaqla müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, iddiaçıya ziyan vurmuşdur. Ona görə də, idiaçının hesabına əldə etdiyi 979,84 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın əldən çıxmış fayda hissəsini də araşdıraraq hesab edir ki, iddiaçı cavabdehin 979,84 manat pul vəsaitini qanunsuz saxlamasına istinad edərək cavabdehdən illik 5 faizlə hesablanmış 81,65 manatın ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı hesab edir ki, cavabdeh qanunsuz saxladığı pul vəsaitindən faizlər ödəməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının bu tələbi müqavilə öhdəliklərinin pozulmasından irəli gələn və mülki qanunvericilikdə nəzərdə tutulan faiz formasında zərəri təşkil edir. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik bir qayda olaraq zərərin ödənilməsi tələbinin təmin olunması üçün tələb edən şəxs tərəfindən sübutların təqdim olunması qaydasını müəyyən etsə, başqa sözlə bununla bağlı sübutetmə yükünü iddiaçının üzərinə qoysa da, Məcəllənin 447.5-ci maddəsi həmin qaydadan istisnanı nəzərdə tutur. Bu istisnaya əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad edir. Hazırki iş üzrə cavabdehin qeyd edilən dövr üzrə iddiaçının pul vəsaitini qanunsuz saxlaması iş materialları ilə təsdiq edilir. Belə halda iddia bu hissədə də təmin edilməlidir. Məhkəmə bu qənaətə gələrkən həm də, iddiaçının təqdim etdiyi sübutların borcun düzgün hesablandığını təsdiq etdiyini və cavabdehin məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etmədiyini nəzərə alır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30,62 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 979,84 manat, illik 5%-lə hesablanmış 81,65 manat və ödənilmiş dövlət rüsumunun əvəzinə görə 30,62 manat olmaqla, cəmi 1092,11 (bir min doxsan iki manat on bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar